Hamiləlik zamanı toksoplazmoz

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 2763

hamiləlik zamanı toksoplazmoz nədir?Hamiləlik zamanı toksoplazmoz – hamilənin Toxoplasma gondii ilə yoluxması nəticəsində yaranan parazitar xəstəlikdir. Əksər hallarda patologiya simptomsuz gedir, bəzən isə qripəbənzər simptomokomplekslə müşayiət olunur. Hamiləlik zamanı toksoplazmozun diaqnostikası IgM və  IgG  təyininə, dölün ultrasəs müayinəsinə, amniosentez və dölyanı mayenin PZR-nə əsaslanır. Medikamentoz müalicə sxemi dölün infeksiyalaşmasına müvafiq şəkildə seçilir, makrolid sırasından olan antibiotiklər və ya sulfanilamidlə fol turşusunun antaqonistinin kombinasiyası təyin edilir.

  • Hamiləlik zamanı toksoplazmozun yaranma səbəbləri
  • Hamiləlik zamanı toksoplazmozun əlamətləri
  • Hamiləlik zamanı toksoplazmozun diaqnostikası
  • Hamiləlik zamanı toksoplazmozun müalicəsi
  • Hamiləlik zamanı toksoplazmozun proqnoz və profilaktikası

Hamiləlik zamanı toksoplazmoz barədə ümumi məlumat

Hamilələrdə rast gəlinən toksoplazmoz –  toksoplazmalar tərəfindən törədilən infeksion xəstəlikdir. Transplasentar ötürülmə ilə əlaqədar mama və ginekologiyada bu patologiya böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən 15-45 yaşlı qadınların 15-25%-i T.gondii ilə infeksiyalaşmışdır. Anadangəlmə toksoplazmozun ümumi tezliyi hər 10 000 yenidoğulmuşda 1-10 hal təşkil edir,  onların 3-10%-də ağır inkişaf anomaliyaları qeydə alınır. Buna baxmayaraq, infeksiyalaşmış uşaq dunyaya gətirən qadınların təxminən 55%-i özlərində bu xəstəliyin heç bir əlamətini hiss etmir. İmmun çatışmazlıqlı, eləcə də endemik ərazilərə səyahət edən və ya orada yaşayan qadınlarda hamiləlik dövründə toksoplazmozun inkişaf riski daha yüksək olur.

Hamiləlik zamanı toksoplazmozun yaranma səbəbləri

Hamiləlik zamanı toksoplazmozun səbəbləriToksoplazmoz xəstəliyinin törədicisi – ölçüləri 4-8mkm olan obliqat hüceyrədaxili parazit Toxoplasma gondii -dir. Düşdüyü mühitdən asılı olaraq, toksoplazmaya 3 formada rast gəlinir: oosista, toxuma sistası və taxizoit. İlk 2 forma insan üçün invaziv hesab olunur. Sistalarla infeksiyalaşma yoluxmuş ət məhsullarının istifadəsi zamanı baş verir, oositlər isə insan orqanizminə yuyulmamış meyvə və tərəvəzlərdən və ya torpaqdan keçə bilər. Oosit formasında toksoplazmalar uzunmüddətli yaşama qabiliyyətinə malikdir, isti və nəm mühit onların ötürülmə riskini əhəmiyyətli dərəcədə yüksəldir. Parazitlər insan orqanizminə daxil olduqda invaziv formalardan taxizoitlərə transformasiya olunur, bu da xəstəliyin klinik şəklinin yaranmasına və dölün infeksiyalaşmasına gətirib çıxarır.

İnsan orqanizminin T.gondii ilə bir neçə yoluxma yolu mövcuddur – çiy və ya kifayət qədər termiki işlənməmiş ətlə qidalanma, pişiyin nəcisi və ya oositlərin olduğu torpaqla təmas, transplasentar yolla anadan uşağa ötürülmə, infeksiyalaşmış qanın köçürülməsi.

Əksər hallarda (65%) hamiləlik zamanı toksoplazmoz infeksiyalaşmış su və qida məhsullarının istifadəsi fonunda yaranaraq, birincili infeksiyalaşma formasında gedir. Küçədə yaşayan və ya çiy ətlə qidalanan pişiklərlə təmas xüsusi təhlükə daşıyır.

İnfeksiyalaşmış insan yalnız qan və orqanların donoru olduğu hallarda yoluxma mənbəyinə çevrilə bilər. Hamiləlik dövründə toksoplazmozun inkişaf riski toksoplazmozun çox yayıldığı ərazilərə: Fransa, Latın Amerikası və Afrikanın cənub hissəsinə səyahət zamanı əhəmiyyətli dərəcədə artır. Hesab olunur ki, T.gondii –nin orqanizmə düşməsi insanın ömürlük bu xəstəliyə yoluxmasına səbəb olur. Fərdi hallarda hamiləlik dövründə toksoplazmoz persistə edən infeksiyanın aktivləşməsi ilə bağlı olur.

Hamiləlik zamanı toksoplazmozun əlamətləri

Hamiləlik zamanı toksoplazmozun əlamətləri90%-dən çox hallarda toksoplazmoz sağlam daşıyıcılıq formasında simptomsuz gedir. Qlükokortikosteroidlərin qəbulu, infeksion və ya bakterial xəstəliklərlə əlaqədar immunitetin zəifləməsi zamanı klinik şəkil daha ifadəli olur. İnkubasiya dövrü 1-3 həftə davam edir. Kəskin toksoplazmoz üçün qripəbənzər gediş: bədən hərarətinin 37,5-38°C-yə yüksəlməsi, ümumi halsızlıq və əzginlik, baş ağrıları, limfa düyünlərinin böyüməsi, bəzən hepatosplenomeqaliya xarakterikdir. Hamilələrdə nadir hallarda xorioretinit, konyuktivit, keratit və ya iridosiklit inkişaf edir. Hamiləlik zamanı toksoplazmoz yalnız ifadəli immun çatışmazlıq fonunda ağır fəsadlara – ensefalit, hepatit, miokardit və ya pnevmoniyaya gətirib çıxara bilər.

Toksoplazmoz teratogen təsirli infeksion xəstəliklərdən ibarət TORCH-infeksiyalar qrupuna daxildir. Ananın birincili yoluxması döl üçün daha təhlükəli sayılır, xroniki toksoplazmoz isə çox az hallarda bətndaxili ötürülməyə səbəb olur. İnfeksiyalaşma taxizoitin ciftə keçməsindən sonra 1-4 ay ərzində baş verir, hestasiya müddəti artdıqca yoxulma riski də yüksəlir. Statistik məlumatlara əsasən müalicə aparılmadıqda hamiləliyin III trimestrində transplasentar ötürülmənin tezliyi I trimestrlə müqayisədə 10-12 dəfə çox olur. Buna baxmayaraq, dölün infeksiyalaşması nə qədər tez baş verərsə, proqnoz bir o qədər ciddi olur. Hamiləliyin I trimestrində toksoplazmanın döl orqanizminə keçməsi zamanı spontan düşüklər, ağır inkişaf anomaliyaları müşahidə edilir. Gecikmiş anadangəlmə toksoplazmoz Sebin tetradası: xorioretinit, beyin ödemi, qıcolma sindromu, kəllədaxili kalsifikasiya ilə təzahür edir. Həmçinin bətndaxili inkişafın ləngiməsi və mikrosefaliya izlənilə bilər. Bu anomaliyaların aşkarlanması hamiləlik zamanı kəskin toksoplazmozun olduğuna dəlalət edir.

Hamiləlik zamanı toksoplazmozun diaqnostikası

Hamilələrdə toksoplazmozun diaqnozunun qoyulması anamnestik məlumatlar, klinik əlamətlər, laborator və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Mama-ginekoloq və ya infeksionist tərəfindən anamnezin toplanması zamanı toksoplazmoza yoluxmanın baş verə biləcəyi bütün yollar araşdırılır: çiy ətin, yuyulmamış meyvə və tərəvəzlərin qəbulu, küçə pişikləri, torpaqla təmas, endemik ərazilərə səyahət.

Fizikal baxış qripəbənzər simptomokompleksi aşkar edə bilər, lakin əksər hallarda bu üsul az informativdir.

Hamiləlik dövründə toksoplazmozun diaqnostikasında seroloji testlər, ultrasəs skanlama və amnion qişanın punksiyası böyük rol oynayır. Adətən laborator diaqnostika ilk addım hesab olunur və immunoferment analiz (İFA) və ya xüsusi test-sistemlərlə həyata keçirilir. Bu müayinənin mahiyyəti M və G sinfindən olan immunoqlobulinlərin (IgM, IgG) təyinindən ibarətdir. Onların izlənilməməsi toksoplazmoz diaqnozunu inkar edir. IgM –nin olması və onun konsentrasiyasının 4 dəfə və daha çox yüksəlməsi T.gondii ilə birincili infeksiyalaşmadan xəbər verir. Titr tədricən artaraq, invaziyadan 5-20 gün sonra maksimum səviyyəyə çatır. IgG ananın qanında 7-14 gündən sonra müşahidə edilir, maksimal konsentrasiya 3-6 ay müddətində əldə olunur. Əksər hallarda IgG-nin yüksək səviyyəsi toksoplazmozun latent gedişinə dəlalət edir. Nəticələr pozitiv olduqda müayinə 2-3 həftə ərzində 3-4 dəfə təkrarlanmalıdır.

Hamiləlik dövründə toksoplazmoza şübhə yarandıqda dölün vəziyyətini qiymətləndirmək üçün USM aparılmalıdır. Adətən anadangəlmə toksoplazmozun ifadəli əlamətlərini müəyyən etmək mümkün olmur və ya qeydə alınan dəyişikliklər diaqnozun təsdiqlənməsi üçün kifayət etmir. Toksoplazmoz fonunda dölün infeksiyalaşmasının əsas təzahürlərinə bətndaxili inkişafın ümumi ləngiməsi və MSS strukturlarının pozulması – hidro- və ya mikrosefaliya, kalsifikatların formalaşması aiddir. Hamiləliyin pozulması yalnız ağır dərəcəli morfoloji anomaliyalar aşkarlandıqda məsləhət görülür.

Seroloji diaqnostikanın az informativliyi və dölün zədələnməsinin ultrasəs əlamətləri fonunda hamilələlərdə birincili toksoplazmoz zamanı amnion qişasının punksiyasının aparılması  (amniosentez) tələb olunur. Amnion kisənin punksiyasının məqsədəuyğunluğu barədə qərar infeksionit, neonatoloq mama-ginekoloq tərəfindən birgə qəbul edilir. Bu üsulun məqsədi dölyanı mayenin götürülməsi və polimeraz zəncir reaksiyaları (PZR) yolu ilə onun tərkibində orada  T.gondii –nin olmasının təyinindən ibarətdir. Prosedurun həssaslığı və spesifikliyi 90-95%-dir. Bir qayda olaraq, amniosentez hestasiyanın 18-ci həftəsindən tez icra olunmur, bu da yanlış müsbət nəticələrin yüksək riski ilə bağlıdır. Eləcə də bu müayinə ehtimal olunan yoluxmadan yalnız 4 həftə keçdikdən sonra aparılmalıdır. Əvvəllər «qızıl standart» hesab olunan kordosentez döl üçün təhlükə daşıması, eləcə də amniosentez və PZR-in yüksək informativliyi ilə əlaqədar hazırda demək olar ki, istifadə olunmur.

Hamiləlik zamanı toksoplazmozun müalicəsi

Yalnız klinik təzahürlərlə müşayiət olunan kəskin toksoplazmozlar müalicəyə göstəriş sayılır. İnfeksiyanın klinik əlamətləri izlənilmıdikdə sağalma öz-özünə baş verir. Dölün zədələnməsindən asılı olaraq, hamilələrdə toksoplazmozun medikamentoz  terapiyası 2 istiqamətdə icra olunur. Dölyanı mayenin PZR nəticələrinə əsasən dölün zədələnmə əlamətləri aşkarlanmadıqda makrolid sırasından olan antibiotiklərdən (spiramisin) istifadə edilir. Bu vasitələr cift toxumasında toplanmaqla vertikal yolla yoluxmanın qarşısını alır.

Toksoplazmoz fonunda dölün infeksiyalaşmasına şübhənin yarandığı və onun təsdiqləndiyi hallarda fol turşusunun antaqonistləri (pirimetamin) və sulfanilamid (sulfadiazin) təyin edilir. Birinci qrupa daxil olan preparatlar sümük iliyində hüceyrələrin bölünməsini zəiflədir, bu səbəbdən onunla yanaşı mütləq fol turşusu preparatları qəbul edilməlidir. Eləcə də I trimestrdə potensial teratogen təsirlə əlaqədar preparatın istifadəsi qadağandır. Müalicənin bu variantı uşaqda xəstəliyin ağırlıq dərəcəsinin azalmasına və ümumi proqnozun yaxşılaşmasına yönəldilmişdir.

Hamiləlik zamanı toksoplazmozun proqnoz və profilaktikası

Toksoplazmoz fonunda gedən hamiləliklərdə ana üçün proqnozu qənaətbəxşdir. Demək olar ki, bütün hallar klinik sağalma ilə sonlanır. Uşaq üçün proqnoz infeksiyalaşmanın baş verdiyi trimestrdən birbaşa asılıdır – I trimestrdə parazitlərin döl orqanizminə daxil olması spontan düşük və ya ağır inkişaf anomaliyalarının yüksək riski ilə müşayiət edilir.

Toksoplazmozun profilaktikası infeksiyanın yoluma mexanizmlərinin istisna olunmasından və hamilələrin skrininqindən ibarətdir. Birincili preventiv tədbirlərə ancaq təmiz su və termiki işlənilmiş qida məhsullarının qəbulu, torpaq və pişiklərlə təmasın məhdudlaşdırılması, meyvə və tərəvəzlərin düzgün yuyulması və s. aiddir.  Toksoplazmozun skriniqi yalnız yüksək yoluxma riskinə malik olan hamilələrdə göstəriş sayılaraq, hər ay seroloji nəzarət aparılmaqla yerinə yetirilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: