Frigidlik
Frigidlik — seksual disfunksiya olub, cinsi həvəsin (libido), intim yaxınlıq zamanı səciyyəvi oyanma halı və orqazmın olmaması və ya azalması ilə təzahür edir. Seksual əlaqələrə marağın itməsindən əlavə pasiyentlərdə cinsi akt zamanı və ya ondan sonra ağrı yarana bilər. Pozğunluğun diaqnostikasında anamnestik məlumatlar, ginekoloji baxış, USM, hormonal fonun müayinəsi, mütəxəssislərin konsultasiyası mühüm rol oynayır. Müalicə kompleks şəklində aparılır: yanaşı gedən xəstəliklər korreksiya olunur, hormonlar, vazoaktiv preparatlar, psixoterapiya və fizioterapiya təyin edilir.
- Frigidliyin yaranma səbəbləri
- Təsnifat
- Frigidliyin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Frigidliyin müalicəsi
- Proqnoz və profilaktika
Frigidlik barədə ümumi məlumat
Frigidlik (cinsi soyuqluq, hipolibidoemiya)— ən geniş yayılmış seksial disfunksiya hesab olunur. Müxtəlif tədqiqatların nəticələrinə əsasən pozğunluq qadınların 25-63%-də və seksoloqa müraciət edən hər ikinci pasiyentdə aşkarlanır. Cinci həvəsin olmaması və ya azalması daha çox yaşı 25-dən az olan qadınlarda qeydə alınır. Hissiyyatın formalaşması və müsbət cinsi təcrübənin əldə edilməsi ilə libidonun artması və cinsi əlaqəyə maraq müşahidə olunur. Kişilərdən fərqli olaraq, qadınlarda cinsi həvəs ailədaxili münasibətlərdən və digər psixoloji amillərdən asılıdır.
Frigidliyin yaranma səbəbləri
Qadınlarda cinsi soyuqluq polietioloji disfunksiya olub, adətən bir neçə amilin birgə təsirindən yaranır. Qadın seksopatologiya sahəsinin mütəxəssislərinin fikrincə frigidliyə gətirib çıxaran səbəblər aşağıdakılardır:
- Hormonal disbalans. Prolaktinin hipersekresiyası, yumurtalıqların endokrin funksiyasının pozulması – hipoestrogeniya və müxtəlif qrup cinsi hormonlar arasındakı nisbətin dəyişməsi zamanı libido itir və ya azalır.
- Yanaşı gedən xəstəliklər. Cinsi həvəsin müvəqqəti və ya daimi zəifləməsinə şəkərli diabet, hipertoniya, hipo- və hipertireoz, stenokardiya, böyrək çatışmazlığı, poliartrit, autoimmun xəstəliklər, dağınıq skleroz, onkopatologiya və digər ağır xəstəliklər fonunda rast gəlinir.
- Uşaqlıq və onun artımlarının xəstəlikləri. Adneksit, salpingit, vulvit, submukoz və subseroz miomalar, postmenopauza dövründə uşaqlıq yolunun quruluğundan əziyyət çəkən qadınlarda cinsi əlaqə zamanı ağrı hissiyyatının yaranması libidonun hissəvi və ya tam itməsinə səbəb olur.
- Medikamentlərin qəbulu. Bəzi hipotenziv və antihistamin preparatlar, antidepressantlar, neyroleptiklər, sedativ vasitələr, spirt, amfetaminlər və digər narkotiklərin qəbulu cinsi həvəsin azalmasına gətirib çıxarır.
- Cinsi sferanın inkişaf pozğunluğu. Cavan qızlarda cinsi yetişkənliyin ləngiməsi, çanaq dibi əzələlərinin natamam inkişafı və ya zəif innervasiyası ilə bağlı qadın cinsiyyət orqanlarının anatomik qüsurları frigidlik yaradır.
- Psixoloji problemlər. Ağır psixotravmalar, o cümlədən cinsi təcavüz və ya xəyanət, xroniki yorğunluq, ailədaxili münaqişələr fonunda libido əhəmiyyətli dərəcədə azala və itə bilər.
Frigidliyin təsnifatı
Disfunksiyanın forma, növ və ifadə dərəcəsini müəyyən edətkən bir sıra amillər nəzərə alınır. Frigidliyin bir neçə kriteriyalar üzrə təsnifatı təqdim olunmuşdur.
Yaranma müddətinə görə:
- Birincili – qadında heç bir zaman cinsi həvəs müşahidə olunmur.
- İkincili – disfunksiya əvvəllər normal cinsi həyat keçirən pasiyentdə yaranır.
Geri dönməsinə görə:
- Geri dönməyən (üzvi, həqiqi) – müasir üsullarla aradan qaldırılması mümkün olmayan səbəblər aşkarlanır.
- Geri dönən (funksional, müvəqqəti) – cinsi həvəs onu yaradan səbəb aradan qaldırıldıqdan sonra bərpa oluna bilər.
Formalaşma səbəbinə görə:
- Simptomatik – digər xəstəliklər fonunda baş verən müvəqqəti disfunksiya.
- Konstitutsional – qadın seksuallığının anadangəlmə inkişafdan qalması.
- Retardasion – cinsi funksiyanın gec formalaşması.
- Psixogen – psixoloji amillərin təsirindən libidonun azalması və ya olmaması.
- Abstinent –intim yaxınlığın uzun müddət baş verməməsi fonunda formalaşır.
İfadə dərəcəsinə görə:
- I dərəcə – cinsi tələbatın saxlanılması, əksər cinsi aktlarda orqazmın olmaması, cinsi həyatdan bir o qədər də məmnun qalmamaq.
- II dərəcə – bütün cinsi aktlarda anorqazmiya, intim yaxınlıq zamanı tələbatın aşağı səviyyədə olması və ya ümumiyyətlə olmaması, cinsi həyatdan məmnun qalmamaq.
- III dərəcədə – cinsi həvəsin tamamilə itməsi, partnyora qarşı ikrah hissinin yaranması.
- IV dərəcə – dayanıqlı anorqazmiya, cinsi həvəsin olmaması, daimi partnyorla yanaşı bütün kişilərə qarşı ikrah hissinin formalaşması.
Frigidliyin əlamətləri
Pasiyentlər cinsi həvəs çox nadir hallarda yaranmasından və ya ümumiyyətlə olmamasından şikayət edir. Çox zaman xəstələrdə oyanma halı ilə müşayiət olunan seksual əlaqələrlə bağlı fantaziyalar və ya fikirlər olmur. Frigid qadınları seks barədə mövzular maraqlandırmır və ya qıcıqlandırır. Hipolibidemiyalı qadınlar partnyorun təşəbbüsü ilə cinsi əlaqəyə girir, adətən bu prosesi bir «borc» kimi qəbul edirlər. Əksər hallarda intim yaxınlıq zamanı cinsi orqanlar nahiyəsində spesifik hissiyyat baş vermir, uşaqlıq yolunda nəmlənmə az olur. Cinsi aktlar və masturbasiya orqazmsız bitir. Bır sıra qadınlarda frigidlik ginekoloji xəstəliklərlə bağlı olduöundan cinsi əlaqə zamanı və ya ondan sonra qarnın aşağı hissəsi, uşaqlıq yolu, düz bağırsaq nahiyəsində ağrılar yarana bilər.
Frigidliyin ağırlaşmaları
Uzunmüddətli gediş və qadının disfunksiyaya emosional münasibəti zamanı frigidlik psixoloji xarakterli pozğunluqlarla – özünü aşağı qiymətləndirmə, əsəbilik, nevrotik və depressiv hallarla ağırlaşır. Üzvi pozğunluqlar çox nadir hallarda müşahidə edilir, lakin ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən aşağı seksual aktivlik cinsiyyət sistemi xəstəliklərinin risk amillərindən sayılır. Libidonun zəifləməsi ailədaxili münasibətlərin korlanmasına, boşanmalara gətirib çıxara bilər.
Frigidliyin diaqnostikası
Frigidliyin diaqnozunun qoyulmasında anamnestik məlumatlar – libidonun azalma dərəcəsi və müddətinin, orqastik funksiyanın pozulmasının, seksual disfunksiyanın inkişafına səbəb olan vəziyyət və amillərin təyini mühüm rol oynayır. Frigidliyin diaqnostikasında istifadə olunan ən informativ fizikal, laborator və instrumental üsullar aşağıdakılardır:
- Ginekoloqun konsultasiyası. Bimanual müayinə və vaginal güzgülərlə baxış zamanı cinsi həvəsin pozulması ilə müşayiət olunan ginekoloji xəstəliklər aşkarlanır.
- Uşaqlıq və onun artımlarının USM. Çanaq orqanlarının ultrasəs müayinəsi frigidliyin inkişafına gətirib çıxaran ginekoloji patologiyanı təsdiq və ya inkar etməyə imkan verir.
- Hormonal müayinələr. Neyrohumoral amillərin təsirini qiymətləndirmək üçün estradiol, progesteron, testosteron, prolaktin, böyrəküstü və qalxanabənzr vəzilərin hormonlarının miqdarı yoxlanılır.
Cinsi soyuqluğun differensial diaqnostikası seksual disfunksiyanın digər növləri (anorqazmiya, seksual aversiya və ya angedoniya və s.), nevrozlarla (isteriya, nevrasteniya, həyəcanlı – fobik pozğunluq) aparılır. Diaqnozun dəqiqləşdirilməsi və cinsi soyuqluğun səbəblərinin təyini üçün müayinə prosesinə seksopatoloq, uroloq, terapevt, endokrinoloq, nevropatoloq, psixoloq, psixiatr cəlb oluna bilər.
Frigidliyin müalicəsi
Cinsi soyuqluğun terapiyası disfunksiyanı törədən səbəblərin aradan qaldırılmasına yönəldilir. Frifidliyin etiologiyasından asılı olaraq onun müalicəsi aşağıdakı yollarla aparılır:
- Əsas xəstəliyin terapiyası. Ümumi əhval-ruhiyyənin yaxşılaşması və libidonun pozulamasına səbəb olan vəziyyət və ya xəstəliyin klinik əlamətlərinin azalması cinsi həvəsin artması ilə müşayiət edilir.
- Medikamentoz terapiyanın korreksiyası. Pasiyent libidoya təsir edən dərman preparatları qəbul edərsə, onlar mütləq əvəz olunmalıdır.
- Estrogenlər. Patoloji və ya yaşla əlqədar hipoestrogenemiya fonunda yaranan disfunksiyalar zamanı effektivdir. Əks-göstərişlər olmadıqda estrogenlər plastır, vaginal krem, həb, həlqə və s. şəklində təyin edilir.
- Androgenlər. Cinsi həvəsi artırmaq üçün beynin oyanmaya cavabdehlik daşıyan sahələrini stimulyasiya edən kişi cinsi hormonlardan istifadə oluna bilər.
- Vazoaktiv preparatlar. Randomizə olunmuş tədqiqatların nəticələri kişilərdə erektil disfunksiyanın terapiyasında tətbiq edilən sildenafil əsaslı dərman vasitələrinin frigidliyin müalicəsində effektivliyini sübut edir.
- Sedativ vasitələr və antidepressantlar. Emosional gərginlik, həyəcanı aradan aldıran və ya azaldan, əhval-ruhiyyəni yaxşılaşdıran preparatlar təyin oluna bilər.
50%-dən çox hallarda libidonun zəifləməsi psixogen amillərlə bağlı olduğundan psixoloq və ya psixoterapevtin konsultasiyası münasibətlərin harmoniyasına, stress və münaqişə hallarının aradan qaldırılmasına və ya onlara qarşı reaksiyanın dəyişilməsinə kömək edir. Frigidliyin kompleks terapiyasında həmçinin MBT (çanaq dibi əzələlərini möhkəmləndirən gimnastika), palçıq prosedurları, oturaq vannalar, uşaqlıq yolunun yuyulması və cinsiyyət orqanlarına qan axınını gücləndirən digər fizioterapevtik üsullar, aromaterapiya, stimulə edici bioloji aktiv əlavələr, autotreninq, erogen zonaların stimulyasiyası və meditativ texnikalar tətbiq edilir.
Frigidliyin proqnoz və profilaktikası
Proqnoz qənaətbəxşdir. 93-95% hallarda seksual disfunksiyanın kompleks terapiyası cinsi həvəsi bərpa etməyə və ya artırmağa imkan verir, yalnız həqiqi frigidliyin rast gəlindiyi 5-7% qadınlarda müalicə az effektiv olur.
Cinsi soyuqluğun profilaktikası məqsədilə sağlam həyat tərzi – kifayət qədər fiziki aktivlik, əmək və istirahət rejiminin rasionallığı, balanslaşdırılmış qidalanma, libidonu azaldan xəstəliklərin vaxtında müalicəsi, dərman preparatlarının əsaslı təyini, ailədaxili və işdə baş verən problemlərin tez və sakit tərzdə həlli məsləhət görülür.