Ginekoloq
Ginekoloq – qadın xəstəliklərinin müalicəsi, eləcə də hamiləlik dövrü və doğuş prosesinin aparılması ilə məşğul olan mütəxəsisdir. Sağlamlığını qorumaq üçün hər bir qadın ildə 2 dəfə ginekoloqun müayinəsindən keçməlidir. Məqsəddən asılı olaraq, konsultasiya ilkin və təkrari olur. Birinci halda pasiyentin şikayətləri və ginekoloji baxış əsasında ilkin diaqnoz qoyulur. Onu dəqiqləşdirmək üçün əlavə müayinələr təyin edilir.
Təkrari konsultasiya zamanı ginekoloq müayinələrin nəticəsinə əsaslanaraq, diaqnozu təsdiqləyir, müalicə sxemini tərtib edir.
Ginekoloqun qəbuluna göstərişlər
Profilaktik məqsədlərlə yanaşı, qarnın aşağı hissəsində ağrı, uşaqlıq yolundan qanaxma, xoşagəlməz qoxulu və sarı, yaşıl rəngli ifrazatlar, qaşınma, göynəmə, aybaşı siklinin pozğunluqları ginekoloqun konsultasiyasına mütləq göstərişdir. Həmçinin cinsi infeksiyalardan və hamiləlikdən qorunma yolları barədə həkimlə məsləhətləşmək lazımdır.
Ana olmaq istəyən qadınlar tam müayinə olunmalı, orqanizmi hamiləliyə hazırlaşdırmalıdır. Hamiləlik baş verdikdə, ginekoloq tərəfindən ana və dölün vəziyyətinə nəzarət edilir. Uşaq dünyaya gəldikdən 7-10 gün sonra qadının konsultasiyaya gəlməyi tövsiyə olunur. Doğuş və doğuşdan sonrakı dövr ağırlaşmasız keçərsə, növbəti gəliş 1 aydan sonraya təyin edilir.
Reproduktiv yaşlı (18-50) qadınlar doğuşdan sonra arzuolunmaz hamiləlikdən qorunma (kontraseptiv vasitələr), sonsuzluğun diaqnostika və müalicəsi, düşük problemləri ilə ginekoloqa müraciət edə bilər.
Klimaks dövrünə qədəm qoyan qadınlar ildə ən azı 2 dəfə ginekoloq ilə əlaqə saxlayıb, müayinə olunmalıdır. Belə ki, bu dövrdə ginekoloji, ürək-damar, endokrin, sümük və şiş xəstəliklərinin yaranma ehtimalı yüksəlir. Ehtiyac olduqda ginekoloq-endokrinoloq pasiyentə əvəzedici hormonal terapiya təyin edir.
Ginekoloqun qəbuluna hazırlıq
Konsultasiyadan əvvəl uşaqlıq yolunu şırınqa ilə yumaq olmaz. Çünki bu prosedur həkimə vaginal floranın və ifrazatların real vəziyyətini qiymətləndirməyə imkan vermir. Qəbuldan 1 gün əvvəl cinsi əlaqədən çəkinmək məsləhətdir. Əks halda uşaqlıq yolunda qalan sperma qalıqları müayinənin nəticələrinə təsir edə bilər.
Ginekoloqun konsultasiyası planlı olduqda, ən optimal vaxt aybaşıdan dərhal sonradır. Həkimə gedərkən son aybaşının tarixini xatırlamağınız lazımdır. Ginekoloji müayinədən əvvəl bağırsaq və sidik kisəsini boşaltmaq gərəkdir.
Ginekoloq necə müayinə edir?
Ginekoloqun konsultasiyası bir neçə mərhələdən ibarətdir. İlkin mərhələdə pasiyentin şikayətləri dinlənilir, keçirdiyi xəstəliklər haqqında məlumat toplanılır. Aybaşı sikli, cinsi həyat, keçirilmiş hamiləliklər və irsi faktorlar aydınlaşdırılır. Diaqnozu dəqiqləşdirmək üçün obyektiv müayinə (ümumi və xüsusi) aparılır. Ümumi baxış pasiyentin bədən quruluşunun, dəri və selikli qişaların vəziyyətinin, tüklənmənin, süd vəzilərinin inkişaf dərəcəsinin, boy və çəki göstəricilərinin qiymətləndirilməsindən, qarnın palpasiyasından ibarətdir.
Xüsusi müayinə ginekoloji kresloda yerinə yetirilir. Əvvəlcə ginekoloq xarici cinsiyyət üzvlərinə baxır. Uşaqlıq yolunun dəhlizini müayinə edərkən həkim cinsiyyət dodaqlarını aralayır, cinsi yarığa diqqət yetirir. Uşaqlıq yolunun sallanmasını müəyyən etmək məqsədilə pasiyentin gücənməsi lazım gəlir.
Sonra güzgü vasitəsilə uşaqlıq yolu və uşaqlıq boynuna baxılır. Bu mərhələdə uşaqlıq boynunun forması (silindrik, konusabənzər və ya deformasiyalı), uzunluğu, vəziyəti, selikli qişanın rəngi, patoloji proseslərin olmasına, vaginal ifrazatların xarakterinə fikir verilir.
Növbəti mərhələ uşaqlıq yolunun (vaginal-abdominal, bimanual) müayinəsidir. Bimanual (iki əllə) müayinə zamanı ginekoloq sağ əlinin 2 və 3-cü barmağını uşaqlıq yoluna daxil edir. Sol əlini isə xaricdən qarnın ön divarına qoyur. Əlini qarın üzərində sürüşdürməklə, ginekoloq uşaqlıq, uşaqlıq boruları, yumurtalıq və çanaq əzələlərinin vəziyyətini yoxlayır.
Rektal və ya rektal-abdominal müayinə adətən qız uşaqlarında, eləcə də cinsiyyət sistemində şiş və iltihabi proseslər, uşaqlıq yolunun atreziyası zamanı həyata keçirilir. Uşaqlıq yolunun arxa divarının xəstəliklərində retal-vaginal müayinə icra olunur.
Konsultasiya zamanı ginekoloq həm də əlavə müayinələr aparılır. Bura yaxmanın floraya görə müayinəsi, kiçik çanaq orqanlarının USM, PAP-yaxma (ildə 1 dəfə), 35 yaşdan yuxarı qadınlarda kolposkopiya aiddir. Mütəmadi şəkildə ginekoloqun müayinəsindən keçmək sağlamlığı qorumağa, ağır fəsadların qarşısını almağa kömək edir.