Hamiləlik dövründə məxmərək

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 5575

hamiləlik dövründə məxmərək necə yaranır?Hamiləlik dövründə məxmərək – hava-damcı yolu ilə ötürülən və dölün ağır inkişaf qüsurlarına səbəb olan virus infeksiyasıdır. Xəstəlik limfa düyünlərinin böyüməsi, hipertermiya, öskürək, konyunktivitlə müşayiət olunur. Hamiləlik zamanı məxmərəklə yoluxmadan 2-3 gün sonra papulyoz səpkilər yaranır, patoloji elementlər əvvəlcə üzdə əmələ gəlir, sonra isə bədən, əl və ayaqlara yayılır. Məxmərəyin diaqnostikasında immunoloji marker sayılan IgM təyin edən seroloji testlərdən istifadə olunur. Xəstəliyin spesifik müalicəsi mövcud deyil, dölün ağır inkişaf qüsurları zamanı məxmərək hamiləliyin pozulmasına göstəriş hesab edilir.

  • Hamiləlik dövründə məxmərəyin yaranma səbəbləri
  • Hamiləlik dövründə məxmərəyin əlamətləri
  • Hamiləlik dövründə məxmərəyin diaqnostikası
  • Hamiləlik dövründə məxmərəyin müalicəsi
  • Hamiləlik dövründə məxmərəyin proqnoz və profilkatikası

Hamiləlik dövründə məxmərək barədə ümumi məlumat

Hamiləlik dövründə məxmərək  – virus mənşəli xəstəlik olub, yüksək kontagiozluğa malikdir. Bu xəstəlik həmçinin «alman qızılcası» və «rubella» kimi köhnə adlarla məşhurdur. Qadın üçün bu patologiya heç bir risk daşımır, lakin embrionunun zədələnmə ehtimalının yüksək olması ilə əlaqədar məxmərək təhlükəli xəstəlik hesab olunur. Hamiləlik zamanı məxmərək az hallarda müşahidə olunur. Xəstəlik əsasən uşaqları əhatə edir, reproduktiv yaşlı qadınların isə 20-30%-i qanda anticisimlərin olmaması səbəbindən yoluxmaya məruz qalır.

Hamiləlik zamanı məxmərəyin təhlükəliyi həm də ondan ibarətdir ki, patologiya nəinki kəskin, eləcə də xroniki formada gedərək heç bir klinik əlamətlə müşahidə olunmaya bilər. Belə vəziyyətdə döl üçün mövcud olan riskləri vaxtında aşkar etmək və uşağın anadangəlmə patologiyalarının olub-olmadığını nəzərə almaqla hamiləliyin aparılma taktikasını seçmək mümkün olmur. Hamiləlik dövründə məxmərək embriogenezin müddətindən asılı olaraq müxtəlif dərəcəli təhlükələr kəsb edir. I trimestrdə virusa yoluxma (xüsusən ilk həftələrdə) 80% hallarda inkişaf qüsurları ilə nəticələnir. II trimestrdə qeyri-qənaətbəxş sonluq riski 75% uşaqlarda izlənilir, 28-ci həftədən sonra bu göstərici 50%-ə qədər azalır.

Hamiləlik dövründə məxmərəyin yaranma səbəbləri

Hamiləlik dövründə məxmərəyin müalicəsiHamiləlik dövründə məxmərək embrional və limfoid toxumalara tropluğu ilə seçilən toqaviruslar cinsindən olan viruslar tərəfindən törədilir. Yoluxma başlıca olaraq, infeksiya mənbəyi ilə sıx təmas zamanı hava-damcı yolu ilə baş verir. Virusların yayılması hələ inkubasion dövrdə başlayır, bu zaman xəstəliyin aşkar əlamətləri müşahidə olunmadığından infeksiyalaşmış insanlarla əlaqəni istisna etmək mümkün olmur. Kontagiozluq 7 gün ərzində – səpkilər əmələ gələnə qədər və patoloji elementlərin yaranmasından sonra 1-2 həftə müddətində saxlanılır. Həmçinin hamiləlik dövründə məxmərəyə məişət yolu ilə – infeksiyalaşmış insanın bioloji mayelərinin izi qalan ümumi əşyaların istifadəsi zamanı yoluxma mümkündür. Sübut olunmuşdur ki, törədici nəinki burun-udlaq seliyində, eləcə də qan, sidik, nəcisdə mövcuddur.

Hamiləlik dövründə məxmərək damar məcrası ilə dölə ötürülür. Əvvəlcə törədici ananın limfatik düyünlərinə daxil olur, tənəffüs orqanlarının toxumalarını zədələyir, sonra isə hematogen yolla ciftə və dölün orqanizminə yayılır. Hamiləlik zamanı məxmərəyin teratogen təsirinin ardıcıllığı tam öyrənilməmişdir, lakin isbat edilmişdir ki, törədici xromosom dəyişikliklərinə, embrional hüceyrələrin mitotik aktivliyinin pozulmasına səbəb olur. Bu diaqnozla zamanı tez-tez rast gəlinən hidrosefaliya, əqli və fiziki inkişafın ləngiməsi virusun təsirindən yaranan toxumaların inhibisiya və apoptozu, qanın sirkulyator pozğunluqları ilə əlaqədardır.

Hamiləlik dövründə məxmərəyin əlamətləri

Hamiləlik dövründə məxmərəyin əlamətləriDigər vaxtlarda olduğu kimi hamiləlik dövründə də məxmərək 11-24 gün davam edən inkubasion dövrdən başlanır. Sonra xəstəliyin xarakterik əlaməti-ənsə, boyun və qulaqətrafı limfa düyünlərinin böyüməsi və ağrılı olması meydana çıxır. Qadınların təxminən 1/3 hissəsi törədicinin sinovial mayeyə keçməsi nəticəsində baş verən oynaq ağrılarından əziyyət çəkir. Bu əlamətlərin yaranmasından bir neçə gün sonra çəhrayı rəngli kiçik papyulyoz səpkilər müşahidə olunur. Elementlər öz aralarında birləşə bilir. İlk əvvəl səpkilər üz dərisində lokalizasiya olunur, sonra isə bədən və ətraflara yayılır. Səpgilərin itməsi də analoji ardıcıllıqla baş verir.

Hamiləlik dövründə məxmərək çox zaman konyuktivit əlamətləri: gözlərdə kəskin ağrılar, işıqdan qorxma, gözlərin yaşarması ilə müşayiət olunur. Orqanizmin güclü intoksikasiyası ilə əlaqədar bədən hərarətinin 38-39˚С-yə kimi yüksəlməsi, halsızlıq, yorğunluq, baş ağrıları izlənilir. Az hallarda xəstələri öskürək, boğazda ağrı, rinoreya, burun tutulması, əsnəyin selikli qışasının hiperemiyası narahat edir. Hamiləlik dövründə məxmərək özbaşına (spontan) düşük riskini təxminən 4 dəfə  artırır. Virus plasentar baryerdən keçərək, döl orqanizminə daxil olur və bətndaxili inkişafın ağır pozğunluqları ilə nəticələnir. Bu qüsurlar ultrasəs skanlama prosesində aşkarlana bilir. Məxmərəyə şübhə olduqda amniosentezin məlumatlarına əsasən dölün vəziyyəti və dölyanı mayedə virusun konsentrasiyası barədə fikir yürütmək olur.

Hamiləlik dövründə məxmərək çoxsaylı embriopatiyalarla müşayiət olunur. Döl tərəfindən ilk növbədə xarakterik Qreqq triadası qeyd olunur. Bu sindrom karlıq, korluq və ürəyin zədələnməsindən ibarətdir. Kataraktanın inkişafı da istisna olunmur. Bununla yanaşı, hamiləlik zamanı məxmərək dölün əqli və fiziki inkişaf pozğunluqlarına, anadangəlmə distrofiyalara, uşaq serebral iflicinə, idiopatik trombositopenik purpuraya gətirib çıxarır. Hamiləliyin gec dövrlərində qadının məxmərəyə yoluxması zamanı döldə vaskulit, daimi residivlərlə müşahidə olunan pnevmoniyaya meyllik, xroniki ekzantema izlənilir. Orta hesabla 1/3 hallarda hamiləlik dövründə məxmərək uşağın ölümü ilə nəticələnir.

Hətta hamiləlik zamanı məxmərək II-III trimestrdə yoluxma üçün xarakterik sayılan dölün ağır anadangəlmə qüsurlarına səbəb olmasa da, onun uzaq ağırlaşmaları ola bilər. Əksər hallarda xəstəliyin uzaq təzahürləri uşağın cinsi yetişkənlik dövründə meydana çıxaraq, panensefalit, böyümə hormonun çatışmaqlığı ilə özünü büruzə verir. Çox vaxt hamiləlik dövründə keçirilən məxmərək uşaqlarda yeniyetmə dövründə şəkərli diabetin insulindən asılı  formasının yaranmasına səbəb olur. Eləcə də eşitmə pozğunluqları, autoimmun tireoidit mümkündür.

Hamiləlik dövründə məxmərəyin diaqnostikası

Hamiləlik dövründə məxmərək qadının qanında törədiciyə qarşı anticisimlərin olmasını müəyyən edən xüsusi seroloji analizlər vasitəsilə aşkarlanır. Əlamətlərin yaranması və ya gələcək ananın təsadüfən infeksiya ocağında olması zamanı vaxtında müayinə aparılması və dölün sağlamlığı üçün risklərin qiymətləndirilməsi məqsədilə təcili surətdə mama-ginekoloq və infeksionistə müraciət etmək lazımdır. Hamiləlik dövründə məxmərək adətən IgM səviyyəsini göstərən immunoferment üsulla (İFA) təyin edilir. Törədiciyə qarşı anticisimlər virusa yoluxmadan 7 gün sonra qanda sirkulyasiya etməyə başlayır və orqanizmdə 1-2 ay ərzində qalır.

Hamiləlik zamanı məxmərəyin üşaq üçün yüksək risk daşıdığını nəzərə alaraq xəstəyə PZR (polimeraz zəncir reaksiyası üsulu) təyin olunur. Bu metodun məqsədi qadının yoluxmasının təsdiqi, virusun RNT-nin müəyyənləşdirilməsindən ibarətdir. Yuxarıda qeyd olunduğu kimi eləcə də hamiləlik zamanı məxmərəyə şübhə olduqda IgG-nin törədiciyə qarşı avidliyini təyin edən İFA aparılır. Tədqiq olunan bioloji substansiyada IgM-in yüksək titrlərinin aşkarlanması yoluxmaya və xəstəliyin kəskin gedişinə dəlalət edir. Belə hallarda ehtimal olunan yoluxma dövrü müəyyən olunmalı, dölün vəziyyəti qiymətləndirilməli (əsasən kordosentezdən istifadə olunur) və hamiləliyin davam etdirilməsinin mümkünlüyü təyin edilməlidir.

Hamiləlik dövründə məxmərəyin müalicəsi

Qadının hestasiyanın 12-ci həftəsinə kimi məxmərəyə yoluxması döldə ağır inkişaf qüsurlarının formalaşmasına səbəb oloduğundan hamiləliyin süni yolla pozulmasına mütləq göstəriş hesab olunur.  Embriogenezin 13-28-ci həftəsində infeksiyalaşma zamanı konsilium keçirilərək, hamiləliyin davam etdirilməsinin mümkünlüyü müəyyənləşdirilir. Hamiləlik zamanı məxmərəyin uşağın sağlamlığına təsir etmədiyi aşkarlandıqda və ya hamiləlik digər səbəblərdən pozulmadıqda xəstəyə 20-30 ml dozada immunoqlobulin əzələ daxilinə yeridilir.

Məxmərəyin hamiləlik zamanı spesifik müalicəsi işlənilməmişdir. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün xəstələr tam izolyasiya edilməlidir. Onlara ciddi yataq rejimi və ehtiyac olduqda simptomatik terapiya təyin olunur. Məxmərək zamanı qızdırma salan preparatlar, spazmolitiklər, iltihabəleyhinə vasitələrin istifadəsi tələb oluna bilər. Hamiləliyin davam etdirilməsi barədə qərar qəbul olunduqda qadın uşağın anadangəlmə anomaliyalarının inkişafına görə risk qrupuna daxil edilir. Əlavə olaraq qan dövranını yaxşılaşdıran dərman vasitələrindən istifadə etməklə plasentar çatışmazlığın profilaktikası aparılır. Hamiləlikdə məxmərək infeksiyasına yoluxmuş qadınların doğuş prosesinin və doğuşdan sonrakı dövrün apaprılmasının heç bir özəlliyi olmur. Uşaq həm təbii yolla, həm də Qeysəriyyə əməliyyatı ilə doğula bilər.

Hamiləlik dövründə məxmərəyin proqnoz və profilaktikası

Hamiləlik dövründə məxmərək aşkar olunduqda proqnoz qeyri-qənaətbəxş sayılır. I trimestrdə yoluxmaların 80%-i həyatla uzlaşmayan ağır qüsurların inkişafı ilə nəticələnir. Hamiləliyin davam etdirilməsi zamanı 20% hallarda ölü doğumlar baş verir. Bundan əlavə eyni sayda uşaqlar xəstəliyin anadangəlmə forması ilə doğularaq, həyatın ilk ayında ölürlər. 30% qadınlarda hamiləlik zamanı məxmərək özbaşına düşüklərlə sonlanır. Davam etdirilən hamiləliklərin 20%-də dölün ölümü qeyd olunur. Məhz bu səbəblərdən hestasiyanın ilkin dövrlərində məxmərək hamiləliyin dayandırılmasına mütləq göstəriş hesab olunur.

Hamiləlik zamanı məxmərəyin spesifik profilaktikası qadının seroloji statusunun müayinəsindən və planlaşdırılan mayalanmadan 2-3 ay əvvəl fərdi göstərişlər üzrə vaksinasiyanın aparılmasından ibarətdir. Bu yanaşma qanda məxmərək əleyhinə anticisimlərin qanda titrinin15 BV/ml-dən az olması hallarında tətbiq olunur. Hamiləlik zamanı məxmərəyə tutulma ehtimalını azaltmaq üçün hestasiyanın 16-cı həftəsinə qədər qadının infeksiya ocağında olması hallarında törədiciyə qarşı anticisimlərdən ibarət immunoqlobulinlərin yeridilməlidir. Mayalanmadan sonra məxmərək əleyhinə vaksinasiya əks-göstəriş sayılır, lakin onun təsadüfi aparılması hamiləliyin süni yolla pozulması üçün səbəb sayılmır. Hamiləlik zamanı məxmərəyin qeyri-spesifik profilkatikası ehtimal olunan infeksiya daşıyıcıları ilə təmasın istisna edilməsi və immunitetin möhkəmləndirilməsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: