Dölün çanaq gəlişi

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 4121

dölün çanaq gəlişi nədir?Dölün çanaq gəlişi – onun boylama vəziyyətində ananın kiçik çanağının giriş nahiyəsində dölün ayaqları və ya sağrı hissəsinin yerləşməsi ilə xarakterizə olunur. Çanaq gəlişində çox zaman hamiləliyin pozulması, hestoz, fetoplasentar çatışmazlıq, dölün hipoksiyası, doğuş travmaları qeydə alınır. Dölün çanaq gəlişinin diaqnostikası xarici mamalıq və vaginal müayinələr, exoqrafiya, doppleroqrafiya, KTQ köməyilə aparılır. Müalicə korreksiyaedici gimnastika, dölün xaricdən döndərilməsi, optimal doğuş üsulunun əvvəlcədən seçilməsindən ibarətdir.

  • Dölün çanaq gəlişinın təsnifatı
  • Dölün çanaq gəlişinin yaranma səbəbləri
  • Hamiləliyin gediş xüsusiyyətləri
  • Dölün çanaq gəlişinin diaqnostikası
  • Hamiləlik və doğuşun aparılması
  • Çanaq gəlişində doğuşların ağırlaşması

Dölün çanaq gəlişi barədə ümumi məlumat

Mamalıq və ginekologiyada dölün çanaq gəlişinə bütün hamiləliklərin 3-5% hallarında rast gəlinir. Çanaq gəlişində hamiləlik və doğuşun aparılması həkimdən yüksək peşəkarlıq tələb edir. Belə gəlişlərdə doğuş zamanı doğuş yollarından ilk olaraq uşaqların sağrı hissəsi və ya ayaqları keçir. Bu zaman uşaqlıq boynu tam hamarlaşmır və açılmır, bununla əlaqədar dölün baş hissəsinin irəliləməsi çətinləşir. Çanaq gəlişində doğuşlar ağırlaşmalarsız gedə bilər, lakin asfiksiya, ölü doğuş, ana və uşağın doğuş travmaları riski yüksək olur.

Dölün çanaq gəlişinin təsnifatı

dölün çanaq gəlişinin formalarıDölün çanaq gəlişinin formalarına ayaq və sağrı gəlişi aiddir. Dölün çanaq gəlişlərinin 11-13%-i ayaq gəlişinin payına düşür. Ayaq gəlişinin tam (hər 2 ayaq), natamam (1 ayaq) və ya diz (dölün dizi) variantları vardır. Sağrı gəlişi daha çox müşahidə olunan formalardandır. 63-75% hallarda natamam (təmiz sağrı) gəlişlər qeyd olunur, belə vəziyyətlərdə kiçik çanaq girəcəyində dölün yalnız sağrı hissəsi yerləşir, ayaqlar isə bədən boyunca uzanır. Qarışıq sağrı gəlişində (20-24%) kiçik çanaq girəcəyində nəinki sağrı hissə, həmçinin diz və ya bud-çanaq oynağında bükülmüş ayaqlar da izlənilir.

Dölün çanaq gəlişinin müxtəlif variantlarında doğuş özünəməxsus xüsusiyyətlərə malikdir. Təmiz sağrı gəlişi, iri olmayan döl və ananın çanağının normal ölçüləri zamanı ağırlaşmayan fizioloji doğuşlar mümkündür. Ayaq və qarışıq sağrı gəlişlərində doğuşun təbii yolla aparılması yenidoğulmuş üçün riskli hallarla – asfiksiya, göbək ciyəsinin və dölün ayrı-ayrı hissələrinin sallanması ilə müşayiət olunur.

Dölün çanaq gəlişinin səbəbləri

Dölün çanaq gəlişinə səbəb olan amillər axıra kimi öyrənilməmişdir. Dölün baş hissəsinin kiçik çanağa enməsinə uşaqlığın fibroması, yumurtalıqların şişləri, çanağın anatomik daralması və ya anomal forması, uşaqlığın anomal quruluşu (uşaqlıqdaxili arakəsmə, hipoplaziya, ikibuynuzlu və ya yəhərəbənzər uşaqlıq) mane ola bilər.

Çanaq gəlişi dölyanı mayenin çoxluğu, hipotrofiya, mikrosefaliya, hidrosefaliya və uşağın patologiyası ilə bağlı digər amillərin təsirindən dölün yüksək hərəkətliliyi zamanı müşahidə oluna bilər. Digər tərəfdən dölyanı mayenin az olması, qısa göbək ciyəsi və ya onun dolanması ilə əlaqədar dölün uşaqlıq boşluğunda hərəkətinin məhdudlaşması çanaq gəlişinin formalaşmasına səbəb olur.

Uşaqlığın çoxsaylı qaşınmaları, endometrit, servisit, təkrar hamiləliklər, abortlarla ağırlaşmış ginekoloji anamnez  dölün çanaq gəlişinə gətirib çıxara bilər.  Belə hallarda çox vaxt uşaqlığın aşağı seqmentinin patoloji hipertonusu inkişaf edir, bu zaman baş hissə uşaqlıq boşluğunun yuxarı, daha az spazma uğrayan hissələrində yerləşməyə çalışır. Miometriumun tonusunun dəyişməsi həmçinin uşaqlığın çapıqları, neyrosirkulyator distoniya, nevroz, stresslər və s. fonunda baş verə bilər. Dölün çanaq gəlişi əksər hallarda ciftin aşağıda yerləşməsi və ya cift gəlişi ilə müştərək şəkildə rast gəlinir.

Mamalıq və ginekologiya sahəsində aparılan çoxsaylı müşahidələrdə əsasən dölün çanaq gəlişinin özləri analoji vəziyyətdə doğulan qadınlarda inkişaf etməsi qeyd olunur, bu səbəbdən ayaq və sağrı gəlişlərinə irsi meyllik mütəxəssislər tərəfindən təhlil edilir.

Hamiləliyin gediş xüsusiyyətləri

Dölün çanaq gəlişinin səbəbləriDölün baş gəlişi ilə müqayisədə çanaq gəlişində hamiləliyin gedişi düşük təhlükəsi, spontan pozulma, hestozfetoplasentar çatışmazlığın inkişafı ilə müşayiət olunur. Belə vəziyyətlər ilk növbədə dölün sinir, endokrin və digər sistemlərinə neqativ təsir göstərir. Dölün çanaq gəlişində hestasiyanın 33-36-cı həftəsindən etibarən uzunsov beyin strukturlarının yetişmə prosesləri ləngiyir, perisellülyar və pervaskulyar ödem izlənilir. Bu zaman fetal hipofizin neyrosekretor hüceyrələrinin aktivliyi yüksələrək, böyrəküstü vəzilərin qabıq maddəsinin funksiyasının vaxtından əvvəl tükənməsinə, dölün qoruyucu-uyğunlaşma reaksiyalarının zəifləməsinə gətirib çıxarır.

Fetal cinsiyyət vəzilərində baş verən dəyişikliklərə hemodinamik pozğunluqlar (venoz staz, kiçik nöqtəli qansızmalar, toxumaların ödemi) aiddir, bu da sonralar qonadların patologiyası – hipoqonadizm, yumurtalıqların tükənmə sindromu, oliqo- və ya azoospermiya ilə təzahür edə bilər.  Çanaq gəlişlərində döldə MSS, MBT, dayaq-hərəkət aparatının patologiyalarının, ürəyin anadangəlmə qüsurlarının tezliyi yüksəlir. Uşaqlıq-plasentar qan dövranının pozulması dölün hipoksiyası, yüksək tezlikli ürəkdöyünmə, hərəki aktivliyin azalması ilə müşahidə olunur. Doğuş zamanı çox vaxt diskoordinasiyalı və ya zəif doğuş fəaliyyəti inkişaf edir. Daha kobud dəyişikliklər qarışıq sağrı və ya ayaq gəlişində izlənilir.

Dölün çanaq gəlişinin diaqnostikası

Dölün dayanıqlı çanaq gəlişi barədə hestasiyanın 34-35-ci həftəsindən sonra fikir yürütmək olar. Bu müddətə qədər gəliş hissənin vəziyyəti dəyişə bilər. Dölün çanaq gəlişi xarici mamalıq və vaginal müayinələr əsasında müəyyən edilir.

Dölün çanaq gəlişi uşaqlıq dibinin hestasiya müddətinə uyğun olmayan hündürlükdə yerləşməsi ilə xarakterizə olunur. Xarici müayinə zamanı qasıq nahiyəsində dölün qeyri-düzgün formalı, yumşaq, az hərəkətli hissəsi palpasiya edilir. Uşaqlıq dibi nahiyəsində əksinə iri, yumru, bərk və hərəkətli hissə – dölün başı əllənir. Ürəkdöyünmə göbək səviyyəsində və ya bir qədər yuxarıda eşidilir.

Təmiz sağrı gəlişlərində daxili ginekoloji müayinə zamanı həcmli yumşaq hissə palpasiya olunur, oma, büzdüm, qasıq büküşünü ayırd etmək mümkün olur. Ayaq və qarışıq sağrı gəlişlərində dölün daban qabarları və barmaqları təyin edilir.

Çanaq gəlişində pozisiya və onun görkəmləri dölün kürək, oma və vertelarası xəttin yerləşməsinə əsasən müəyyən edilir. Dölün çanaq gəlişini baş gəlişinin üz və alın formalarından differensiasiya etmək lazımdır. Dölün çanaq gəlişinin diaqnostikası zamanı əldə edilən nəticələri dəqiqləşdirmək məqsədilə USM, xüsusən üçölçülü exoqrafiya icra olunur. Dölün funksional vəziyyəti uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası və kardiotokoqrafiyanın köməyilə qiymətləndirilir.

Hamiləlik və doğuşun aparılması

Çanaq gəlişinin formalaşması üzrə risk qrupuna daxil olan pasiyentlərdə fetoplasentar çatışmazlığın, uşaqlığın yığılma aktivliyinin pozulmasının, döldə ağırlaşmaların baş verməsinin qarşısını alan tədbirlər aparılır. Hamiləyə yuxu və istirahət rejiminin düzgün seçilməsi, dölün hipertrofiyasının profilaktikası məqsədilə balanslaşdırılmış pəhriz məsləhət görülür.

Hamilələrlə sinir oyanıqlığının aradan qaldırılması və əzələ relaksasiyasının üsullarının  öyrədilməsinə yönəldilmiş psixoprofilaktik məşğələlər keçirilir. Hestasiyanın 35-ci həftəsindən başlayaraq, miometriumun və qarnın ön divar əzələlərinin tonusun dəyişməsinə, dölün çanaq gəlişindən baş gəlişinə keçməsinə səbəb olan Dikan, Qrişenko və Şuleşova, Kayo gimnastikası təyin edilir. Bəzən spazmolitik preparatlarla müalicə kursları tətbiq edilir.

Dölün Arxangelsk üsulu ilə xarici döndərilməsi bir sıra hallarda nəticə vermir və hətta təhlükəli hesab olunur. Onun risklərinə ciftin vaxtından əvvəl ayrılması, döl qişalarının cırılması, vaxtından əvvəl doğuşlar, uşaqlığın cırılması, dölün travmaları və kəskin hipoksiyası aiddir. Belə hallarla əlaqədar son illərdə dölün çanaq gəlişinin müalicəsində xarici mamalıq üsulunu tətbiqi məhdudlaşmışdır.

Dölün çanaq gəlişlərində hestasiyanın 38-39-cu həftəsində doğuş taktikasının seçilməsi üçün hamilələr ginekoloji stasionarda hospitalizasiya olunur. Ağırlaşmayan mamalıq vəziyyətlərində (döl və ananın ümumi halının qənaətbəxş olması, dölün və çanağın ölçülərinin müvafiqliyi, ana orqanizminin bioloji hazırlığı, təmiz sağrı gəlişi və s.) təbii doğuşlar mümkündür. Bu zaman döl kisəsinin vaxtından əvvəl deşilməsinin profilaktikası, dölün və uşaqlığın yığılmalarının daimi monitor KTQ-nəzarəti, medikamentoz yolla doğuş fəaliyyətinin anomaliyalarının və dölün hipoksiyasının qarşısının alınması, ağrısızlaşdırma (doğuşlarda epidural anesteziya), baş hissəsinin tez doğulması üçün mamalıq yardımı həyata keçirilir.

Dölün çanaq gəlişlərində ananın ağırlaşmış mamalıq anamnezi (uzunmüddətli sonsuzluq, ölü doğuş, hestozlar, vaxtından keçmiş hamiləlik, rezus-uyğunsuzluq, adəti düşüklər), ilk dəfə doğan qadının yaşının 30-dan yuxarı olması, hazırkı hamiləliyin EKM nəticəsində baş verməsi, iri döl, cift gəlişi, uşaqlığın çapıqları Qeysəriyyə əməliyyatına göstəriş hesab olunur. Təbii doğuşlarda qeyri-standart vəziyyətlərdə təcili Qeysəriyyə əməliyyatı  icra edilir.

Çanaq gəlişində doğuşların ağırlaşması

Çanaq gəlişində doğulmuş uşaqların çoxunda kəllədaxili travmalar, ensefalopatiya, onurğa sütununun travmaları, bud-çanaq oynağının displaziyası aşkarlanır. Dölün asfiksiyası və ya dölyanı mayenin aspirasiyası zamanı müvafiq reanimasion tədbirlər tələb olunur. Erkən neonatal dövrdə yenidoğulmuşlar nevroloq tərəfindən müayinə edilməlidir. Qadınların tipik doğuş travmalarına aralıq, uşaqlıq boynu, uşaqlıq yolu və vulvanın cırılmaları, çanaq sümüklərinin zədələnmələri aiddir.

Dölün çanaq gəlişinin profilaktikası hamiləlik planlaşdıran qadınların hərtərəfli müayinəsinə və pozğunluqların korreksiyasına; risk qrupuna daxil olan hamilələrin müəyyənləşdirilməsi və doğuşlara adekvat hazırlıq prosesinə; doğuş taktikasının əvvəlcədən seçilməsi və onların mama-ginekoloqun daimi nəzarəti altında aparılmasına əsaslanır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: