Hamiləlik əlamətləri
Əksər qadınları erkən dövrlərdə, yəni hələ test etmədən hamiləliyin baş tutub-tutmaması maraqlandırır. Bunu təyin etmək üçün bir sıra əlamətlərə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, yumurtahüceyrənin spermatozoidlə birləşərək, uşaqlığa daxil olmasından sonra qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir. Onlar da öz növbəsində hamiləlik əlamətləri ilə büruzə olunur.
Erkən hamiləlik əlamətləri: süd vəzilərinin böyüməsi və ağrılı olması
Gözlənilən aybaşı tarixindən bir neçə gün keçdikdə:
- süd vəziləri şişir;
- areola (giləni əhatə edən sahə) genişlənir və tündləşir;
- areoladakı qabarcıqların ölçüsü böyüyür.
Əgər süd vəzilərinin şişkinliyi ilə əlaqədar yuxu saatlarında diskomfort və ağrı hiss edirsinizsə, o zaman gecələr dəmirsiz, yumşaq büstqalter geyinməyiniz məsləhətdir.
Hamiləlik əlamətləri sayılan ürəkbulanma
Bu simptom yalnız hamiləlik üçün xarakterik deyil. Belə ki, həzm sistemi ilə bağlı digər problemlər də ürəkbulanma törədə bilər. Lakin digər hamiləlik əlamətləri ilə yanaşı ürəkbulanma da varsa, bu çox vaxt qadının ana olacağından xəbər verir.
Birinci trimestrdə hamilələrin əksəriyyətində səhər saatlarında yüngül formalı ürəkbulanmaya rast gəlinir. Əgər bu əlamət gün ərzində davam edirsə və qusma ilə nəticələnirsə, mütləq ginekoloqa müraciət etmək lazımdır.
Hamiləliyin ilk həftələrində urəkbulanmanı azaltmaq üçün aşağıdakı tövsiyələrə əməl edə bilərsiniz:
- Səhər yataqdan qalxmadan yağsız yoğurt yeyin. Bu halda özünüzü çox rahat hiss edəcəksiniz. Qida qəbulu arasında uzun fasilələrə yol verməyin. Belə ki, ac qaldıqda tüpürcək ifrazının artması da ürəkbulanmaya səbəb ola bilər.
- Tez-tez, lakin kiçik porsiyalarla qidalanın.
- Rasiondan südlü kofe, yağlı və şirin məhsulları uzaqlaşdırın.
- Alma, kələm, süd məhsulları, pendir, qoz, dananın qaraciyərinə üstünlük verin.
B və D qrup vitaminlərlə zəngin dərman preparatları da toksikozun təzahürlərini azalda bilir.
Hamiləlik əlamətləri: sidik ifrazının tezləşməsi
Mayalanmadan sonra ilk həftələrdə qadınların çoxunda sidik ifrazı tezləşir. Bu, XQ hormonunun ifrazının artması ilə izah olunur. Xüsusən gecə saatlarında qadınlar sidik kisəsini boşaltmağa tələsirlər.
Maye itkisini bərpa etmək üçün qazsız mineral su, yaşıl çay, mors, kompot, su ilə qarışdırılmış təbii şirələr faydalı sayılır. Onlar həm də ürəkbulanmanı azaldır.
Hamiləlik əlamətləri: iylərə qarşı həssaslıq
Əgər Sizdə ətir, kofe, yemək iyi və digər kəskin qoxulara qarşı ürəkbulanma yaranırsa, bu hamiləliyə dəlalət edir. Bəzi qadınlarda iylərə qarşı həssaslıq hamiləliyin ilkin əlaməti kimi hələ aybaşı gecikməsinə qədər meydana çıxır. Qoxu ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün tez-tez təmiz havada gəzmək, hər 2 saatdan bir 5-19 dəqiqəlik evin havasını dəyişdirmək məsləhətdir.
Hamiləlik əlamətləri: yuxululuq və yorğunluq
Hamiləliyin əvvəllərində arterial təzyiqin enməsi, orqanizmdə gedən intensiv mübadilə prosesləri yorğunluq və yuxululuq törədir. Balanslaşdırılmış qidalanma və piyada gəzintiləri ümumi vəziyyətin yaxşılaşmasına kömək edir.
Erkən dövrlərdə başgicəllənməniz varsa, bu hal anemiya və yaxud arterial təzyiqin dəyişikliklərinə işarə edə bilər. Belə vəziyyətlərlə qarşılaşdıqda ginekoloqla əlaqə saxlamağınız vacibdir.
Hamiləlik əlamətləri: aybaşı gecikməsi
Hamiləliyin başlıca əlamətlərindən biri aybaşı gecikməsidir. Lakin siklin pozulması stress, hormonal disbalans və reproduktiv orqanların xəstəlikləri ilə də bağlı ola bilər.
Diqqət ediləsi məqam! Mayalanmadan 1 həftə sonra uşaqlıq yolundan az miqdarda qanlı axıntı ifraz oluna bilər. Həkimlər bunu “implantasion qanaxma” adlandırır. Mayalanmış yumurtahüceyrənin uşaqlığın divarına birləşməsi azacıq qanaxma ilə müşayiət oluna bilər.
Hamiləlik əlamətləri: qarnın aşağısında ağırlıq
Uşaqlıq dölü daşımağa hazırlaşdığından orada qan dövranı sürətlənir. Bununla əlaqədar çanaq nahiyəsində xarakterik hissiyyatlar – diskomfort və ağrı yaranır. Ağrı güclü olduqda həkimlə məsləhətləşmək və müvafiq tədbir görmək lazımdır.
Hamiləlik əlamətləri: iştahın artması
İlkin mərhələlərdə hamilə qadının orqanizmi daha çox enerji sərf etdiyindən iştah yüksəlir. Buna baxmayaraq, qidalanma tərzi nəzarət altına alınmalıdır. Fastfud, un məmulatları, şirniyyat qəbulu azaldılmalı, toyuq, balıq məhsullarına, təzə meyvə-tərəvəzlərə üstünlük verilməlidir.
Əsas qida qəbulları arasında qoz, quru meyvələr, süd məhsulları (kəsmik, yoqurt) yeyilə bilər. Onlar orqanizmi doyduraraq, kalori artıqlığına izn vermirlər.
Əgər yuxarıda sadalanan əlamətləri özünüzdə hiss edirsinizsə, o zaman hamiləlik testi alın. Cavab “müsbət” çıxdıqda, hamiləliyin normal gedişi və uşağın sağlam doğulması üçün ilkin dövrlərdən ginekoloqla məsləhətləşin.