Hamiləlikdə ürəkbulanma

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 6335

Hamiləlikdə ürəkbulanma əleyhinə dərmanHamiləlikdə ürəkbulanma — udlaq və epiqastral nahiyədə yaranan xoşagəlməz hissiyyatdır. Ona hamiləliyin müxtəlif dövrlərində rast gəlinir. Ürəkbulanma adətən digər həzm pozğunluqları və vegetativ disfunksiya ilə müşayiət edilir. Əksər hallarda bu əlamət erkən toksikozun inkişafı ilə bağlı olur. Həmçinin ürəkbulanma hamiləlik patologiyalarında, MBT-nin xəstəliklərində baş verir. Onun səbəbi USM, ginekoloji anamnez və laborator analizlərlə aşkar edilir. Simptomatikanı azaltmaq üçün qeyri-medikamentoz üsullardan, sedativ vasitələrdən və prokinetiklərdən istifadə edilir.  

  • Hamiləlikdə ürəkbulanmanın səbəbləri
  • Normal hamiləlikdə ürəkbulanma  
  • Erkən toksikoz
  • Hamiləlik patologiyaları
  • Yumurtalıqların hiperstimulyasiya sindromu
  • MBT xəstəliklərində ürəkbulanma
  • Müayinə
  • Simptomatik terapiya

Hamiləlikdə ürəkbulanmanın səbəbləri

Normal gedişli hamiləlikdə ürəkbulanma

Hamiləlikdə ürəkbulanmanın səbəbləriQida vərdişlərinin və yeyilən məhsulların sayının dəyişməsi ilə əlaqədar tam sağlam hamilələrdə vaxtaşırı ürəkbulanma müşahidə edilir. Onun səbəbi gələcək ananın orqanizmində gedən neyrohumoral dəyişikliklərlə bağlıdır. Bu proseslər hamiləliyin saxlanmasına yönəlir, eləcə də orqanizmi doğuş prosesinə hazırlayır. Fizioloji amillərlə əlaqəli ürəkbulanma ara-sıra baş verir, qeyri-medikamentoz üsullarla asan aradan qalxır. Normal hamiləlikdə ürəkbulanma adətən aşağıdakı səbəblərdən meydana çıxır:

  • Həddindən çox qidalanma. Hamilələrdə iştahın artması qidanın iri porsiyalarla qəbul olunması ilə özünü büruzə verir. Belə vəziyyətlərdə mədə divarı dartılır, mədəaltı vəzi və biliar sistem əlavə yüklənməyə məruz qalır.  Nəticədə xoşagəlməz hissiyyat formalaşır. Hamiləlikdə ürəkbulanma həm də dad hissiyyatının dəyişməsi və bir-birilə uzlaşmayan məhsulların qəbulu ilə izah olunur.  
  • Uşaqlığın ölçülərinin artması. Hamiləliyin III trimestrində uşaqlıq mədəni sıxır, onun divarlarındakı sinir ucları qıcıqlanır, reflektor ürəkbulanma yaranır. Yeməkdən sonra və bədəni önə əydikdə narahatlıq xeyli artır. Bir sıra hamilələr təngnəfəslikdən şikayət edir. Bu isə diafraqmanın hərəkətinin məhdudlaşması və ağciyərlərin tam açıla bilməməsi ilə bağlıdır.  
  • Qəbizlik. Defekasiyanın ləngiməsi — II trimestrdə ən çox rast gəlinən haldır. Bağırsağın boşalması pozulduqda reflektor ürəkbulanma baş verir. Bunun səbəbləri intramural sinir kələfindən intensiv impulsasiya və nəcis intoksikasiyasıdır. Ürəkbulanma sol qalça nahiyəsində ağrı və qarında köplə müşayiət oluna bilər. Defekasiya aktından sonra xoşagəlməz hisslərin intensivliyi azalır.  

Erkən toksikoz

Hamiləlikdə ürəkbulanmanın müalicəsiBu vəziyyət hamiləlikdə ürəkbulanmanın ən geniş yayılmış səbəbidir. Statistik məlumatlara əsasən qadınların 60%-də müxtəlif intensivlikli toksikoz qeydə alınır. İlkin əlamətlərə hamiləliyin 5-6-cı həftəsindən sonra təsadüf olunur. Bu halın yaranması ilə bağlı bir neçə nəzəriyyə mövcuddur: neyrogen, immunoloji, hormonal. Müasir tədqiqatlarda genetikanın rolu sübuta yetirilmişdir: güclü ürəkbulanmadan əziyyət çəkən hamilələrdə spesifik genlər aşkarlanmışdır. Simptomatikanın ifadəliliyi toksikozun dərəcəsindən asılıdır.  

Yüngül dərəcəli toksikozda səhər saatlarında ürəkbulanma və sutkada 5 dəfəyə qədər təkrarlanan qusma müşahidə dilir. Qadınlarda dad və iybilmə hissiyyatı dəyişə bilər. Ümumi vəziyyət qənaətbəxş olur. Bəzən AT aşağı enir, bununla əlaqədar başgicəllənmə və halsızlıq yaranır. 

Orta dərəcəli toksikoz üçün sutkada 10 dəfəyə qədər qusma və daimi ürəkbulanma xarakterikdir. Bu səbəbdən qidalanma çətinləşir, həftədə 3-4 kq çəki itirilir. Yuxu pozulur, nəbz tezləşir, qan və sidiyin laborator göstəriciləri dəyişir. 

Hamiləlikdə ağır formalı toksikoz əzabverici ürəkbulanma və çoxsaylı qusma (sutkada 20-15 dəfəyə qədər) ilə təzahür edir. Hamilələr yemək yeyə bilmir, orqanizm susuzlaşır, nəticədə dəri elastikliyini itirir. Çəki itkisi həftədə 7-10 kq-a çatır. Toksikozun ağır formasında hamilə qadın təcili şəkildə hospitalizasiya edilməlidir.   

Hamiləlik patologiyalarında ürəkbulanma

Patoloji hamiləlikdə qadınları müxtəlif dispeptik əlamətlər narahat edir. Mədə və bağırsağın selikli qişa reseptorlarının sürətli impulsasiyası və yaxud arterial təzyiqin artması ilə əlaqədar ürəkbulanma baş verir. Bu əlamət şiddəli baş ağrısı, görmənin pisləşməsi, əzələlərin səyriməsi ilə müşayiət olunduqda, dərhal həkimə müraciət etmək lazımdır. 

Aşağıdakı patologiyalar ürəkbulanma törədə bilər:

  • Hestoz. Onun digər adı gecikmiş toksikozdur. Hestoz hamiləliyin 20-ci həftəsindən sonra müşahidə edilir. Gecikmiş toksikoz əlamətlərin triadası: ifadəli ödem, yüksək təzyiq və sidikdə zülalın aşkarlanması ilə səciyyələnir. Ürəkbulanma ilə yanaşı gedən intensiv baş ağrıları, halsızlıq və başgicəllənmə adətən arterial hipertenziyapreeklampsiya təhlükəsinə dəlalət edir.   
  • Hamiləlikdə xolestaz. Statistik məlumatlara görə hamilə qadınların 0,1-2%-də xolestaz aşkarlanır. Hamiləlik dövründə estrogenlərin sayı artır, bu hormon ödün kimyəvi tərkibinə və öd axacaqlarının motorikasına təsir göstərir. Qadınlar intensiv qaşınmadan, ürəkbulanmadan, epiqastral nahiyədə ağırlıq hissindən və gəyirmədən şikayətlənirlər. Xolestazın manifestasiyasından 1-2 həftə sonra dəri örtükləri saralır.  
  • Hipertireoz. I trimestrdə tireoid hormonların səviyyəsinin yüksəlməsi orqanizmin fizioloji reaksiyasıdır. Buna baxmayaraq, qalxanabənzər vəzinin fəaliyyəti həddindən çox gücləndikdə xoşagəlməz əlamətlər formalaşır. Hipertireoz izafi tərləmə, əzələlərin titrəməsi, dərinin hiperemiyası ilə özünü büruzə verir. Bir müddətdən sonra bu əlamətlərə ürəkbulunma, qusma, qarında spazm, defeksiya çağırışlarının tezləşməsi əlavə olunur.  
  • Dölyanı mayenin çoxluğu. Hamilələrin 1%-də dölyanı maye normadan artıq olur. Ağırlaşmalar üçün gecikmiş toksikoz xarakterikdir. Bu patologiya qarnın ön divarının ifadəli ödemi və sürətli çəki artımı ilə müştərək şəkildə gedir. Qarın dərisində kobud çatlar və venoz şəkil əmələ gələ bilər. Əksər qadınlarda yerimə zamanı artam flüktuasiya əlaməti (qarında çalxalanma) müəyyən olunur.  
  • Eklampsiya. Xəstəlik hestozun ən ağır forması olub, çox vaxt ana və uşaq üçün ciddi fəsadlara gətirib çıxarır. Eklampsiya hallarında qısa müddətli baş ağrısı, ürəkbulanma, qusma və dumanlı görmənin ardınca qıcolmalar başlanır, huş pozulur. Tutmalara xarici qıcıqlandırıcılar, ağrı və emosional gərginlik səbəb olur. Bəzən bu vəziyyət məhz doğuş prosesində inkişaf edir.  

Yumurtalıqların hiperstimulyasiya sindromu

Patologiyaya adətən süni mayalanma üsullarına müraciət edən və yaxud sonsuzluq əleyhinə uzun müddət hormonal preparatlar içən qadınlarda rast gəlinir. Nəticədə yumurtalıqlar həddindən artıq progesteron və estrogen sintez etməyə başlayır. Bu isə orqanizmə mənfi tədir göstərir. İntensiv ürəkbulanma hamiləliyin ilk həftəsindən yaranır. Onun intensivliyi hiperstimulyasiya sindromunun dərəcəsindən asılıdır. Dispepsiyadan əlavə qadınları həm də ürəkbulanma, təngnəfəslik, aşağı arterial təzyiq fonunda başgicəllənmə narahat edir.  

Mədə-bağırsaq xəstəlikləri

Hamiləlikdə ürəkbulanma hestasiya dövründə təzahür edən ekstragenital patologiya ilə bağlı ola bilər. Hormonal disbalans, həzm sisteminin funksional dəyişiklikləri əvvəllər gizli gedən xəstəliklərin kəskinləşməsinə səbəb olur. Ürəkbulanma digər dispeptik əlamətlərlə birgə formalaşır. Bu xoşagəlməz hissiyyatı törədən xəstəliklər aşağıdakılardır:

  • Qastroezofageal reflüks. Progesteronun təsirindən qida borusunun aşağı sfinkterinin tonusunun azalması, qarındaxili təzyiqin yüksəlməsi hamiləlikdə qastroezofageal reflüksün yaranmasına səbəb olur. Qadınlarda acqarnına ürəkbulanma, turş gəyirmə, qıcqırma, eləcə də epiqastral nahiyədə və döş sümüyünün arxasında ağrılar qeydə alınır. Arxası üstə uzandıqda və ya önə əyildikdə simptomatika güclənir.  
  • Pankreatit. Mədəalıtı vəzin xroniki iltihabının kəskinləşməsi nəticəsində bu orqanın ekzokrin funksiyası zəifləyir, fermentlərin bağırsağa ifrazı ləngiyir. Hamilələrdə ürəkbulanma, qusma, yeməkdən sonra qarında ağırlıq, epiqastral zonada və sol qabırğaaltında müxtəlif intensivlikli ağrılar baş verir.   
  • Xroniki qastrit. Xəstəlik kəskinləşdikdə epiqastral nahiyədə ağrı, ürəkbulanma, turş və yaxud boş gəyirmə müşahidə edilir. Həzm prosesinin pozulması meteorizmə, defekasiya tezliyinin və nəcis kütlələrinin xarakterinin dəyişməsinə gətirib çıxarır. Hamiləlikdə qastrit astenovegetativ pozğunluqlarla müşayiət olunur.  
  • Funksional dispepsiya. Həzm sisteminin üzvi patologiya ilə bağlı olmayan pozğunluqları hamilələrdə MBT funksiyalarının neyrohumoral tənziminin normadan kənara çıxması ilə əlaqəlidir. Dispepsiya qəfil yaranır və gün ərzində itir. Qadınlar ürəkbulanma, qarında ağırlıq və tez doyma ilə qarşılaşırlar. Stress vəziyyətlərində simptomatika kəskinləşir.  
  • Disbakterioz. Hamiləlikdə əsas həzm fermentlərinin aktivliyinin zəifləməsi və bağırsağın normal mikroflorasının pozulması patogen bakteriyaların çoxalması ilə nəticələnir. Belə hallarda bağırsaq boyunca ağrı və diskomfort, qarında köp, ishal və yaxud qəbizlik yaranır. Ürəkbulanma MBT orqanlarının selikli qişasındakı qıcıqlanmış sinir liflərindən beyinə çoxlu sayda impuls daxil olması səbəbindən baş verir.

Ürəkbulanmanın diaqnostikası

Ürəkbulanmadan şikayət edən hamilə qadın ginekoloqa müraciət edir. Həkim anamnez topladıqdan və obyektiv statusu qiymətləndirdikdən sonra ehtiyac yarandıqda pasiyenti digər mütəxəssislərə (adətən qastroenteroloqa) göndərir. Diaqnostika prosesində kompleks müayinə aparılır. Onun köməyilə ürəkbulanmanın səbəbi üzə çıxarılır. Hamilə qadınlarda tətbiq olunan ən informativ üsullar aşağıdakılardır:

  • Ultrasəs müayinəsi. Qarın boşluğunun USM — qeyri-invaziv müayinə metodu olub, hamilə qadın və döl üçün tam təhlükəsizdir. Sonoqrafiya MBT orqanlarının morfoloji xüsusiyyətlərini qiymətləndirməyə, üzvi zədələnmələrin və yaxud iltihabi xəstəliklərin əlamətlərini aşkar etməyə imkan vrir. III trimestrdə uşaqlıq böyüdüyündən bu üsulun informativliyi azalır.  
  • Mədəcikdaxili pH-metriya. Qastroduodenal nahiyənin xəstəlikləri kəskinləşdikdə mədə şirəsinin turşuluğu yoxlanılır. pH göstəricisi və sərbəst xlorid turşusunun miqdarı təyin edilir.   
  • Nəcis analizi. Ürəkbulanma və həzm pozğunluqlarının digər əlamətləri ilə müşayiət olunan patologiyalarda çox vaxt koproqrammanın normal göstəriciləri dəyişir. Göstərişlərə əsasən bağırsaq mikroflorasının təyini ilə genişləndirilmiş müayinə aparılır. Mədəaltı vəzin zədələnməsini inkar etmək üçün fekal elastaza yoxlanılır.  
  • Qanın biokimyəvi müayinəsi. Toksikozlarda zülal-enerji çatışmazlığının dərəcəsini dəqiqləşdirmək üçün qanda ümumi zülal, onun fraksiyaları və qlükoza səviyyəsi müəyyən edilir. Qaraciyər və öd ifrazı sisteminin patologiyalarından şübhələndikdə qaraciyər sınaqları göstəriş sayılır. Ehtiyac olduqda əsas hormonların miqdarı təyin edilir.   

Ürəkbulanmaya qarşı simptomatik müalicə

Yüngül toksikoz və ya fizioloji səbəblərlə bağlı epizodik ürəkbulanma medikamentoz korreksiya tələb etmir. Xoşagəlməz hissi azaltmaq məqsədilə hamilələr gün ərzində kiçik porsiyalarla 5-6 dəfə qidalanmalıdır. Rasionda asan həzm olunan qidalar üstünlük təşkil etməlidir. Mədə möhtəviyyatının qida borusuna qayıtmaması üçün yeməkdən sonra  uzanmaq məsləhət deyil.  

Hamiləlikdə ürəkbulanma daimi xarakter aldıqda, baş ağrıları, çoxsaylı qusma, mədə və bağırsaqda güclü ağrı sindromu ilə müşayiət olunduqda ən qısa zamanda həkimə müraciət olunmalıdır. Diaqnoz qoyulana qədər vəziyyəti yüngülləşdirmək üçün prokinetiklər, antasidlər, sedativ vasitələrdən istifadə etmək olar. Emosional vəziyyətin qeyri-stabilliyində və həzmin funksional pozğunluqlarında psixoterapiya effektivdir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: