Hamiləlik vaxtı qıcqırma

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 5180

Hamiləlik vaxtı qıcqırma əlamətləriHamiləlik vaxtı qıcqırma — əsasən II və III trimestrdə döş sümüyü arxasında yaranan yanğı hissidir. Qıcqırma adətən fizioloji səbəblərdən əmələ gələrək, doğuşdan sonra öz-özünə keçib gedir. Həmçinin bu əlamət mədə-bağırsaq traktının xroniki xəstəliklərinin kəskinləşməsi nəticəsində meydana çıxır. Qıcqırmanın səbəbini dəqiqləşdirmək üçün ultrasəs və endoskopik müayinələr, eləcə də manometriya, funksional testlər aparılır. Vəziyyəti yüngülləşdirmək məqsədilə antasidlər, antisekretor preparatlar, prokinetiklər təyin edilir.  

Hamiləlik vaxtı qıcqırmanın səbəbləri

Fizioloji amillər

Hamiləlik vaxtı qıcqırma səbəbləriHamiləliyin II yarısında döş sümüyü arxasındakı yanğı hissi qarındaxili təzyiqin yüksəlməsi və hormonal dəyişikliklərlə əlaqəlidir. 20-ci həftədən hamilələrin təxminən ⅓-də, doğuşa bir neçə həftə qalmış ¾ hissəsində qıcqırma baş verir. Göynəmə hissi gün ərzində dəfələrlə təkrarlanaraq, bir neçə dəqiqədən bir neçə saata qədər davam edir. Əksər hallarda qıcqırma hamiləlik və doğuşa hazırlıq səbəbindən orqanizmdə gedən fizioloji dəyişikliklərlə bağlı olur. Onu törədən amillər aşağıdakılardır:

  • Progesteronun təsiri. Hormon mədə-bağırsaq traktının saya əzələlərinin reseptorları ilə qarşılıqlı əlaqəyə girir. Nəticədə motorika zəifləyir, mədənin turş möhtəviyyatı qida borusuna atılır. Hamiləliyin I trimestrindən periodik olaraq, döş sümüyü arxasında yanğı əmələ gəlir. 33-36-cı həftələrdə onun intensivliyi maksimal həddə çatır. Bədəni önə əydikdə qıcqırma daha da güclənir.  
  • Uşaqlığın böyüməsi. Göynəmə hissi əsasən horizontal vəziyyətdə yaranır. Belə ki, uzandıqda qida borusunun aşağı sfinktoru boşalır, yüksək qarındaxili təzyiq fonunda mədə turşusu passiv formada axır. Qıcqırma tutmalarının intensivlik və tezliyi hamiləliyin müddətinə mütənasib olaraq artır. Doğuşa 1-2 həftə qalmış yanğı azalır. Bu isə uşaqlığın bir qədər aşağı düşməsi ilə izah olunur.  
  • Qeyri-düzgün qidalanma. Qadınların əksəriyyəti qıcqırmanın tünd çay, ət xörəkləri, yağlı və kəskin qida qəbulundan sonra yarandığını qeyd edirlər. Xoşagəlməz hissiyyat yeməkdən təxminən 30 dəqiqə sonra formalaşır. Bir sıra hallarda turş möhtəviyyatlı gəyirmə (eruktasiya) ilə müştərəkləşir. Həddindən çox qida qəbul etdikdə mədənin gərilməsi və həzm fermentlərinin çatışmazlığı ilə əlaqədar döş sümüyü arxasında yanğı yaranır.
  • Aerofagiya. Ayaqüstü, tələsik qidalanma, yemək zamanı söhbət etmək havanın udulmasını sürətləndirir. Belə hallarda mədənin divarları dartılır, saya əzələlər reflektor yığılır. Nəticədə mədə mövtəviyyatı geriyə atılır.  Qadınlar 10 dəqiqədən çox sürməyən, yüngül formalı qıcqırmadan şikayətlənirlər. Göynəmə hissi adətən möhkəm səslənən, havalı gəyirmə ilə müşayiət olunur. Həmçinin hamiləlikdə psixogen aerofagiya mümkündür.  
  • Narahat yatış forması. III trimestrdə qarın böyüdüyündən qadınlar yatarkən rahat vəziyyət tapa bilmirlər. Sol böyrü üstə uzandıqda mədə sıxılır, qıcqırma artır. Bununla əlaqədar bəzən yuxu pozulur, gecə ərzində hamilələr tez-tez oyanırlar.  
  • Əyri qamət. Skolioz, çiyinlərin sallanması hamiləlikdə daxili orqanların mədəyə təzyiqini artırır. Beləliklə, qadının vəziyyəti pisləşir. Qamət pozğunluqlarında hamilələri döş sümüyü arxasında daimi yanğı hissi, eləcə də ürəkbulanma narahat edir. Uzun müddət narahat vəziyyətdə oturduqda, nəqliyyat vasitələrindən istifadə etdikdə yanğı hissinin intensivliyi artır.
  • Qəbizlik. Nəcis ifrazının pozulması zamanı qıcqırmanın yaranması bağırsaq daxilində təzyiqin yüksəlməsi və mədə əzələlərinin reflektor yığılması ilə bağlıdır. Göynəmənin intensivliyi müxtəlif olur. Bəzi qadınlarda yüngül diskomfort, digərlərində isə həyat keyfiyyətini xeyli aşağı salan güclü yanğı hissi əmələ gəlir. Defekasiya aktı uzun müddət baş vermədikdə simptomatika güclənir. Bu fonda havalı və xoşagəlməz iyli gəyirmə mümkündür.  

Hamiləlikdə qastroezofageal reflüks xəstəliyi (QERX)

Hamiləlik vaxtı qıcqırmanın müalicəsiHamilələrin 55-70%-də QERX zamanı qida borusunun selikli qişasının zədələnməsinə xas morfoloji əlamətlər müşahidə olunmur. Simptomatikanın intensivliyi qastroezofageal reflüks xəstəliyinin formasından asılı deyil. Artıq I trimestrdən döş sümüyü arxasında müntəzəm formada diskomfort hiss olunur. Hamiləliyin II yarısında narahatlıqlar daha da artır. Başlanğıc mərhələlərdə qıcqırma gün ərzində bir neçə dəfə təkrarlanır, onun davametmə müddəti 5-10 dəqiqəni keçmir. Yanğı hissi adətən kəskin və hisə verilmiş qida qəbulundan, fiziki yüklənmələrdən sonra, həmçinin önə əyildikdə yaranır.  

QERX proqressivləşdikdə qıcqırma tutmalarının intensivliyi və davamiyyəti artır. Diskomfort səhər saatlarında daha qabarıq olur. Güclü göynəmə hissi türş möhtəviyyatlı gəyirmə, döş sümüyü arxasında, boyun və kürək nahiyəsində ağrılarla müşayiət oluna bilər. İfadəli qıcqırma fonunda iştah azalır. Yeni tutmaların baş verməməsi üçün hamilələr qida qəbulundan imtina edirlər. Bundan əlavə boğazda daimi diskomfort və göynəmə olur, ağız suyu ifrazı güclənir.  

Hamilələrdə xolestaz

30-cu həftədən sonra hamilə qadınlarda xolestaz (ödün durğunluğu) müşahidə olunur. Döş sümüyü arxasındakı yanğı davametmə müddəti və intensivliyi ilə seçilir. Əksər pasiyentlərdə diskomfort hissi qida qəbulu və ya digər təkanverici amillərlə bağlı olmur. Qıcqırma acı gəyirmə və daimi ürəkbulanma ilə müşayiət olunur. Doğuş vaxtı yaxınlaşdıqca yanğı da artır. Xolestaz mənşəli göynəmə doğuşdan sonra ilk 2 həftə ərzində öz-özünə keçib gedir.  

Mədə-bağırsaq traktının digər xəstəlikləri

Hamiləlik dövründə cinsi hormonların təsiri gücləndiyindən bir sıra orqanlarda dəyişikliklər baş verir. Hamiləlik vaxtı qıcqırma MBT-nin üzvi və funksional patologiyaları kəskinləşdikdə meydana çıxır. Belə vəziyyətlərdə yanğı hissi dispepsiyanın digər əlamətləri ilə müşayiət edilir. Onun intensivliyi xəstəliyin formasından asılı olur. Qıcqırmanın ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:  

  • Xroniki qastrit. Hamilələrdə mədənin iltihabi zamanı vaxtaşırı qida borusu boyunca diskomfort yaranır. Bu hiss qidalanma rejimi və tərzi pozulduqda formalaşır. Göynəmə döş sümüyü arxasında, xəncərəbənzər çıxıntı nahiyəsində lokalizasiya olunur. Bəzən qıcqırma tutmaları güclü olub, qusma ilə müştərəkləşir. Həmçinin qadınlar yuxudan oyandıqda ürəkbulanmadan və boğazda göynəmə hissindən şikayətlənirlər.  
  • Diodenit. Hamiləlik vaxtı döş sümüyü arxasında göynəmə onikibarmaq bağırsaqda iltihabi prosesin kəskinləşməsi üçün xarakterikdir. Xoşagəlməz hissiyyat günün istənilən vaxtında yarana bilər. Lakin adətən yanğı qadın ac olduqda meydana çıxır. Göynəməyə ödün qida borusuna qıcıqlandırıcı təsiri səbəb olur. Bununla əlaqədar hamilələrdə qıcqırma ilə yanaşı, gəyirmə və ürəkbulanma də yaranır. Yağlı və qızardılmış qidalar simptomatikanı xeyli gücləndirirlər.  
  • Pankreatit. Hamiləlikdə döş sümüyü arxasındakı yanğı mədəaltı vəzin ferment çatışmazlığı nəticəsində həzm prosesinin pozulması ilə bağlıdır. Pankreatit kəskinləşdikdə göynəmə ilə bərabər digər dispeptik əlamətlər (gəyirmə, ürəkbulanma) formalaşır. Qıcqırma bir neçə saat davam edə bilər. Onun intensivliyi bədən vəziyyətindən və yaxud fiziki gərginlikdən asılı deyil. Hamilələrdə ishal və polifekaliya mümkündür.  
  • Hepatit. Xəstəliyin ilkin mərhələlərində «ağır» yeməklər və ifrat dərəcədə qidalanma səbəbindən gün ərzində 2-3 dəfə qıcqırma baş verir. Patologiya proqressvləşdikcə göynəmə hissi daimi xarakter alır. Hamilələr acı gəyirmədən və sağ qabırğa altında küt ağrılardan şikayətlənirlər. Bəzi hallarda güclü qıcqırma fonunda öd qarışıqlı qusma müşahidə olunur. Lakin qusma xəstəyə yüngüllük gətirmir.  
  • Funksional dispepsiya. Döş sümüyü arxasında yanğı həm də hamiləliklə əlaqədar həzm prosesinin sinir sistemi tərəfindən tənzimlənməsinin pozulmasından xəbər verən əlamət ola bilər. Qadınlar emosional gərginlik və stressdən sonra qıcqırmanın artdığını vurğulayırlar. Psixoemosional vəziyyət normaya düşdükdə boğazda və yaxud döş sümüyü arxasında diskomfort hissi tamamən aradan qalxır.

Hamiləlik vaxtı qıcqırmanın diaqnostikası

Əksər hamilələrdə qıcqırma fizioloji səbəblərdən baş verir. Buna baxmayaraq, döş sümüyü arxasında yanğı hissi ilə qastroenteroloqa müraciət edən bütün qadınlara instrumental və  laborator müayinələr təyin olunur. Bu üsullar qıcqırmanın üzvi səbəbini inkar və ya təsdiq etməyə imkan verir. Diaqnostika planına ana və uşaq üçün təhlükəsiz hesab olunan müayinələr daxildir. Hamiləlik vaxtı qıcqırmanın səbəbini üzə çıxaran ən informativ üsullar aşağıdakılardır:  

  • Ultrasəs müayinəsi. Qarın boşluğunun USM — hamilələrdə MBT xəstəliklərinin əsas diaqnostika üsuludur. Belə ki, bu prosedur uşaq üşün tam ziyansızdır. Həkim onun köməyilə həzm orqanlarının morfoloji xüsusiyyətlərini qiymətləndirir, üzvi patologiyanın əlamətlərini aşkarlayır. Göstərişlərə əsasən ayrı-ayrı orqanların hədəfli müayinəsi aparılır.  
  • Endoskopiya. Qastroskopiya hamiləliyin istənilən dövründə təyin oluna bilər. Qeyd olunan üsul QERX zamanı qida borusunun selikli qişasının zədələnmələrinin diaqnostikasında informativdir. Onun vasitəsilə həm də həzm traktının yuxarı şöbəsinin xroniki xəstəlikləri üzə çıxarılır.  
  • pH-metriya. İstənilən etiologiyalı qıcqırma mədənin sekretor hüceyrələrinin turşu sintez etmə funksiyasının pozulması ilə müşayiət olunur. Bu dəyişikliklərin dərəcəsini təyin etmək üçün turşuluq sukta ərzində ölçülür. Qida borusudaxili pH-metriya mühüm diaqnostik əhəmiyyət kəsb edir. Onunla müalicə prosesinə nəzarət edilir.  
  • Manometriya. Bədən təzyiqinin ölçülməsi, eləcə də qida borusunun aşağı sfinkterinin manometriyası MBT-nin motor funksiyasını və və əzələ qruplarının koordinasiyalı fəaliyyətini qiymətləndirməyə imkan verir. Həmçinin bu üsulla funksional diskineziyanın əlamətləri üzə çıxarılır. Qıcqırması olan pasiyentlərdə çox vaxt mədənin kardial hissəsində çatışmazlıq aşkarlanır.  
  • Funksional testlər. Sürətli qələvi testi ilə qastroezofageal reflüks təsdiq və ya inkar edilir. Antasid qəbulundan sonra döş sümüyü arxasında göynəmə azaldıqda nəticə müsbət hesab olunur. Diaqnozu təsdiqləməyə omeprazol testi kömək edir: preparatın standart dozada qəbulu qida borusundan xaric əlamətləri aradan qaldırır.

Həmçinin hamilələrdə nəcis analizi aparılır, elastaza və helikobakter infeksiyasının fekal antigeninin miqdarı təyin edilir. Qanın biokimyəvi analizi, qastrin və pepsinogen səviyyəsinin yoxlanılması da diaqnostika planına daxildir. Bütün qadınlara kompleks ginekoloji müayinə məsləhət görülür. Bəzən cinsi hormonların konsentrasiyası müəyyən edilir.   

Hamiləlikdə qıcqırma zamanı simptomatik müalicə 

Hamiləliyin II yarısında yüngül formalı qıcqırma adətən fizioloji səbəblərdən baş verir və qeyri-medikamentoz korreksiyaya asan tabe olur. Qadınlara qidalanma rejimini normaya salmaq, yəni kəskin və yaxud duzlu qidalardan imtina etmək, kiçik porsiyalarla gündə 5-6 dəfə yemək tövsiyə olunur. Reflüksün yaranmaması üçün qida qəbulundan sonra uzanmaq və əyilmək olmaz. Yatarkən hündür balışdan və yaxud hamilələr üçün xüsusi yastıqdan istifadə etmək məqsədəuyğundur.

Klinik diaqnoz qoyulana qədər sorulmayan antasidlərlə döş sümüyü arxasındakı yanğını azaltmaq olar. Bu qrup preparatlar ümumi qan dövranına keçmir və uşağa mənfi təsir göstərmir. Əlamətləri yox etmək üçün prokinetiklər məsləhət görülür. Güclü və uzunmüddətli qıcqırma zamanı antisekretor vasitələr qəbul edilir. Hamiləlik vaxtı intensiv qıcqırma digər dispeptik əlamətlər və qarın ağrısı ilə müşayiət olunduqda mütləq həkimə müraciət edilməlidir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: