Həddindən artıq güclü doğuş fəaliyyəti

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2234

həddindən artıq güclü doğuş fəaliyyəti nədir?Həddindən artıq güclü doğuş fəaliyyəti – doğuş disfunksiyasının klinik forması olub, uşaqlığın hiperaktivliyi: izafi intensivlikli sancılar, onların tez-tez növbələşməsi və miometriumun yüksək tonusu ilə təzahür edir. Qəfil başlanğıc, sürətli gedişlə xarakterizə olunur; belə hallarda ana və döldə ağır fəsadların yaranma təhlükəsi yüksəlir. Həddindən artıq güclü doğuş fəaliyyəti doğuşun dinamikasına nəzarət, KTQ nəticələrinə əsasən aşkarlanır. Doğuş disfunksiyasını aradan qaldırmaq üçün tokolitik preparatlar, ftorotan və ya efir narkozundan istifadə edilir.

  • Həddindən artıq güclü doğuş fəaliyyətinin yaranma səbəbləri
  • Həddindən artıq güclü doğuş fəaliyyətinin əlamətləri
  • Həddindən artıq güclü doğuş fəaliyyətinin diaqnostikası
  • Həddindən artıq güclü doğuş fəaliyyətinin müalicəsi
  • Həddindən artıq güclü doğuş fəaliyyətinin profilaktikası

Həddindən artıq güclü doğuş fəaliyyəti barədə ümumi məlumat

Mamalıq təcrübəsində həddindən artıq güclü doğuş fəaliyyətinin inkişaf tezliyi bütün doğuş hallarının  0,4-0,8%-ni təşkil edir. Həddindən artıq güclü doğuş fəaliyyətinin əlamətlərinə uşaqlığın yüksək tonusu (>12 mm cv. süt.) və 50 mm civə sütunundan yüksək amplitudalı, 1-2 dəqiqədən az intervalla 1 dəqiqədən artıq davam edən patoloji xarakterli güclü sancılar aiddir.

Həddindən artıq güclü doğuş fəaliyyətində uşaqlıq boynu açılması və dölün uşaqlıqdan qovulması sürətlə baş verir. Doğuş disfunksiyası bütün hallarda uşaqlıq-plasentar qan dövranının pozulması və onunla bağlı döldə müxtəlif ağırlıq dərəcəsinə malik qaz mübadiləsi pozğunluqları ilə müşayiət olunur. Çox zaman uşaqlığın hiperaktivliyi nəticəsində doğuşlar («küçə doğuşları») elə sürətlə baş verir ki, qadını doğum evinə çatdırmaq mümkün olmur.

Həddindən artıq güclü doğuş fəaliyyətinin səbəbləri

Həddindən artıq güclü doğuş fəaliyyətinin səbəbləriHəddindən artıq güclü doğuş fəaliyyətinə səbəb olan amillər kifayət qədər öyrənilməmişdir.  Doğuş gücünün bu tip pozulmaları adətən nevrasteniya, isteriya, Bazedov xəstəliyi və s. zamanı sinir sisteminin ümumi oyanıqlığının artması fonunda inkişaf edir. Hesab olunur ki, həddindən artıq güclü doğuş fəaliyyəti doğuş aktının kortiko-visseral tənziminin pozulmaları və bununla bağlı uşaqlıq əzələlərinin yığılma aktivliyini stimulə edən hormon və mediatorların (oksitosin, adrenalin, prostaqlandin, asetilxolin və s.) hipersekresiyası ilə əlaqədar yaranır.

Bəzi hamilələrdə güclü doğuş fəaliyyətinə miositlərin anadangəlmə patologiyası – onların yüksək  oyanıqlığı səbəb olur. Belə hallarda uşaqlıq əzələlərinin yığılması üçün daha az potensial tətəb olunur. Adətən bu tip qadınların ana və ya yaxın qohumlarının anamnezində həddindən artıq güclü doğuş fəaliyyəti  izlənilir.

Həddindən artıq güclü doğuş fəaliyyətinə həmçinin ağırlaşmış mamalıq-ginekoloji anamnez: ağır hestoz, endometrit, servisit, yumurtalıqların disfunksiyası, patoloji doğuşlar, ilk dəfə doğan qadının yaşının 18-də az və ya 30-dan yuxarı olması, uşaqlığın hipertonususpontan düşük təhlükəsi təsir edə bilər. Həddindən artıq güclü doğuş fəaliyyəti dölün qovulmasına çətinlik törədən anatomik maneələr: dölün köndələn vəziyyəti, ananın dar çanağı və s. zamanı müşahidə edilə bilər.

Təxminən 50%-dən çox hallarda həddindən artıq güclü doğuş fəaliyyəti vaxtından əvvəl doğuşlarda qeydə alınır. Əsassız və artıq stimulyasiya həddindən artıq güclü doğuş fəaliyyətinin səbəblərindən sayılır.

Həddindən artıq güclü doğuş fəaliyyətinin əlamətləri 

Həddindən artıq güclü doğuş fəaliyyətinin əlamətləri Həddindən artıq güclü doğuş fəaliyyəti adətən qəflətən başlanır. Bu zaman qısa fasilələrlə bir-birinin ardınca aktiv sancılar inkişaf edir, bu da uşaqlıq əsnəyinin sürətlə açılmasına gətirib çıxarır. Doğan qadının vəziyyəti oyanıq olur, bu da hərəki aktivliyin artması, taxikardiya, AT-nin yüksəlməsi, tənəffüsün tezləşməsi ilə özünü büruzə verir.

Dölyanı maye axdıqdan sonra güclü gücvermələr inkişaf edir; döl adətən 1-2 gücvermə ilə doğulur. Həddindən artıq güclü doğuş fəaliyyəti zamanı doğuşlar tez (ilk dəfə doğan qadınlarda 4-6 saat, təkrar doğanlarda 2-4 saat) və ya sürətli (ilk dəfə doğan qadınlarda 2-4 saat, təkrar doğanlarda 2 saatdan az)  olur.

Həddindən artıq güclü doğuş fəaliyyətinin təhlükəliyi qadın və uşaqda doğuş travmaları riskinin yüksək olması ilə izah olunur. Doğuş  gücünün bu tip anomaliyası ciftin vaxtından əvvəl ayrılması, vulva, aralıq, uşaqlıq yolu, uşaqlıq boynu və cisminin dərin cırılmaları, qasıq sümüklərinin aralanması ilə nəticələnə bilər. Dölün sürətlə qovulması uşaqlığın hipotoniyası və doğuşdan sonra qanaxmaya səbəb ola bilər. Doğuş travmaları ilə əlaqədar septiki ağırlaşmaların – metroendometrit, metrotromboflebit və s. yaranma ehtimalı artır. Bəzən həddindən artıq güclü doğuş fəaliyyəti doğuş gücünün ikincili zəifliyi ilə əvəz olunur.

Həddindən artıq güclü doğuş fəaliyyəti zamanı uşaqlıq-cift qan dövranın pozulması nəticəsində dölün kəskin hipoksiyası inkişaf edir. Bundan əlavə döl doğuş yollarından sürətlə keçərkən onun başı konfiqurasiya edə bilmir, güclü kompressiyaya məruz qalır, bu da çox vaxt travmalarla –kəllənin zədələnməsi, kəllədaxili qansızmalar və s. müşayiət olunur.

Həddindən artıq güclü doğuş fəaliyyətinin diaqnostikası

Həddindən artıq güclü doğuş fəaliyyəti diaqnostikası yuxarıda qeyd olunan əlamətlər, vaginal müayinə və kardiotokoqrafiyanın nəticələrinə əsasən aparılır. Doğuş aktının gedişi  tezləşmiş, uzunmüddətli, intensiv sancılar, dölyanı mayenin axmasından dərhal sonra yaranan sürətli gücvermələrlə xarakterizə olunur. Ginekoloji müayinə uşaqlıq əsnəyinin yüksək sürətlə açılmasını təyin etməyə imkan verir. KTQ məlumatlarına əsasən sürətli doğuş fəaliyyəti qeydə alınır.

Dölün biofiziki profilinin keyfiyyətli qiymətləndirilməsi məqsədilə USM, uşaqlıq-cift qan dövranının dopplerometriyası, dölün fonokardioqrafiyası aparıla bilər. Diaqnostika prosesində həddindən artıq güclü doğuş fəaliyyətini diskoordinasiyalı doğuş fəaliyyətindən fərqləndirmək lazımdır. Sonuncu halda intensiv sancılar fonunda uşaqlıq boynu bağlı olur.

Həddindən artıq güclü doğuş fəaliyyətinin müalicəsi

Həddindən artıq güclü doğuş fəaliyyəti zamanı mama-ginekoloqun bütün cəhdləri uşaqlığın hiperaktivliyinin aradan qaldırılmasına yönəldilir. Bu məqsədlə qadın dölün vəziyyətinə əks istiqamətdə yan tərəfə uzadılır. Medikamentoz terapiya sancıların intensivlik və tezliyini azaldan tokolitik preparatların (beta-adrenomimetiklər: fenoterol, terbutalin, ritodrin və s.), kalsium antaqonistlərinin infuziyalarının təyini ilə icra olunur. Bundan əlavə ftorotan və ya efir narkozu, maqnezium-sulfat, trimeperidinin əzələdaxili inyeksiyaları, iynəreflekoterapiyadan istifadə olunur.

Güclü doğuş fəaliyyətinin aradan qaldırılması ilə yanaşı dölün asfiksiyasının profilaktikasına yönəldilmiş terapiya aparılır. Doğuşun II mərhələsində pudendal anesteziya tətbiq edilir, epiziotomiya və ya perineotomiya icra olunur. Doğuş başa çatdıqdan sonra cırılmaların aşkarlanması və tikilməsi məqsədilə doğuş yollarına baxış keçirilir. Müalicəyə tabe olmayan doğuşdan sonrakı qanaxmalar zamanı uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya həyata keçirilir.

Hamilənin və ya onun yaxın qohumlarının anamnezində həddindən artıq güclü doğuş fəaliyyətinin izlənildiyi hallarda qadın əvvəlcədən  doğum evinə hospitalizasiya edilir. Keçmiş hamiləliyin qeyri-qənaətbəxş sonluğu və ya ağırlaşmış mamalıq-ginekoloji status zamanı planlı Qeysəriyyə əməliyyatına üstünlük verilir.

Həddindən artıq güclü doğuş fəaliyyətinin profilaktikası

Həddindən artıq güclü doğuş fəaliyyəti təhlükəsi olduqda hamiləliyin aparılma prosesində doğuşlara psixoprofilaktik hazırlıq, autotreninq və əzələ relaksasiyası üsullarının öyrədilməsinə diqqət yetrimək lazımdır. Risk amilləri erkən aşkarlanmalı və aradan qaldırılmalı, istirahıt və qidalanma rejiminə riayət edilməlidir.

Göstərişlər olduqda sedativ, spazmolitik, metabolik preparatlarla həddindən artıq güclü doğuş fəaliyyətinin  profilaktikası aparılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: