Endometrit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 5721

endometrit nədir?Endometrit – uşaqlığın daxili qişasının (endometrium) iltihabıdır. Əksər hallarda uşaqlığın əzələ qatının iltihabı ilə birgə rast gəlinir, bu proses endomiometrit adlanır. Endometrium uşaqlığın aybaşı sikli ərzində quruluşunu dəyişən daxili funksional qişasıdır. O, hər sikldə yenidən çoxalıb yetişərək, mayalanmış hüceyrənin implantasiyasına hazırlaşır, hamiləlik baş tutmadıqda isə endometriumun funksional qatı uşaqlığın divarından qopur. Normada endometriumla örtülən uşaqlıq boşluğu infeksiyalardan müdafiə olunur, lakin müəyyən şərtlər daxilində infeksion törədicilər asanlıqla uşaqlığa daxil olaraq, onun daxili qatının iltihabi reaksiyasına – endometritə səbəb olur. Gedişinə görə endometritlər kəskin və xroniki formalara ayırd edilir.

  • Kəskin endometrit
  • Xroniki endometrit
  • Kəskin endometritin əlamətləri
  • Xroniki endometritin əlamətləri
  • Endometritin yaranma riski
  • Endometritin diaqnostikası
  • Kəskin endometritin müalicəsi
  • Xroniki endometritin müalicəsi
  • Endometritin ağırlaşmaları və profilaktikası

Kəskin endometrit

Kəskin endometritKəskin endometrit adətən doğuş, abort və ya miniabort, uşaqlıq boşluğunun diaqnostik qaşınması, histeroskopiya və digər uşaqlıqdaxili manipulyasiyalardan sonra inkişaf edir. Doğuşdan sonrakı infeksiyaların ən geniş yayılmış təzahürü endometritdir. O, təbii doğuşlardan sonra 4-20%, Qeysəriyyə kəsiyi əməliyyatından sonra isə 40% hallarda rast gəlinir, bu da hamilə qadının orqanizmində hormonal və immun dəyişikliklər, ümumi immunitetin və infeksiyalara qarşı müqavimətin zəifləməsi ilə bağlıdır.

Endometrit müxtəlif törədicilərin: bakteriyalar, viruslar, parazitlər, qarışıq floranın təsirindən yarana bilər. Mənşəyinə görə endometritlər 2 qrupa bölünür: spesifik və qeyri-spesifik. Spesifik endometritlərə infeksion (virus, xlamidiya, bakterial, protozoy, göbələk) və parazitar formalar aiddir. Onlar sadə herpes, sitomeqalovirus, xlamidiya, vərəm mikobakteriyaları, toksoplazma, mikoplazma, kandida, şüalı göbələklər, qonokokklar və s. tərəfindən törənə bilər.

Endometritin inkişafında çox zaman xəstəliyin gedişini ağırlaşdıran immun, endokrin, sinir sisteminin vəziyyəti böyük rol oynayır. Qeyri-spesifik xarakterli endometritlərdə uşaqlıqda patogen mikroflora aşkarlanmır. Qeyri-spesifik endometritə bakterial vaginoz, İİV infeksiyası, uşaqlıqdaxili spiral, hormonal kontraseptivlərin qəbulu səbəb ola bilər.

Xroniki endometrit

Endometritin xroniki forması adətən doğuş, abort, uşaqlıqdaxili manipulyasiyadan sonra, eləcə də uşaqlıqda yad cismin olması nəticəsində yaranan və sona qədər müalicə olunmayan kəskin endometritin nəticəsi hesab olunur. 80-90% hallarda xroniki endometrit reproduktiv yaşda olan qadınlar arasında qeydə alınır, xəstəliyin artma tendensiyası uşaqlıqdaxili kontrasepsiyanın geniş tətbiqi, abort, uşaqlıqdaxili diaqnostik və müalicəvi prosedurların çoxalması ilə izah olunur. Xroniki endometrit sonsuzluq, düşük, ekstrakoropral mayalanmanın uğursuz cəhdləri, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrün ağırlaşmalarının ən çox rast gəlinən səbəblərindəndir.

Xroniki endometritlər zamanı infeksion ağenti aşkar etmək üçün yüksək dəqiqlikli immunositokimyəvi diaqnostikadan istifadə olunur. Endometritin xroniki forması əksər hallarda mikrob infeksiyasının ifadəli əlamətlərinin izlənilmədiyi silinmiş gedişə malik olur. Endometriumun normal fəaliyyətinə mane olan fibroz bitişmələr, uşaqlığın selikli qişasının qalınlaşması, seroz ərp, hemorragiya müşahidə edilir.

Kəskin endometritin əlamətləri

endometritin əlamətləriKəskin endometrit adətən infeksiyalaşmadan 3-4 gün sonra inkişaf edir və hərarətin yüksəlməsi, qarnın aşağı hissəsində ağrılar, cinsi yollardan xoşagəlməz iyli ifrazatlar, ağrılı sidik ifrazı, nəbzin tezləşməsi, titrətmə ilə təzahür edir. Uşaqlıqdaxili spiralı olan qadınlarda endometritlər daha ağır və sürətli gedişə malik olur. Bu səbəbdən kəskin endometritin ilkin əlamətləri aşkarlandıqda dərhal ginekoloqa müraciət etmək lazımdır.

Ginekoloji müayinədə ölçüləri bir qədər böyüyən və ağrılı uşaqlıq, qan qarışıqlı və ya seroz-irinli ifrazatlar izlənilir.  Kəskin mərhələ 7-10 gün davam edir, düzgün müalicə aparıldıqda sağalma ilə, əks halda isə xroniki endometritlə nəticələnir.

Xroniki endometritin əlamətləri

Xroniki endometritin gedişinin ağırlığı endometriumun struktur dəyişikliklərinin dərinliyi və davametmə müddətindən asılıdır. Onun əsas əlamətlərinə aybaşı siklinin pozulmaları (hipomenoreya və ya menorragiya), uşaqlıq qanaxmaları, patoloji seroz-irinli və ya qanlı ifrazatlar, qarnın aşağı hissəsində sızıltılı ağrılar, ağrılı cinsi əlaqə aiddir. Bimanual müayinə prosesində uşaqlığın cüzi bərkiməsi və böyüməsi aşkarlanır.

Xroniki endometritlərdə uşaqlığın daxili qişasının struktur dəyişiklikləri polip və kistaların yaranmasına və çoxalmasına gətirib çıxara bilər. Xroniki endometrit 10% hallarda sonsuzluğun, 60% hallarda isə düşüklərin əsas səbəbi sayılır. Çox zaman iltihabi prosesə uşaqlığın əzələ qatı da qoşulur- mioendometrit yaranır.

Endometritin yaranma riski

Endometritin inkişafında infeksiyanın daxili cinsiyyət orqanlarına daxil olmasına mane olan baryer müdafiə mexanizmlərinin zəifləməsi böyük rol oynayır. Bu proses aşağıdakı səbəblərdən baş verə bilər:

Doğuş prosesində aralıq, uşaqlıq yolu, uşaqlıq boynunun cırılmaları infeksiyanın cinsiyyət yollarına daxil olmasına və onun qalxan yolla uşaqlıq yoluna yayılmasına şərait yaradır.

  • Uşaqlıq yolunun selikli qişasını zədələyən mexaniki, kimyəvi, termiki amillər

Cinsiyyət orqanlarının gigiyenasının pozulması, tez-tez aparılan şırınqalama, vaginal spermisidlərin tətbiqi və s. uşaqlıq yolunun normal mikroflorasının və onun qoruyucu xüsusiyyətlərinin pozulmasına gətirib çıxarır.

  • Aybaşı, doğuş, abort

Qanın ifrazı servikal kanalın sekretinin yuyulmasına, uşaqlıq yolunun turş mühitinin qələviləşməsinə və onun bakterisid xüsusiyyətlərinin azalmasına səbəb olur. Belə vəziyyətlərdə patogen mikroorqanizmlər xarici mühitdən asanlıqla orqanizmə daxil olaraq, uşaqlığın yara səthində aktiv şəkildə çoxalırlar.

  • Uşaqlıqdaxili kontraseptivlər

Uşaqlıqdaxili spiral uzunmüddət istifadə olunduqda potensial infeksiya mənbəyinə çevrilir, infeksiyanın UDS sapları ilə qalxan yolla yayılmasında iştirak edir. Endometrit aşkarlandıqda UDS mütləq xaric edilməlidir.

  • Vaginal tamponların istifadəsi

Tamponlar qanlı ifrazatı özlərinə hopduraraq, infeksiyanın inkişafı üçün optimal mühit yaradırlar. Bununla əlaqədar tamponlar hər 4-6 saatdan bir dəyişdirilməli, gecə saatlarında, aybaşıdan əvvəl və sonra, isti havalarda istifadə olunmamalıdır. Tamponların istifadə qaydasının pozulması toksiki şok sindromunun inkişafı ilə nəticələnə bilər.

  • Xroniki stress, yorğunluq və gigiyenaya riayət olunmaması.

Bu amillər orqanizmi zəiflədərək, infeksiyalaşma ehtimalını artırırlar.

Endometritin diaqnostikası

Kəskin endometritin diaqnostikası anamnestik məlumatlar, klinik əlamətlər, ginekoloji baxış, qanın klinik analizi və yaxmanın bakterioskopik müayinəsinin nəticələrinə əsaslanır. Endometritin kəskin fazasında ağır septiki ağırlaşmaların (parametrit, pelvioperitonit, peritonit) inkişaf ehtimalı yüksək olduğundan müalicə stasionar şəraitdə aparılır.

Xroniki formalı endometritlərin diaqnostikasında uşaqlığın selikli qişasının diaqnostik qaşınması xüsusi əhəmiyyət kəsb edir. Dəyişilmiş endometritin histoloji müayinəsi xroniki endometritin diaqnozunu təsdiq etməyə imkan verir. Endometriumun struktur dəyişikliklərini qiymətləndirmək məqsədilə ultrasəs və endoskopik müayinələ icra olunur.

Kəskin endometritin müalicəsi

Endometritin kəskin fazasında xəstələr hospitalizasiya edilir, yataq rejimi, psixi və fiziki sakitlik, asan həzmolunan pəhriz, su rejimi təyin olunur.  Kəskin endometritin medikamentoz müalicəsinin əsasını antibakterial terapiya təşkil edir. Preparatlar (amoksisillin, ampisillin, klindamisin, gentamisin, kanamisin, linkomisin və s.) törədicinin həssaslığı nəzərə alınmaqla seçilir. Qarışıq mikrob florasında bir neçə antibiotiklərin kombinasiyasından istifadə olunur. Əksər hallarda anaerob törədicilərin prosesə qoşulması ilə əlaqədar kəskin endometritin müalicə sxeminə metronidazol əlavə edilir.

İntoksikasiyanı aradan qaldırmaq üçün güc ərzində 2-2,5 litrə qədər düz və zülal məhlulları damar daxilinə yeridilir. Bundan əlavə polivitaminlər, antihistamin preparatlar, immunomodulyatorlar, probiotiklər, göbələkəleyhinə vasitələr təyin edilir. Ağrıkəsici, iltihabəleyhinə və hemostatik məqsədlə qarın nahiyəsinə soyuq kompress (2 saat-soyuq, 30 dəqiqə-fasilə) qoyulur. Kəskin əlamətlər söndükdən sonra fizioprosedurlar, hirudoterapiya (tibbi zəlilər) məsləhət görülür.

Xroniki endometritin müalicəsi

Xroniki endometritin müalicəsi kompleksşəkilli olub, mikrobəleyhinə, immunomoduləedici, ümummöhkəmləndirici, fizioterapevtik müalicədən ibarətdir. Müalicə mərhələli şəkildə aparılır. İlk növbədə infeksion agentlər aradan qaldırılır, sonra müalicə kursu endometriumun bərpasına yönəldilir.  Adətən geniş təsir spektrinə malik antibiotiklərdən (sparfloksasin, doksisiklin və s.) istifadə olunur.  Bərpa kursu hormonal (estradiol+progesteron) və metabolik terapiyanın (dana qanının hemoderivatı, inozin, askorbin turşusu, E vitamini) birgə tətbiqinə əsaslanır.

Dərman preparatlarını birbaşa uşaqlığın selikli qişasına yetirmək mümkündür, bu üsulla iltihab ocağında onların yüksək konsentrasiyası əldə edilir. Uşaqlıq qanaxmalarının qarşısını almaq üçün hormonlar və ya amniokapron turşusunun məhlulu (damardaxili və ya uşaqlıqdaxili) təyin edilir.  Xroniki endometritin müalicəsində fizioterapiyaya: UYT, mis, sink, lidaza, yodla elektrofarez, impulslu ultrasəs terapiya, maqnitoterapiyaya geniş yer verilir. Fizioterapevtik müalicə endometriumun ödemini azaldır, qan dövranını aktivləşdirir, immun reaksiyaları stimulə edir. Xroniki endometritli xəstələrə kurortterapiyası (hidroterapiya, palçıqla terapiya) göstəriş sayılır.

Xroniki endometritin müalicəsinin effektivliyi aşağıdakı kriteriyalar üzrə qiymətləndirlir:

  • Endometriumun morfoloji strukturunun bərpası (USM nəticələrinə əsasən)
  • Aybaşı siklinin bərpası
  • İnfeksiyanın aradan qaldırılması
  • Patoloji əlamətlərin (ağrı, qanaxma) izlənilməməsi
  • Reproduktiv funksiyanın bərpası

Endometritin ağırlaşmaları və profilaktikası

Endometrium uşaqlığın vacib funksional qatı olub, hamiləliyin normal gedişini təmin edir. Endometriumun iltihabi xəstəlikləri – endometritlər  hamilləlik ağırlaşmalarına: düşük təhlükəsi, plasentar çatışmazlıq və  doğuşdan sonrakı qanaxmalara səbəb olur. Bununla əlaqədar endometrit keçirmiş qadınlarda hamiləlik xüsusi diqqətlə aparılmalıdır.

Endometritin uzaq ağırlaşmalarına uşaqlıq daxilində bitişmə prosesləri (uşaqlıqdaxili sinexiyalar), uşaqlıq boşluğunun sklerozlaşması, aybaşı siklinin pozulması, endometriumun polip və kistaları daxildir. Endometrit zamanı iltihabi prosesə yumurtalıqlar və fallop boruları qoşula, peritonit, bağırsaq və kiçik çanaq orqanlarının bitişmələri (bitişmə xəstəliyi) inkişaf edə bilər. Bitişmə xəstəliyi ağrılarla təzahür edərək, əksər hallarda sonsuzluqla nəticələnir.

Endometritin preventiv tədbirlərinə abortlardan imtina, gigiyena qaydalarına riayət (xüsusən aybaşı dövründə), doğuşdan və abortdan sonrakı infeksiyaların profilaktikası, CYKİ-nin qarşısını almaq üçün baryer kontrasepsiyadan istifadə aiddir. Simptomsuz infeksiyaların vaxtında diaqnostikası və müalicəsi zamanı növbəti hamiləlik və doğuşların proqnozu əksər hallarda qənaətbəxş olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: