Hiperestrogeniya
Hiperestrogeniya — qadın orqanizmində cinsi hormon sayılan estrogenin və onun törəmələrinin artması ilə xarakterizə olunan vəziyyətdir. Əsas təzahürlərinə ağrılı, gur aybaşı və predmenstrual sindrom aiddir. Diaqnostika prosesində başlıca üsul hormonal statusun qiymətləndirilməsidir. Hiperestrogeniyanın səbəbini üzə çıxarmaq üçün hipofizin rentgeni, ginekoloji USM, diaqnostik qaşıma aparılır. Müalicə patologiyanın səbəbindən asılı olub, vəziyyətin hormonal korreksiyasına yönəldilir.
- Hiperestrogeniyanın səbəbləri
- Patogenez
- Əlamətləri
- Hiperestrogeniyanın ağırlaşmaları
- Diaqnostikası
- Müalicəsi
- Profilaktikası
Hiperestrogeniya haqqında ümumi məlumat
45 yaşına qədər qadınlarda hiperestrogeniya fonunda yaranan ginekoloji patologiyalar reproduktiv sistemin xəstəliklərinin 6,6%-ni təşkil edir. Perimenopauza dövründə bu rəqəm 17-40% qədər yüksəlir. Estrogenlərin maksimal səviyəsinə aybaşı siklinin I fazasında rast gəlinir. Bu mərhələ aybaşının başlandığı andan etibarən 7-14 gün müddətində davam edir. Aybaşının II fazasında isə estrogenlərin sintezi azalmağa başlayır. II faza ovulyasiyadan aybaşı siklinin ilk gününə qədər sürür. Normada hiperestrogeniya cinsi yetişkənlik və hamiləlik dövrü üçün xarakterikdir.
Hiperestrogeniyanın səbəbləri
Estrogen sintezini artıran amillər birincili və ikincili olur. Birincili amillərin təsirindən estrogenlərin sintezi yüksəlir. Qanda estrogen səviyyəsinin norma ilə müqayisədə artması müəyyən olunur. Buna mütləq hiperestrogeniya deyilir. Progesteronların miqdarı azaldıqda hiperestrogeniyanın klinikası estrogenlərin normal göstəriciləri fonunda inkişaf edir. Bu hal ikincili (nisbi) hiperestrogeniya adlanır. Estrogenlərin çoxalmasının başlıca səbəbləri aşağıdakılardır:
- Hipofiz və hipotalamusun törəmələri. Yumurtalıqlarda steroid hormonların sintezinə baş beyində yerləşən endokrin mərkəzlər nəzarət edir. Bu nahiyənin şişləri tənzimləyici hormonların səviyyəsini artıra bilir. Belə vəziyyətlərdə yumurtalıqlar daha aktiv fəaliyyət göstərərək, estrogen sintezini artırır.
- Estrogen hasil edən şişlər. Yumurtalıq və böyrəküstü vəzilərin hormonal-aktiv şişlərində estrogenlərin səviyyəsi nəzarətdən çıxır, əlamətlər sürətlə artır. Aybaşı siklinin fazalarından asılılıq itir, hormonların miqdarı normadan 5-7 dəfə yüksəlir.
- Qalxanbənzər vəzin fəaliyyətinin pozulması. Hipofizin ön payının tənzimləyici hormonları quruluşlarına görə bir-birlərinə çox bənzərdir. Bəzi hallarda onlar nəinki qalxanabənzər vəzə, həm də yumurtalıqlara təsir göstərir. Qalxanabənzər vəzin aktivliyinin azalması, eləcə də artması hiperestrogeniyaya gətirib çıxarır.
- Xorionepitelioma. Rüşeym hüceyrələrindən formalaşan bədxassəli şişdir. Bu törəmə xorionik qonadotropin sintez edir. Onun təsirindən yumurtalıqlarda estrogen sintezi güclənir.
- Piylənmə. Alimlər piy toxumasını alimlər endokrin orqan hesab edirlər. Piy hüceyrələrinin miqdarı artdıqda orqanizmdə kişi cinsi hormonlarının – androgenlərin toplanması sürətlənir. Onların artıq hissəsi isə estrogenlərə çevrilir, nəticədə hiperestrogeniya inkişaf edir.
- Hepatit və yaxud qaraciyər sirrozu. Qadın cinsi hormonlarının artıq hissəsi birləşdirici qlobulinə bitişərək inaktivləşir. Bu zülal hepatositlərdə sintez olunur. Qaraciyər hüceyrələri dağıldıqda və öz funksiyasını itirdikdə qan zərdabında aktiv estrogenlərin səviyyəsi yüksəlir.
Nisbi hiperestrogeniya bütün qadınlarda 35 yaşdan sonra yaranır. Belə ki, bu yaş dövründə progesteron sintezi zəifləyir, hipofiz hormonlarının yumurtalıqlara təsiri tormozlanır. Qanda estrogenlərin miqdarı artır, çoxdöllü hamiləlik ehtimalı artır. Bu proses orqanizmin qocalmasının ilk indiqatorudur.
Hiperestrogeniyanın patogenezi
Estrogenlər təkcə reproduktiv sistemə təsir göstərmir. Əslində estrogen reseptorlarına süd vəzilərində, ağciyərdə, qaraciyərdə, sümüklərdə və baş beyində də rast gəlinir. Onların membran (hüceyrə divarında yerləşən) və nüvə (hüceyrənin nüvəsində olan) formaları mövcuddur. Hiperestrogeniya zamanı artıq hormonlar reseptorlarla birləşərək, orqanizmdə patoloji reaksiyalara səbəb olurlar.
Ən geniş yayılmış neqativ membran effekti hüceyrə divarının keçiriciliyinin yüksəlməsidir. Maye və elektrolitlər damar daxilindən toxumalara keçir. Bunun sayəsində ödem əmələ gəlir.
Neqativ nüvə effektinə isə hüceyrələrin bölünmə sürətinin artması misaldır. Nəticədə uşaqlıqda və süd vəzilərində hiperplastik proseslər meydana çıxır. Zülalların (məsələn, qanın laxtalanma amilləri) sintezi artdıqda tromblar formalaşır.
Hiperestrogeniyanın əlamətləri
Pasiyentlərin əsas şikayətlərinə gur və ağrılı aybaşı (alqodismenoreya) aiddir. Aybaşı siklinin müddəti azala və ya əksinə arta bilər. Bu zaman axıntılar al-qırmızı rəngdə olur. Onların tərkibində laxta müşahidə edilir. Aybaşı ağrıları daimi, sızıltılı xarakter daşıyır. Ağrıkəsici preparatların qəbulu müvəqqəti effekt verir. Ağrılar qanitirmə əlamətləri: başgicəllənmə, halsızlıq, taxikardiya ilə müşayiət olunur. Bu isə əmək qabiliyyətini və əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə pozur.
Hiperestrogeniya üçün kökəlmə xarakterikdir və piy toxuması əsasən bud nahiyəsində toplanır. Pəhriz və idmana baxmayaraq, artıq kiloqramlardan qurtulmaq çox çətin olur. Siklin ikinci yarısında, xüsüsən aybaşıdan əvvəl süd vəzilərinin həssaslığı artır, onların toxumaları şişir, ağrı meydana çıxır.
Həmçinin belə qadınlarda predmenstrual sindrom qabarıq olur. Fiziki diskomfortla yanaşı əhvalın pozulması, ağlağanlıq, əsəbilik müşahidə edilir. Bəzən bu fonda iştah yüksəlir, şirniyyata qarşı güclü istək oyanır. Toxumalarda su və natriumun ləngiməsi ilə əlaqədar ödem yaranır, arterial təzyiq artır.
Hiperestrogeniyanın ağırlaşmaları
Uzunmüddətli hiperestrogeniya endometriumun hiperplaziyasına səbəb ola bilər. Belə xəstələrdə uşaqlığın daxili qatı patoloji formada böyüyür, onun qopması güclü qanaxma ilə nəticələnir. Estrogen hormonu hüceyrələrin bölünmə sürətini artırdığından bədxassəli proseslərə meyillik yaranır. Buna xüsusən qadın cinsi hormonlarına həssas toxumalarda – endometriumda, uşaqlığın əzələ toxumasında, süd vəzilərində rast gəlinir.
Endometriumun qalınlaşmış hissələri qan axını ilə digər orqan və hüceyrələrə daşınır. Orada yeni böyümə ocaqları formalaşır. Endometriumun uşaqlıqdan kənar ocaqları sağlam toxumaları zədələyir. Qadınlarda xroniki çanaq ağrıları əmələ gəlir. Bu xəstəlik endometrioz adlanır. Hiperestrogeniya zamanı laxtalanma amillərinin sintezi güclənir, damar trombozlarının yaranma ehtimalı yüksəlir.
Hiperestrogeniyanın diaqnostikası
Ginekoloji müayinə apardıqda kövşək, bir qədər göyərmiş selikli qişalar və çoxlu miqdarda ifrazatlar nəzərə çarpır. Hiperestrogeniya diaqnozunun qoyulması çətinlik törətmir. Bunun üçün qanda estradiol səviyyəsinin artmasını və yaxud progesteronun azalmasını aşkarlamaq kifayətdir. Əsas mürəkkəb məsələ hiperestrogeniyanın səbəbini müəyyən etməkdir. Bu məqsədlə aşağıdakı müayinələrdən istifadə olunur:
- Hormonal analiz. Aybaşı siklinin 5-7-ci günündə aparılır. Qanda estradiol, testosteron, qalxanabənzər və hipofiz vəzlərin hormonlarının səviyyəsi yoxlanılır. Progesteron analizi aybaşıya 5 gün qalmış yerinə yetirilir.
- Türk yəhərinin rentgenoqrafiyası. Müayinənin nəticələrinə əsasən hipofizin anatomik quruluşu qiymətləndirilir. Onun həcm və forması, eləcə də əlavə törəmələrin olması barədə fikir bildirilir.
- Elekroensefaloqrafiya. Müayinə əsnasında qabıqaltı beyin mərkəzlərinin elektrik aktivliyi müəyyən edilir.
- Sonoqrafiya. Hiperestrogeniyanın klinik təzahürləri hədəf orqanlarında: cinsiyyət sistemi və süd vəzilərində inkişaf edir. Ultrasəs müayinəsində uşaqlıqda mioma, endometriumun hiperplaziyası, süd vəzilərində isə kista aşkarlana bilər. Exohisterosalpinqoskopiya zamanı uşaqlıq və artımların quruluşu vizualizasiya olunur, patoloji törəmələr üzə çıxarılır.
- Biopsiya. Uşaqlıq boşluğunun möhtəviyyatının aspirasion biopsiyası aparılır. Onun köməyilə aspiratda atipik hüceyrələr izlənilir. Diaqnostik qaşıma endometriumun detallı müayinə üsulu olub, hiperplaziyasının növ və dərəcəsini təyin edir. Bu metod uşaqlıq qanaxmalarının dayandırılmasında müalicə prosedur qismində istifadə olunur.
Hiperestrogeniyanın müalicəsi
Konservativ terapiya
Fəsadlaşmayan hiperestrogeniya hallarında çox zaman gestagenlər təyin edilir. Bu qrup preparatlar tablet, uşaqlıqdaxili spiral, gel və inyeksiya formasında buraxılır. Onlar təbii progesteron defisitini aradan qaldırır, hiperestrogeniyanın əlamətlərini zəiflədirlər. Progesteronun gel forması süd vəzilərinə çəkilir, bu yolla ağrı və mastopatiya riski azalır.
Əks-göstəriş olmadıqda hiperestrogeniya zamanı kontraseptiv vasitə qismində mikrodozalı kombinəolunmuş oral kontraseptivlər seçilir. Onların qəbulu hipofizin yumurtalıqlara stimuləedici təsirini zəiflədir. Estrogenlər orqanizmə minimal dozada daxil olur, nəticədə aybaşı zamanı qanaxma və ağrı hissi azalır. Hiperestrogeniyanın ağırlaşmalarına (mioma, endometriumun hiperplaziyası) rast gəlindikdə antiestrogenlərdən uzun müddət istifadə olunur.
Kiçik ölçülü hipofiz törəmələrində konservativ müalicəyə üstünlük verilir. Bu məqsədlə qonadotropin-rilizinq hormonun aqonistləri və yaxud antiandrogenlər qəbul olunur. Hipofiz törəməsi böyüyərsə, şüa terapiyası aparıla bilər.
Xorionepiteliomanın müalicəsi demək olar ki, bütün hallarda konservativ yolladır. Şiş antimetabolitlərlə, şişəleyhinə antibiotiklərlə kimyaterapiyaya həssasdır.
Cərrahi müalicə
Hormon hasil edən şişlərin müalicəsinə estrogen mənbəyinin cərrahi yolla xaric edilməsi ilə başlanılır. Hazırda hipofiz şişlərinin cərrahi müalicəsi az invaziv endonazal müdaxilə ilə icra olunur.
Hiperestrogeniyanın profilaktikası
Müalicə vaxtında aparıldıqda reproduktiv funksiyalar və həyat üçün proqnoz qənaətbəxş olur. Hormonal vasitələrin istifadəsindən qorxmaq lazım deyil. Terapevtik dozada hormon qəbulu hiperestrogeniyanın effektiv, təhlükəsiz, qeyri-cərrahi müalicə üsuludur.
Profilaktik tədbirlərə həddindən artıq estrogen sintezinin təbii yolla qarşısının alınması: artıq çəkidən azad olmaq, zərərli vərdişlərdən imtina etmək, qaraciyərin fəaliyyətini normaya salmaq aiddir.
Həmçinin gecə yuxusu mühüm əhəmiyyət kəsb edir. Hipofizin normal fəaliyyəti üçün saat 23.00-dan gec yatmamaq məsləhətdir. Gecə yuxusu 8 saatdan az olmamalıdır. Qadınlar ayda 1 dəfə aybaşı siklinin birinci yarısında özləri süd vəzilərini yoxlamalıdır. Aybaşının ritm və xarakteri pozulduqda mütləq ginekoloqa müraciət olunmalıdır.