Hamiləlik hidropsu

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1289

hamiləlik hidropsu nədir?Hamiləlik hidropsu – gecikmiş toksikozun əlamətlərindən biri olub, proteinuriya və arterial hipertenziya müşahidə olunmadan yumşaq toxumalarda mayenin toplanması ilə xarakterizə olunur. Əsas əlamətləri dayanıqlı ödemlər, ümumi halsızlıq, ürək-damar sisteminin fəaliyyətinin pozulmasıdır. Kliniki diaqnostika qadının obyektiv müayinəsi və çəki artımına nəzarət əsasında qoyulur. Əlavə olaraq USM və laborator analizlərdən istifadə olunur. Hamiləlik hidropsunun müalicəsi ambulator şəraitdə medikamentoz terapiyanın təyini ilə aparılır. Ağır hallarda pasiyent hospitalizasiya olunmalıdır.

  • Hamiləlik hidropsunun yaranma səbəbləri
  • Hamiləlik hidropsunun əlamətləri
  • Hamiləlik hidropsunun diaqnostikası
  • Hamiləlik hidropsunun müalicəsi

Hamiləlik hidropsu barədə ümumi məlumat

Hamiləlik hidropsu ÖPH-hestozun bir forması olub, su-duz mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman damar divarının keçiriciliyinin artması və plazmanın hüceyrəarası sahəyə keçməsi müşahidə olunur. Nəticədə qanın reoloji xüsusiyyətləri pozulur, hemoqlobin və hemotokritin səviyyəsi artır. Belə dəyişikliklər uşaqlıq-plasentar qan dövranını pozaraq, əksər hallarda dölün xroniki hipoksiyasının yaranmasına gətirib çıxarır. Təxminən 25% hallarda bu mamalıq patologiyası hamilələrdə nefropatiyanın inkişafına səbəb olur. Hamiləlik hidropsuna əsasən çoxdöllü hamiləlikdə rast gəlinir, ilkin əlamətlər hestasiyanın 25-30-cu həftəsində yaranır. Bu patologiya zamanı proqnoz döl və ana üçün qənaətbəxş sayılır.

Hamiləlik hidropsunun yaranma səbəbləri

Hamiləlik hidropsunun yaranma səbəbləriEtiopatogenez sona kimi öyrənilməmişdir. Mütəxəssislər qadın orqanizmində baş verən dəyişiklikləri neyroendokrin tənzimin pozulması ilə əlaqələndirirlər. Bu zaman su-duz disbalansı fonunda kapilyar və prekapilyar şəbəkədə qan dövranının pozğunluqları müşahidə olunur. Nəticədə qan və limfa axımı zəifləyir, damar keçiriciliyi artır və ödemlər meydana çıxır. Beləliklə, ÖPH-hestozun bu növünün əsas yaranma səbəbi metabolizmin pozulmasıdır. Artıq çəkidən əziyyət çəkən xəstələr hamiləlik ödeminin yaranmasına meylli olur, bu da onlarda mübadilə proseslərinin hələ hestasiya dövründən qabaq pozulması ilə izah olunur.

Hamiləlik hidropsu əksər hallarda digər ekstragenital patologiyaların (arterial hipertenziya, şəkərli diabet, endokrinopatiyalar, böyrək və ağciyər xəstəlikləri) fonunda inkişaf edir. Risk qrupuna ürək qüsurlu (anemiya müşahidə olunduqda) qadınlar da daxildir.

Hamiləlik hidropsuna əsasən ağırlaşmış anamnezli, əvvəlki hamiləlikləri də hestozlarla müşayiət olunan qadınlarda rast gəlinir. Patologiyaya şərait yaradan amillərə yaş faktoru (18yaşdan kiçik və ya 30 yaşdan böyük qadınlar), dölün inkişafının ləngiməsi, rezus-uyğunsuzluq, əlverişsiz əmək şəraiti və zərərli vərdişlər aiddir.

Hamiləlik hidropsunun təsnifatı

Hamiləlik hidropsu mayenin toplanması nəticəsində yumşaq toxumaların ödemi ilə təzahür edir. Patoloji əlamətlərin lokalizasiyası və ağırlıq dərəcəsinə əsaslanaraq mütəxəssislər bu xəstəliyin 3 mərhələsini ayırd edirlər:

  • 0 –ödem müşahidə olunmur. Hamiləlik hidropsu gizli xarakter daşıyır. Yalnız diurezin azalması və bədən çəkisinin sürətlə artmasına görə bu patologiyadan şübhələnmək olar.
  • I – patologiya aşağı ətraflarda- pəncə və baldırda zəif nəzərəçarpan ödemlərlə müşayiət olunur.
  • II –ödemlər əl və ayaqlara yayılır, bəzi hallarda qarnın ön divarı nahiyəsində sərbəst mayenın toplanması izlənilir.
  • III – bütün anatomik strukturlara, o cümlədən üz yayılan anasarka (bütün bədənin ödemi) müşahidə olunur.

Hamiləlik hidropsunun inkişaf mərhələsinin təyini yalnız mamaginekoloq tərəfindən obyektiv müayinə, laborator və instrumental müayinələrin nəticələrinın patoloji simptomlarla uyğunlaşdırilmasından sonra mümkündür.

Hamiləlik hidropsunun əlamətləri

Hamiləlik hidropsunun əlamətləriHamiləlik hidropsu adətən hestasiyanın ikinci yarısında yaranır, onun kliniki şəkli xəstəliyin proqressivləşmə dərəcəsindən asılıdır. İlkin mərhələlərdə yalnız ətraflarda az nəzərəçarpan, son mərhələlərdə isə bütün bədənə yayılan ödemlər müşahidə olunur. Hamiləlik hidropsunun xarakterik əlaməti bədən çəkisinin sürətlə (həftədə 300 qr-dan çox) artmasıdır. Bu zaman qadın susuzluq hiss edir. Bədəndə mayenin ləngiməsi nəticəsində sidik ifrazına çağırışlar adi halla müqayisədə az olur. Hamiləlik hidropsu zamanı qadının ümumi vəziyyəti qənaətbəxşdir. Taxipnoe, taxikardiya və ümumi halsızlığa rast gəlmək olar.

Hamiləlik hidropsundan əziyyət çəkən qadının dərisi parlaq olur, bu da onu vizual olaraq böyrək patologiyasından fərqləndirməyə imkan verir. Böyrək patologiyalarında dəri solğun, ürək xəstəliklərinde isə göyermiş olur. Bununla yanaşı hamiləlik ödemində üzük simptomu yaranır: üzük barmağa möhkəm yapışır, bəzən onu nəinki çıxartmaq, hətta fırlatmaq da mümkün olmur. Ödemlərin yaranmasını ayaqqabının köməyilə də müəyyən etmək mümkündür. Patologiya zamanı pasiyent əvvəl geyindiyi ayaqqabıların darlığından və ətraflarını sıxmasından şikayət edir.

Hamiləlik hidropsunun diaqnostikası

Xəstəliyin diaqnozunu qoymaq üçün qadının bədən çəkisinə daim nəzarət etmək lazımdır. Normada həftəlik cəki artımı 300qr olmalıdır, hamiləlik ödemi zamanı bu göstərici 400-700qr qədər yüksəlir. Bununla yanaşı sutkalıq diurezə də nəzarət etmək lazımdır. Patologiya zamanı gecə sidiyə getmələrin sayı artır, sidiyin həcmi adi hala nisbətən 75 ml çox olur. Lakin sutkalıq diurez daima azalır. Bu simptom hamiləlik ödeminin xarakterik əlaməti sayılır.  Sidiyin laborator müayinəsində proteinuriya aşkarlanmır.

Hamiləlik hidropsu olan pasiyentlərə qanın ümumi analizi təyin edilir. Hemoqlobin və xloridlərin səviyyəsinin artması, hipoproteinemiya patologiyanın olmasından xəbər verir. Diaqnostik məqsədlə Mak-Klür-Oldriç sınağı (dərialtına 0,2 ml fizioloji məhlul yeridilir) aparılır. Yaranmış qabarıqlıq normada 45-60 dəqiqədən sonra sorulur, patologiya zamanı isə bu müddət 15-20 dəqiqə davam edir. Hamiləlik hidropsu zamanı instrumental müayinə metodlarından USM istifadə olunur. Bu müayinə əsasında qarın boşluğunda sərbəst mayenin olması aşkarlanır.

Hamiləlik hidropsunun müalicəsi

Hamiləlik hidropsunun 0-I mərhələsində olan hamilələr ambulator şəraitdə nəzarətə götürülür. Pasiyentlərə maye qəbuluna ciddi nəzarət, balanslaşdırılımış qidalanma məsləhət görülür. Gün ərzində qəbul edilən mayenin həcmi 1l-dən çox olmamalıdır. Hamiləlik hidropsu olan hamilələrə qida rasionunda duzun miqdarı azaltmaq (gün ərzində 3-4qr-ə qədər) məsləhət görülür. Menyuda zülal məhsulları: (ət, kəsmik, balıq) üstünlük təşkil etməlidir. Gündəlik rasionda mütləq meyvə və tərəvəz olmalıdır. Bununla yanaşı, hamiləlik hidropsundan əziyyət çəkən qadınlar dincəlməyə üstünlük verməlidir. Medikamentoz müalicə olaraq sedativ, desensibilizəedici, spazmolitik preparatlar təyin edilir. Hamiləlik hidropsu zamanı diuretiklər məsləhət görülmür, çünki bu preparatların qəbulu plazmanın qan dövranından çıxmasına səbəb olaraq, ödemlərin ağırlaşması ilə nəticələnə bilər.  II-III mərhələlərdə hamiləliyin aparılması stasionar şəraitde olmalıdır. Pasiyentlərə konservativ müalicə və yataq rejimi təyin edilir.

Hamiləlik hidropsunun proqnoz və profilaktikası

Hamiləlik hidropsu zamanı proqnoz qənaətbəxş hesab olunur. Vaxtında göstərilən tibbi yardım və düzgün müalicə hamiləliyi hestasiyanın 38-40-cı həftəsinə kimi çatdırmaq və sağlam uşaq dünyaya gətirmək mümkündür. Hamiləlik hidropsunun profilaktikasına hestasiyanın ilk dövrlərindən başlamaq lazımdır. İlk əvvəl qadının risk qrupuna aid olmasını araşdırmaq lazımdır. Bütün pasiyentlərə hamiləlik hidropsunun qarşısını almaq üçün balanslaşdırılmış qidalanma, meyvə, tərəvəz və zülal tərkibli qidalardan çox istifadə etmək məsləhət görülür.

Hamiləlik hidropsunun profilaktikası məqsədilə əmək və istirahət rejiminə düzgün riayət etmək lazımdır. Qadın sutka ərzində 10 saatdan az olmayaraq yatmalı, gündüz saatlarında təxminən 1saat dincəlməlidir. Hamilələrə aktiv həyat tərzi kecirmək, əks-göstəriş olmadıqda üzgüçülük, gimnastika ilə məşğul olmaq tövsiyyə olunur. Risk qrupuna aid olan pasiyentlərə hüceyrə membranının xüsusiyyətlərini bərpa edən preparatlar təyin edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: