İdman amenoreyası
İdman amenoreyası — intensiv məşqlərlə əlaqədar ovarial-aybaşı siklinin pozulmasıdır. Cinsi inkişafın ləngiməsi, menarxenin olmaması, 6 ay və ya daha uzun müddətdə aybaşı axıntılarının kəsilməsi, anovulyator qanaxmalar (opsomenoreya, oliqomenoreya, poliproymenoreya), maskulinizasiya ilə təzahür edir. Diaqnoz streoid honmonların analizi, follikulometriya, densitometriyanın nəticələrinə əsasən qoyulur. Siklin bərpası üçün həyat tərzinin korreksiyası (məşqlərin azaldılması, daha kalorili qidalanma) məsləhət görülür, göstərişlərə əsasən kalsium preparatları, estrogen-gestagen vasitələr, ovulyasiyanın stimulyatorları təyin edilir.
- İdman amenoreyasının yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- İdman amenoreyasının əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- İdman amenoreyasının müalicəsi
- Proqnoz və profilaktika
İdman amenoreyası barədə ümumi məlumat
1993-cü ildə amenoreya, qeyri-rasional qidalanma, sümüklərin sərtliyinin azalmasını özündə birləşdirən «idman triadası» anlayışı irəli sürülmüşdür, bu əlamətlər intensiv məşqlər və qəbul edilən qidanın anlaqlı şəkildə azaldılması ilə bağlı olur. Son 50 il ərzində idman amenoreyası hallarının sayı xeyli artmışdır. Pozğunluq çox zaman yüngül atletika, nümunəvi idman növləri (bədii, idman gimnastikası, sinxron üzgüçülük) ilə məşğul olan peşəkar idmançılarda və balet rəqqasələrində aşkarlanır.
İdman amenoreyasının yaranma səbəbləri
İdmançılarda aybaşı funksiyasının pozulması intensiv məşqlərin təsirindən orqanizmdə gedən dəyişikliklərlə əlaqədardır. Həmçinin həyat tərzinin və qida vərdişlərinin dəyişməsi, hormonal preparatların qəbulu pozğunluğun yaranmasına təkan verir. İdman təbabəti, mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən amenoreyanın əsas səbəbləri qeydə alınmışdir:
- Fiziki və psixoloji stress. Gərgin məşqlər, yarışlar hipotalamo-hipofizar-böyrəküstü vəz sisteminin aktivləşməsinə səbəb olur, bu da qonadotropinlərin sekresiyasının azalmasına, yumurtalıqların endokrin funksiyasının pozulmasına gətirib çıxarır.
- Piy toxumasının az olması. Ekstraqonad aromatizasiya və steroidlərin adipositlərdə toplanması qadın orqanizmində estrogenlərin səviyyəsinin tənziminin əsas elementlərindənn biridir. Piyin miqdarının 17-22%-dən aşağı düşməsi zamanı (BKT <18,5) cinsi hormonların ümumi konsentrasiyası azalır, aybaşı sikli pozulur.
- Rasionun enerji dəyərinin məhdudlaşdırılması. Yüksək enerji sərfi fonunda qidalanmanın kaloriyiliyinin azaldılması aclıq hissini stimulyatoru- qrelinin sintezinin artması ilə müşauiət olunur. Onun təsirlərindən biri ovulyasiya üçün zəruri olan lüteinləşdirici hormonun produksiyasının tormozlanmasından ibarətdir.
- Anabolik vasitələrin qəbulu. Bəzi qadınlar idman nəticələrinin yaxşılaşması məqsədilə əzələ kütləsini artıran və ağır məşqlərdən sonra qısa zaman ərzində bərpa olunmağa imkan verən androgen anaboliklərdən istifadə edir. Bu zaman orqanizmin medikamentoz virilizasiyası, o cümlədən amenoreya yaranır.
İdman amenoreyasının patogenezi
İdman amenoreyasına səbəb olan hormonal dəyişikliklərin əsas həlqəsini aybaşı siklinin tənziminin hipotalamo-hipofizar səviyyədə pozulmaları təşkil edir. Hipotalamus, hipofiz və böyrəküstü vəzilərin stresslə əlaqədar aktivləşməsi zamanı kortizol və kortikotropin-rilizinq-amilin hiperproduksiyası qonadotrop rilizinq-amillərin sekresiyasını inhibə edir. Nəticədə follikul stimulə edici və lüteinləşdirici hormonların sintezi azalır, oositlərin yetişməsi tormozlanır, yumurtalıqlarda estrogen və progesteronun yaranması pozulur. Stress və fiziki yüklənmələrlə bağlı tranzitor hiperprolaktinemiya, serotonin və opioid peptidlərin səviyyəsinin yüksəlməsi analoji təsir göstərir.
Məşqlər zamanı qidanın kalorisi ilə enerji sərfi arasındakı uyğunsuzluq nəticəsində mədə epiteli tərəfindən qrelin ifrazının artması patologiyanın inkişafında əlavə amil hesab olunur. Hiperqrelinemiya fonunda lüteinləşdirici hormonun sintezi azalır, nəticədə ovulyasiya baş vermir. Aybaşı və reproduktiv disfunksiyanın patogenezində anabolik steroidlərin və stress mənşəli tranzitor hiperprolaktinemiyanın törətdiyi hiperandrogeniya müəyyən rol oynayır.
İdman amenoreyasının təsnifatı
İdman amenoreyasının formalarının sistemləşdirilməsi aybaşı disfunksiyasının digər formalarında tətbiq olunan kriteriyalara – pozğunluğun yaranma vaxtı, onun ağırlıq dərəcəsi və klinik şəklin xüsusiyyətlərinə əsaslanır. Terapevtik taktikanın seçilməsi və proqnozun müəyyənləşdirilməsi üçün mama-ginekoloqlar adətən aşağıdakı təsnifatdan istifadə edirlər:
- Birincili amenoreya. İdmançıda menarxe 16 yaşa qədər baş verməmişdir. Pozğunluğun bu növünə əsasən məktəbəqədər və ya kiçik məktəb yaşlarından idmanla peşəkar məşğul olan qızlarda rast gəlinir. Cinsi inkişafın ləngiməsi gərgin qrafik və piy toxumasının azlığı ilə izah olunur.
- İkincili amenoreya. Aybaşı disfunksiyası bir və ya bir neçə normal ovulyator sikldən sonra yaranır. Pozğunluq nəinki aybaşının olmaması, həm də dismenoreyanın digər növləri ilə təzahür edir. Adətən yüngül atletika, xüsusən uzaq məsafələrə qaçışla məşğul olan idmançılarda müşahidə olunur.
İdman amenoreyasının əlamətləri
Ən ağır hallarda xəstəliyin aparıcı əlaməti aybaşı axıntılarının əvvəlcədən izlənilməməsi və ya aybaşının 150 gündən çox müddətdə kəsilməsidir. Aybaşıarası intervalın 21 gündən az olması, onun 35 gündən uzun sürməsi, ifrazatların intensivliyinin azalması və ya artması, qısa və ya uzunmüddətli aybaşılarla gedən anovulyator sikl tam amenoreya ilə əvəz oluna bilər. 66-85% idmançı qadınlarda maskulinizasiya əlamətləri: atletik bədən quruluşu (hündür boy, dar çanaq, enli çiyin), süd vəzilərinin hipoplaziyası, aşağı kobud səs, inkişaf etmiş əzələlər qeydə alınır.
İdman amenoreyasının ağırlaşmaları
Əksər pasiyentlərdə idman amenoreyası ovulyasiyanın olmaması səbəbindən sonsuzluqla ağırlaşır. Hətta anovulyator dövrlərin ovulyatorla əvəz olunduğu və mayalanmanın mümkün olduğu az ifadəli sikllərdə hamiləlik çox vaxt spontan düşüklər, vaxtından əvvəl doğuşlarla başa çatır, dölün inkişafının ləngiməsi müşahidə edilir. İdman amenoreyası üçün xarakterik hipoestrogeniya fonunda sümük toxumasında postmenopauzal osteoporoza analoji dəyişikliklər baş verir. Mikroarxitektonikanın pozulması, borulu və süngər sümüklərin sərtliyinin azalması sınıqlar yaranması, onurğa sütununun deformasiyası, boyun qısalması riskini artırır. Xroniki hipoestrogenizm qadın cinsi hormonlarının kardioprotektor təsirinin azalması fonunda damarların endotelial disfunksiyası ilə müşayiət edilir. Belə pasiyentlərdə ümumi ateroskleroz, ürəyin işemik xəstəliyi daha tez inkişaf edir, qəfləti koronar ölüm mümkündür.
İdman amenoreyasının diaqnostikası
İdmançı qadınlarda aybaşı siklinin uzunmüddətli və dayanıqlı pozulması hormonal fonun kompleks qiymətləndirilməsinə və hipoestrogeniyanın ehtimal olunan ağırlaşmalarının aşkarlanmasına yönəldilmiş müayinələrin aparılmasına əsas verir. İdman amenoreyasının diaqnozunun təsdiqlənməsində istifadə olunan ən informativ üsullar aşağıdakılardır:
- Steroidlərin səviyyəsinin təyini. Analizlərdə FSH, LH, estradiol, progesteronun miqdarı normadan aşağı olur. Prolaktin, kişi cinsi hormonları (androstendion, dihidrotestosteron, ümumi və sərbəst testosteron), kortizol, ATH adətən yüksək olur.
- Follikulometriya. USM vasitəsilə yumurtalıqların follikulyar toxuması və endometriumun dinamik müşahidəsi ovulyasiya olması və ya olmamasını təyin edir. Anovulyator uşaqlıq qanaxmaları ilə müşahidə olunan dismenoreya zamanı USM nəticələri öz informativliyi ilə seçilir.
- Densitometriya. Xroniki hipoestrogenizmin səbəb olduğu osteoporozun əlamətlərini təsdiq edir. Pasiyentə sümüklərin mineral sərtliyini müəyyən edən klassik rentgenoloji müayinə, eləcə də ultrasəsin sümükdən əks olunmasına əsaslanan ultrasəs densitometriya təyin edilə bilər.
Köməkçi müayinələr qismində çanaq orqanlarının USM, türk yəhərinin rentgenoqrafiyası, EKQ, kalsium, fosfor, qələvi fosfotaza, kalsitonin, osteoporozun digər markerləri, ümumi xolesterin, lipoproteidlərin səviyyəsinin, aterogenlik əmsalının təyini məsləhət görülür. İdman amenoreyası sinir mənşəli anoreksiya, hipotalamusun şişləri, adrenogenital sindrom, yumurtalıqların stromal tekomatozu, ovarial polikistoz, persistə edən qalaktoreya-amenoreya sindromu, aybaşı siklinin pozulması ilə gedən digər xəstəliklərlə differensiasiya olunur. Göstərişlər olduqda pasiyent endokrinoloq, nevropatoloq, neyrocərrah, onkoloq, kardioloq, travmatoloq-ortoped, dietoloq tərəfindən konsultasiya edilir.
İdman amenoreyasının müalicəsi
Yaşı 16-dan yuxarı olan qızlarda aybaşının olmamasıvə ya reproduktiv yaşlı qadınlarda aybaşı siklinin dayanıqlı ikincili pozulması zamanı idmançılar mütləq ginekoloq-endokrinoloqa müraciət etməlidir. Hormonal disbalansla əlaqədar yaranan funksional pozğunluqları adətən qeyri-medikamentoz usullarla aradan qaldırmaq mümkün olur. Daha ağır vəziyyətlərdə və osteoporozun aşkarlandığı hallarda medikamentoz korreksiya məsləhət görülür. Amenoreyalı pasiyentin müalicə planına aşağıdakılar daxildir:
- Normal enerji balansının bərpası. İlk növbədə idman yüklənmələrinin intensivliyi 10-15% azaldılmalı, qidanın kaloriliyi 8-16% (adətən 300-360 kkal) artırılmalıdır. Qida rasionunu süd məhsulları, dietik ət, balıqla zəhginləşdirmək tövsiyyə olunur. Bir qayda olaraq, məşq rejiminin və gündəlik rasionun korreksiyası hesabına 3-4 ay müddətində aybaşı funksiyası bərpa olunur.
- Kalsiumun qəbulunun artırılması. İdman amenoreyası çox zaman osteoporozla müştərək şəkildə inkişaf edir. Bu səbəbdən xəstələr monopreparat şəklində və ya mineral-vitamin kompleksinin tərkibində hər gün 1500mq kalsium qəbul etməlidir. Makroelementin maqnezium və D vitamini ilə kombinasiyası onun daha yaxşı sorulmasına kömək edir. Daha ağır hallarda ossein-hidroksiapatit kompleksinin və flavonların təyini öz təsdiqini tapmışdır.
- Hormonal fonun korreksiyası. Yüklənmələrin azaldılması və daha kalorili qidalanma rejimi effekt vermədikdə qadın cinsi hormonlarından ibarət preparatların tətbiqi mümkündür. Adətən ovarial siklin tənzimində kombinəolunmuş estrogen-gestagen oral kontraseptivlərindən istifadə olunur. Aybaşı disfunksiyası yalnız lütein fazanın pozulması nəticəsində baş verdikdə ovulyasiyanın stimulyatorları təyin edilir.
İdman amenoreyasının proqnoz və profilaktikası
Pasiyentlər həkimin yüklənmələrin azaldılması və qidalanmanın kaloriliyinin artırılması barədə tövsiyyələrinə əməl etdikdə aybaşı sikli tam bərpa olunur.
Pozğunluğun profilaktikası məqsədilə məşqlərin davametmə müddətinin tədricən artırılması, yuxu və istirahət rejiminin adekvat təyini, bədən çəkisinə nəzarət, məşq günlərində gün ərzində ən azı dəfə karbohidratlı qidalanma məsləhət görülür. Aybaşıdan 1-2 gün əvvəl və mentruasiya zamanı məşqlərin intensivliyi azaldılmalı, güc tələb edən hərəkətlər, tullanmalar, qarın əzələlərinin və diafraqmanın gərginləşməsi istisna olunmalıdır.