Hamiləlikdə yalançı sancılar
Hamiləlikdə yalançı sancılar — uşaqlığın qeyri-müntəzəm yığılmaları nəticəsində yaranan ağrı hissidir. Lakin bu zaman uşaqlıq boynunda açılış olmur. Yalançı sancılar hamiləliyin son dövrlərində, adətən 20-ci həftədən sonra baş verir. Onun əsas əlamətlərinə qarnın aşağı hissəsində və yaxud bel nahiyəsində vaxtaşırı əmələ gələn tutmaşəkilli ağrılar aiddir. Bu vəziyyətin diaqnostikasında kardiotokoqrafiyadan, uşaqlıq boynunun güzgülərlə müayinəsindən və USM-dən istifadə edilir. Müalicə taktikası hamiləlik müddəti və bu vəziyyəti törədən səbəbə əsasən seçilir.
- Səbəbləri
- Patogenez
- Əlamətləri
- Diaqnostika
- Müalicə
- Proqnoz və profilaktika
Hamiləlikdə yalançı sancılar haqqında ümumi məlumat
Bu vəziyyət ilk dəfə ingilis həkimi tərəfindən təsvir olunduğundan onun şərəfinə «Brekston-Hiks sancıları» adlanır. Həmin həkim hələ 1872-ci ildə qeyd etmişdir ki, qadınların əksəriyyəti təxmin olunan doğuş vaxtından əvvəl müəyyən sancılar hiss edirlər. Belə ağrılar həqiqi doğuş vaxtı ilə bağlı qadınlarda çaşqınlıq yaradırdı. Ona görə J.Brekston Hiks yalançı sancılar barədə hamilələri qabaqcadan xəbərdarlıq etməyə başlayır.
Statistik məlumatlara əsasən hamiləlikdə yalançı sancılar 33% hallarda qeydə alınır. İlk dəfə ana olmağa hazırlaşanlarla müqayisədə təkrar doğan qadınlarda yalançı sancılar hamiləliyin daha gec dövrlərində əmələ gəlir.
Hamiləlikdə yalançı sancıların səbəbləri
Uşaqlığın yığılma aktivliyi hipofizin fəaliyyətindən asılıdır. Hamiləliyin 37-ci həftəsindən etibarən orqanizm gələcək doğuşa hazırlaşır, oksitosin və kortizonabənzər maddələr ifraz olunur. Bu hormonların təsirindən uşaqlığın əzələ qatı periodik yığılır. Erkən mərhələlərdə yalançı sancılar aşağıdakı səbəblərdən baş verə bilər:
- Hipofiz və endokrin vəzilərin patologiyaları. Hipofizin arxa payının, qalxanbənzər və böyrəküstü vəzilərin sintez etdiyi hormonların qanda səviyyəsi artdıqda əzələ toxuması tez-tez yığılmağa başlayır. O cümlədən prolaktinin miqdarı yüksəldikdə qadın orqanizmində kişi steroid hormonlarının konsentrasiyası çoxalır. Bu da öz növbəsində yalançı sancılar törədir.
- Uşaqlığın hipertonusu. Uşaqlığın vaxtından əvvəl yığılması müxtəlif faktorlardan asılıdır. Burada həm hormonal səbəblər (progesteron çatışmazlığı), həm də döl-uşaqlıq qan dövranının dəyişməsi (uşaqlıq əzələlərinin hipoksiyası tipi üzrə) böyük rol oynayır.
- Uşaqlığın sinir-reseptor aparatının natamam inkişafı. Estrogen və progesterona həssas reseptorların nisbəti hamiləlik dövründə daim dəyişir. Estrogen reseptorlarının sayı patoloji artdıqda uşaqlıq vaxtından tez yığılır.
Hestoz, cinsiyyət orqanlarının anadangəlmə anomaliyaları, immun xəstəliklər yalançı sancıların risk amillərindəndir. Həmçinin çoxdöllü hamiləlikdə uşaqlığın gərilməsi və yaxud əməliyyatdan sonra formalaşan çapıq yalançı sancılara səbəb olur. Əksər hallarda uşaqlığın əzələ qatının (miometrium) patoloji yığılmasına bətndaxili infeksiyalar və istmiko-servikal çatışmazlıq zamanı rast gəlinir.
Hamiləlikdə yalançı sancıların patogenezi
Hamiləliyin son ayında miometriumun yığılma aktivliyi yüksəlir. Əzələ liflərinin gərginliyini artıran hormonların və bioloji aktiv maddələrin sintezi sürətlənir. Uşaqlıq yığılmalarına səbəb olan sinir impulslarının miqdarı çoxalır. Baş beyində doğuş fəaliyyətini koordinasiya edən ocaq — «doğuşun dominantı» əmələ gəlir.
Bu dövrdə yaranan periodik yalançı sancılar uşaqlığı normal tonusda saxlayır və fetoplasentar qan dövranını stimulə edir. Cift damarları əzələ qatına malik olmadığından uşaqlıq hər dəfə yığıldıqda onlardan venoz qanı xaric edir. Nəticədə venoz qan arterialla əvəz olunur. Bu yolla döl daha çox oksigen və qida maddələri qəbul edir.
Hamiləlikdə yalançı sancıların əlamətləri
Yalançı sancılar hamilə tərəfindən qarnın aşağı hissəsində periodik gərginlik kimi hiss olunur. Sızıltılı və dartıcı xarakterli ağrılar bel nahiyəsinə yayıla bilir. Tutma anında qarın sərtləşir, yumrulanır. Ağrı həddi yüksək olduqda yalançı sancılar ümumiyyətlə hiss edilməyə bilər. Onlar təsadüfən, məsələn ginekoloqun qəbulunda aşkarlanır.
Hamiləlikdə yalançı sancılar qəfil yaranır və o tərzdə də bitir. Onların dəqiq ritmi olmur. Tutmalar adətən gecə saatlarında yaranır. Belə ki, həmin vaxtlarda hipofizdə oksitosin sintezi yüksəlir. Yalançı sancılar həqiqidən yığılma gücünün zamanla artmaması, tutmalararası intervalın isə azalmaması ilə fərqlənir. Bədən vəziyyətini dəyişdikdə və yaxud fiziki aktivlik dayandırıldıqda bu tip sancılar keçib gedir. Onlar gün ərzində bir neçə dəfə baş verə bilər.
Hamiləlikdə yalançı sancıların diaqnostikası
Hamiləlikdə pasiyentin şikayətlərinə əsasən yalançı sancılardan şübhələnmək mümkündür. Müayinə zamanı uşaqlığın tonusu qiymətləndirilir. Uşaqlıq boynunun yetişmə dərəcəsini və onun uzunluğunu təyin etmək üçün vaginal güzgülərdən istifadə olunur. Uşaqlıq boynu 25 mm-dən qıda olduqda, vaxtından əvvəl doğuş ehtimalı artdığından müvafiq tədbirlər görülür: pessarium və ya tikiş qoyulur.
Hamilə qadının cinsi yollarından yaxma götürülür, mikroflora yoxlanılır. Həmçinin qanlı ifrazatları, infeksiya və dölyanı mayenin axmasını inkar etmək üçün nitrazin testi aparılır.
Laborator üsullar: qan və sidiyin ümumi analizi, biokimyəvi müayinə, Zimnitski sınağı (böyrəyin fəaliyyətini yoxlayır) vasitəsilə gələcək ananın ümumi vəziyyəti qiymətləndirilir. Zərurət yarandıqda pasiyent nefroloq və endokrinoloqun qəbuluna yönəldilir.
Uşaqlıq və dölün vəziyyərini dəyərləndirmək üçün xüsusi müayinələr yerinə yetirilir. Ciftin funksionallığını, vəziyyətini və qan dövranını təyin etmək çox vacibdir. Bunun üçün aşağıdakı üsullar tətbiq edilir:
- Kardiotokoqrafiya. Hamiləlikdə uşaqlığın yığılma aktivliyini, sancıların olmasını və dölün ürək fəaliyyətini qiymətləndirməyə imkan verir. Müayinənin nəticələrinə əsasən sancı zamanı dölün oksigen çatışmazlığından əziyyət çəkməyi müəyyənləşdirilir.
- Döl-uşaqlıq qan dövranının USDQ. Onun köməyilə hamiləlikdə döl, cift və uşaqlıq damarlarında anomaliyalar üzə çıxarılır. Bəzən ciftin vaxtından əvvəl qocalması aşkarlanır. Belə vəziyyətlərdə qan dövranı zəifləyir, döldə və yaxud miometriumda hipoksiya halları inkişaf edir. Onlar da anomal sancılara səbəb olur.
Hamiləlikdə yalançı sancıların müalicəsi
Müalicə taktikası hamiləliyin müddətindən asılıdır. 37-ci həftədən etibarən, analizlərin cavabı normal olduqda sancı əleyhinə müalicə aparılmır. 22-37-ci həftələrdə terapiya ilk növbədə uşaqlığın yığılmasına səbəb olan amilin aradan qaldırılmasına yönəldilir. Endokrin patologiyalarda hormonal korreksiya təyin edilir, progesteron səviyyəsi normada saxlanılır. Çünki progesteron hamiləlik müddətinin uzanmasını təmin edən əsas hormondur.
Uşaqlığın yığılmalara meyilliyi yüksək olduqda tokolitik (miometriumu boşaldan) terapiya təyin edilir. Belə vəziyyətlərdə sınaqdan keçirilmiş vasitə – maqnezium sulfat tətbiq olunur. Onu vena və əzələ daxili yeritdikdə qıcolma əleyhinə effekt verir. Bundan əlavə preparat hamilə qadının orqanizmində maye toplanmasının qarşısını alır, döl-uşaqlıq qan dövranını aktivləşdirir. Bəzən dərman diaqnostik sınaq məqsədilə yeridilir: yalançı sancılar kəsilir, həqiqi yığılmalara isə bu preparat təsir göstərmir.
Eləcə də göstərişlərə əsasən hamiləlikdə tokolitiklərdən selektiv beta-adrenomimetiklər (heksaprenalin), prostaqlandin sintezinin inhibitorları (indometasin) və spazmolitiklər (drotaverin) istifadə edilir. Dölün hipoksiyasının profilaktikası, uşaqlıq və cift qan dövranının pozulmaması üçün sitoprotektorlar, antiaqreqantlar təyin edilir.
Hamiləlikdə yalançı sancıların proqnoz və profilaktikası
Yalançı sancılar doğuş fəaliyyətinin başlanmasına səbəb olmadığından proqnoz qənaətbəxş sayılır. Əksər hallarda bu tip sancılar doğuş hazırlıq prosesinin bir hissəsi hesab olunur. Lakin onlar hamiləlik ağırlaşmaları ilə bağlı olduqda vaxtında ginekoloqa müraciət edilməli və adekvat müalicə aparılmalıdır.
Hamiləlikdə yalançı sancıların profilaktikası üçün stress vəziyyətlərdən və həddindən artıq fiziki gərginlikdən uzaq durmaq məsləhət görülür. Həmçinin hipofiz və daxili sekresiya vəzilərinin koordinasiyalı fəaliyyəti üçün gündəlik yuxu və istirahət rejiminə əmək olunmalıdır.