Hamiləlikdə angina
Hamiləlikdə angina — damaq, dil badamcıqlarının, udlağın arxa divarı və qırtlağın limfoadenoid toxumalarının kəskin infeksion iltihabıdır. Xəstəlik boğaz ağrısı, qızdırma, ifadəli intoksikasiya sindromu, çənəaltı, bəzən isə boyun limfa düyünlərinin böyüməsi və ağrılı olması ilə təzahür edir. Angina farinqoskopiya, burun-udlaqdan götürülən yaxmanın bakterioloji əkilməsi ilə diaqnostika olunur. Müalicə məqsədilə sefalosporin, makrolid, β-laktam penisilin, QSİƏP, antiseptik məhlullar təyin edilir. Ağır formalı irinli-destruktiv proseslərdə absesin yarılması və absestonzilektomiyanın aparılması mümkündür.
- Hamiləlikdə anginanın səbəbləri
- Patogenez
- Təsnifat
- Hamiləlikdə anginanın əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Hamiləlikdə anginanın müalicəsi
- Proqnoz və profilaktika
Hamiləlikdə angina haqqında ümumi məlumat
Angina (kəskin tonzilit) — hamilələrdə rast gəlinən yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri arasında qrip və KRVİ-dən sonra III yerdə dayanır. Törədici nəinki badamcıqları, həm də udlaq toxumasını zədələdiyindən son zamanlar xəstəliyi təsvir edərkən “kəskin tonzillofaringit” terminindən istifadə olunur. Pasiyentlərin təxminən 80%-də A qrupundan olan β-hemolitik streptokokk aşkarlandığından əvvəllər angina yalnız streptokokk mənşəli kəskin tonzillit hesab edilirdi. Hazırda isə xəstəliyin etiologiyasının daha geniş olduğu sübuta yetirilmişdir.
Angina hamiləliyin II yarısında daha çox müşahidə olunur. Xəstələr arasında 30-35 yaşa qədər qadınlar üstünlük təşkil edir. İltihabın ağır gedişi adətən III trimestrdə qeydə alınır. Kəskin tonzillitin bakterial formalarının yayılma tezliyi erkən baharda, virus mənşəli növləri isə payız-qış aylarında ən yüksək səviyyəyə çatır.
Hamiləlikdə anginanın səbəbləri
Hamilələrdə kəskin tonzillit əsasən hava-damcı üsulu ilə ötürülən antroponoz infeksiyalar qrupuna aid edilir. Xəstəlik udlaq həlqəsinin limfoid törəmələrinin patogen və şərti-patogen mikroflora ilə infeksiyalaşması nəticəsində əmələ gəlir. Hamiləlikdə immunitetin zəifləməsi iltihabi prosesin inkişafına və toxumaların dərin destruksiyasına şərait yaradır.
Anginanın törədiciləri 2 qrupda birləşdirilir:
- Bakteriyalar. 80%-dən çox qadınlarda hamiləlikdə angina A qrupundan olan β-hemolitik streptokokk tərəfindən törədilir. Az hallarda xəstəliyə digər qrupdan sayılan stafilokokklar, pnevmokokk, meninqokokk, qonokokk, klebsiella, qarın yatalağı və hemofil çöplər, anaeroblar səbəb olur.
- Viruslar. Son illərdə virus mənşəli angina artmışdır. Hamilələrdə badamcıqların iltihabı adenovirus, enterovirus, herpetik KRVİ-nin ağırlaşması kimi meydana çıxa bilər. Zəif immunitetli pasiyentlərin bir qismində limfoid toxumanın virusla birincili zədələnməsi fonunda epitel toxumanın bakterial flora ilə ikincili kolonizasiyası baş verir.
Bəzən angina xlamidiya və mikoplazmaya yoluxduqda baş verir. Soyuqdəymə, qeyri-kafi qidalanma, hamilə qadının tozlu, çirkli, çoxlu insan toplusu olan yerlərə getməsi kəskin tonzillitin yaranmasına təkan verir.
Hamiləlikdə anginanın patogenezi
Yoluxma mənbəyi adətən bakteriyadaşıyıcılar və kəskin tonzillofaringitlə xəstələnən insanlar olur. Anginanın törədicisi əsasən hava-damcı, nadir hallarda isə təmas-məişət (qab-qacaq) və alimentar (su və qida məhsulları) yolla ötürülür. Xəstəliyin inkişafında mikroorqanizmin burun-udlağın limfoid həlqəsinə düşməsi həlledici an sayılır. Yerli immuniteti zəiflədən M-protein, badamcıqların epitel toxumasına oxşarlığı olan lipoteyxoy turşusu və patogenliyin digər faktorları sayəsində mikroorqanizmlər selikli qişaya yapışır. Onlar aktiv şəkildə çoxalaraq, ekzo və endodoksinlər ifraz edilər.
Bakteriya, virus və göbələklərin zədələyici təsirinə qarşı lokal iltihabi reaksiya baş verir: kapilyar keçiriciliyinin artması hesabına limfoid toxuma ödemləşir və neytrofillərlə infiltratlaşır. Makrofaqların proteazalarının təsirindən limfoid follikullar əriyərək, irin əmələ gətirirlər. Ağır hallarda destruksiya badamcıqların epitel qatı ilə yanaşı stroma da qoşulur. Nekrozlaşmış sahələrin qopması qanayan hissələrlə müşayiət olunur. İnfeksiyanın limfa yolları ilə yayılması nəticəsində regionar limfa düyünləri zədələnir. Septik ocaqdan mikroorqanizmlərin ümumi qan dövranına keçməsi isə onların bütün orqanizmə yayılmasına, ümumi intoksikasiya və poliorqan reaksiyasına səbəb olur.
Hamiləlikdə anginanın təsnifatı
Hamilə qadınlarda angina gediş xüsusiyyətlərinə və limfoid toxumada gedən morfoloji dəyişikliklərin xarakterinə əsasən təsnif edilir. Ümumilikdə anginanın təsnifatı infeksion-iltihabi prosesin mərhələli inkişafını özündə birləşdirir. Burada həm də etioloji amil nəzərə alınır. Otolarinqologiya və ginekologiya sahəsinin mütəxəssisləri hamiləlikdə aşkarlanan kəskin tonzillitin aşağıdakı formalarını ayırd edirlər:
- Kataral angina. Tonzilyar iltihabın nisbətən az rast gəlinən formasıdır. Onun üçün lokal əlamətlər, mülayim intoksikasiya, irinin olmaması xarakterikdir. Reaktivlik kifayət qədər olduqda və vaxtında müalicə aparıldıqda kataral angina irinli formaya keçməyə bilər. Anginanın bu növü əksərən virus mənşəli olur.
- İrinli angina. İltihabın yayılmasından asılı olaraq, follikulyar (nöqtəvi irinliklər), lakunar (ərp ocaqları), fibrinoz (badamcıqların hərtərəfli iltihabı və prosesin qonşu toxumalara yayılması) formalar qeydə alınır. Adətən hamiləlikdə kəskin tonzillitin bu irinli formalarından biri aşkar edilir.
Çox az hallarda hamilə qadınlarda fleqmonoz angina, badamcıqların hissəvi irinli əriməsi müşahidə olunur. Klinik şəklin spesifikliyini nəzərə alaraq, herpetik kəskin tonzillofaringit ayrıca qeyd olunur. Belə xəstələrin badamcıq və burun-udlağının selikli qişasında qırmızı möhtəviyyatlı qovuqcuqlar əmələ gəlir.
Hamiləlikdə anginanın əlamətləri
Adətən angina yoluxma anından etibarən bir neçə saat sonra, maksimum 2 sutkaya qədər kəskin formada inkişaf edir. Başlanğıc mərhələlərdə hamilə qadının bədən temperaturu 38-40°С-yə kimi yüksəlir. Titrətmə, baş, əzələ və oynaq ağrısı yaranır. Ağır hallarda iştah pozulur, ürəkbulanma, qusma, qarında ağrı meydana çıxır. Qadınlar özlərini halsız hiss edir. İntoksikasiya fonunda boğaz ağrısı əmələ gəlir, udqunma və danışıq zamanı güclənir. Ağrı qulağa yayıla bilir. Sonralar çənəaltı limfa düyünləri bərkiyir, 1-2 sm böyüyür, ağrılı olur. Ağızdan xoşagəlməz iy gəlir, səs xırıltılı olur.
Hamiləlikdə anginanın ağırlaşmaları
Kəskin dövrdə angina laringit, boyun limfadeniti, orta otit, paratonzillit, udlaqətrafı abseslə fəsadlaşa bilir. Törədicinin kontakt yolla yayılması zamanı mediastinit və meningitin inkişafı mümkündür. Zəif immunitet fonunda mikroorqanizmlərin massiv disseminasiyası sepsis, infeksion-toksiki şok ilə nəticələnir. Streptokokk infeksiyasından 2-4 həftə sonra qadınlarda kəskin qlomerulonefrit, revmatizm, revmokardit əlamətləri formalaşa bilər. Buna orqanizmin autoimmun reaksiyası səbəb olur.
Hamiləliyin erkən dövrlərinin spesifik fəsadlarına toksikozun artması aiddir. Güclü intoksikasiya və hipertermiya hallarında düşük baş verir. II-III trimestrdə plasentar qan dövranının pozulması, dölün hipoksiyası, ciftin ayrılması, vaxtından əvvəl doğuş mümkündür. Angina törədən mikroorqanizmlərin bir qismi fetoplasentar baryeri keçərək, uşağın bətndaxili infeksiyalaşmasına səbəb olur. Döl toxumalarının xeyli hissəsi zədələndikdə inkişaf anomaliyaları, donmuş hamiləlik müşahidə olunur. Kəskin tonzillit keçirən pasiyentlərdə çox vaxt doğuş fəaliyyətinin zəifliyi qeydə alınır.
Hamiləlikdə anginanın diaqnostikası
Əksər hallarda diaqnozun qoyulması çətinlik törətmir. Badamcıqların hiperemiyası, şişkinliyi, diametri 2-3 mm olan ağ follikulların, ağ-sarı ərpin izlənilməsi anginadan xəbər verir. Nekrotik formada limfoid toxumanın dərin defektləri – dib hissəsi kələ-kötür, ölçüləri 2 sm-ə qədər olan sahələr müşahidə edilir. Onlar tünd boz rəngli nekrozlaşmış sahələr qopduqdan sonra əmələ gəlir. Nadir hallarda rast gəlinən herpetik angina üçün burun-udlağın selikli qişasında yaranan qırmızı qovuqcuqlar xarakterikdir.
Diaqnostika prosesində aşağıdakı üsullardan istifadə edilir:
- Udlağın müayinəsi. Otolarinqoloq xüsusi alətlə farinqoskopiya aparır. Onun köməyilə əsnəyin selikli qişasının vəziyyəti müəyyən edilir. Müayinə əsnasında limfoid toxumadakı patoloji dəyişikliklərin xarakter və yayılması qiymətləndirilir.
- Udlaqdan götürülən yaxmanın mikrofloraya görə əkilməsi. Törədicinin təyini anginanın digər infeksion proseslərlə differensial diaqnostikasını asanlaşdırır. Mikrobioloji müayinə zamanı mikroorqanizmin antibakterial preparatlara qarşı həssaslığı təyin edilir.
- Qan analizi. Qanın ümumi analizinin göstəriciləri kəskin infeksion prosesə uyğun gəlir. Adətən müayinə prosesində leykositlərin miqdarının artması (əsasən neytrofillər hesabına), leykositar formulun sola yerdəyişməsi, EÇS-nin yüksəlməsi izlənilir. Mürəkkəb klinik hallarda əlavə üsullar qismində İFA, İFR, PZR tətbiq olunur.
Hamiləlikdə angina qrip, KRVİ, difteriya, skarlatina, infeksion mononukleoz, listerioz, sifilis, vərəm, qarın yatalağı, neoplaziya, hematoloji xəstəliklərdə udlağın selikli qişasının, limfoid törəmələrin və limfa düyünlərinin zədələnməsi ilə differensiyasiya edilir. Göstərişlərə əsasən hamilə qadın ginekoloq və LOR-mütəxəssis ilə yanaşı, infeksionist, veneroloq, ftiziatr, hematoloq, onkoloq tərəfindən müayinə edilir.
Hamiləlikdə anginanın müalicəsi
Kataral, follikulyar, lakunar, fibrinoz iltihab zamanı ginekoloji ağırlaşmalar olmadıqda pasiyentin müalicəsi ambulator şəraitdə aparılır. Kəskin tonzillitin ağır fleqmonoz və yaxud atipik gedişində, xəstəliyin xoralı-nekrotik formasında, dölün bətndaxili infeksiyalaşma əlamətləri müşahidə edildikdə, hamiləliyin pozulma təhlükəsi yarandıqda hospitalizasiya mütləqdir. Qızdırma dövründə yataq rejimi, bol maye qəbulu (su, açıq çay, itburnu dəmləməsi, təzə meyvə və giləmeyvələrdən kompot) məsləhətdir.
Bakterial anginanın medikamentoz müalicəsinin əsasını etiotrop antibiotikoterapiya təşkil edir. Bu zaman törədicinin həssaslığı və dölə təsiretmə ehtimalı nəzərə alınır. Yanaşı olaraq, simptomatik vasitələr təyin edilir.
Hamiləlikdə angina zamanı aşağıdakı qrup preparatlardan istifadə olunur:
- Antibakterial vasitələr. Anginanın müalicəsi üçün nəzərdə tutulan əksər antibiotiklərin fetotoksiki təsiri ilə əlaqədar onların hamiləlikdə tətbiqi qadağandır. Bu dövrdə, eləcə də südvermə zamanı bəzi sefalosporinlər, təbii və yarımsintetik makrolidlər, β-laktam penisillinlərin istifadəsi icazəlidir. Virus mənşəli anginada antibiotiklərə ehtiyac yoxdur.
- Qızdırmasalıcı preparatlar. Bədən temperaturu 39°С-yə qədər və daha çox yüksəldikdə təyin edilir. Hamiləlikdə seçim preparatları anilid qrupundan olan antipiretiklərdir. Onlar hamiləliyin bütün dövrlərində istifadə oluna bilər. I-II trimestrlərdə fenilsirkə və propion turşularının törəmələrinin qəbulu mümkündür. QSİƏP hərarəti aşağı salmaqla yanaşı, həm də mülayim ağrıkəsici təsir göstərir.
- Dezinfeksiyaedici məhlullar. Əsnəyin sanasiyası üçün boğazın nitrofuran, fenol tərkibli antiseptiklərlə yuyulması məsləhətdir. Aptekdə satılan antiseptik preparatların bir qismi təkcə bakteriyalar deyil, virus və göbələklərlə mübarizədə effektivdir. Farmakoloji məhlulların alternativi kimi dərman bitkilərinin dəmləmələri (evkalipt, adaçayı, çobanyastığı) istifadə edilə bilər.
Hamiləlikdə boğaz ağrısını azaltmaq üçün buxar və aparat inhalyasiyaları göstərişdir. Həmçinin xüsusi LOR-prosedurlar – dərman preparatları ilə udlağın arxa divarının və badamcıqların işlənməsi, Tonzillor aparatı ilə fizioterapevtik müalicə aparıla bilər. Limfoid toxumanın irinli əriməsi və abses zamanı paratonziilyar absesin yarılması, absestonzilektomiya effektivdir.
Hamiləlikdə anginanın proqnoz və profilaktikası
Düzgün antibiotikoterapiya fonunda xəstəliyin simptomatikası 7-10 gün ərzində keçib gedir. Kataral angina 3-5 günə sağalır. Anginanın destruktiv formalarının proqnozu bir qədər ciddidir.
Hamiləlikdə anginanın profilaktikası törədicinin daşıyıcıları ilə təmasın məhdudlaşdırılmasından ibarətdir. Bunun üçün ictimai yerlərdə az vaxt keçirmək, KRVİ epidemiyasında maska taxmaq tövsiyə olunur.
Anginanın qeyri-spesifik profilaktikasına immunitetin möhkəmləndirilməsi, fiziki yüklənmə və psixoloji stresslərin azaldılması daxildir.