Hamiləlikdə qəbizlik

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 7382

Hamiləlikdə qəbizlik əleyhinə dərmanHamiləlikdə qəbizlik — bağırsaq fəaliyyətinin pozulması nəticəsində nəcis ifrazının ləngiməsi və yaxud bağırsağın tam boşalmaması ilə xarakterizə olunur. Qəbizlik qarın ağrısı və köplə birgə rast gəlinir. Onun səbəbini üzə çıxarmaq üçün ultrasəs müayinəsindən, qan və nəcisin laborator analizindən istifadə olunur. Nəcis ifrazını bərpa etmək üçün düzgün qidalanma və adekvat fiziki aktivlik məsləhət görülür.   

  • Hamiləlikdə qəbizliyin səbəbləri
  • Normal hamiləlikdə qəbizlik
  • Patoloji hamiləlikdə qəbizlik
  • Bağırsaq xəstəlikləri ilə əlaqəli qəbizlik
  • Diaqnostika
  • Simptomatik müalicə

Hamiləlikdə qəbizliyin səbəbləri

Normal hamiləlikdə qəbizlik

Hamiləlikdə qəbizliyin səbəbləriHamilə qadınların ⅔-də qəbizlik probleminə rast gəlinir. Erkən dövrlərdə qəbizlik adətən hormonal dəyişikliklər, qida rasionun dəyişilməsi ilə bağlı olur. Hamiləliyin 2-ci yarısında defekasiya aktının çətinləşməsi böyüyən uşaqlığın bağırsağı sıxması, fiziki aktivliyin azalması nəticəsində baş verir. Belə hallarda qəbizlik təhlükəli sayılmır və qeyri-medikamentoz üsullarla asanlıqla aradan qalxır. Normal hamiləlikdə qəbizlik aşağıdakı səbəblərdən yaranır:  

  • Uşaqlığın ölçülərinin artması. II və III trimestrdə uşaqlıq sürətlə böyüyərək, bağırsaq ilgəklərinə təzyiq göstərir. Bu sıxılma əsasən kor və siqmavari bağırsaq nahiyəsində olur. Təzyiq nəticəsində nəcis kütlələrinin normal hərəkəti pozulur. Suyun rezorbsiyası artdığından nəcis bərkiyir və quruyur.   
  • Hormonal dəyişikliklər. Hamiləlikdə progesteron hormonun təsirləri üstünlük təşkil edir. Bu hormon hamiləliyin saxlanılmasında zəruri faktor sayılır, çünki progesteron bütün saya əzələli orqanların (uşaqlıq, bağırsaq, sidik kisəsi) yığılmasını zəiflədir. Peristaltikanın azalması xroniki qəbizliyə, defekasiya zamanı qarnın sol hissəsində diskomfort hissinin yaranmasına gətirib çıxarır.  
  • Qidalanma tərzinin dəyişməsi. Hamilə qadınların rasionu əhəmiyyətli dərəcədə dəyişə bilir. Qəbizlik və digər dispeptik pozğunluqlar həddindən artıq qidalanma ilə bağlı ola bilər. Bu zaman həzm sistemi əlavə yüklənməyə məruz qalır, nəcis ifrazının ləngiməsi ilə yanaşı mədədə diskomfort və ağırlıq meydana çıxır.  
  • Hipodinamiya. Mədə-bağırsaq traktının normal fəaliyyəti üçün müntəzəm fiziki yüklənmələr və qarnın ön divar əzələlərinin tonusda qalması mütləqdir. Hamiləliyin son dövrlərində çəki artdığından qadınlar hipodinamiyaya meylli olur. Bununla əlaqədar yoğun bağırsağın motorikası zəifləyir, nəcis ifrazı bir neçə gün ləngiyir, digər dispeptik pozğunluqlar müşahidə olunur.   
  • Mikroelementlərin qəbulu. Hamiləlikdə sümükləri qorumaq və qan yaranma proseslərini yaxşılaşdırmaq məqsədilə dəmir və kalsiumla zəngin qida əlavələri təyin edilir. Bu vasitələr həzm traktının motorikasına mənfi təsir göstərdiyindən, onların yan təsiri kimi qəbizlik formalaşır. Dəmir preparatlarını qəbul etdikdə nəcis qara rəng alır.
  • Emosional faktorlar. Hamiləlikdə qəbizlik sinir-psixoloji dəyişikliklər fonunda da yarana bilər. Hormonal pozğunluqlar və doğuş qorxusu xroniki stress vəziyyəti törədir. Prosesə vegetativ sinir sistemi qoşulduqda simpatik liflər aktivləşir, bu isə bağırsaq peristaltikasının zəifləməsi və qəbizlik ilə nəticələnir.  

Patoloji hamiləlikdə qəbizlik

Patoloji hamiləlikdə qəbizlikHamiləlik patologiyaları həzm sisteminin pozğunluqları ilə müşayiət olunur. Bu,  erkən toksikozlarda MBT-nin iştirakı və yaxud nəcisin ləngiməsinin sinir-reflektor mexanizmləri ilə izah olunur. Qəbizlik əksərən digər dispeptik əlamətlərlə (ürəkbulanma, qusma, iştahsızlıq) birgə meydana çıxır. Patoloji hamiləlikdə qəbizliyə adətən aşağıdakı vəziyyətlər səbəb olur:  

  • Toksikoz. Erkən toksikozlara hamilə qadınların 50-60%-də rast gəlinir. Onların yalnız 10%-də toksikoz orta və ağır dərəcəli olur. Hamilələrdə müxtəlif dispeptik pozğunluqlara təsadüf edilir. Qəbizlik adətən çoxsaylı qusma və intensiv ağız suyu ifrazı nəticəsində orqanizmin susuzlaşması fonunda ikincili yaranır. Qida qəbulunun azalması vəziyyəti daha da ağırlaşdırır.  
  • Uşaqlığın hipertonusu. Uşaqlığın saya əzələ liflərinin tonusunun yüksəlməsi ilə əlaqədar nəcis ifrazının ləngiməsi adətən psixogen mənşəli olur. Hamilələrin bir qismi tualetə gedərkən intensiv gücənmə zamanı düşük baş verəcəyindən qorxaraq, defekasiya çağırışlarını saxlayır və bilərəkdən qida qəbulundan imtina edirlər. Bu vəziyyət fizioloji amillərlə birləşərək, xroniki qəbizlik törədir.  
  • Hestozlar. Hamiləliyin 2-ci yarısında hestoz aşkarlandıqda sedativ, sidikqovucu, hipotenziv və neqtiv simptomatikanı aradan qaldıran digər preparatların uzunmüddətli qəbulu bağırsaq motorikasını zəiflədir. Hestoz ağır dərəcəli olduqda hamilə qadınların parenteral qidalanma və ciddi yataq rejiminə keçirilməsi qəbizliyə gətirib çıxarır.

Nəcis ifrazının ləngiməsi həm də Qeysəriyyə əməliyyatından və doğuş ağırlaşmalarından (aralığın cırılması, perineotomiya) sonra müşahidə olunur. Belə hallarda defekasiyanın 2 günə qədər olmaması norma sayılır. Sonrakı günlərdə isə işlədici preparatlar məsləhət görülür. Peristaltika və defekasiyanın vaxtında bərpa olunması uşaqlığın normal sürətlə yığılmasını təmin edir.   

Bağırsaq xəstəlikləri

Bəzən qəbizlik hamiləliklə birbaşa əlaqəli olmayıb, həzm traktının üzvi və yaxud funksional xəstəliklərinin əlaməti sayılır. Belə ki, yoğun bağırsağın quruluşunun morfoloji dəyişməsi nəcis kütlələrinin hərəkətini çətinləşdirir, onların konsistensiyasına təsir edir. Eləcə də qəbizlik saya əzələlərin peristaltikasını təmin edən vegetativ sinir qanqliyalarının fəaliyyət pozğunluqları fonunda meydana çıxır. Hamiləlikdə qəbizliyə aşağıdakı xəstəliklər təkan verir:

  • Qıcıqlanmış bağırsaq sindromu. Bu patologiya bağırsaq divarının innervasiyasının pozulması, balanslaşdırılmamış qidalanma, emosional sarsıntı nəticəsində yaranır.  Xəstəlik üçün qəbizliklə ishalın növbələnməsi, qalça nahiyəsinin sol hissəsində ağrı, diskomfort, iştahsızlıq xarakterikdir. Klinik şəkil polimorfluğu ilə seçilir.  
  • Disbakterioz. Hamiləlikdə hormonal fonun spesifik dəyişiklikləri bəzən qida inqrediyentlərinin mənimsənilməsini pozaraq, yüngül formalı malabsorbsiya və maldigestiyaya səbəb olur. Disbakterioz zamanı qəbizlik qarında köp, havalı və çürüntülü gəyirmə ilə müştərək formada əmələ gəlir. Maldigestiyanın ağır dərəcələrində nəcisin rəng və konsistensiyası dəyişir, bağırsaq boyunca dartılan ağrılar baş verir.  
  • Dolixokolon. Bağırsaq traktının müəyyən bir hissəsinin (adətən çənbər və siqmavari bağırsağın) uzunluq və diametrinin artması ifadəli dispeptik pozğunluqlarla müşayiət olunur. Qadınlar uzunmüddətli qəbizlikdən, güclü meteorizmdən, abdominal sancılardan və müxtəlif lokalizasiyalı sancılardan şikayət edirlər. Digər tərəfdən böyüyən uşaqlığın bağırsaq ilgəklərini sıxması simptomatikanı gücləndirir, intoksiyakasiya əlamətlərinə səbəb olur.  
  • Babasil. Progesteron səviyyəsinin artması və uşaqlığın mexaniki təzyiqi hemorroidal zonanın venoz kələfinin tonusunu aşağı salır. Belə vəziyyətlərdə defekasiya aktı şiddətli ağrı törətdiyindən qadınlar nəcis ifrazını ləngidirlər. Bu isə öz növbəsində qəbizlik ilə nəticələnir. Babasil proqressivləşdikdə nəcisin ləngiməsi xroniki xarakter daşıyır.   
  • Öd yollarının diskineziyası. Yüksək miqdarda estrogen və progesteronlərin təsirindən çox vaxt öd yollarının fəaliyyəti pozulur. Hipomotor diskineziya səbəbindən öd ifrazının azalması spastik qəbizlik əmələ gətirir. Onun üçün çətin ifraz olunan bərk nəcis hissələri («qoyun qığı») xarakterikdir. Həmçinin hamilələrdə sağ qabırğa altında dartılan ağrılar yaranır. 
  • Bağırsağın iltihabi xəstəlikləri. Nadir hallarda hamiləlik qeyri-spesifik xoralı kolitKron xəstəliyinin gedişini kəskinləşdirir. Bu patologiyalarda qəbizlik intramural vegetativ kələflərin və selikli qişanın üzvi zədələnmələri ilə əlaqədardır. Qəbizlik tenezm, qarın ağrısı və düz bağırsaqdan qan qarışıqlı seliklə müşayiət olunur.

Hamiləlikdə qəbizliyin diaqnostikası

Diaqnostika prosesində dölə zərər vurmayan üsullardan istifadə olunur. Qəbizliyin səbəbini aşkar edən ən informativ metodlar aşağıdakılardır:  

  • Ultrasəs müayinəsi. USM – hamilələrdə tətbiq olunan əsas müayinə üsuludur, çünki bu metod ana və uşaq orqanizmi üçün tam təhlükəsizdir. Sonoqrafiyanın köməyilə bağırsaq ilgəkləri vizualziasiya olunur, iltihabi proseslərin qeyri-spesifik əlamətləri və ya bağırsağın uzanmış hissəsi aşkarlanır. III trimestrdə USM-nin diaqnostik əhəmiyyətinin itməsi uşaqlığın xeyrli böyüməsi ilə izah olunur.  
  • Nəcis analizi. Standart makroskopik və mikroskopik nəcis analizi nazik və yoğun bağırsağın patologiyalarından şübhələnməyə imkan verir. Disbakteriozu inkar etmək üçün nəcis kütlələrinin bakterioloji analizi aparılır. Yoğun bağırsağın üzvi zədələnmələrinə şübhə yarandıqda nəcis gizli qana görə analiz olunur.  
  • Rektoromanoskopiya. Düz bağırsağın selikli qişasına vizual baxışla hamilə qadınlarda çox rast gəlinən genişlənmiş hemorroidal düyünlər, çatlar üzə çıxarılır. I trimestrdə rektoromanoskopiya siqmoskopiya ilə tamamlana bilər. Hamiləliyin gec dövrlərində isə uşaqlığın zədələnmə riski ilə əlaqədar bu manipulyasiya məsləhət deyil.   
  • Qanın biokimyəvi analizi. Laborator analizlərlə MBT və biliar sistemin patologiyalarını inkar olunur. Hamiləlikdə ümumi zülal, sərbəst və birləşmiş bilirubin, xolesterin və qlükoza səviyyəsini yoxlamaq üçün standart biokimyəvi analizlər təyin edilir. Göstərişlərə əsasən qanda cinsi hormonların konsentrasiyası müəyyənləşdirilir, çünki onların artması hamiləlikdə qəbizlik törədir.  

Hamiləlikdə qəbizliyin simptomatik terapiyası

Hamiləlikdə qəbizlik 95% hallarda orqanizmdəki fizioloji dəyişikliklərlə bağlı olub, adətən qida rasionunu korreksiya etməklə və fiziki aktivliyi artırmaqla aradan qalxır. Peristaltikanı normallaşdırmaq üçün qida qəbulu kiçik porsiyalarla, tez-tez olmalıdır. Bu tərz aclıq hissini yox edir, izafi qidalanmanın qarşısını alır. Nəcis kütlələrinin hərəkətini asanlaşdırmaq məqsədilə rasionda qida lifləri ilə zəngin məhsullar (meyvə, tərəvəzlər, dənli bitkilər) üstünlük təşkil etməlidir.    

Qadınlara hamiləlik müddətinə uyğun idman hərəkətlərini yerinə yetirmək tövsiyə olunur. İdman saya əzələlərin fəaliyyətini stimulə edir, defekasiyanı asanlaşdırır. Hamiləlikdə emosional gərginliklə əlaqəli qəbizlik zamanı psixoterapiya effektivdir. Həkim təyinatı olmadan bitki mənşəli və yaxud sintetik işlədici vasitələrin qəbulu qadağandır. Belə ki, həmin preparatlar uşaq orqanizminə ziyan vura və yaxud uşaqlığın tonusunu yüksəldə bilər.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: