Erkən düşüklər

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1468

erkən düşüklər nədir?Erkən düşüklər – hestasiyanın 12-ci həftəsinə qədər özbaşına abortlarla xarakterizə olunan patoloji vəziyyətlərdir. Belə hallarda adətən dölün ürək fəaliyyətinin qeyd olunmur və ya boş rüşeym kisəsi aşkarlanır. Erkən düşüklər qarnın aşağı hissəsi və ya beldə müxtəlif xarakterli ağrılar, uşaqlıq yolundan axan qanlı, bəzən isə irin kütlələri və ya amniotik maye qarışıqlı ifrazatlarla müşayiət olunur. Diaqnostik tədbirlərə hamiləliyin təsdiqi, fizikal müayinə, doğuş yollarının müayinəsi və transvaginal ultrasəs skanlama aiddir. Erkən düşüklərin müalicəsi onların formalarından asılı olub, hamiləliyin medikamentoz yolla uzadılması, pozulması və ya vakuum-aspirasiyadan ibarətdir.

  • Erkən düşüklərin səbəbləri
  • Erkən düşüklərin əlamətləri
  • Erkən düşüklərin diaqnostikası
  • Erkən düşüklərin müalicəsi
  • Erkən düşüklərin proqnoz və profilaktikası

Erkən düşüklər barədə ümumi məlumat

Statistik məlumatlara əsasən hamiləliklərin 15-20% spontan pozulmalarla nəticələnir. Erkən düşüklər mamalıqda ən geniş yayılmış ağırlaşmalardan hesab olunur, onlar spontan abortların təxminən 80%-ni təşkil edir və 70% hallarda hamiləliyin klinik təzahürlərindən əvvəl baş verir. 1/3 hallarda erkən düşüklər hestasiyanın 8-ci həftəsinə qədər embrionun olmaması səbəbindən yaranır. Belə vəziyyətlər yaşı 40-dan yuxarı olan qadınlar arasında daha çox qeydə alınır. Bu da 50% erkən düşüklərin səbəb hesab olunan xromosom anomaliyalarının yüksək tezliyi  ilə əlaqədardır.

Erkən düşüklərin səbəbləri

Erkən düşüklərin səbəbləriErkən düşüklər 50%-dən çox hallarda dölün xromosom mutasiyaları, xüsusən X-xromosumu üzrə autosom trisomiya, monosomiya və poliplodiyalarla bağlı olur. Spontan abortların az bir hissəsi dölə teratogen təsir edən və onun inkişafı üçün əlverişsiz mühit yaradan amillərin təsirindən baş verir. Onlara ananın zərərli vərdişləri (spirtli, içkilər, narkotik maddələrin istifadəsi), infeksion xəstəliklər (sifilis, xlamidioz, toksoplazmoz), bəzi dərman vasitələrinin (QSİƏP, retinoidlər, antimikotik vasitələr, antidepressantlar), peşə zərərləri (ionlaşdırıcı şüalanma, toksinlər və s.) aiddir.

Erkən düşüklərə həmçinin yaş amili (40 yaşdan sonra spontan abort riski 40%-dən çox olur), cinsiyyət orqanlarının inkişaf anomaliyaları, ifadəli piylənmə, qarın nahiyəsinin travması, xroniki xəstəliklər (antifosfolipid sindrom, yumurtalıqların polikistozu, qalxanabənzər vəzinin xəstəlikləri və s.) səbəb ola bilər.

Erkən düşüklərin əlamətləri

Erkən düşüklərin əlamətləriErkən düşüklərin bir neçə klinik formaları ayırd edilir: düşük təhlükəsi, başlayan, septiki və natamam düşüklər, tam düşüklər. Düşük təhlükəsi qasıqüstü və bel nahiyələrində dartıcı xarakterli ağrılar, uşaqlıq yolundan axan az miqdarda qanlı ifrazatla təzahür edir. Uşaqlığın hipertonusu müşahidə olunur, onun ölçüləri hamiləlik müddətinə uyğundur, daxili əsnək bağlıdır. Başlayan erkən düşüklər  analoji əlamətlərə malikdir, lakin onlar daha ifadəli olur, uşaqlıq boynu kanalı yarımaçıq vəziyyətə keçir. Tam düşüklər qarnın aşağısında tutmaşəkilli ağrılar, ifadəli qanlı, bəzən amniotik maye qarışıqlı ifrazatlarla xarakterizə olunur. Uşaqlığın ölçüləri hamiləlik müddətinə müfafiq norma göstəricilərindən geri qalır, daxili və xarici əsnək açıqdır. Uşaqlıq yolu və ya uşaqlıq boynunun mənfəzində döl yumurtasının fraqmentləri aşkarlana bilər.

Natamam erkən düşüklər (natamam abort) – hamiləliyin pozulmasından sonra uşaqlıq boşluğunda döl yumurtası elementlərinin ləngiməsi ilə səciyyələnir. Belə hallar bel və qarnın aşağı hissəsində mülayim ağrılar, hemorragik şokla nəticələnə bilən massiv qanaxmalarla müşayiət olunur. Septiki və ya infeksiyalaşmış erkən düşüklər cinsiyyət orqanlarının infeksiyalaşma əlamətləri: bədən hərarətinin kəskin yüksəlməsi, ümumi halsızlıq, çanaq nahiyəsində ağrı, uşaqlıq yolundan irinli ifrazatlar, ÜYT və TT-nin yüksəlməsi, ön qarın divarının əzələ defansı ilə müşahidə edilir.

Erkən düşüklərin diaqnostikası

Erkən düşüklərin diaqnostikası anamnestik məlumatlar və şikayətlərin toplanılması,  obyektiv müayinə, laborator və instrumental müayinələrin nəticələrinə əsaslanır. Sorğu zamanı mama-ginekoloq axırıncı aybaşının vaxtına, zərərli vərdişlərə, peşə zərərlərinə, xroniki xəstəliklərə, keçirilmiş infeksiyalara, medikamentlərin qəbuluna və keçmiş hamiləliklərin sonluğuna diqqət yetirir, uşaqlıq yolundan qanaxmanın həcmini, irin və ya dölyanı mayenin olmasını, ağrı sindromunun lokalizasiyası və xarakterini dəqiqləşdirir. Qadının ümumi vəziyyəti, bədən temperaturu, ÜYT, TT və AT qiymətləndirilir, qarın nahiyəsi palpasiya olunur. Sonra güzgülərin köməyilə vaginal baxış və uşaqlığın ölçüləri, konsistensiyasını müəyyən etmək üçün bimanual  müayinə aparılır. Laborator testlər arasında progesteron və xorionik qonadotropinin (β-XQ) təyini xüsusi əhəmiyyət kəsb edir, bu yolla uşaqlıqdan kənar hamiləlik təsdiq/inkar olunur.

Erkən düşüklərin diaqnostikasında ultrasəs müayinə (USM) aparıcı rol oynayır. Hazırda transvaginal USM (TVS) hamiləliklərin erkən mərhələlərdə diaqnostikasının «qızıl standartı» sayılır. Onun tətbiqi mümkün olmadıqda transabdominal skanlama (TAS) icra olunur. Erkən düşüklərin əlamətlərinə döl yumurtasının orta daxili diametrinin TVS-də 20mm-dən, TAS-də isə 25mm-dən çox olması, ürək döyüntülərinin qeyd olunmaması və ya dölün olmaması aiddir. Erkən düşüklər uşaqlıq boynu və uşaqlıq yolunun bədxassəli törəmələri, xorionepitelioma, uşaqlıqdan kənar hamiləliklə differensiasiya olunur.

Erkən düşüklərin müalicəsi

Erkən düşüklərin müalicə sxemi patologiyanın klinik forması və ananın qərarından asılıdır. Düşük təhlükəsi və ya başlayan düşüklər zamanı hamiləliyin davam etdirilməsi mümkündür, dölün bətndaxili ölümü aşkarlandıqda tibbi abort göstəriş hesab olunur. Hamiləliyin qorunması və erkən düşüklərin qarşısını almaq üçün gestagenlərdən istifadə edilir. Eləcə də hemostatik məqsədlə traneksam turşusu, ağrı sındromunu aradan qaldırmaq üçün drotaverin tətbiq olunur. Hamiləliyi davam etdirmək mümkün olmadıqda tibbi küretaj icra edilir. Onun aparılmasının müxtəlif variantları mövcuddur, bu zaman prostaqlandinlərin analoqları antiprogestinlərlə kombinasiya oluna bilər.

İnfeksiyalaşmış və natamam düşüklər, eləcə də massiv qanaxmalar zamanı cərrahi müalicə göstərişdir.  Müdaxilənin mahiyyəti xorion və ya cift toxumalarının qalıqlarının xaric edilməsi və hemostazdan ibarətdir. Adətən cərrahi müalicə vakuum-aspirator və ya vakuumun digər mənbələrinin köməyilə həyata keçirilir, az hallarda instrumental qaşınmadan istifadə olunur. Müasir tədqiqatlara əsasən erkən düşüklər üzrə cərrahi müdaxilələrdən 1-1,5 saat əvvəl QSİƏP və benzodiazepin qrupundan olan preparatların tətbiqi yaxşı nəticələr verir.

Erkən düşüklərin proqnoz və profilaktikası

Erkən düşüklər zamanı əksər hallarda proqnoz qənaətbəxş olur. Spontan (özbaşına) düşüklərin təkrarlanma riski zəif sürətlə artaraq, orta statistik göstərici ilə müqayisədə (15%) 19-20% təşkil edir. Erkən düşüklərin səbəbinin müəyyən olunmadığı ailələr arasında təkrar hamiləlik 65% hallarda uğurla başa çatır.

Erkən düşüklərin spesifik profilaktikası mövcud deyil. Qeyri-spesifik preventiv tədbirlərə dölün antenatal müdafiəsi və hamiləliyin rasional planlaşdırılması yolu ilə etioloji amillərin istisna ediməsi aiddir. Hamiləlik faktı  təsdiq olunduqdan sonra teratogen amillər uzaqlaşdırılmalı, zərərli vərdişlərdən imtina edilməli, mama-ginekoloqun bütün təyinatlarına əməl olunmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: