Hamiləlik toksikozu
Hamiləlik toksikozu – hamiləliyin gedişini ağırlaşdıran və hestasiya dövrünün başa çatması ilə aradan qalxan patoloji vəziyyətdir. Yaranma müddətinə görə erkən və gecikmiş toksikozlar ayırd edilir. Erkən toksikoz hipersalivasiya, ürəkbulanma, qusma ilə müşayiət olunur. Erkən toksikozun diaqnostikası hamilə qadının şikayətlərinə əsaslanır; ağırlıq dərəcəsi qan və sidiyin biokimyəvi göstəricilərinə nəzərən təyin edilir. Erkən toksikozun müalicəsi qoruyucu rejim, pəhriz, qusmaəleyhinə və sedativ vasitələr, infuzion terapiya, fizioterapiyanın təyinindən ibarətdir.
- Hamiləlik toksikozlarının təsnifatı
- Erkən hamiləlik toksikozlarının yaranma səbəbləri
- Erkən hamiləlik toksikozlarının əlamətləri
- Erkən hamiləlik toksikozlarının diaqnostikası
- Erkən hamiləlik toksikozlarının müalicəsi
- Erkən hamiləlik toksikozlarının proqnoz və profilaktikası
Hamiləlik toksikozu barədə ümumi məlumat
«Hamiləlik toksukozu» anlayışına döl yumurtasının inkişafı ilə əlaqədar yaranan, hestasiya dövrü və doğuşdan sonra aradan qalxan hamiləlik ağırlaşmaları daxildir. Hamilələrdə toksikozun inkişafı qadın orqanizminin hestasiyaya adaptasiya proseslərinin pozulması ilə bağlıdır. Hamiləlik toksikozları neyrohumoral tənzimin müxtəlif pozğunluqları: vegetativ və mərkəzi sinir sistemi, endokrin və ürək-damar sisteminin funksional dəyişiklikləri, mübadilə və immun cavabın pozulması ilə ifadə olunur.
Hamiləlik toksikozlarının təsnifatı
Mamalıq və ginekologiyada erkən, gecikmiş (hestoz), eləcə də nadir formalı toksikozlar qeydə alınır. Erkən hamiləlik toksikozları I (hestasiyanın ilk günlərindən 12-13-cü həftəyə qədər), gecikmiş toksikoz isə III trimestrdə (26-27-ci həftədən hestasiyanın sonuna qədər) inkişaf edir.
Erkən toksikozun formalarına qusma (yüngül, mülayim, ağır), ptializm (hipersalivasiya) aid edilir. Gecikmiş toksikoz hamiləlik hidropsu, nefropatiya, preeklampsiya və eklampsiya ilə müşahidə olunur. Toksikozun nadir rast gəlinən klinik formalarına hestasiyanın istənilən müddətində yarana bilən dermatozlar, sarılıq, bronxial astma, tetaniya, osteomalyasiya daxildir.
Erkən hamiləlik toksikozlarının yaranma səbəbləri
Hamilələrdə erkən toksikozların yaranması etioloji və patogenetik cəhətdən döl yumurtasının uşaqlıqda inkişaf prosesləri ilə bağlıdır. Erkən toksikozun inkişafını izah edən çoxsaylı hipotezlər mövcuddur: toksiki, neyroreflektor, hormonal, psixogen, immunoloji. Toksiki nəzəriyyəyə görə toksikozun patoloji əlamətlərinin yaranmasına döl yumurtasının hasil etdiyi və ya mübadilə proseslərinin pozulması zamanı əmələ gələn toksiki məhsullarla ana orqanizminin zəhərlənməsi səbəb olur.
Neyroreflektor nəzəriyyənin tərəfdaşlarının fikrincə erkən hamiləlik toksikozlarının inkişafı böyüyən döl tərəfindən endometriumun qıcıqlanması ilə əlaqədardır, bu da öz növbəsində qusma və iybilmə mərkəzlərinin, eləcə də həzm, qan dövranı, tənəffüs, sekresiya və s. fəaliyyətini tənzimləyən sahələrin yerləşdiyi qabıqaltı strukturların yüksək oyanıqlığı ilə müşayiət edilir. Bu qıcıqlanmaya cavab olaraq, müxtəlif vegetativ reaksiyalar– ürəkbulanma, qusma, taxikardiya, hipersalivasiya, damarların spazmı nəticəsində dəri solğunluğu və s. baş verir. I trimestrin sonunda hamilə qadının orqanizmi bu tip qıcıqlanmalara adaptasiya olunur, nəticədə erkən toksikozun təzahürləri aradan qalxır.
Hormonal nəzəriyyə hamiləlik toksikozlarının yaranmasını xovların artması və möhkəmlənməsinə, yumurtalıqlarda sarı cismin inkişafına səbəb olan xorionik qonadotropinin hipersekresiyası ilə izah edir. Hestasiyanın 12-13-cü həftəsindən sonra periferik qanda XQ azalmağa başlayır.
Psixogen nəzəriyyəyə görə erkən toksikoz əsasən emosional, həssas qadınlarda tormozlanma və qıcıqlanma prosesləri arasındakı balansın pozulması fonunda inkişaf edir. Belə qadınlarda toksikoz hamiləliklə bağlı narahatlıqlar zamanı yarana bilər. İmmunoloji nəzəriyyə döl yumurtasının ana orqanizmi tərəfindən yad cisim kimi qəbul edilməsi ilə əlaqədar ona qarşı anticisimlərin ifraz olunması barədə fikirlərə əsaslanır, mütəxəssislərin rəyinə görə toksikoza məhz bu anticisimlər səbəb olur. Bütün bu nəzəriyyələr müəyyən dərəcədə həqiqətə uyğun olub, bir-birini tamamlayır.
Bundan əlavə məlumdur ki, ən ağır erkən toksikozlar ağırlaşmış somatik statuslu (nefrit, hipertoniya xəstəliyi, qastrit, xora xəstəliyi, kolit, piylənmə), neyro-psixi travmalar alan, qeyri-rasional qidalanan, zərərli vərdişləri olan qadınlarda müşahidə olunur. Toksikoz əksər hallarda anamnezində abortlar, cinsiyyət orqanlarının xroniki iltihabı (endometrit, servisit, adneksit) olan hamilələrdə inkişaf edir. Belə qadınlarda hələ hamiləlikdən əvvəl adaptasiya prosesləri pozulur və hestasiyanın başlanması ilə daha da ağırlaşır. Eləcə də qida borusunun ifadəli antiperistaltikası, udma refleksinin pozulması, qusma mərkəziin hiperaktivliyinin qeyd olunduğu qadınlar erkən toksikozlara meylli olur.
Erkən hamiləlik toksikozlarının əlamətləri
Müxtəlif məlumatlara əsasən erkən toksikoz hamilələrin 50-60%-də baş verir. İlkin təzahürlər adətən hestasiyanın 5-6-cı həftəsində özünü büruzə verir. Erkən toksikozların xarakterik əlamətlərinə ürəkbulanma, qusma, dad və iybilmə hissiyyatının kəskin dəyişməsi, iştahsızlıq, əzginlik, yuxululuq aiddir. Hamiləlik toksikozları zamanı obyektiv olaraq, çəkinin azalması, hipotoniya, taxikardiya, sidikdə asetonun izlənilməsi, qanda azotemiyanın artması, elektrolit dəyişiklikləri müəyyən edilir. Qusmanın ifadə dərəcəsindən asılı olaraq, erkən hamiləlik toksikozları yüngül, mülayim və ağır formalara bölünür.
Yüngül dərəcəli (nevrotik) toksikozlar gün ərzində 5 dəfədən az təkrarlanan qusma və ümumi vəziyyətin qənaətbəxş olması ilə xarakterizə edilir. Dad və iybilmə hissiyyatı təhrif olunur. Qadının yuxu və iştahı adətən pozulmur. Həftə ərzində çəkinin 2 kq-dan az itirilməsi, zəif taxikardiya (ürək vurğularının sayı dəqiqədə 90-dan az olur), hipotoniya (100-110/60 mm cv.süt.) müşahidə edilə bilər. Sidik və qan analizləri norma həddindədir.
Mülayim dərəcəli (toksiki) toksikozlarda hamilələr daimi ürəkbulanmadan əziyyət çəkir, qusmanın tezliyi gün ərzində 10 dəfəyə qədər yüksəlir, mədədə maye və qidanın cüzi bir hissəsi saxlanılır. Ümumi vəziyyət və yuxu pozulur, iştah azalır. Hamilə qadın 1 həftədə 3-5 kq çəki itirə bilər. Subfebrilitet, taxikardiya (dəqiqədə 90-100 vurğu), sidikdə aseton izlənilir.
Ağır formalı hamiləlik toksikozları (distrofik mərhələ) inadlı qusma, ağır poliorqan dəyişiklikləri ilə səciyyələnir. Gün ərzində 20 dəfədən çox təkrarlanan yorucu qusma, mədədə maye və qidanın qalmaması, iştahsızlıq qeydə alınır. Çəkinin itirilmısi proqressivləşərək, 7-15 kq-a çatır.
Dehidratasiyanın obyektiv əlamətləri: dəri örtüklərinin saralması və quruluğu, toxumaların turqorunun azalması qeydə alınır. Çox zaman laxtalanmanın pozulması və daimi gərginlik nəticəsində konyuktivaya qansızmalar, dəridə petexiyalar yaranır. Ürək vurğularının sayı dəqiqədə 120-yə qədər yüksəlir, aritmiya, hipotoniya (80/40mm civə sütununa kimi), sidikdə ketonuriya, albuminuriya, silindruriya müşahidə edilir; oliqouriya və ya anuriya inkişaf edir. Periferik qanda bilirubin, kreatinin, sidik cövhərinin konsentrasiyası artır, su-duz və zülal mübadiləsi, pH pozulur.
Ptializm hamiləlik toksikozlarının müstəqil forması kimi təzahür edə və ya qusma ilə müştərək şəkildə rast gəlinə bilər. İfadəli hipersalizasiya zamanı hamilə gün ərzində 1 litrə qədər maye itirə bilər, bu da orqanizmin dehidratasiyasına, hipoproteinemiyaya, psixoloji diskomforta gətirib çıxarır.
Erkən hamiləlik toksikozlarının nadir formalarına əksər hallarda dəri qaşınması ilə müşahidə olunan dermatozlar aid edilir. Qaşınma lokal xarakterli ola (vulva nahiyəsində) və ya bütün bədənə yayıla bilər. İfadəli və daimi qaşınma yuxusuzluq, qıcıqlanma ilə müşayiət olunur. Qaşınmanın digər səbəblərini inkar etmək üçün pasiyent şəkərli diabet, göbələk xəstəlikləri, trixomonoz, allergik xəstəliklər, qurd invaziyalarına görə müayinə edilməlidir. Hamiləlik zamanı dermatozlar nadir hallarda herpes, ekzema, impetiqo şəklində təzahür edir.
Hamiləlik toksikozlarında tetaniya kalsium mübadiləsinin pozulması nəticəsində inkişaf edir. Tetaniya üçün əzələlərin qıcolması xarakterikdir, o, çox zaman hipoparatireoz fonunda yaranır. Erkən toksikozlu pasiyentlərin əksəriyyətində sonralar hestozlar inkişaf etdiyindən belə qadınlarda hamiləliyin aparılması xüsusi diqqət tələb edir.
Erkən hamiləlik toksikozlarının diaqnostikası
Erkən hamiləlik toksikozlarının diaqnozu pasiyentin şikayətləri, obyektiv məlumatlar, əlavə müayinələrin nəticələrinə əsasən qoyulur. Ginekoloji kresloda aparılan müayinə və USM uşaqlıqda döl yumurtasının olmasını təsdiqləyir, hestasiyanın müddətini təyin edir, eləcə də dölün inkişafını izləməyə imkan verir.
Toksikoz əlamətləri olan hamilələrə qanın klinik analizi, biokimyəvi göstəricilərin (ümumi zülal və fraksiyalar, fibrinogen, qaraciyər fermentləri, elektrolitlər, pH) müayinəsi, sidiyin ümumi analizi təyin edilir. Gündəlik diurezin ölçülməsi, nəbz və arterial təzyiqə nəzarət, EKQ, qusmanın tezliyinin hesablanması göstəriş hesab olunur.
Erkən hamiləlik toksikozlarının müalicəsi
Hamiləlik toksikozlarının yüngül formalarında hospitalizasiya tələb olunmur; mülayim və ağır dərəcəli qusmalar zamanı hamilələrin stasionar şəraitdə müalicəsi mütləqdir. Yüngül formalı hamiləlik toksikozlarında psixi və fiziki sakitlik, sedativ preparatlar (pişikotu, damotu), vitaminlər, qusmaəleyhinə vasitələr (serukalın) məsləhət görülür. Toksikozlu hamilələr kiçik porsiyalarla qidalanmalı, asan həzm olunan qida məhsullarına üstünlük verməlidir. Hipersalivasiya zamanı ağız boşluğunun fitoməhlullarla (çobanyastığı, nanə, adaçayı dəmləmələri) yaxalanması müsbət nəticələr verir.
Mülayim toksikozlar zamanı infuzion terapiya aparılır– düz məhlulları, qlükoza, zülal preparatları, hepatoprotektorlar, vitaminlər parenteral yolla orqanizmə yeridilir. Qusmanın qarşısını almaq üçün göstərişlərə əsasən neyroleptik preparatlar (xlorpromazin, droperidol) təyin olunur. Fizioterapevtik prosedurlar (elektroyuxu, endonazal elektrofarez, halvanizasiya, fitoterapiya, aromaterapiya), iynəbatırma effektiv üsullardan hesab olunur.
İfadəli hamiləlik toksikozlarının müalicəsi intensiv terapiya şöbəsində laborator və hemodinamik göstəricilərə nəzarət altında icra olunur. Terapiya 3 litrə qədər məhlulun infuziyasından, neyroleptiklər, hepatoprotektorlar, qusmaəleyhinə vasitələrin yeridilməsindən, qidalandırıcı imalələrin tətbiqindən ibarətdir. Ağır dərəcəli toksikozlar anan və döl üçün təhlükə daşıyır. Müalicənin qeyri-effektivliyi və ya vaxtında aparılmaması koma və ya letal sonluqla nəticələnə bilər. Bununla əlaqədar erkən toksikozun bədxassəli formalarında hamiləliyin pozulması göstəriş hesab olunur.
Erkən hamiləlik toksikozlarının proqnoz və profilaktikası
Erkən hamiləlik toksikozları fonunda ağır dehidratasiya, poliorqan çatışmazlığı – qaraciyər, ürək və böyrəklərin funksional pozğunluqları baş verə bilər. Qaraciyərin sarı atrofiyasının inkişafı ölümcül ağırlaşma hesab olunur. Ağır toksikozlu pasiyentlərdə çox zaman spontan düşüklər müşahidə olunur. Əksər hallarda erkən toksikozların əlamətləri hestasiyanın 12-13-cü həftəsində geriyə inkişaf edir. Erkən toksikozun uzunmüddətli gedişi zamanı qarışıq (hepatit, pankreatit) və mamalıq patologiyalarını (beçəxor, hepatoz) inkar etmək lazımdır.
Toksikozların profilaktik tədbirlərinə hamiləliyə hazırlıq – xroniki patologiyaların vaxtında müalicəsi, sağlam həyat tərzinin keçirilməsi, abortlardan imtina aiddir.