Hamiləlikdən qorunma
Hamiləlikdən qorunma – qadın sağlamlığı və abortun profilaktikası üçün çox vacibdir. Onun müxtəlif üsulları vardır: kişi və qadın; fizioloji və süni; geridönən və dönməyən. Qorunma yolu ginekoloji müayinənin nəticələri, sağlamlıq dərəcəsi, cinsi həyatın xüsusiyyətləri, cütlüklərin yaşı nəzərə alınmaqla, fərdi qaydada seçilir.
Təqvim üzrə hamiləlikdən qorunma
Təqsim üsulu aybaşı siklinin «təhlükəsiz günlərinin» hesablanmasına əsaslanır. Çünki bu günlərdə hamilə qalmaq ehtimalı minimaldır. Təqvim üsulu bazal temperaturun ölçülməsindən, uşaqlıq yolundan gələn seliyə nəzarət və ovulyasiya vaxtının müəyyənləşdiirlməsindən ibarətdir.
Adətən 28-30 günlük aybaşı siklində 10-17-ci günlərdə mayalanma təhlükəsi daha yüksəkdir. Qalan günlər «fizioloji steril» sayıla bilər. Lakin qeyri-müntəzəm və ya qısa aybaşı siklində bu üsulün effektivliyi təxminən 50%-ə bərabərdir.
Natamam cinsi aktla hamiləlikdən qorunma
Spermanın çıxma anından qabaq kişi cinsi orqanının uşaqlıq yolundan çıxarılmasıdır. Bu yolla spermanın qadın cinsi orqanına tökülməsinin qarşısı alınır. Natamam cinsi aktın effektivliyinin aşağı olması (orta hesabla 70%) spermatozoidlərin bir hissəsinin eyakulyasiyadan (sperma ifrazından) əvvəl uşaqlıq yoluna keçməsi, kişinin özünü nəzarət edə bilməməsi, hər 2 partnyorun psixoemosional gərginliyi ilə əlaqədardır.
Baryer üsullarla hamiləlikdən qorunma
Bu vasitələr kişi və qadınlar üçün nəzərdə tutulmuşdur. Onların təsir prinsipi spermatozoidlərin uşaqlıq boynunun seliyinə daxil olmasına yol verilməməsinə əsaslanır. Hamiləlikdən qorunmanın bu üsulu yerli təsirli olub, həm də cinsi yolla keçən infeksiyalardan qoruyur.
Baryer kontrasepsiyanın qadınlar üçün istehsal olunna növlərinə uşaqlıq boynu qapaqcıqları, uşaqlıq yolu pessarium (diafraqma) və s. aiddir. Kişilər isə prezervativdən istifadə edə bilər. Ümumiyyətlə, baryer vasitələrin effektivliyi orta dərəcəlidir. Onların spermisid (kimyəvi) vasitələrlə kombinasiyası hamiləliyin baş tutma ehtimalını xeyli azaldır.
Kimyəvi vasitələrlə hamiləlikdən qorunma
Spermisid (kimyəvi) vasitələr spermatozoidləri inaktivləşdirməklə, onların uşaqlığa keçməsinə mane olurlar. Spermisidlər vaginal şam, tablet, krem, aerozol və s. şəklində buraxılır. Cinsi əlaqədən sonra uşaqlıq yolunu limon, bor, sirkə turşusu məhlulları ilə yumaqla, spermisid təsir əldə etmək mümkündür.
Uşaqlıqdaxili spiralla qorunma
Uşaqlıq boşluğuna yeridilən spiral hamilə qalmaq istəməyən qadınların tez-tez istifadə etdiyi vasitədir. Onun inert, mis və hormon tərkibli növləri mövcuddur. Spiral mayalanmış yumurtahüceyrənin uşaqlığın divarına yapışmasına imkan vermir. Bu vasitə uşaqlıqda 3-5 il qala bilər. Göstərilən müddət başa çatdıqda spiral çıxarılmalıdır.
Hormonal üsulla hamiləlikdən qorunma
Bu metod yumurtalıq hormonlarının sintetik analoqlarının köməyilə ovulyasiyanın baş verməməsinə əsaslanır. Tərkib və istifadə üsulundan asılı olaraq, hormonal kontraseptivlərin aşağıdakı növləri vardır:
- Kombinəolunmuş oral kontraseptivlər (КОК) – müxtəlif birləşmələr (monofaza, ikifaza, üçfaza) şəklində estrogen və gestagen tərkibli hormonal tabletlər;
- Mini-pili (POP) – progestin əsaslı hormonal tabletlər;
- Posikoital (cinsi əlaqədən sonra istifadə olunan) hormonal preparatlar – gestagen və yaxud estrogenlərin yüksək dozlarda qəbulu qorunmamış intim yaxınlıqdan sonra 72 saat ərzində hamiləliyin qarşısını alır;
- Prolonq təsirli (uzunmüddətli) hormonal preparatlar – 1-5 ayda 1 dəfə inyeksiya formasında tətbiq edilir;
- Dərialtı kapsullar – çiyin nahiyəsinə yeridilən implantlar hormon ifraz etməklə, 5 il ərzində mayalanma prosesinə yol vermirlər.
Cərrahi yolla hamiləlikdən qorunma
Buna sterilizasiya da deyilir. Cərrahi üsul geridönməyən olub, hər 2 cinsin nümayəndələrində həyata keçirilir. Cərrahi sterlizasiya pasiyentin yaşının 35-dən çox olduğu, ailədə ən azı 2 uşağın böyüdüyü hallarda, eləcə də tibbi göstərişlər zamanı aparıla bilər. Qadınlarda uşaqlıq boruları, kişilərdə isə toxumçıxarıcı axacaqlar bağlanmaqla, nəsil artırma funksiyası tormozlanılır.