Hipomenoreya

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 7621

hipomenoreya nədir?Hipomenoreya (aybaşının azalması) – menstrual qanaxmanın fizioloji normadan (50 ml-dən az) az olması ilə səciyyələnən aybaşı pozğunluğudur. Hipomenoreya zamanı aybaşı ifrazatı ləkə və ya açıq və yaxud tünd qəhvəyi rəngli qan damcısı şəklində olur. Hipomenoreya adətən aybaşı müddətinin qısalması (oliqomenoreya) ilə müşayiət olunur və ya amenoreyadan (aybaşının tamamilə olmaması) əvvəl yaranır. Fizioloji halların (aybaşı funksiyası və ya premenopauzanın başlanması) və ya qadın cinsiyyət sisteminin müxtəlif patoloji vəziyyətlərinin əlaməti ola bilər. Hipomenoreyanın müalicəsi onu yaradan səbəbdən asılıdır.

  • Hipomenoreyanın yaranma səbəbləri
  • Hipomenoreyanın əlamətləri
  • Diaqnostika və müalicəsi

Hipomenoreya barədə ümumi məlumat

Aybaşı siklinin sonunda uşaqlıq boşluğunda endometriumun üst qatının qopub ayrılması baş verir, bu da menstrual qanaxmalarla – cinsi yollardan axan, qopmuş selikli qişa, uşaqlıq yolu sekreti və uşaqlıq boynu seliyindən ibarət qanlı ifrazatla müşahidə olunur. Normada menstrual qanaxmalar ağrısız və ya zəif ağrılı olub, itirilən qanın miqdarının 50-150 ml,  davam etmə müddətinin 3-5gün, aybaşı arası dövrün isə 21-35 gün olması ilə xarakterizə edilir. Aybaşının normal göstəricilərinin azalması menstrual funksiyanın pozulmasının –hipomenstrual sindromun bir forması hesab olunur.

Aybaşının zəifləməsi aşağıdakı hallarla təzahür edir:

  • hipomenoreya (aybaşının azlığı) – itirilən aybaşı qanının həcminin azalması (50 ml-dən az);
  • oliqomenoreya– aybaşının müddətinin azalması (3 gündən az);
  • opsomenoreya (bradimenoreya) – aybaşı ritminin seyrəkləşməsi (5-8 həftəlik interval);
  • spaniomenoreya – aybaşı çox nadir hallarda baş verir (il ərzində 4 dəfə və ya daha az).

Hipomenoreya və oliqomenoreyaya adətən müştərək şəkildə rast gəlinir. Bu patologiyalar aybaşının seyrəkləşməsi (opsomenoreya  və spaniomenoreya) və ya onun tamamilə kəsilməsi (amenoreya) ilə əvəz olunur. Birincili hipomenstrual sindrom cinsiyyət sisteminin anadangəlmə anomaliyaları, inkişafın ləngiməsi (ümumi və cinsi) və asteniyası olan yeniyetmə qızlarda aybaşı siklinin başlanması anından özünü büruzə verir. İkincili hipomenstrual sindrom əvvəllər normal gedən aybaşının müddəti, tezliyi və həcminin kəskin azalması ilə xarakterizə olunur.

Hipomenoreyanın yaranma səbəbləri

Hipomenoreyanın səbəbləriReproduktiv dövrdə baş verən hipomenoreyanın inkişaf mexanizminin əsasında aybaşı funksiyasını tənzimləyən hipofiz və ya yumurtalıqların fəaliyyətinin pozulması dayanır. Eləcə də hipomenoreya uşaqlıqdaxili müdaxilələr (tez-tez aparılan qaşımalar və abortlar) və ya iltihabi xəstəliklər (vərəm) səbəbindən uşaqlığın endometrium qatının natamamlığı nəticəsində baş verə bilər. Hormonların siklik ifrazının pozulması uşaqlığın qan təhcizatının pozulmasına və endometriumun natamam dəyişikliklərinə səbəb olur, nəticədə aybaşı azlığı (hipomenoreya) yaranır.

Hipomenoreyanın yaranma səbəbləri aşağıdakılardir:

  • arıqlama, pəhriz, anoreksiya, yorucu fiziki yüklənmələr nəticəsində bədən çəkisinin kəskin azalması;
  • hipovitaminoz, anemiya, maddələr mübadiləsi pozğunluqları;
  • sinir-psixi xəstəliklər, həddən artıq yüklənmə və stresslər;
  • sidik-cinsiyyət yollarının travma və əməliyyatları;
  • cinsiyyət orqanlarının inkişafdan qalması, uşaqlığın cərrahi yolla hissəvi çıxarılması;
  • hormonal kontraseptivlərin düzgün seçilməməsi və ya istifadəsi;
  • endokrin xəstəliklər;
  • laktasiya;
  • cinsiyyət orqanlarının vərəm mənşəli zədələnmələri və ya digər infeksion xəstəliklər;
  • peşə zərərlərinin təsiri (kimyəvi maddələr, radioaktiv şüalanma);
  • intoksikasiya.

Hipomenoreyanın əlamətləri

Hipomenoreyanın əlamətləriHipomenoreya zamanı aybaşı ifrazatları ləkə və ya açıq və yaxud tünd qəhvəyi rəngli qan damcısı şəklində olur. Aybaşının müddəti dəyişmir və ya normal ikifazalı aybaşı sikli fonunda azalır. Aybaşının ləngiməsi və hipomenoreya baş ağrıları, ürəkbulanma, ürək nahiyəsində sıxılma hissi, beldə ağrılar, dispepsiya və ya qəbizliklə müşayiət oluna bilər. Aybaşı zamanı güclü ağrılar və uşaqlığın spastik yığılmalarına rast gəlmək olar. Hipomenoreya zamanı bəzi pasiyentlər hər aybaşıda izlənilən burun qanaxmalarını qeyd edirlər. Hipomenoreya estrogenlərin sekresiyasının azalması və bunun nəticəsində libido və reproduktiv funksiyanın zəifləməsi ilə müşayiət olunur.

Lakin əksər hallarda hipomenoreya ağrısız və qadına heç bir narahatçılıq törətmədən gedir. Aybaşı funksiyasının başlanması (cinsi yetişkənlik dövrü) və ya onun sönməsi (premenopauza) dövründə müşahidə olunan hipomenoreya patoloji əlamət olmayıb, orqanizmdə yaşla əlaqədar baş verən təbii hormonal dəyişikliklərdən xəbər verir. Lakin reproduktiv dövrdə hipomenoreya (aybaşı azlığı) və ya hipomenstrual sindromun digər formaları cinsiyyət sistemi və ya digər orqanların ciddi pozğunluqlarının əlaməti hesab olunur. Hipomenoreyanın yaranma səbəblərini aşkar etmək üçün pasiyent hərtərəfli müayinə olunmalıdır.

Hipomenoreyanın müalicə və diaqnostikası

Hipomenoreyanın səbəbləri müəyyən etmək və bu vəziyyətin qadın orqanizmi üçün nə qədər təhlükəli olmasını qiymətləndirmək üçün xəstəyə ginekoloq konsultasiyası və tibbi müayinələr məsləhət görülür. Hipomenoreyalı xəstənin müayinə sxemi anamnez toplanılması, tam ginekoloji müayinə, cinsi yollardan götürülmüş yaxmanın sitoloji müayinəsi, əkilməsi, bakterioloji müayinəsi, cinsi infeksiyaların PZR-diaqnostikası, bazal hərarətin qrafikinin qiymətləndirilməsi, qan və sidikdə cinsi hormonların təyini, uşaqlıq və yumurtalıqların USM, endometriumun biopsiyası və histoloji müayinəsindən ibarətdir.

Hipomenoreyanın müalicəsi diaqnostik müayinələrin nəticələrindən asılıdır. Hipomenoreya qidalanma, fiziki aktivlik və psixi-emosional tarazlığın pozulmaları səbəbindən baş verdikdə onların korreksiyası aparılır. Göstərişlərə əsasən vitamin kompleksləri, hormonal preparatlar və mikrobəleyhinə xüsusi vasitələr təyin olunur. Hipomenoreyanın terapiyasında başlıca məqsəd əsas xəstəliyin müalicəsi və ümumi möhkəmləndirici tədbirlərin aparılmasından ibarətdir.

Hipomenoreyanın müalicəsində homoepatik vasitələrin istifadəsi yaxşı nəticələr verir, bu vasitələrin təsiri orqanizmin öz hormonlarının təsirinə uyğundur. Hipomenoreya depressiya, ümumi halsızlıq, apatiya, baş ağrıları, frigidliklə müşahidə olunduqda funksional pozğunluqların aradan qaldırılmasına yönəldilmiş fizioterapevtik və psixoterapevtik müalicə aparılmalıdır. Laktasiya və premenopauza dövründə hipomenoreyanın xüsusi müalicəsi tələb olunmur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: