Eklampsiya
Eklampsiya – hestozun ən ağır, kritik forması olub, qıcolma sindromu, huşun itirilməsi, posteklampsik komanın inkişafı ilə müşahidə edilir. Eklampsiyanın təhlükəliliyi hamilələrdə ağır fəsadların: beyinə qansızma, ağciyərlərin ödemi, ciftin vaxtından əvvəl ayrılması, böyrək və qaraciyər çatışmazlığı, eləcə də dölün ölümünün yüksək ehtimalı ilə bagılıdır. Eklampsiyanın diaqnostikası klinik şəkil və laborator müayinələrin nəticələrinə əsaslanır. Eklampsiyanın müalicəsi sakitliyin təmini, qıcolmaların aradan qaldırılması, həyati vacib funksiyaların bərpasına yönəldilir. Belə vəziyyətlərdə hamiləlik təcili sürətdə başa çatdırılmalıdır.
- Eklampsiyanın yaranma səbəbləri
- Eklampsiyanın əlamətləri
- Eklampsiyanın diaqnostikası
- Eklampsiyanın müalicəsi
- Eklampsiyanın profilaktikası
Eklampsiya barədə ümumi məlumat
Klinik ginekologiya və mamalıqda eklampsiya ağır gedişli hestozun son mərhələsi kimi qiymətləndirilir. «Eklamspiya» yunan dilindən tərcümədə «ildırımabənzər qığılcım» deməkdir, patologiyanın belə adlandırılması qıcolmalar, şüurun pozulması və komatoz vəziyyətin sürətli inkişaf ilə əlaqədardır. Nadir hallarda eklampsiyanın beyinə qansızma ilə müşayiət olunan qıcolmasız formasına rast gəlinir.
Eklampsiya hamiləliyin gecikmiş toksikozlarının (hestozların) 1-1,5%-də qeydə alınır. Əksər hallarda eklampsiya toksikozun bir-birini tədricən və ya sürətlə əvəz edən digər formalarından – hamiləlik hidropsu, nefropatiya və preeklampsiyadan sonra inkişaf edir. Eklampsiya adətən hamiləliyin II yarısında (68-75%), daha az hallarda – doğuş prosesində (27-30%), bəzən isə doğuşdan sonra 24-48 saat ərzində (1-2%) inkişaf edir.
Eklampsiyanın yaranma səbəbləri və formaları
Eklampsiyanın inkişafına kritik hipertenziya, damarların vazokonstriksiyası, hemato-ensefalik baryerin keçiriciliyinin yüksəlməsi, beyin qan cərəyanının həcminin azalması, kalium-kalsium balansının pozulması nəticəsində baş beyin hüceyrələrinin zədələnməsi səbəb olur.
Eklampsiya bir qayda olaraq müalicəyə tabe olmayan inadlı nefropatiya və ya preeklampsiya fonunda inkişaf edir. Mama-ginekoloqun təyinatlarına, qidalanma və istirahət rejiminə riayət olunmaması, zərərli vərdişlərdən sui istifadə eklampsiyanın yaranmasına təsir edir. Risk qrupuna kritik yaşlı (gənc və ya 35 yaşdan yuxarı) ilk dəfə doğan qadınlar, arterial hipertenziya, piylənmə, qlomerulonefrit, şəkərli diabet, qastrit, kolit, sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit və digər somatik patologiyaları olan hamilələr daxildir. Ağırlaşdırıcı mamalıq amillərinə çoxdöllü hamiləlik, trofoblastik xəstəlik, əvvəlki hamiləlikdə toksikozlar, yaxın qohumlarda preeklamspiya və ya eklampsiyanın olması aiddir.
Aparıcı klinik əlamətə görə eklampsiyanın beyin, qaraciyər, böyrək, komatoz formaları ayırd edilir. Beyin forması ağır dərəcəli arterial hipertenziya və onunla bağlı ağırlaşmalar – işemik və ya hemorragik insultra xarakterizə edilir. Eklampsiyanın böyrək formasında qıcolma və koma ilə yanaşı anuriya qeydə alınır. Böyrək forması dərin metabolik pozğunluqlar, hipoproteinemiya, ağır endoteliozla müşayiət olunur. Eklampsiyanın komatoz forması ən ağır gediş və qıcolamların izlənilməməsi ilə səciyyələnir.
Eklampsiyanın əlamətləri
Adətən eklampsiya baş ağrıları, ürəkbulanma, görmə pozğunluğu, epiqastral və sağqabırğa altı nahiyədə ağrılar, yüksək oyaqnıqlıq və qıcolmaya hazırlıqla xarakterizə olunan preeklampsiyadan sonra yaranır. Eklampsiyanın tipik şəkli huşun qəfil itirilməsi və qıcolma tutmasının inkişafı aiddir. Eklampsiya zamanı qıcolmalar özünəməxsus xüsusiyyətlərə malikdir: əvvəlcə üz əzələlərinin ayrı-ayrılıqda kiçik yığılmaları (15-30saniyə) baş verir, onlar tonik qıcolmalarla – skelet əzələlərinin spazmı (15-20saniyə) əvəzlənir, sonra isə bütün bədən və ətrafları əhatə edən generalizəolunmuş klonik qıcıolamalar (konvulsiyalar) yaranır.
Eklampsiya zamanı bir və ya çoxsaylı qıcolma tutmaları müşahidə edilir. Qıcolma tutması qısamüddətli apnoe, sianoz, bəbəklərin genişlənməsi, dilin dişlənilməsi, ağızdan köpüyün axması ilə müşayiət olunur. Qıcolma tutması adətən 1.5-2 dəqiqədən çox davam etmir. Qıcolmalardan sonra hamilə qadın komaya düşür. Tutmalar təkrarlanmadığı hallarda huş tədricən bərpa olur. Bəzi hallarda uzunmüddətli eklampsik koma inkişaf edir, bu da pasiyentin ölümü ilə nəticələnə bilir.
Eklampsiya tutması ağrı, istənilən gərginlik, xarici qıcıqlandırıcı (parlaq işıq, səs, yüksək səs və s.) tərəfindən yarana bilər. Bəzən eklampsiya sancıların kifayət qədər ağrısızlaşdırılmaması, çətin doğuşlar (məsələn, dar çanaq), həddindən artıq güclü doğuş fəaliyyəti və ya onun hiperstimulyasiyası zamanı doğuş prosesində sürətlə inkişaf edə bilər. Qeysəriyyə əməliyyatından sonra erkən ekstubasiyanın hemodinamik göstəricilərin, qaraciyər və böyrəklərin fəaliyyətinin, adekvat sərbəst tənəffüsün normallaşmasından əvvəl aparıldığı hallarda eklampsiya mümkündür.
Tutma zamanı və ondan sonra qadında ağciyərlərin ödemi, asfiksiya, beyinə qansızma, ciftin vaxtından əvvəl ayrılması baş verir; əksər hallarda bətndaxili hipoksiya nəticəsində döl həyat qabiliyyətini itirir. Eklampsiyanın proqnozu tutmaların sayı və nə qədər davam etməsi, eləcə də komanın müddətindən asılıdır.
Eklampsiyanın diaqnostikası
Eklampsiya kəskin, qəflətən inkişafı ilə əlaqədar hamilələrin ənənəvi müayinə üsulları (ginekoloji baxış, USM, uşaqlıq-cift qan dövranının dopplerometriyası) diaqnostik əhəmiyyət kəsb etmir. Eklampsiyanın diaqnostikası hestozun bu formasını baş beynin digər zədələnmələrindən – anevrizma, epilepsiya, şişlər, eləcə də uremik və diabetik komalardan fərqləndirən tipik əlamətlərin müşahidəsinə əsaslanır.
Eklampsiyanın tipik göstəricisi onun hamiləliklə assosiasiyası, hestasiyanın II yarısı (22-ci həftədən sonra) və ya doğuşun ilk günlərində yaranması, kritik arterial hipertenziya və qısamüddətli preeklampsiya simptomatikasından sonra inkişaf etməsidir. Eklampsiya hallarında epilepsiya üçün xarakterik olan aura – tutmaönü hal izlənilmir. Ağciyər ödemini inkar etmək üçün döş qəfəsinin rentgenoqrafiyası; baş beynin vəziyyətini qiymətləndirmək məqsədilə KT, NMRT icra olunur.
Eklampsiyanın müalicəsi
Eklampsiyanın müalicə prinsiplərinə hamilənin fiziki və psixi sakitliyinin təmini, həyati vacib orqanların bərpası və təkrar tutmaların qarşısının alınması üçün təcili tədbirlərin aparılması aiddir. Eklampsiyalı xəstələrdə AT, EKQ, ÜYT, EEQ və laborator göstəricilərin (pH, elektrolitlər, hemoqlobin, trombosit, qanın qaz tərkibi və s.) daimi müşahidə altında olması mütləqdir. Diurezə nəzarət etmək üçün sidik kisəsi kateterizasiya olunmalıdır.
Eklampsiya zamanı qanın adekvat oksigenasiyasını təmin etmək məqsədilə uzunmüddətli ASV; maqnezium-sulfat (AT-ni endirmək və qıcolamaların profilaktikası üçün), dekstran (qanın reoloji xüsusiyyətlərini normallaşdırmaq üçün), qlükoza (beyin metabolizmini yaxşılaşdırmaq üçün) məhlullarının, diuretiklərin (orqanların ödemini aradan qaldırmaq üçün) damcı üsulu ilə damar daxilinə yeridilməsi tətbiq olunur. Eklampsiyanın təkrar tutmalarının qarşısını almaq üçün sedativ və ya narkotik vasitələrdən istifadə edilir. Hamilənin vəziyyətinin nisbi stabilizasiyasından sonra adətən Qeysəriyyə əməliyyatı icra olunur. Qıcolma tutması baş verdikdə reanimasion tədbirlər həyata keçriilir. Eklampsiyanın ağır formalarının müalicəsi nevroloq və ya neyrocərrahın müdaxiləsini tələb edir.
Eklampsiyanın profilaktikası
Hestozun ən ağır formasının – eklamsiyanınn qarşısını almaq üçün hamiləliyin aparılmasında gecikmiş toksikozların inkişafının profilaktikası, ödem, nefropatiya və preeklampsiyanın vaxtında diaqnostikası və korreksiyası aparılmalıdır.