Hamiləlikdə qusma
Hamiləlikdə qusma — mədə möhtəviyyatının (ximus) ağızdan xaric olmasıdır. Buna mədə-bağırsaq traktının və qarnın ön divar əzələlərinin yığılması səbəb olur. Qusmadan əvvəl döş sümüyü arxasında və boğazda diskomfort, ürəkbulanma yaranır, ağız suyu ifrazı artır. Əksər hallarda qusma erkən toksikoz zamanı müşahidə olunur. Ona patoloji hamiləlikdə və həzm traktının xəstəliklərində də rast gəlinir. Qusmanın səbəbini aydınlaşdırmaq üçün ultrasəs müayinəsi, endoskopiya, manometriya, laborator analizlər aparılır. Hamiləlikdə qusma qeyri-medikamentoz üsullar, prokinetiklər və sedativ vasitələrlə aradan qaldırılır.
- Hamiləlikdə qusmanın səbəbləri
- Diaqnostika
- Simptomatik terapiya
Hamiləlikdə qusmanın səbəbləri
Qadınların əksəriyyətində hamiləliyin I yarısında dispeptik əlamətlər, o cümlədən qusma müşahidə edilir. Bu narahatlıqlar əsasən həzm traktının hormonal və sinir tənziminin təbii dəyişiklikləri ilə bağlı olur. Bir sıra hallarda qusma hamiləlik fonunda kəskinləşən MBT patologiyalarının əlaməti kimi təzahür edir. Qusuntu kütlələrində yad qarışıqların olmadıqda həyəcanlanmağa əsas yoxdur. Mədədən xaric olan möhtəviyyatda öd və yaxud qanın izlənilməsi ciddi xəstəlikdən xəbər verir. Belə vəziyyətlərdə həkimlə əlaqə saxlanılmalıdır.
Erkən toksikoz
Yüngül dərəcəli toksikozda qusma sutkada 5 dəfəyə qədər təkrarlanır. Ona adətən kəskin iylər səbəb olur. Bir qrup hamilələrdə qusma səhər yuxudan oyananda baş verir. Qusmadan sonra vəziyyət azacıq yüngülləşsə də, ürəkbulanma demək olar ki, daim davam edir. Hamilələr az yeməklə qusmanın qabağını almağa çalışırlar. Bu isə həftədə 2 kq-a qədər çəki itkisi ilə nəticələnir.
Orta dərəcəli toksikozda gün ərzində 8-10 dəfə qusma müşahidə olunur. Qadınlar daimi ürəkbulanmadan, iştahsızlıqdan, yemək yeyərkən diskomfort hissindən şikayətlənirlər. Qusuntu kütlələri az miqdarda, bəzən isə öd qarışıqlı olur. Qusmanın sutkada 20 dəfəyə qədər artması, əzabverici ürəkbulanma və yuxu pozğunluğu vəziyyətin pisləşməsinə dəlalət edir. Bu zaman qida və maye qəbulu pozulur, çəki itkisi sürətlənir. Sadalanan əlamətlər toksikozun ağır dərəcəsinə aid olub, hospitalizasiya tələb edir.
Hamiləlikdə qastroezofageal reflüks
Qastroezofageal reflüks xəstəliyində qusma II-III trimestrlərdə meydana çıxır. Mədənin turş möhtəviyyatının ağıza qayıtması adətən horizontal vəziyyətdə və bədəni önə əydikdə baş verir. Bu, böyüyən uşaqlığın qarındaxili təzyiqi artırması ilə izah olunur. Qusma aktından əvvəl boğazda və döş sümüyünün arxasında göynəmə, eləcə də ürəkbulanma hiss olunur. Qusduqdan sonra ağızda turş dad qalır. Mədə şirəli ximusun ifrazı çox vaxt güclü sinə ağrısı ilə müşayiət olunur. Bu əlamətlər kəskin ezofagitə və yaxud qida borusunun xorasına işarə edir.
Hamiləlik patologiyaları
Hamiləlik dövründə qadın orqanizmində neyrohumoral tənzim və daxili orqanlarla bağlı bir sıra dəyişikliklər baş verir. Bununla əlaqədar müxtəlif patoloji vəziyyətlər yaranır. Xəstəliklərin əksəriyyəti qusma ilə özünü büruzə verir. Bu əlamət həzm traktının divarlarındakı reseptorların qıcıqlanması zamanı reflektor şəkildə və yaxud sinir aparatının zədələnməsi nəticəsində formalaşır. Qusma adətən hamiləliyin 2-ci yarısında meydana çıxaraq, digər dispeptik əlamətlərlə müşayiət olunur. Hamiləlikdə qusma törədən xəstəliklər aşağıdakılardır:
- Xolestaz. Mədə və onikibarmaq bağırsaq möhtəviyyatının requrgitasiyası (geriyə qayıtması) III trimestrdə, xüsusən 36-cı həftədən etibarən müşahidə olunur. Qusma öncəsi epiqastral nahiyədə və sağ qabırğaaltında ağırlıq hissi, ürəkbulanma yaranır. Qusuntu kütlələri xaric olduqdan sonra ağızda acılıq hiss olunur. Doğuş vaxtı yaxınlaşdıqca simptomatika artır. Əksər hallarda dispeptik əlamətlər doğuşdan sonra öz-özünə keçib gedir.
- Hipotireoz. Tireoid hormonların konsentrasiyası azaldıqda yeyilən qidaları patoloji qarışıqlarsız gün ərzində 1-2 dəfə qusulur. Ona hamiləliyin istənilən dövründə təsadüf olunur. Hormonal çatışmazlıq proqressivləşdikdə qusma sutkada 15 dəfəyə qədər təktarlanır, ürəkbulanma daimi xarakter alır, orqanizm susuzlaşır.
- Polineyropatiya. Belə vəziyyətlərdə çoxsaylı qusma azan sinirin zədələnməsi ilə əlaqəli olub, günün istənilən saatında baş verir. Ondan sonra ağızda turş dadın qalması mədə şirəsinin hipersekresiyası ilə bağlıdır.
Hamiləlikdə appendisit
Soxulcanabənzər çıxıntının kəskin iltihabı üçün gündə 2-3 dəfə təkrarlanan, öd və qan qarışıqsız qusma xarakterikdir. Ondan qabaq sağ qalça nahiyəsində və yaxud göbək ətrafında kəskin ağrı yaranır. Üfunətli, sarı-yaşılımtıl kütlələrin çoxsaylı ifrazı prosesin generalizasiyasına və həyat üçün təhlükəli sayılan peritonitin başlanmasına dəlalət edir. Belə hallarda təcili tibbi yardım tələb olunur.
Hamiləlikdə həzm sisteminin xəstəlikləri
Mədə ximusunun requrgitasiyası və digər dispeptik əlamətlərlə gedən xroniki MBT xəstəlikləri adətən hamiləliyin 2-ci yarısında kəskinləşir. Bu, həzm traktı fəaliyyətinin tənziminin pozulması və konsentrasiyası artan cinsi hormonların neqativ təsiri ilə bağlıdır. Statistik məlumatlara əsasən qadında hamiləlikdən əvvəl MBT patologiyası olduqda, onlar 50-60% hallarda kəskinləşir. Hamiləlikdə qusmaya əsasən aşağıdakı xəstəliklər səbəb olur:
- Qida borusunun yırtığı. Hamiləliyin 2-3-cü trimestrində qarındaxili təzyiq artdığından xəstəlik kəskinləşir, qusma meydana çıxır. Hər dəfə qusmadan əvvəl xəncərəbənzər çıxıntı nahiyəsində güclü ağrı yaranır. Ağrı hissi qol və kürəyə yayılır. Qusuntu kütlələrində qırmızı və yaxud tünd qan aşkarlana bilər. Qusmaya izafi qidalanma, fiziki gərginlik, önə əyilmələr səbəb olur.
- Qastrit. Mədənin atrofik və yaxud hipoasid iltihabında xoşagəlməz iyli, bol miqdarda mədə möhtəviyyatı xaric olunur. Bu proses qarında ağrı ilə müşayiət edilir. Hamiləlikdə hiperasid qastrit üçün öd və selik qarışıqlı, az miqdarda qusuntu kütlələri, epiqastral nahiyədə kəskin ağrı xarakterikdir. İfraz olunan möhtəviyyatdan qan izlərinin tapılması hemorragik qastritə işarədir.
- Mədənin funksional pozğunluğu. Hamiləlikdə requrgitasiya üzvi səbəb olmadan da baş verə bilər. Belə hallarda qusmaya güclü emosional sarsıntı səbəb olur.
- Duodenit. Onikibarmaq bağırsağın iltihabında qusma qida qəbulundan 1-1,5 saat sonra meydana çıxır. Bu, MBT-nin yuxarı şöbələrinin divarlarındakı reseptorların qıcıqlanması ilə izah olunur. Qusmadan əvvəl epiqastral nahiyədə tədricən artan ağrı əmələ gəlir. Qusuntu kütlələrində sarı-yaşıl rəngli öd izlərinə rast gəlinir. Qusduqdan sonra ağızda acılıq, qida borusu boyunca yanğı hiss olunur.
- Xroniki pankreatit. Hamiləlikdə qusmanın ən geniş yayılmış səbəblərindən biri mədəaltı vəzin ferment çatışmazlığıdır. Qusma iltihabi prosesin kəskinləşməsi zamanı izlənilir. Requrgitasiya adətən yağlı məhsulları yedikdə yaranır. Qusuntu kütlələri tam həzm olunmamış qida qalıqlarından və öddən ibarət olur. Mədə möhtəviyyatının xaric olması ümumi vəziyyəti yaxşılaşdırır.
Hamiləlikdə qusmanın diaqnostikası
Diaqnostika prosesində həzm sisteminin morfoloji xüsusiyyətləri və funksional imkanları qiymətləndirilir. Bunun üçün gələcək ana və uşaq üçün tam təhlükəsiz üsullar təyin olunur:
- Ultrasəs müayinəsi. Dispeptik pozğunluqlarda qarın boşluğunun USM informativ sayılır. Sonoqrafiyanın köməyilə mədə-bağırsaq traktının şöbələrinin quruluşuna baxılır, saya əzələlərin yığılma funksiyası dəyərləndirilir, patologiya əlamətləri üzə çıxarılır. III trimestrdə uşaqlığın böyüməsi ilə əlaqədar ultrasəs müayinəsinin informativliyi azalır.
- Endoskopiya. Mütləq əks-göstərişlər olmadıqda hamiləliyin istənilən ayında qastroskopiya aparılır. Müayinə əsnasında MBT-nin yuxarı hissələrinin selikli qişasının quruluşu təhlil edilir. Qastroskopiya reflüks-ezofagitin, mədə və onikibarmaq bağırsağın iltihabi proseslərinin diaqnostikasında mühüm rol oynayır. Bu üsul qida borusu və mədədaxili pH-metriya ilə tamamlanır.
- Qan analizi. Toksikozun dərəcəsini və zülal-enerji çatışmazlığının dərəcəsini müəyyən etmək üçün qanın biokimyəvi analizindən istifadə olunur. Hepatobiliar sistemin patologiyalarını inkar etmək məqsədilə bilirubin göstəriciləri və qaraciyər sınaqları qiymətləndirilir. Endokrin pozğunluqlardan şübhələndikdə qanda cinsi və tireoid hormonların səviyyəsi yoxlanılır. Göstərişlərə əsasən helikobakter infeksiyalara qarşı anticisimlər təyin edilir.
- Nəcis analizi. Qusma ilə müşayiət olunan qastroenteroloji xəstəliklərin hamısı koproqrammada dəyişikliklər törədir. Əvvəlcə standart koproqramma aparılır. Sonra göstərişlər əsasında daha spesifik müayinələr (fekal elastazanın, eləcə də helikobakter piloriyə qarşı fekal antigenin təyini) icra olunur. Xroniki qanaxmanı inkar etmək üçün nəcisin gizli qana görə analizinə ehtiyac yaranır.
Qusmanın əsas səbəblərindən olan qastroezofageal reflüks xəstəliyini təsdiqləmək məqsədilə qida borusu daxili manometriya aparılır. Onun vasitəsilə kardial sfinkterin boşalması və qida borusunun cismində təzyiqin yüksəlməsi müəyyənləşdirilir. Qastroenteroloji patologiya aşkarlanmadıqda digər mütəxəssislərin konsultasiyası məsləhət görülür. Bütün hallarda dölün vəziyyətini qiymətləndirmək üçün ginekoloji müayinə göstərişdir.
Hamiləlikdə qusma əleyhinə simptomatik terapiya
Hamiləliyin I trimestrində gün ərzində 5 dəfəyə qədər təkrarlanan qusma hallarında medikamentoz müalicə tələb olunmur. Qadınlara kəskin iylərdən və qusmaya səbə ola biləcək yeməklərdən uzaq durmaq tövsiyə edilir. Gələcək analar ürəkbulanmanı dayandırmaq üçün nanəli konfetdən, limon dilimindən və yaxud bitki çaylarından istifadə edirlər. Qida qəbulundan sonra dərhal uzanmamaq məsləhətdir. Bəzi hallarda psixoterapiya, yüngül sedativ fitopreparatlar effektivdir.
Çoxsaylı qusma hamilənin normal qidalanma rejimini pozur. Qadının vəziyyəti dekompensasiya olunduğundan təcili tibbi yardıma ehtiyac yaranır. Müalicə sxemi qusmanın səbəbindən asılı olur. Klinik diaqnoz təsdiqlənənə qədər qusmanın tezliyini azaltmaq üçün prokinetiklər və antasidlər qəbul edilir. Hamiləlikdə həkim təyinatı olmadan güclü qusmaəleyhinə vasitələrdən istifadə etmək olmaz, çünki onlar uşağa zərər verə bilər.