Doğuş travması

Oxuma vaxtı: 18 dəq Oxunma sayı: 1995

doğuş travması nədir?Doğuş travması – doğuş gücünün təsirindən ana və ya uşağın toxuma və orqanlarında baş verən müxtəlif zədələnmələri özündə birləşdirən ümumi anlayışdır. Ananın doğuş travmaları arasında hematoma, vulva, aralıq və uşaqlıq yolunun cırılmaları, uşaqlığın zədələnməsi, urogenital və rektogenital fistulaların yaranması, çanaq sümüklərinin deformasıyası müşahidə edilir. Doğuş travmalarının əksəriyyəti həyati təhlükə daşıya bilər. Doğuş travmalarının diaqnostikası xarici baxış, ginekoloji müayinələr, instrumental üsullara əsaslanır. Ananın doğuş travmalarının müalicəsi təcili cərrahi müdaxilənin aparılmasına və dar ixtisaslı həkimlərin (uroloq, proktoloq, travmatoloq) cəlb olunmasına yönəldilir.

  • Ananın doğuş travmalarının ümumi səbəbləri
  • Vulva və uşaqlıq yolunun doğuş travmaları
  • Aralığın doğuş travmaları
  • Uşaqlığın doğuş travmaları
  • Digər doğuş travmaları
  • Doğuş travmalarının profilaktikası

Doğuş travması barədə ümumi məlumat

Doğuş ana və döl üçün çətin bir sınaq sayılır, uşaq doğulduqdan sonra çox zaman mütəxəsislər tərəfindən zahı və yenidoğulmuşların müxtəlif travmaları və  doğuşdan sonrakı pozğunluqlar  qeyd olunur. Mamalıq və ginekologiyada ana və uşaq doğuş travmatizmi ayırd edilir. Yenidoğulmuşun  doğuş travmalarına periferik və mərkəzi sinir sisteminin zədələnmələri, sümüklər, yumşaq toxumalar, daxili orqanların travmaları aiddir. Bu icmal çərçivəsində qadınlarda rast gəlinən əsas doğuş travmaları nəzərdən keçiriləcək.

Doğuş prosesində ananın doğuş yollarının kifayət qədər gərilməsi əksər hallarda onların zədələnməsi ilə nəticələnir. Doğuş travmaları səthi xarakterli (məsələn, qançırlar, çatlar) olub, doğuşdan sonrakı dövrün erkən mərhələlərində öz-özünə sağala bilər. Bəzən doğuş travmaları ciddi ağırlaşmalara, əlilliyə və hətta qadının ölümünə gətirib çıxarır. Ananın doğuş travmaları arasında hematomalar; vulva, uşaqlıq yolu, uşaqlıq cismi və boynunun cırılmaları, uşaqlığın çevrilməsi; çanaq sümüklərinin aralanması; urogenital və rektogenital fistulalalar  izlənilir.

Ananın doğuş travmalarının ümumi səbəbləri

doğuş travmalarının səbəbləriAnanın çoxformalı doğuş travmaları müxtəlif mexaniki və histopatik səbəblərdən yaranır. Mexaniki amillərə sürətli və ya diskoordinasiyalı doğuş fəaliyyəti, doğuş prosesində müdaxilələr (maşaların qoyulması, dölün vakuum-ekstraksiyasının tətbiqi, ciftin əllə ayrılması, dölparçalayıcı əməliyyatlar), həddindən artıq stimulyasiya, dölün qovulma dövrünün qeyri-rasional aparılması, aralığın qeyri-adekvat müdafiəsi və s. daxildir. Həmçinin vaxtından keçmiş hamiləlik, dölün köndələn vəziyyəti, çanaq gəlişi, vaxtından əvvəl doğuşlar, dar çanaq, dölyanı mayenin çoxluğu, çoxdöllü hamiləlik, cift gəlişi doğuş travmalarına səbəb ola bilər.

Doğuş travmalarının histopatik səbəbləri qadının ağırlaşmış mamalıq-ginekoloji anamnezi ilə bağlıdır. Uşaqlığın doğuş zədələnmələri keçmişdə icra olunan cərrahi müdaxilələrlə (Qeysəriyyə əməliyyatı, metroplastika, konservativ miomektomiya, abort zamanı uşaqlığın tam və ya hissəvi perforasiyası və s.) əlaqədar yarana bilər, bu əməliyyatlardan sonra uşaqlıqda formalaşan çapıqlar doğuş prosesində miometriumun zəif yığılmasına gətirib çıxarır.

Cinsiyyət orqanlarının anatomik qüsurları (uşaqlıqdaxili arakəsmə, uşaqlığın hipoplaziyası, ikibuynuzlu uşaqlıq), ilk doğuşu yuxarı yaşlarda baş verən qadınlarda uşaqlıq boynunun rigidliyi, uşaqlığın hiperantefleksiyası zamanı doğuş yolları travmalarının yaranma ehtimalı artır. Eləcə də servisit, adenomioz, endometrit, kolpit, beçəxor və xorionepitelioma doğuş zədələnmələrinin yaranma səbəblərindən sayılır. Doğuş travmalarının etiopatognezində adətən bir neçə amillər iştirak edir.

Vulva və uşaqlıq yolunun doğuş travmaları  

Vulva və uşaqlıq yolunun hematomaları

Vulva və uşaqlıq yolunun hematomaları dəri zədələnmələri olmadan yumşaq toxumaların qalınlığında damarların gərilməsi və cırılması nəticəsində baş verir. Bu zaman zədələnmiş damardan axan qan toxumalarda toplanaraq, hematoma əmələ gətirir.

Vulva və uşaqlıq yolunun yumşaq toxumalarının doğuş travmaları zamanı göy-qırmızı rəngli, bəzən ölçüləri yenidoğulmuşun başı böyüklüyündə olan şişlər formalaşır. Hematoma diskomfort (təzyiq, dartılma) və ağrı hissi yaradır. İri ölçülü proqressivləşən travmalar kiçik çanaq toxumalarına yayılaraq, bəzən hemorragik şokla müşayiət olunur. Kiçik qansızmalar adətən öz-özünə sorulur; iri hematomalar  zamanı irinləmə mümkündür. Yumşaq toxumaların doğuş travmaları xarici baxış və ginekoloji müayinə prosesində aşkarlanır.

İri (diametri 4-5sm-dən çox olan) və proqressivləşən hematomalar cərrahi müdaxiləyə göstəriş sayılır. Bu zaman hematoma üzrətindəki dəri kəsilir, yığılan qan xaric edilir, zədələnən damar bağlanılır, yara tikilir.

Vulva və uşaqlıq yolunun cırılmaları

doğuş travmasının müalicəsiVulva və uşaqlıq yolunun doğuş travmalarına əsasən ilk dəfə doğan qadınlarda rast gəlinir. Yüngül çatlar və cırılmalar adətən simptomsuz gedir və heç bir cərrahi müdaxilə tələb etmir. Klitor, uretra, uşaqlıq yolu nahiyələrinin cırılmaları hematomalar, massiv qanaxmalar, hemorragik şokla müşahidə olunur.

Uşaqlıq yolunun doğuş zədələnmələri spontan və məcburi xarakter daşıyır. Axırıncı halda doğuş travmalarına müxtəlif mamalıq əməliyyatları səbəb olur. Uşaqlıq yolunun cırılmaları onun yuxarı, orta və ya aşağı hissələrində baş verir; səthi və ya dərin xarakterli olub, kiçik çanaq və qarın boşluğu toxumalarını zədələyir.

Vulvanın doğuş travmaları baxış zamanı müəyyən edilir. Daxili cırılmaları inkar etmək üçün vaginal güzgülərin köməyilə uşaqlıq yolu müayinə olunur.

Vulva və uşaqlıq yolunun doğuş travmalarının müalicəsi yalnız cərrahi yolladır. Metal kateterlə sidik kisəsinin kateterizasiyasından sonra ketqut tikişlərlə cırıqlar tikilir. Postoperasion dövrdə mikrobəleyhinə terapiya və antiseptiklərlə vaginal vannalar təyin olunur. Uşaqlıq yolunun aşkarlanmayan cırılmaları özbaşına sağala və ya infeksiyalaşa bilər. Dərin cırılmalar uşaqlıq yolunun ikincili atreziyası ilə nəticələnə bilər.

Aralığın doğuş travmaları

Aralığın doğuş travmalarına dəri, çanaq dibi  toxumaları, əzələ və fassiyalarının məcburi və spontan cırılmaları aiddir. Aralığın doğuş travmaları 7-15% hallarda, xüsusən ilk dəfə doğan qadınlarda  qeyd olunur. Aralığın cırılmasına çox zaman uşaqlıq yolunun travmaları ilə müştərək şəkildə rast gəlinir.

Çanaq dibi toxumalarının qabarması, sianozu, ödemi və parlaqlığı, çatlar aralığın doğuş travması təhlükəsinə dəlalət edir. Belə vəziyyətlərdə  toxumalar  orta və ya yan xətt üzrə kəsilır  (perineotomiya və ya epiziotomiya), sonradan tikilir.

Aralığın cırılmasının əlamətləri

Doğuş travmalarının dərinliyindən asılı olaraq aralığın cırılmalarının 3 dərəcəsi ayırd edilir.

I dərəcəli cırılmalarda arxa bitişmə nahiyəsində dəri və dərialtı toxumaların tamlığı pozulur. Aralığın II dərəcəli cırılmaları zamanı əlavə olaraq çanaq dibi əzələlərinin (o cümlədən anusu qaldıran əzələnin), uşaqlıq yolunun arxa və ya yan divarlarının travmaları müşahidə edilir. Aralığın III dərəcəli doğuş travmaları yuxarıda qeyd olunan zədələnmələrə xarici sfinkterin,bəzən isə düz bağırsağın divarlarının  cırılmalarının qoşulması ilə xarakterizə edilir.

Aralığın doğuş travmaları toxumaların bütövlüyünün pozulması və qanaxmalarla təzahür edir.

Aralığın cırılmasının diaqnostika və müalicəsi

Aralığın doğuş travmaları ciftin doğulmasından sonra aşkarlanır. Bu məqsədlə mama-ginekoloq cinsi yarığı aralayır, uşaqlıq yolunun divarlarını və uşaqlıq yolunu nəzərdən keçirir. Doğuş proseslərində aralığın zədələnməsi çox zaman orta xətt boyunca deyil, ekstramedial baş verir, lakin bəzi hallarda arxa itişmə ilə anusu qaldıran əzələ arasında mərkəzi cırılmalar qeydə alınır.

Aralıq toxumalarının bütövlüyü yerli infiltrasion və ya ümumi anesteziya altında bərpa olunur. Uşaqlıq yolu və düz bağırsağın divarları, çanaq dibi əzələləri, aralığın dəri və dərialtı toxumasına ketqut tikişlər qoyulur. Doğuşdan sonrakı dövrdə tikişlərin işlənməsi, hər bir defekasiya və sidik ifrazından sonra yaranın təmizlənməsi, qəbizliyin profilaktikası aparılır.

Uşaqlığın doğuş travmaları

Uşaqlığın cırılmaları

Uşaqlığın cırılması ən ağır doğuş travmalarından sayılır, ümumi doğuşların 0,015%-0,1%-də rast gəlinir. Uşaqlığın cırılması onun cisminin divarlarının tamlığı pozulması ilə səciyyələnir. Uşaqlığın doğuş travmaları zamanı şok, anemiya və septiki ağırlaşmalar nəticəsində ana ölümü 3-4%-ə, dölün ölümü isə 100%-ə çatır. Bəzi qadınlarda gələcəkdə hipoksik ensefalopatiya inkişaf edir.

Uşaqlığın cırılmalarının təsnifatı

Uşaqlığın cırılmaları hamiləlik dövründə və doğuş prosesində baş verə bilər. Patogenetik əlamətlərə əsasən doğuş travmaları 2 yerə bölünür: spontan (mexaniki, histopatik, mexaniki-histopatik) və məcburi (travmatik, qarışıq). Doğuş travmasının klinikasına görə uşaqlığın cırılmaları təhdidedici, başlayan və başa çatan xarakterli olur.

Uşaqlığın divarlarının zədələnmə dərəcəsini nəzərə almaqla çatlar, natamam və qarın boşluğuna sirayət edən tam cırılmalar ayırd edilir. Lokalizasiyadan asılı olaraq uşaqlığın dibi, onun cismi, aşağı seqmentinin cırılmaları, eləcə də dölün köndələn vəziyyəti zamanı uşaqlığın uşaqlıq yolu tağlarından tam ayrılması (kolporeksis) qeyd olunur.

Uşaqlığın cırılmalarının əlamətləri

Uşaqlığın doğuş travmalarının klinikası cırılmanın səbəbi, mərhələsi, dərəcəsi, lokalizasiyasından asılıdır. Təzahürlərin ağırlığı və nəticələr adətən fon vəziyyətlərlə bağlıdır – ananın somatik xəstəlikləri, hestozlar, fiziki və psixi üzülmə, infeksiyalar zamanı qısa müddət ərzində geridönməyən dəyişikliklər inkişaf edir.

Uşaqlığın təhdidedici cırılmaları üçün ağrılı intensiv sancılar, uşaqlığın qum saatı formasında deformasiyası, uşaqlıq boynu, uşaqlıq yolu və vulvanın ödemi, sidik ifrazının çətinləşməsi, qadının narahatlıqları ilə müşayiət olunan həddindən artıq güclü doğuş fəaliyyəti xarakterikdir. Uşaqlığın başlayan cırılmalarında sadlanan əlamətlərə qıcolma tutmaları, uşaqlıq yolundan qanlı ifrazatların ifrazı, hematuriya əlavə olunur.

Başa çatan cırılmalar zamanı qarında kəskin ağrı və göynəmə hissindən sonra doğuş fəaliyyəti dayanır, qadın sakitləşir, yorğun və apatik görünür. Hemorragik və ağrı şokunun inkişaf etdiyi hallarda dəri solğunluğu, hipotoniya, taxikardiya proqressivləşir, soyuq tər, qusma və ürəkbulanma  yaranır. Uşaqlığın cırılmasından sonra dölün hissələri qarın boşluğunda hissəvi və ya tam  palpasiya olunur, dölün ürək döyüntüləri qeyd edilmir. Doğuş travmalarının bu növündə xarici qanaxma uşaqlığın cırılmasının ölçüləri və lokalizasiyasından asılı olaraq, cüzi və ya gur xarakterli ola bilər.

Uşaqlığın cırılmaları zamanı təxirəsalınmaz yardım

Uşaqlığın cırılma təhlükəsi aşkarlandıqda doğuş fəaliyyəti dərhal dayandırılmalı, doğuş prosesi Qeysəriyyə əməliyyatı və ya dölparçalayıcı əməliyyatlarla başa çatdırılmalıdır. Başlanan və ya başa çatan cırılmalarda laparotomiya yolu ilə döl və cift çıxarılır, dölyanı maye və qan xaric edilir, hemostaz əldə edilir. Cərrahi müdaxilənin həcmi: uşaqlığın supravaginal amputasiyası və ya  histerektomiya. Cavan pasiyentlərdə infeksiya ilə müşahidə olunmayan xətli xarakterli kiçik ölçülü cırılmalar zamanı uşaqlığın tikilməsi yolveriləndir.

Eyni zamanda qanitirmənin adekvat bərpası, şok əleyhinə infuzion-transfuzion terapiya, hemokoaqulyasiyanın bərpası aparılmalıdır. Uşaqlığın müəyyən edilməyən doğuş travmaları qanaxmalar, peritonitə, hətta zahının ölümünə səbəb ola bilər. İnfeksion ağırlaşmalar zamanı laparotomiya, uşaqlığın artımlarla xaric olunması (panhisterektomiya), qarın boşluğunun drenajlanması, massiv antibakterial terapiya həyata keçirilir.

Uşaqlıq boynunun cırılmaları

Müxtəlif müəlliflərin məlumatlarına əsasən doğuş travmalarının bu növünun rastgəlmə tezliyi  3-60% arasında dəyişir. Zədələnmənin dərinliyindən asılı olaraq, uşaqlıq boynunun cırılmalarının (məcburi və ya spontan) 3 dərəcəsi ayırd edilir: I – qüsurun ölçüsü 2 sm-dən kiçikdir; II – qüsur 2 sm-dən böyükdür, lakin uşaqlıq yolu tağlarına çatmır; III – qüsur tağların üzərinə keçir. Uşaqlıq  boynunun cırılmaları adətən yan hissələrdə (çox zaman sol tərəfdə) lokalizasiya olunur.

Uşaqlıq boynunun cırılmalarının əlamətləri

Uşaqlıqq boynunun doğuş travmaları cift doğulduqdan və uşaqlıq yığıldıqan sonra uşaqlıq yolundan qanaxmalarla təzahür edir. Cinsi yollardan ifraz olunan qan al qırmızı rəngdə olub, fasiləsiz şırnaq və yaxud çoxsaylı qan laxtaları şəklində axır. Bəzən qanaxma cüzi miqdarda olur və ya ümumiyyətlə izlənilmir. Uşaqlıq arteriyalarının şaxələnməsi zamanı qanın massiv axını və ya paraservikal toxumada hematomanın formalaşması, hemorragik şokun klinikası müşahidə edilir.

Uşaqlıq boynunun aşkar edilməyən cırılmaları gələcəkdə doğuşdan sonrakı xora, parametrit, pelvioperitonit, özbaşına (spontan) düşüklər, uşaqlıq boynunun displaziyasına gətirib çıxara bilər.

Uşaqlıq boynu cırılmalarının diaqnostika və müalicəsi

Uşaqlıq boynunun doğuş travmalarını müəyyən etmək üçün doğuşdan dərhal, eləcə də 6-48 saat keçdikdən sonra toxumaların ödem və gərilmələri azaldıqda bütün qadınlar vaginal güzgülərlə müayinə olunmalıdır.

Uşaqlıq boynunun cırılmaları dərhal və ya doğuşdan 2 gün keçməmək şərtilə tikilməlidir. Tikişlər qüsurun yuxarı bucağından başlayaraq, xarici əsnək istiqamətində toxumaların bütün qatlarını əhatə etməklə qoyulur. Qeyri-qənaətbəxş şəraitlərlə (loxiyalar, ödemlər, toxumaların əzilməsi) əlaqədar uşaqlıq boynunun doğuş travmaları adətən ikincili dartılma ilə sağalır.

Digər doğuş travmaları

Uşaqlığın çevrilməsi

Doğuşun III dövrünün düzgün aparılmaması, uşaqlıq bağlarının zəifliyi, uşaqlığın atoniyası onun kəskin çevrilməsinə səbəb ola bilər. Uşaqlığın çevrilməsinin 2 forması qeyd olunur: hissəvi və tam. Bu doğuş travması ağrı şokunun əlamətləri ilə təzahür edir.

Uşaqlığın çevrilməsinin müalicəsi şokəleyhinə tədbirlərin aparılmasından və ümumi narkoz altında uşaqlığın öz anatomik vəziyyətinə qaytarılmasından ibarətdir.

Çanaq sümüklərinin aralanması

Bu növ travmalar çanaq sümüklərinin həddindən artıq yumşalması (simfiziopatiya, simfizit), vaxtından keçmiş doğuş və ya iri dölün doğulması, mamalıq üsullarının tətbiqi zamanı inkişaf edir. Bu zaman qasıq sümükləri bir-birindən 0,5 sm-dən artıq məsafədə aralanır. Qasıq bitişməsinin aralanması əksər hallarda sümüklərin yerdəyişməsi, siidk kisəsi, uretra, klitorun  zədələnməsi ilə müşayiət olunur. Oma—qalça bitişməsinin dartılması qansızmalara və sonralar oynaqların iltihabına gətirib çıxarır. Çanaq bitişmələrinin doğuş travmaları qasıq, oma, büzdüm nahiyəsində ayaqların uzadılması, yerimə zamanı güclənən ağrılar; yerişin dəyişməsi, dərinin hiperemiyası, ətraf toxumaların ödemi ilə təzahür edir.

Çanaq nahiyəsinin doğuş travmalarının diaqnostikası travmatoloqun baxışı, qasıq və oma-qalça bitişmələrinin, çanağın rentgenoqrafiyasına əsaslanır. Çanaq bitişmələrinin dartılmaları zamanı yataq rejimi, kip sarğı, xüsusi korsetlər məsləhət görülür. Çanaq sümüklərinin əhəmiyyətli dərəcədə  aralanmaları cərrahi müdaxiləyə göstəriş sayılır.

Urogenital və rektovaginal fistulalar

Uşağın başının uzun müddət (2 saatdan artıq) bir müstəvidə qalması toxumalarda sirkulyasiyanı pozaraq, onların nekrozuna səbəb olur, nəticədə fistulalar formalaşır. Bəzən urogenital və rektovaginal fistulalar sidik kisəsi və ya düz bağırsağın intraoperasion zədələnməsi nəticəsində yaranır.

Fistulalar sidik, qaz və ya nəcisin uşaqlıq yolundan xaric edilməsi ilə xarakterizə olunur. Belə pozğunluqlar uşaqlıq yolunda yerli iltihabi reaksiyalarla (kolpitlə) müştərək şəkildə gedir.

Urogenital fistulalar ginekoloji baxış, sistoskopiya; rektovaginal fistulalar isə barmaqla rektal müayinə, irriqoskopiya, fistuloqrafiya, rektoskopiyanın köməyilə aşkarlanır. Urogenital və rektogenital fistulalar adətən cərrahi yolla bağlanılır (fistuloplastika).

Doğuş travmalarının profilaktikası

Uşaqlığın doğuş travmalarının profilaktikası erkən mərhələlərdə hamilələrin ginekoloji anamnezinin öyrənilməsindən, hamiləlik müddətində uşaqlıqda çapıqların vəziyyətinə USM-nəzarət, doğuş travmatizmi riski olan hamilələrin hospitalizasiyasından ibarətdir.

Doğuş travmalarının qarşısını almaq üçün forsirə olunmuş doğuşlardan imtina edilməli, mamalıq müdaxilələri yalnız ciddi göstərişlər üzrə aparılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: