Hidrosalpinks

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 4455

hidrosalpinks nədir?Hidrosalpinks – uşaqlıq borularının patologiyası olub, onların mənfəzində bir və ya ikitərəfli transudatın toplanması ilə xarakterizə olunur. Simptomsuz keçə və ya ilk dəfə sonsuzluqla əlaqədar aşkar oluna bilər. Hidrosalpinksin klinik ifadəli formaları qarnın aşağı hissəsində ağrı (dartıcı, kəsici, pulsasiyaedici), çoxlu miqdarda sulu konsistensiyalı ağ ifrazat, febrilitet və ümumi halsızlıqla müşayiət olunur. Hidrosalpinksin diaqnostikası məqsədilə ginekoloji müayinə, kiçik çanaq orqanlarının USM, ultrasəs histerosalpinqoskopiya və histerosalpinqoqrafiya, yaxmanın götürülməsi və qiymətləndirilməsi, diaqnostik laparoskopiya aparılır. Müalicə adətən cərrahi yolladır – salpinqostomiya, tubektomiya.

  • Hidrosalpinksin yaranma səbəbləri
  • Hidrosalpinksin əlamətləri
  • Hidrosalpinksin diaqnostikası
  • Hidrosalpinksin müalicəsi

Hidrosalpinks barədə ümumi məlumat

Hidrosalpinks – seroz eksudatın depolaşması səbəbindən fallop borularının keçiriciliyinin pozulmasıdır. Boru-peritoneal formalı sonsuzluğun ən çox yayılmış səbəbi hesab olunur. Boru sonsuzluğu səbəbindən köməkçi reproduktiv texnologiyaya müraciət edən xəstələrdə hidrosalpinksin yayılma tezliyi 10-30% təşkil edir. Hidrosalpinksli qadınlarda hamiləliyin sərbəst şəkildə baş verməsi ehtimalı 2 dəfə azalır, EKM prosesində embriounun implantasiyası 3-5 dəfə az baş verir, hamiləliyin pozulması halları və uşaqlıqdan kənar hamiləliyin yaranma tezliyi 2 dəfə artır. Mövcud statistika mamalıq və ginekologiyada bu problemin və onun həllinin xüsusi aktuallığını nümayiş etdirir.

Hidrosalpinksin təsnifatı

Hidrosalpinksin yaranma səbəbləriSaktosalpinks – uşaqlıq borularının patologiyalarının ümumi adı olub, boşluqların kisəşəkilli olması və mənfəzdə maye şəkilli möhtəviyyatın toplanması ilə xarakterizə olunur. Hidrosalpinks zamanı kisəşəkilli möhtəviyyatı şəffaf seroz, piosalpinksdə isə irinli mayedən ibarət olur. Patologiya bir və ya iki tərəfli ola bilir.

Morfoloji xüsusiyyətlərinə görə hidrosalpinks sadə və follikulyar (çoxkamerali) formalara ayrılır. Sadə forma uşaqlıq borusunda tək sayda qapalı boşluğun, follikulyar isə bitişmələrlə ayrılan bir neçə boşluqların formalaşması zamanı aşkarlanır. Kisəşəkilli boşluğun periodik olaraq boşalması və onun möhtəviyyatının uşarqlıq boşluğuna və sonra xaricə axması hallarında ventil (və ya drenəedici) hidrosalpinks qeyd olunur. Hidrosalpinksin gedişi kəskin (iltihabın aktiv fazası) və ya xroniki (süst gedişli iltihab) olur. Hidrosalpinksin ölçüləri 1 sm-dən 1 neçə sm-ə kimi ola bilir.

Hidrosalpinksin yaranma səbəbləri

Uşaqlıq borularının saktosalpinks (saktos-kisə) tipli transformasiyasına kiçik çanaq orqanlarının xəstəliklərinin nəticəsində yaranan bitişmə prosesləri səbəb olur. Bu zaman borunun mənfəzində birləşdirici toxuma inkişaf edir, psevdokista formalaşdıran arakəsmələr yaranır. Borunun müəyyən hissəsində mənfəz tam şəkildə keçməməzliyə qədər daralır. Borunun divarında qan və limfa dövranının pozulması nəticəsində formalaşmış boşluqda selikli qişanın ifraz etdiyi sekret, qan plazması və hüceyrəxarici mayedən ibarət transudat toplanmağa başlayır. Boşluqda transudatın toplanması zamanı borunun divarı gərilir, deformasiyalaşır və nazilir. Maye periodik olaraq xaricə axa və ya divarlar tərəfindən hissəvi olaraq sorula bilir, lakin bitişmə və iltihabi reaksiyaların olması hidrosalpinksin təkrar formalaşmasına və xəstəliyin residivləşən xarakter almasına gətirib çıxarır .

Əkəsr hallarda hidrosalpinksin yaranmasına qeyri-spesifik mikrob florası (o cümlədən mikst-infeksiya) və ya cinsi yolla ötürülən infeksiyaların (xlamidioz, qonoreya, mikoplazmoz, trixomoniaz və s.) törədiciləri tərəfindən yaranan yerli iltihabi proseslər (salpingit, adneksit, endometrit) səbəb olur. Hidrosalpinksin risk qrupuna endometriozlu, uşaqlıq borularında rekonstruktiv əməliyyatlar və kiçik çanaq orqanlarında cərrahi müdaxilələr keçirmiş qadinlar daxildir.

Hidrosalpinksin əlamətləri

Hidrosalpinksin əlamətləriQeyri-aktiv iltihabi proses zamanı kiçik ölçülü hidrosalpinks adətən simptomsuz gedişə malik olur və kiçik çanaq orqanlarının planlı müayinəsində təsadüfən aşkarlanır. Mayenin çox toplanması və boruların gərilməsi hallarında qarnın aşağı yan tərəflərində ağırlıq hissi, xroniki çanaq ağrıları yaranır. Bədən hərarəti periodik olaraq subfebril həddə çata bilir. Drenəedici  hidrosalpinks zamanı xəstələr vaxtaşırı cinsi yollardan çoxlu miqdarda ağ ifrazatın axmasını qeyd edirlər.

Kəskin iltihabi proseslərdə bədən hərarəti 38º— 39ºС-yə qədər qalxır, qasığa irradiasiya edən intensiv kəsici və ya pulsasiyaedici ağrı müşahidə olunur. Bəzən hiprosalpinksin klinikası kəskin cərrahi patologiya (appendisit), bağırsaq və ya böyrək sancılarını xatırladır. İfadəli əzginlik, hektik qızdırma, titrətmə, mialgiya piosalpinksin inkişafına dəlalət edir.

Hidrosalpinks nəticəsində uşaqlıq borularının keçiriciliyinin pozulması reproduktiv funksiyaya birbaşa təsir edir. Əgər borunun mənfəzi tam tutulubsa yumurtahüceyrənin ora düşməsi və mayalanma prosesi mümkün olmur, nəticədə boru sonsuzluğu yaranır. Bu səbəbdən çox hallarda ginekoloji müayinəyə qadının uğursuz hamiləlik cəhdləri səbəb olur. Lakin hətta mənfəz tam bağlanmadıqda səyrici epitel qatının zədələnməsi, selikli qışanın büküşlərinin hamarlanması və əzələ liflərinin atrofiyası boruların peristaltikasının pozulmasına və beləliklə də uşaqlıqdan kənar hamiləliyin inkişafına gətirib çıxarır. Hidrosalpinks nəinki təbii yolla hamiləliyin baş verməsinə mane olur, həmçinin ekstrakorporal mayalanmanın effektivliyini bir neçə dəfə azaldır. Hidrosalpinks xroniki endometritin inkişafını  aktivləşdirir, bu da köməkçi reproduktiv texnologiyanın nəticələrinə təsir edir.

Uşaqlıq borusunun cırılması hidrosalpinksin ciddi ağırlaşmalarından sayılır. Bu proses qarnın müvafiq yarısında kəskin ağrı, taxikardiya, arterial hipotoniya, dəri solğunluğu, soyuq tər ilə xarakterizə olunur. Piosalpinksin partlaması zamanı peritonit, pelvioperitonit, duqlas boşluğunun absesinın yaranma ehtimalı yüksək olur. Bəzi hallarda irin qarın boşluğuna deyil, sidik kisəsi, uşaqlıq yolu və ya düz bağırsağa tökülür.

Hidrosalpinks və EKM

Reproduktologiya sahəsində aparılan tədqiqatlar hidrosalpinksin EKM-in proqnozuna neqativ təsirini sübut edir. Bu zaman embriounun uğurlu implantasiyasının bir neçə dəfə azalması ilə yanaşı, həm də ektopik hamiləlik, erkən dövrlərdə spontan düşük təhlükəsi yüksəlir. Belə bir səbəb-nəticə əlaqəsi  hidrosalpinks möhtəviyyatının törətdiyi bir sıra patoloji effektlərlə izah olunur:

  • Mexaniki təsir. Ehtimal olunur ki, drenəedici hidrosalpinks uşaqlıq boşluğuna boşaldığı zaman erkən embrionları «yuyub aparır».
  • Embriotoksiki təsir. Uşaqlıq boşluğundan embrionların birbaşa mexaniki xaric edilməsindən əlavə hidrosalpinksin möhtəviyyatı onlara desktruktiv təsir edir. Hidrosalpinksin daxilindəki maye ifadəli sitotoksik və embriotoksik təsir göstərən çox sayda mikroorqanizm və onların toksinləri, limfosit, prostaqlandin, iltihabönü sitokinlərdən ibarətdir. Bu təsir hətta hidrosalpinksin möhtəviyyatının 50% durulaşdırılması hallarında da saxlanılır.
  • Endometriumun zədələnməsi. Hidrosalpink zamanı morfoloji və immunohistokimyəvi metodların köməyilə endometriumun patomorfoloji dəyişiklikləri aşkarlanır. Yerli immunitetin azalması, estradiol və progesterona qarşı reseptorların ekspressiyası, subendometrial qan dövranının zəifləməsi, endometriumun vəzi və stroma komponentlərinin struktur dəyişiklikləri – bu amillərin hər biri embironun implantasiyasının pozulmasına səbəb ola bilir.

Hidrosalpinksin diaqnostikası

Hidrosalpinksin aşkar olunmasına yönəldilmiş klinik-laborator və instrumental diaqnostika ginekoloji müayinə, cinsi yollardan yaxmanın götürülməsi, uşaqlıq borularının keçiriciliyinin yoxlanılması, sonoqrafiya və laparoskopiyadan ibarətdir. Vaginal müayinə zamanı uşaqlıq və yumurtalıq arasında yumru və ya oval formalı, sıx elastik konsistensiyalı, mülayim ağrılı törəmə palpasiya olunur.

Transvaginal və ya kombinəolunmuş ginekoloji USM ginekoloji müayinənin nəticələrini tamamlayır və dəqiqləşdirir. Exoqrafiyada həmcins (hidrolsalpinksdə) və ya qeyri-həmcins (piosalpinksdə) möhtəviyyatlı, genişlənmiş, dartılmış fallopiya boruları müşahidə olunur. Qalınlaşmış borunun yanında intakt yumurtalıq izlənilir. Düz bağırsaq –uşaqlıq dərinliyində sərbəst maye qeyd olunur. Uşaqlıq borularının keçiriciliyini və patologiyanı aşkar etmək məqsədilə histerosalpinqoqrafiya və ultrasəs histerosalpinqoskopiyadan istifadə olunur.

Hidrosalpinskin olmasını sübut edən ən səhih məlumatlar dianostik laparoskopiya prosesində əldə edilir. Bu zaman monitorda ödemli fimbriyalı, nazilmiş divarlardan sezilən sulu möhtəviyyatlı, qalınlaşmış fallopiya boruları müşahidə olunur. Həmçinin laparoskopiya hidrosalpinksli xəstələrin konsevativ-cərrahi müalicəsinin əsas komponenti sayılır.

Hidrosalpinksin müalicəsi

Hidrosalpinksin konservativ yolla müalicəsi mümkün deyil. Transudatın toplanmasına səbəb olan patomorfoloji amillərin saxlanılması patologiyanın residivləşən gedişinə şərait yaradır. Bununla yanaşı hidrosalpinks reproduktiv planın uğurla reallaşmasını şübhə altına qoyur. Hal-hazlrda bu problemli xəstələrdə 2 mərhələli müalicə aparılır. Əvvəlcə uşaqlıq borularında infeksion prosesin aradan qaldırılmasına yönəldilmiş iltihabəleyhinə terapiya təyin edilir. Müalicə məqsədilə antibakterial  preaparatlar, vitaminoterapiya, fizioterapiyadan (elektrofarez, maqnitofarez, lazeroforezdən) istifadə olunur.

Cərrahi mərhələdə laparoskopik üsula üstünlük verilir. Patoloji dəyişikliklərin lokalizasiyası və ifadəliyindən asılı olaraq uşaqlıq borularında müxtəlif rekonstruktiv müdaxilələr (salpinqoovariolizis, fimbriolizis, salpinqostomiya və ya salpinqoneostomiya) icra edilir. Əməliyyatdan sonrakı dövrdə palçıqla müalicə, balneoterapiya, uşaqlıq borularının elektrostimulyasiyası aparılır.

Lakin hətta bitişmələrin likvidasiyası və boruların reokklüziyası hamiləliyin sərbəst baş tutmasına zəmanət vermir, çünki uşaqlıq borularının peristaltikasını tam şəkildə bərpası heç də həmişə mümkün olmur. Bu səbəbdən reproduktoloqlar süni mayalanma yolu ilə hamiləlik planlaşdıran qadınlara laporoskopik tubektomiyanı (salpinqektomiyanı) məsləhət görürlər. Uşaqlıq borusunun çıxarılması EKM–nin effektivliyini 3 dəfə artırır.

Hidrosalpinksin proqnoz və profilaktikası

Hidrosalpinks zamanı hamiləliyin istər sərbəst, istərsə də EKM youlu ilə baş tutması ehtimalı çox aşağı olur. Funksional rekonstriktiv cərrahiyyə üsulu hər zaman hamiləliyin təbii yolla baş tutması ilə nəticələnmir, bu məqsədlə xəstələrə tubektomiyadan sonra EKM məsləhət görülür.

Hidrosalpinksin profilaktikası məqsədilə kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri (salpinqooforit, endometrit) və cinsi yolla ötürülən infeksiyaların qarşısının alınması və adekvat müalicəsi, təsadüfi cinsi əlaqələr, abortlardan imtina, müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: