Dölün köndələn vəziyyəti

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 6689

dölün köndələn vəziyyəti nədir?Dölün köndələn vəziyyəti – dölün uşaqlıqda anomal yerləşməsidir, bu zaman onun boylama oxu uşaqlığın oxu ilə 90° bucaq altında kəsişir; dölün iri hissələri (başı və çanaq sonu) isə qalça sümüklərinin daraqlarından yuxarıda olur. Dölün köndələn vəziyyəti xarici mamalıq və vaginal müayinələr, USM vasitəsilə müəyyən edilir. Belə hamiləliklər ağırlaşmasız gedə bilər, lakin bir sıra hallarda ana və dölün həyatı üçün təhlükə daşıyan vaxtından qabaq doğuşlar qeyd olunur. Dölün köndələn vəziyyəti zamanı optimal taktika cərrahi müdaxilənin tətbiqindən ibarətdir.

  • Dölün köndələn vəziyyətinin səbəbləri
  • Dölün köndələn vəziyyətinin diaqnostikası
  • Dölün köndələn vəziyyətinin riskləri
  • Dölün köndələn vəziyyəti zamanı doğuşun aparılma taktikası

Dölün köndələn vəziyyəti barədə ümumi məlumat

Dölün köndələn vəziyyəti 0,5-0,7% hamiləliklərdə rast gəlinir, təkrar doğan qadınlarla müqayisədə ilk dəfə doğanlarda bu tip anomal yerləşmə 10 dəfə az müşahidə olunur. Dölün köndələn vəziyyətinin təhlükəliyi ondan ibarətdir ki, vaxtında yardım göstərilmədikdə doğuş ağırlaşmaları: dölyanı mayenin vaxtından əvvəl axması, dölün hissələrinin sallanması, uşaqlığın cırılması, ana və dölün ölümü baş verə bilər.

Dölün anomal yerləşmələrinə həm də onun çəp vəziyyəti aiddir, belə hallarda döl və uşaqlığın oxu iti bucaq altında kəsişir, dölün iri hissələrindən biri (baş və ya çanaq sonu) qalça sümüklərinin daraqlarını birləşdirən xəttdən aşağıda yerləşir. Dölün çəp vəziyyəti keçid halı hesab olunur- doğuş prosesində boylama və ya köndələn vəziyyətlərlə əvəz oluna bilər.

Dölün köndələn vəziyyəti zamanı pozisiya baş hissəyə görə müəyyən edilir: 1-ci pozisiya – dölün başının solda yerləşir, 2-cı pozisiya –  dölün başının sağda təyin olunur. Pozisiyanın növü kürəyin istiqamətindən asılıdır: dölün kürəyi uşaqlığın ön divarına tərəf yerləşməsi – ön, arxa divara çevrilməsi isə -arxa görkəm adlanır. Köndələn vəziyyətlərdə həmçinin dölün kürəyinin uşaqlığın dibinə olan münasibəti nəzərə alınmalıdır.

Dölün köndələn vəziyyətinin səbəbləri

Dölün köndələn vəziyyətinin səbəbləriDölün köndələn vəziyyəti müxtəlif amillərin təsirindən yarana bilər. Onlara ilk növbədə dölün izafi hərəkətliliyini təmin edən şərtlər: dölyanı mayenin çox olması, qarın divarı əzələlərinin zəifliyi, dölün hipotrofiyası və s. aiddir. Digər tərəfdən dölün köndələn vəziyyəti dölyanı mayenin azlığı, iri döl, çoxdöllülük, uşaqlığın yüksək tonusu, düşük təhlükəsi, uşaqlığın quruluş anomaliyaları (yəhərəbənzər və ya ikibuynuzlu uşaqlıq), uşaqlığın fibroması ilə əlaqədar bətndaxili aktivliyin məhdudlaşması nəticəsində formalaşa bilər.

Bir sıra hallarda dölün köndələn vəziyyəti onun baş hissəsinin kiçik çanağa pərçimlənməsinə mane olan anatomik səbəblər, xüsusən cift gəlişi, uşaqlığın aşağı seqmentinin və ya çanaq sümüklərinin şişləri, dar çanaqla bağlı olur. Dölün anensefaliya və hidrosefaliya kimi inkişaf anomaliyaları da onun köndələn vəziyyətinə gətirib çıxara bilər.

Dölün köndələn vəziyyətinin diaqnostikası

Dölün anomal (çəp və ya köndələn) vəziyyətləri mamalıq baxışı, qarnın plapasiyası və vaginal müayinələr zamanı aşkarlanır. Dölün köndələn vəziyyəti zamanı qarın köndələn-dartılmış (çəp-dartılmış) anomal forma alır. Köndələn dartılma sayəsində uşaqlıq uzunsov-oval deyil, yumru forma alır. Hestasiya müddəti ilə müqayisədə qarın dairəsinin normadan artıq olması və uşaqlıq dibinin aşağıda yerləşməsi diqqəti cəlb edir.

Palpasiya prosesində dölün gəliş hissəsi müəyyən edilmir; baş hissə hamilə qadının bədəninin boylama oxundan sağda və ya solda, iri hissələr isə (baş və ya çanaq sonu) uşaqlığın yan şöbələrində əllənir. Dölün köndələn vəziyyətində ürəkdöyüntüsü göbək nahiyəsində daha yaxşı eşidilir. Çoxdöllülük, dölyanı mayenin çox olması, uşaqlığın hipertonusu zamanı dölün vəziyyəti və pozisiyasının təyini çətinliklər törədə bilər. Mamalıq USM dölün köndələn vəziyyətini təsdiq edir.

Hamiləlik dövründə və doğuşun ilkin mərhələlərində döl kisəsinin tamlığı pozulmadıqda aparılan ginekoloji müayinə az informativdir. Onun vasitəsilə yalnız kiçik çanağın girəcəyində dölün gəliş hissəsinin olmaması təyin edilir. Dölyanı mayenin axması və uşaqlıq əsnəyinin 4-5 sm açılmasından sonra uşağın ciyni, kürək sümükləri, qabırğaları, qoltuqaltı çuxuru, fəqərələrin arxa çıxıntıları, bəzən dirsək və ya əlləri müəyyən edilə bilər. Cinsi yarıqdan dölün əlinin sallandığı hallarda dölün köndələn vəziyyəti barədə heç bir şübhə qalmır.

Dölün köndələn vəziyyətinin riskləri

Dölün köndələn vəziyyətinin riskləriDölün köndələn vəziyyəti bir qayda olaraq, hamiləliyin ümumi gedişini pozmur. Lakin çox zaman  dölyanı mayenin vaxtından əvvəl axması və vaxtından qabaq doğuşlara rast gəlinir. Dölün köndələn vəziyyəti cift gəlişi ilə müşayiət olunduqda massiv qanaxmalar yarana bilər. Bir sıra hallarda dölyanı mayenin sürətlə axması dölün hərəki aktivliyinin məhdudlaşmasına, ciyin hissənin çanaq girəcəyinə duşməsinə, dölün hissələrinin (əllər, göbək ciyəsi) xaricə sallanmasına və gecikdirilmiş köndələn vəziyyətin yaranmasına gətirib çıxarır.

Dölün hissələrinin sallanması zamanı qalxan infeksiyalaşma nəticəsində xoriamnionit, yayılmış peritonit, sepsis inkişaf edə bilər. 12 saatdan artıq davam edən susuz dövr dölün kəskin hipoksiyası və ya asfiksiyasına səbəb olur. Köndələn vəziyyət artan doğuş fəaliyyəti fonunda uşaqlığın cırılmasına gətirib çıxara bilər.

Nadir hallarda doğuş prosesində dölün köndələn vəziyyətinin  baş və ya çanaq gəlişinə keçməsi və ya uşağın qatlanaraq doğulması baş verə bilər. Doğuşun belə sonluğu istisna hal sayılaraq, güclü sancılar, dölün yetişməməsi və ya ölümü zamanı müşahidə edilir.

Dölün köndələn vəziyyəti zamanı doğuşun aparılma taktikası

Dölün çəp və ya köndələn vəziyyəti hestasiyanın 34-35-ci həftəsinə qədər öz-özünə boylama vəziyyətlə əvəz oluna bilər. Dölün köndələn vəziyyəti aşkarlandıqda anomaliyanın səbəbləri, hamiləliyin aparılma taktikası və doğuş üsulunun seçilməsi  məqsədilə hamilə qadın tam ginekoloji müayinədən keçməlidir.

Hestasiyanın 30-34-cü həftəsində dölün baş gəlişinə çevrilməsinə səbəb olan korreksiyaedici gimnastika təyin edilə bilər. Xüsusi idman hərəkətləri hamiləliyin pozulma təhlükəsi, uşaqlığın çapıqları, mioma, qanlı ifrazatlar, hamilənin dekompensə olunan ürək qüsuruna rast gəlinmədikdə məsləhət görülür və mama-ginekoloqun nəzarəti altında aparılır. Eləcə də dölün köndələn vəziyyəti zamanı hamiləyə aşkarlanan pozisiyaya müvafiq yan tərəfdə uzanmaq tövsiyyə olunur.

Hestasiyanın 35-36-cı həftəsindən sonra döl stabil vəziyyət alır, dölün köndələn vəziyyətinin davam etməsi zamanı hamilə qadın hospitalizasiya edilir, doğuş taktikası seçilir.

Xarici döndərmə- xarici müdaxilələrlə dölün köndələn vəziyyətinin dəyişdirilməsi hal-hazırda demək olar ki, tətbiq olunmur. Bu, döndərmənin az effektiv olması ilə əlaqədardır, anomal vəziyyəti yaradan səbəblər aradan qaldırılmadıqda döl yenidən əvvəlki halına qayıdır. Bir sıra hallarda xarici döndərmə ağır fəsadlarla: ciftin ayrılması, uşaqlığın cırılması, dölün hipoksiyası ilə nəticələnə bilər.

Dölün köndələn vəziyyəti zamanı optimal doğuş üsulu planlı Qeysəriyyə əməliyyatı hesab olunur. Cərrahi üsula mütləq göstərişlərə vaxtından keçmiş hamiləlik, cift gəlişi, dölyanı mayenin vaxtından əvvəl axması, uşaqlıqda çapıqların olması, dölün hipoksiyasının inkişafı aiddir. Dölün əlləri və ya göbək ciyəsinin sallanması ilə müşayiət olunan gecikdirilmiş kondələn vəziyyətlərdə düşmüş hissələr yerinə qaytarılmalıdır.

Uşaqlıq boynunun tam açılması, diri döl və onun hərəkətliliyi zamanı dölün ayağından döndərilməsi və xaric edilməsi mümkündür. Lakin belə vəziyyətlərdə döl üçün proqnoz az qənaətbəxş olur. Ayaqdan döndərilmə və təbii doğuşlar yetişməmiş və ya çoxdöllü hamiləliklərdə (döldən biri köndələn vəziyyət aldıqda) aparılır.

İnfeksion prosesin inkişafı ilə ağırlaşan uzunmüddətli susuz dövr və dölün həyat qabiliyyətinin saxlanılması zamanı Qeysəriyyə əməliyyatından sonra histerektomiya icra olunur, qarın boşluğu drenajlanır. Dölün ölümü təsdiq olunduqda dölparçalayıcı əməliyyatlar – embriotomiya həyata keçirilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: