Hamiləlik zamanı artıq çəki
Hamiləlik zamanı artıq çəki — dərialtı qat, orqan və toxumalarda piyin həddindən artıq toplanması nəticəsində bədən çəkisinin yüksəlməsidir. Bu hal mayalanmadan əvvəl və ya hestasiya dövründə yaranaraq, onun gedişinə təsir edir. Tosqunluq, gözlə görunən piy büküşləri, fiziki yüklənmələrə qarşı dözümsüzlük, astagəllik, hipodinamiya, təngnəfəslik ilə təzahür edir. Hamilələrdə bədən kütləsi indeksinin (BKİ) normal göstəricilərlə müqayisəsi, çəki artımına nəzarət əsasında aşkarlanır. Müalicə qida rasionunun, hərəki aktivliyin korreksiyasından, ağırlaşmış hestasiyanın terapiyasından ibarətdir.
- Hamiləlik zamanı artıq çəkinin yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Hamiləlik zamanı artıq çəkinin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Hamiləlik zamanı artıq çəkinin müalicəsi
- Proqnoz və profilaktika
Hamiləlik zamanı artıq çəki barədə ümumi məlumat
Piylənmə — ən çox yayılmış lipid mənşəli pozğunluqdur. Xəstəlik reproduktiv yaşda olan qadınların 21-28%-də rast gəlinir. Onun yayılma tezliyi artmaqda davam edir. Keçid mərhələ sayılan piylənmə önü vəziyyət (artıq çəki) 34-39% xəstələrdə qeyd olunur. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən hamiləlik zamanı piylənməyə 15,5-26,9% tezliklə rast gəlinir. Artıq çəkinin vaxtında aşkar olunmasının və onun korreksiyasının aktuallığı hestasiya zamanı ağırlaşmaların yaranma riski və perinatal ölümün artması ilə bağlıdır. Müxtəlif məlumatlara əsasən perinatal ölüm halları 2,07-9,5%-ə çatır.
Hamiləlik zamanı artıq çəkinin yaranma səbəbləri
Mayalanmadan əvvəl və ya hamiləlik dövründə yaranan bütün piylənmələrin əsas etioloji amili energetik disbalans hesab olunur, bu zaman qida məhsulları ilə daxil olan enerjinin miqdarı onun sərfindən artıq olur. 95% hallarda müsbət enerji balansına qeyri-düzgün qidalanma (yüksək qlikemik indeks olan kalorili məhsulların izafi qəbulu) və hipodinamiya səbəb olur. İrsi meyllik artıq çəkinin yaranmasında aparıcı rol oynamasa da, onun inkişafına müəyyən qədər təsir göstərir. 5% qadınlarda xəstəlik endokrin və metabolik pozğunluqlar: yağ mübadiləsi tənzimləyən fermentlərin genetik çatışmazlığı, serebral pozğunluqlar, böyrəküstü vəzi xəstəlikləri, yumurtalıq çatışmazlığı, hipotireoid vəziyyətlərin fonunda inkişaf edir. Hamiləlik zamanı artıq piy toxumasının toplanmasına səbəb olan əlavə amillər yaranır:
- Hormonal dəyişikliklər. Hestasiyanın qorunması və anabolik proseslərin aktivliyinin təmini üçün Для hamilələrin orqanizmində lipogenezi stimulə edən estrogen, progesteron, prolaktinin sekresiyası artır. Həmçinin insulinə qarşı toxumaların həssaslığının artması, qanda onun konsentrasiyasının artması, iştihaı stimulyasiya edən peptid hormon sayılan qrelinin hiperproduksiyası zamanı artıq piyin yaranması güclənir.
- Hərəki aktivliyin azalması. Hamiləlik zamanı əlavə yüklənmələr tez yorulmalara, əzginlik hissinə səbəb olur. Hestoz, hamiləlik anemiyaları, xroniki infeksiyalar və ekstragenital patologiyaların kəskinləşməsi zamanı proses daha da ağırlaşır. Hamiləliyi patoloji vəziyyət kimi qəbul edən xəstələr hərəkəti məhdudlaşdıraraq, az enerji sərf edirlər.
Hamiləlik zamanı çəkinin əhəmiyyətli dərəcədə artması sirkulyasiya edən qanın həcminin çoxalması, cift və döl qişalarının artması, dölün böyüməsi, dölyanı mayenin çoxluğu, orqanizmdə mayenin ləngiməsi ilə də əlaqəli ola bilər. Lakin bu dəyişikliklər lipogenezin sürətlənməsi ilə müşayiət olunmur. Hestasiya dövründə və ya ondan sonra artıq piy toxumasının yaranması ilə gedən həqiqi piylənmənin inkişafı hamiləlikdə hipotireoz və doğuşdan sonra tireoidit zamanı əsas mübadilənin zəifləməsindən asılıdır.
Hamiləlik zamanı artıq çəkinin patogenezi
Artıq piyin toplanması prosesində aparıcı həlqə adipositlərdə artıq enerjinin akkumulyasiyası ilə müşayiət olunan lipogenezin güclənməsidir. Energetik disbalans adətən hipodinamiya ilə müştərək şəkildə rast gəlinən izafi qidalanma ilə əlaqədar olur. Həddindən artıq kalorinin qəbul edilməsinə iştahı tənzimləyən hipotalamik mərkəzlərin fəaliyyətinin pozulması səbəb olur. Bu pozğunluq meylli qadınlarda yaranaraq, şəxsi vərdişlər və ya ailə ənənələri ilə möhkəmlənir. Az hallarda neyrohumoral tənzimin pozulmasının əsasında iltihabi proseslər (meningit, ensefalit) və ya baş beynin travmaları dayanır. Həmçinin hamiləlik zamanı qrelinin fizioloji sekresiyası iştahın artmasına gətirib çıxardır. Bu hormonun maksimal səviyyəsi II trimestrdə müşahidə olunur.
Hestasiya zamanı uşağın daşınması və əmizdirilməsi üçün orqanizmi kifayət qədər enerji ehtiyatı ilə təmin edən dərialtı piy toxumasının inkişafına kömək edən şəraitlər formalaşır. Hamiləlik dövründə baş verən hormonal dəyişikliklər piyin toplanmasını stimulə edir, piy depolarından onun mobilizasiyasını tormozlayır. Hestasiya zamanı estrogenlərin səviyyəsi 100 dəfələrlə artaraq, sağrı və bud nahiyələrində piyin toplanmasına səbəb olan lipoproteinlipaza fermentinin aktivliyini artırır. Lipogenezin sürətlənməsi ilə eyni zamanda progesteronun konsentrasiyasının yüksəlməsi nəticəsində lipolizin zəifləməsi müşahidə olunur.
Hamiləlik zamanı artıq çəkinin təsnifatı
Endokrinologiya sahəsinin mütəxəssisləri tərəfindən irəli sürülən piylənmənin klinik formalarının sistematizasiyası alimentar pozğunluqların səbəb və xarakterinə, metabolik dəyişikliklərin olmasına, pis ehtiyatlarının lokalizasiyasına, bədən kütləsinin normadan kənaraçıxma dərəcəsinə əsaslanır. Adətən hamiləlik zamanı artıq çəki birincili alimentar-konstitutsional mənşəli olur, az hallarda pozğunluq ikincili (simptomatik) olur. Piy yığıntıları əsasən ginoid (aşağı), qadınların bir qismində isə android (yuxarı) və ya qarışıq tip üzrə paylanır. Hestasiyanın sonluğunun proqnozlaşdırlması zamanı mayalanmadan əvvəl qadının çəkisinin boy (sm)-100 düsturu üzrə hesablanan norma göstəricilərindən kənaraçıxmasına əsasən təyin olunan piylənmənin dərəcəsini nəzərə almaq lazımdır:
- Piylənmə önü vəziyyət. Çəki norma ilə müqayisədə 10%-dən az artır. Hestasiyanın ağırlaşma riski bir qədər yüksəlir.
- I dərəcə. Bədən kütləsi normadan 10-29% artıq olur. Hamiləliyin ağırlaşmış gedişi 25-40% qadınlarda izlənilir.
- II dərəcə. Artıq çəki 30-49% təşkil edir. Mamalıq və ekstragenital pozğunluqlar 70-80% qadınlarda aşkarlanır.
- III dərəcə. Real çəki norma ilə müqayisədə 50-99% artır. Hamiləlik 97-99% hallarda ağırlaşır.
- IV dərəcə. Artıq çəki 100% və daha artıq olur. Hamiləlik çox nadir hallarda baş verir və həmişə ağırlaşmalarla gedir.
Hamiləlik zamanı artıq çəkinin əlamətləri
Kliniki simptomatikanın ifadəliyi piylənmənin dərəcəsindən birbaşa asılıdır. Piylənmə önü vəziyyət və xəstəliyin erkən mərhələlərində qadın yorğunluq, tərləmə, təngnəfəslik, fiziki yüklənmələr zamanı tez yorulmalardan şikayətlənir. Adətən belə qadınlarda hamiləlik dövrü üçün xarakterik sayılan qəbizlik daha tez yaranır və ifadəli olur. Bud, sağrı, qarın, döş qəfəsi, çiyin qurşağı, kürək, boyun, çənə nahiyəsində artıq piy qatının toplanması müşahidə olunur. Süd vəziləri proliferativ proseslərlə yanaşı, həm də piy toxuması hesabına böyüyür. Xəstəliyin III-IV dərəcələrində artıq piy büküşlər şəklində sallanır, təngnəfəslik artaraq, hətta sakitlik halında da izlənilir, hərəkət xeyli məhdudlaşır, periferik ödemlərin inkişafı mümkündür. Çox zaman onurğa sütunu, bud-çanaq, diz və baldır-pəncə oynaqlarında ağrı qeyd olunur.
Hamiləlik zamanı artıq çəkinin ağırlaşmaları
Hamilələrdə artıq çəki ilə ciddi mamalıq və somatik patologiyaların yaranma riski arasında birbaşa əlaqə mövcuddur. Hamiləlik ağırlaşmalarına piylənmə önü vəziyyət və piylənməsi olan qadınların 45-85%-də rast gəlinir. Artıq çəkili hamilələrin 50%-də hestoz inkişaf edir. Onun ən ağır formalarının (hamilələrdə hipertoniya, preeklampsiya, eklampsiya) tezliyi 3 dəfə artır. Gələcəkdə belə qadınlarda ürək-damar pozğunluqlarının riski 7 dəfə yüksəlir. Bədən kütləsi indeksi 30,0-dan artıq olan hamilələrdə anensefaliyalı uşaqların doğulması – 60%, onurğa sütunun parçalanması (spina bifida) halları isə 40% artır. Bu anomaliyaların inkişaf ehtimalı android tipli piylənmədən əziyyət çəkən qadınlarda 1,8-2,5 dəfə çox olur.
Özbaşına (spontan) düşük və hamiləliyin pozulması hallarının tezliyi 25-37%-ə çatır. Fetoplasentar çatışmazlıq – 38%, dölün xroniki hipoksiyası – 25-34%, yenidoğulmuşun çəki azlığı -18%, dölün makrosomiyası —20-44% hallarda qeyd olunur. Bədən kütləsi indeksinin 3 vahiddən çox artması zamanı dölün antenatal ölümü 63% yüksəlir. Vaxtından əvvəl doğuşlar – 5-12,5%, gecikmiş doğuşlar isə 10-15% hallarda müşahidə olunur. 40-65% zahılarda zəif doğuş fəaliyyəti, 10-32%-də isə miometriumun diskoordinasiyalı yığılmaları izlənilir. Koaqulopatik qanaxmalar, DDL- sindromunun yaranma ehtimalı artır. Doğuş travmatizminin səviyyəsi 45,7% təşkil edir. Normal çəkili hamilələrlə müqayisədə piylənmə olan qadınlarda Qeysəriyyə əməliyatı 2-4 dəfə çox aparılır. 5,5% qadınlarda doğuşdan sonra endometrit aşkar olunur.
Artıq çəkili qadınların yarıdan çoxunda hamiləlik dövründə dekompensə olunmuş digər patoloji proseslər qeyd olunur. Hamilələrin 51,6-59,7%-də immunitetin zəifləməsi ilə əlaqədar infeksion xəstəliklər, 17,1-43,5%-də — yanaşı gedən ürək-damar xəstəlikləri, 7,1%-də — tənəffüs orqanlarının patologiyaları, 4,8-9,9%-də — uroloji patologiya, 3,8-7,9%-də — həzm sisteminin pozğunluqları müəyyən edilir. 17% hamilələrdə hestasion diabet inkişaf edir, bu da umimilikdə populyasiya ilə müqayisədə 2,8-8,5 dəfə çoxdur. Hər 3-cü iri çəkili qadında doğuşdan sonra 15 il ərzində 2-ci tip şəkərli diabet aşkarlanır.
Hamiləlik zamanı artıq çəkinin diaqnostikası
Artıq çəki əlamətləri müşahidə olunduqda diaqnostik axtarışın əsas məqsədi pozğunluğun dərəcəsinin qiymətləndirilməsindən, onun yaranma səbəbinin aydınlaşdırilmasından, hamiləlik ağırlaşmalarının vaxtında aşkar olunmasından ibarətdir. Xəstənin kompleks müayinəsi fizikal baxış, laborator və instrumental müayinələrdən ibarətdir. Piylənmənin təsdiqi və onun ağırlıq dərəcəsinin təyinində real çəkinin norma göstəriciləri ilə müqayisəsindən əlavə aşağıdakı üsullardan istifadə olunur:
- Bədən kütləsi indeksinin təyini. Artıq çəki zamanı bədən kütləsinin (kq-la) boy göstəricisinin (metrlə) kvadratına nisbəti 25,0-29,9 (artmış indeks), I dərəcəli piylənmə zamanı — 30,0-34,9 (yüksək indeks), II dərəcəli piylənmədə (çox yüksək indeks) — 35,0-39,9, III-IV dərəcələrdə isə 40-dan yuxarı olur (həddindən artıq yüksək indeks).
- Çəki artımına nəzarət. Çəki artımının normadan artıq olamsı piylənmənin formalaşması və ya onun dərəcəsinin yüksəlməsindən xəbər verir. Hamiləliyin sonunda normal çəkili qadınlarda ümumi çəki artımı 11,5-16,0 kq, piylənmə önü vəziyyətdə — 7-11,5 kq, piylənmə zamanı — 5-9 (xəstəliyin ağırlığından asılı olaraq) təşkil etməlidir.
Piylənmənin markerlərinin qiymətləndirilməsi zamanı qadının xüsusi kateqoriyalara mənsubluğu (alçaq boylu, yeniyetmə və cavan qadınlar, çoxdöllü hamilələr) nəzərə alınır. Bel dairəsinin ölçülməsi, bel və bud dairəsinin nisbətinin qiymətləndiirlməsi hamiləlik zamanı az informativdir, çünki bu göstəricilər uşaqlığın böyüməsi ilə əlaqədar qarnın həcminin artması nəticəsində təhrif olunur. Ən geniş yayılmış orqan pozğunluqlarının aşkar olunması məqsədilə əlavə olaraq arterial təzyiqin monitorinqi, qanın biokimyəvi analizi (qlükozaya qarşı tolerantlığın, lipid mübadiləsinin göstəricilərinin, zülal və onun substratlarının metabloziminin, qaraciyər sınaqlarının təyini), sidiyin ümumi analizi, EKQ, ExoKQ, qaraciyər, mədəaltı vəzinin USM aparılır. Göstərişlərə əsasən xəstəyə endokrinoloq, qastroenteroloq, hepatoloq, kardioloq, nevropatoloq, uroloq konsultasiyası təyin olunur.
Hamiləlik zamanı artıq çəkinin müalicəsi
Piylənmə zamanı həkim taktikası energetik balansın bərpasına və ağırlaşmaların minimuma endirilməsinə yönəldilir. Çəkinin medikamentoz və cərrahi yolla korreksiyası tətbiq olunmur, aclıqla arıqlama qəti surətdə qadağandır, cünki bu zaman dölə toksiki təsir edən ketonlar əmələ gəlir. Bədən kütləsinin azaldılması üçün aşağıdakı üsullardan istifadə olunur:
- Balanslaşdırılmış qidalanma. Artıq çəki zamanı təcrübəli dietoloq tərəfindən rasionun tərtib olunmasına üstünlük verilir. İzafi kalorinin daxil olmasını məhdudlaşdırmaq məqsədilə çəki artımını nəzarətdə saxlamaqla yağ, sadə karbohidrat, duz, ədəvaların qəbulu azaldılır, qida rasionu zülal məhsulları, meyvə, tərəvəzlər, vitamin-mineral kompleksləri ilə tamamlanır. Əsas mübadilənin tormozalnmasının qarşısını almaq üçün gündəlik qida həcmi 4-5 porsiyalara ayrılır.
- Hərəki aktivliyin artırılması. Enerji sərfini artırmaq məqsədilə xəstələrə səhər idmanı, gündəlik piyada gəzinti (30 dəqiqədən az olmamaq şərtilə) məsləhət görülür. Artıq çəkili hamilələr üçün nəzərdə tutulan xüsusi komplekslərdən ibarət MBT tövsiyyə olunur. Hamiləliyin müddəti və patologiyanın ağırlığından asılı olaraq MBT həkimi xəstəni yoqa, akvaaerobika, əsas mübadiləni gücləndirən tənəffüs gimnastikasına (bodifleks, oksisayz) yönləndirə bilər.
Artıq çəki ilə əlaqədar ağırlaşmalar olduqda müvafiq medikamentoz terapiya təyin olunur. Piylənmə önü vəziyyət, I dərəcəli piylənmə zamanı Qeysəriyyə əməliyyatına heç bir mamalıq ağırlaşması olmadıqda hamiləlik təbii doğuşla başa çatdırılır. II-III dərəcəli piylənmədən əziyyət çəkən xəstələr ehtimal olunan doğuş tarixindən 2 həftə əvvəl hospitalizasiya olunur. Doğuş taktikası müayinələrin nəticələrinə əsasən fərdi qaydada müəyyənləşdirilir.
Hamiləlik zamanı artıq çəkinin proqnoz və profilaktikası
Hamiləlik və doğuşun somluğu pozğunluğun ağırlığından asılıdır. Ən ağır proqnoz xəstəliyin III dərəcəsində müşahidə olunur. IV dərəcəli piylənmədən əziyyət çəkən xəstələrdə hamiləlik və doğuş çox nadir hallarda izlənilir.
Artıq çəkili qadınlara hamiləlikdən əvvəl bədən çəkisinin korreksiyası tövsiyyə olunur. Profilaktik məqsədlə mamalıq, ekstragenital ağırlaşmaların qarşısının alınması, qadın məsləhətxanasında hamiləliyin erkən dövrlərində qeydiyyata düşmək, müntəzəm olaraq mama-ginekoloqun müayinəsindən keçmək, çəki artımına nəzarət məsləhət görülür.