İnkişafdan qalmış (donmuş) hamiləlik 

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 30305

İnkişafdan qalmış (donmuş) hamiləlik nədir?İnkişafdan qalmış (donmuş) hamiləlik – embrionun inkişafının tamamilə dayanması və onun ölümü ilə əlaqədar hamiləliyin sona qədər çatdırılmamasıdır. Belə patoloji hallar I-II trimestrdə müşahidə olunur və toksikoz hallarının tam kəsilməsi, yaxılan qanlı ifrazat, hipertermiya ilə təzahür edir. Hestasiyanın 18-28-ci həftəsində inkişafdan qalmış hamiləliyin əsas əlaməti dölün hərəki aktivliyinin tamamilə dayanması sayılır. Diaqnoz obyektiv baxış və USM-in nəticələrinə əsasən qoyulur. Müalicə medikamentoz abort və ya  uşaqlıq boşluğunun döl yumurtası və onun qişalarından təmizlənməsindən ibarətdir.

  • İnkişafdan qalmış hamiləliyin yaranma səbəbləri
  • İnkişafdan qalmış hamiləliyin əlamətləri
  • İnkişafdan qalmış hamiləliyin diaqnostika və müalicəsi

İnkişafdan qalmış (donmuş) hamiləlik barədə ümumi məlumat

İnkişafdan qalmış (donmuş) hamiləlik– dölün bətndaxili inkişaf və həyat fəaliyyətinin dayanması hesab olunur.  Bu mamalıq patologiyası adətən 30 yaşdan yuxarı ilk dəfə doğan qadınlarda inkişaf edir. Statistikaya görə donmuş hamiləliyə daha çox yaşı 40-dan artıq olan pasiyentlər məruz qalır. Belə hallarda inkişafdan qalmış hamiləliyin yaranma riski hormonal stabillik, çoxsaylı abortlar və cinsi sferanın infeksiyaları ilə müşayiət olunur. Bu səbəbdən həmin yaş qrupuna daxil olan hamilə qadınlar öz səhhətlərinə diqqət yetirməli və həkimin təyinatlarına əməl etməlidirlər.

Erkən dövrdə inkişafdan qalmış hamiləlik əksər hallarda hestasiyanın 3-4 və 8-11-ci həftəsində aşkarlanır. Bu dövrdə ən vacib anatomik strukturların formalaşma prosesi gedir və həmin mərhələdə embrion xaricdən neqativ amillərin təsirinə daha həssas olur. Həmçinin 16-18-ci həftələrdə inkişafdan qalmış hamiləliyin ehtimalı yüksək olur. Mütəxəssislər bu qanunauyğunluğun nə ilə bağlı olduğunu dəqiq izah edə bilmirlər. Lakin qeyd etmək lazımdır ki, embriogenezin 4-cü ayından sonra donmuş hamiləliyin yaranma riski azalır.

İnkişafdan qalmış (donmuş) hamiləlik ana orqanizmi üçün real təhlükə sayılır. Uşağın itirilməsi ilə bağlı psixi travmadan əlavə qadının sağlamlıq və həyatı təhlükə altına alınır. Belə vəziyyətdə hamiləliyin davam etdirilməsi mümkün olmur və orqanizm özbaşına abort törətməklə həyat qabiliyyəti olmayan döldən azad olur. Donmuş hamiləliyin düşüklə nəticələnmədiyi və qadının həkimə müraciət etmədiyi hallarda döl bətndaxilində 1,5 aydan artıq qaldıqda DDL-sindromunun – disseminə olunmuş damardaxili sindromun yüksək yaranma riski müşahidə olunur. Bu sindrom zamanı fibrinoliz amilləri öz aktivliyini itirir, yaranan qanaxma isə birbaşa letal sonluq təhlükəsi ilə müşayiət olunur.

İnkişafdan qalmış hamiləliyin səbəbləri

İnkişafdan qalmış hamiləliyin səbəbləriİnkişafdan qalmış hamiləlik ana və dölə təsir edən müxtəlif amillər tərəfindən baş verir. Bu patologiyanın patogenezi axıra qədər öyrənilməmişdir. Patogenetik mexanizm birbaşa olaraq xəstəliyin etiologiyasından asılıdır. Hər bir halda ana orqanizmi dölü yad bir cisim kimi qəbul edərək onu xaric etməyə çalışır. Embrionun böyüməsi dayanır, hamiləlik donur, bu da müvafiq simptomatika ilə müşayiət olunur. Orta hesabla 70% hallarda inkişafdan qalmış hamiləliyin əsas yaranma səbəbi genetik amillər hesab olunur. Xromosomların bölünməsinin pozulması zamanı həyatla uzlaşmayan ciddi anadangəlmə qüsurlar formalaşa bilər. Genetik səbəblərdən dölün ölümü adətən embriogenezin 8-ci həftəsində baş verir.

İnkişafdan qalmış hamiləlik təxminən bu tezliklə hormonal disbalans fonunda da yaranır. Hamiləliyin gedişini təmin edən progesteronun sintezinin azalması zamanı dölün həyat fəaliyyəti dayanır. Əksər hallarda donmuş hamiləliyə kişi cinsi hormonlarının – androgenlərin səviyyəsinin yüksəlməsi səbəb olur. Dölün ölmə ehtimalını istisna etmək üçün hamiləliyin planlaşdırılması mərhələsində tam tibbi müayinədən keçmək və buna səbəb ola biləcək amilləri aşkar etmək lazımdır. Qabaqcadan aparılan müalicə hormonal fonu normallaşdırmağa və donmuş hamiləliyin qarşısını almağa kömək edir.

İnkişafdan qalmış hamiləliyin digər yaranma səbəbi – infeksion proseslər 

Cinsi sfera ilə yanaşı digər orqanların xəstəlikləri də döl və ana üçün təhlükəli hesab olunur. Mayalanmadan sonra ana orqanizminin patogen mikroorqanizmlərə qarşı davamlığı azalır, bu səbəbdən  qadınlar KRVİ, virus patologiyaları ilə tez-tez xəstələnir. Donmuş hamiləlik törədicinin dölə zərərli təsiri nəticəsində deyil, yanaşı gedən simptomatika-intoksikasiya, hipertermiya səbəbindən inkişaf edir. Bu zaman embrionun zəruri komponentlərlə, xüsusən oksigenlə təmini zəifləyir və o, tədricən həyat qabiliyyətinin itirir.

Məxmərək və ya sitomeqalovirusa yoluxmuş hamilə qadınlar arasında inkişafdan qalmış hamiləliyin inkişaf riski daha yüksək olur. Bu törədicilər qanla birbaşa dölə keçərək, MSS-ni zədələyir, bu da döldə ağır anomaliyaların formalaşmasına gətirib cıxarır. Embriogenezin 2-3 ayında donmuş hamiləliyə antifosfolipid sindrom səbəb ola bilir. Bu patologiyanın fonunda ciftin anomal formalaşması baş verir, qanın laxtalanma sisteminin pozulması müşahidə olunur. Qan dövranının pozulması nəticəsində dölə qidalı maddələr lazimi miqdarda daxil olmur və onun inkişafı dayanır. İnkişafdan qalmış hamiləlik qeyri-spesifik xarici amillərin təsirindən də yarana bilir. Təmiz havada kifayət qədər olmadıqda, keyfiyyətsiz qidalanma (orqanizmin zəruri komponentlərlə təmin olunmaması) zamanı  patologiyanın inkişaf riski yüksəlir. Eləcə də qidalandırıcı damarların sıxıılmasına səbəb olan dar geyim donmuş hamiləliyə gətirib çıxara bilər. Nəticədə qan dövranı pozulur, hipoksiya yaranır, bu da dölün ölümü ilə sonlanır. Donmuş hamiləliyin inkişafı üzrə risk qrupuna anamnezində ölü doğuş, çoxsaylı abort və düşüklər, hormonal dəyişikliklər, aybaşı siklində pozğunluqları olan qadınlar daxildir. Endokrin xəstəliklər, reproduktiv sistemin orqanlarının anomal quruluşu (məsələn yəhərəbənzər və ya ikibuynuzlu uşaqlıq), bitişmə prosesləri zamanı bu mamalıq anomaliyasının ehtimalı artır.

İnkişafdan qalmış hamiləliyin əlamətləri

İnkişafdan qalmış hamiləliyin əlamətləriİnkişafdan qalmış hamiləlik hər bir qadında müəyyən xüsusiyyətlərlə təzahür edir, standart klinik şəkil müşahidə olunmur. Bazal hərarətin azalması I trimestrdə yaranan patologiyanın xarakterik əlaməti hesab olunur. Donmuş hamiləlik zamanı qadınlar ümumi vəziyyətin yaxşılaşdığını qeyd edirlər-ürəkbulanma, süd vəzilərində gərginlik itir. Obyektiv müayinədə uşaqlığın böyüməsi izlənilmir. Orqanizm ölü dölü özundən kənarlaşdırmağa başladıqda inkişafdan qalmış hamiləlik hipertermiya, titrətmə, ümumi halın pisləşməsi ilə təzahür edir. Qarnın aşağı hissəsində ağrı, qanaxma başlanan abortun aşkar əlamətləri sayılır. Bəzi hallarda donmuş hamiləlik erkən mərhələdə özbaşına (spontan) düşük baş verənə qədər patoloji əlamətlərlə müşayiət olunmur.

II trimestrdə mamalıq anomaliyasının təzahürləri I trimestrdə olduğu kimidir. Əlavə əlamət olaraq hamilə qadınlarda 18-20-ci həftədən sonra dölün hərəki aktivliyinin dayanması müşahidə olunur. Qadının obyektiv müayinəsi və auskultasiyasının aparılması zamanı dölün ürək döyüntülərinin eşidilməməsi donmuş hamiləliyə dəlalət edir. Ən azı bir narahatedici ələmətin yaranması zamanı hamilə qadın diaqnozun təsdiqlənməsi və həkim taktikasının seçilməsi məqsədilə dərhal mama-ginekoloqa müraciət etməlidir.

İnkişafdan qalmış hamiləliyin diaqnostika və müalicəsi

Donmuş hamiləliyin təsdiqi üçün hamilənin obyektiv müayinəsi həyata keçirilir. Uşaqlığın böyüməməsi aşkarlanır. Eləcə də qanda XQ-nin miqdarı təyin olunur. İnkişafdan qalmış hamiləlikdə onun səviyyəsi azalır və embriogenezin bu müddəti üçün nəzərdə tutulan göstəricilərə uyğun gəlmir. İnstrumental diaqnostika uşaqlıq boşluğunun ultrasəs skanlanmasından ibarətdir. Donmuş hamiləlik zamanı dölün həyat fəaliyyəti əlamətləri (hərəki aktivlik, ürək döyüntüləri) izlənilmir.

Ölü döl bətn daxilində parçalanmağa başlayır və toksiki maddələr ananın qanına sorularaq onun vəziyyətinin pisləşməsinə, hətta letal sonluğa gətirib çıxarır. Bu səbəbdən inkişafdan qalmış hamiləlikdə təcili tibbi kömək tələb olunur. Embriogenezin ilk 2 ayı ərzində baş verən donmuş hamiləlik zamanı medikamentoz preparatlarla süni abort həyata keçirilir. Bu məqsədlə prostoqlandini  E1-lə progesteronun antaqonistinin analoqlarından istifadə olunur. Bu vasitələrin qəbulu nəticəsində uşaqlığın yığılması nəticəsində döl uşaqlıq boşluğundan xaric edilir – düşük baş verir.

Eləcə də donmuş hamiləlik zamanı döl yumurtasının cərrahi yolla kənarlaşdırıması aparıla bilər.Bu mqsədlə vakuum-aspirasiya və ya qaşınma icra edilir. Birinci üsul mini abort adlanır və xüsusi vakuum-aspirator vasitəsilə embrionun «sorulmasından» ibarətdir. Bu müdaxilə xəstənin psixoloji vəziyyətindən asılı olaraq yerli və ya ümumi narkoz altında aparıla bilər. Vakuum-aspirasiya donmuş hamiləliyin tez və təhlükəsiz müalicə üsulu hesab olunur, bu metoddan yalnız hestasiyanın I trimestrində istifadə olunur.

Bundan əlavə I trimestrdə donmuş hamiləlik uşaqlıq boşluğunun qaşınması yolu ilə də dayandırıla bilər. Bu cərrahi müdaxilə ölü embrionun döl qişaları ilə birgə xaric edilməsi məqsədilə uşaqlığın küretajından (təmizlənməsindən) ibarətdir. Bu əməliyyat da narkoz altında aparılır, ağrısız üsuldur, lakin miometriumun nazilməsinə səbəb ola bilər, bu da gələcəkdə döl yumurtasının implantasiyasının mümkün olmaması – sonsuzluqla nəticələnir.

İnkişafdan qalmış hamiləlikdə qaşınma üsulu digər metodlar əks-göstəriş hesab olunduqda tətbiq olunur. Patologiya II trimestrdə aşkarlandıqda ölü döl süni doğuşla çıxarılır.

Donmuş hamiləliyin cərrahi müalicəsindən sonra qadına medikamentoz terapiya təyin olunur.

İltihabi porseslərin inkişafı və uşaqlıq boşluğuna infeksiyanın düşməsinin qarşısını almaq məqsədilə antibakterial və iltihabəleyhinə preparatlardan istifadə olunur. Bundan əlavə donmuş hamiləliyin aradan qaldırılmasından sonra müalicə qadının gələcəkdə hamiləliyi uğurla başa vurması məqsədilə endometriumun fəaliyyətinin bərpasına yönəldilir. Bu zaman hormonal və immunokorrektorlar təyin olunur.

İnkişafdan qalmış hamiləlikdə simptomatik müalicə məqsədilə spazmolitiklər, uşaqlığın tez bir zamanda yığılmasına səbəb olan preparatlar qəbul edilir. Medikamentoz terapiya ilə yanaşı psixoloji yardım aparılmalıdır. Donmuş hamiləlik keçirmiş əksər qadınların psixoloq konsultasiyasına ehtiyacı olur, bu, onlara baş vermiş halnan əlaqədar yeni şəraitə tez bir zamanda uyğunlaşmağa və normal psixoemosional vəziyyətin bərpasına kömək edir.

İnkişafdan qalmış hamiləliyin proqnoz və profilaktikası

Donmuş hamiləlik zamanı dölü xilas etmək mümkün deyil, lakin qadın üçün bu patologiyanın proqnozi adətən qənaətbəxş olur. Ölü embrionun çıxarılması və medikamentoz müalicənin aparılmasından sonra qadın normal həyat tərzinə davam edir. İnkişafdan qalmış hamiləlikdən yalnız 6 ay sonra sonra növbəti mayalanmanın planlaşdırılmasına icazə verilir. Bununla yanaşı gələcəkdə ana orqanizminə dölün ölümünə səbəb olan amillərin təsirinin istisna edilməsi üçün onların aradan qaldırılması məsləhət görülür.

İnkişafdan qalmış hamiləliyin profilaktikası ilk növbədə mayalanmanın planlaşdırılmasından başlanır. Ailənin hər 2 üzvü tam tibbi müayinədən keçməli və dölün bətndaxili ölümünə səbəb ola biləcək bütün xəstəliklər müalicə olunmalıdır. Bir və ya hər iki cinsi partnyorda gizli xromosom anomaliyalarını aşkar etmək məqsədilə genetikin konsultasiyası tələb oluna bilər. Mayalanmadan sonra donmuş hamiləliyin profilaktikası məqsədilə həkim təyinatlarına diqqətlə əməl edilməlidir. Bundan əlavə zərərli vərdişlərdən imtina, stress yaradan halların uzaqlaşdırılması, qida rasionu, əmək və istirahət rejiminin normallaşdırılması məsləhət görülür. İnfeksion xəstəliklərin yaranma riskini azaltmaq üçün insanların kütləvi şəkildə toplandığı yerlərdən uzaq durmaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: