Klimakterik sistit
Klimakterik sistit — sidik kisəsinin iltihabi zədələnməsi olub, patogenetik baxımdan urogenital orqanların involyutiv dəyişiklikləri ilə əlaqədardır. Pollakiuriya, sidik ifrazına imperativ çağırışlar, qarnın aşağı hissəsində ağrılar, sidiyin tündləşməsi və qanla boyanması ilə təzahür edir. Diaqnostika prosesində sidiyin ümumi analizi, sidik kisəsinin exoqrafiyası, sistoskopiyadan istifadə olunur. Müalicə məqsədilə ƏHT-nin antibiotiklər, qeyri-steroid iltihab əleyhinə vasitələr, periferik vazodilatatorlar, detruzor reseptorlarının stimulyator və blokatorları, nootroplar, antidepressantlarla kombinasiyası tətbiq edilir.
- Klimakterik sistitin yaranma səbəbləri
- Patogenez
- Klimakterik sistitin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Klimakterik sistitin müalicəsi
- Proqnoz və profilaktika
Klimakterik sistit barədə ümumi məlumat
Klimakterik sistit — 40-45 yaşdan yuxarı pasiyentlər arasında ən geniş yayılmış uroloji patologiyadır. Menopauzada 10-15%, postklimakterik dövrdə isə 15-20% qadınlarda aşkarlanır. Postmenopauzada sistit klimaks dövründə baş verən spesifik urogenital pozğunluğun əlaməti və ya inkişaf amili ola bilər. Reproduktiv yaşda olan qadınlarda sidik kisəsinin klassik və xroniki bakterial iltihabının etiologiyasının eyni olmasına baxmayaraq, klimaks zamanı hormonal dəyişikliklərin təsiri, klinik şəklin və ağırlaşmaların xüsusiyyətləri involyusion sistitin xəstəliyin ayrıca bir forması kimi qəbul edilməsinə əsas verir.
Klimakterik sistitin səbəbləri
Kişilərlə müqayisədə qadınlarda sistitin daha çox yaranmasına səbəb olan ənənəvi anatomo-funksional vəziyyətlərə klimakterik dövrdə sidik-ifrazat sistemi orqanlarının involyutiv dəyişiklikləri əlavə olunur. Atrofik proseslərin formalaşmasında aparıcı rol klimaks zamanı müşahidə olunan hipoestrogeniyaya məxsusdur. Urologiya və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə peri- və postmenopauza dövründə sistitin inkişaf ehtimalını artıran əsas amillər aşağıdakılardır:
- Sidik kisəsinin selikli qişasının atrofiyası. Estrogenlərin proqressivləşən çatışmazlığı fonunda epitel qatı nazilir, büküşlər hamarlanır. Nəticədə selikli qişanın zədələnmə ehtimalı yüksəlir, üzərində çatlar əmələ gəlir, mikroorqanizmlər asanlıqla adgeziya olunur.
- Sidik-cinsiyyət orqanlarının qan təhcizatının pozulması. Detruzor, sidik kanalının divarlarının işemiyası atrofik prosesləri daha da dərinləşdirir. Hipoksiya selikli qişanın müdafiə potensialını zəiflədir, bu da iltihabı prosesin qısa zaman ərzində inkişafına səbəb olur.
- Reseptor aparatının aktivliyinin pozulması. Klimaks dövründə sidik kanalı, sidik kisəsində adrenoreseptorların sayı azalır, asetilxolin reseptorlarının həssaslığı zəifləyir. Detruzorun yığılması daha az koordinasiyalı olur, sidiyin passajı pozulur.
- Digər urogenital pozğunluqlar. Uşaqlıq yolu, sidik kanalının epitel qatının atrofik dəyişiklikləri selikli qişaların ilkin antibakterial potensialının azalmasına gətirib çıxarır. Klimakterik kolpit və uretritlərin sistitlə ağırlaşma ehtimalı yüksək olur.
- Bağ aparatının zəifləməsi. Estrogen çatışmazlığı zamanı çanaq dibini formalaşdıran əzələ və bağların zəifləməsi sistosele, ureterosele ilə nəticələnir. Sidik-ifrazat orqanlarının prolapsı mikroorqanizmlərin sidik kisəsinə daxil olmasını asanlaşdırır.
İltihabi prosesin törədiciləri qismində sistitin adi formalarına səbəb olan mikrob agentlər iştirak edir. Sidik və toxuma bioptatlarında adətən bağırsaq çöpləri, az hallarda digər qeyri-spesifik şərti-patogen mikroflora: stafilokokk, streptokokk, klebsiella, protey, göy irin çöpləri, enterobakter, enterokokk, kandida aşkarlanır. Reproduktiv dövrlə müqayisədə klimaks zamanı mikoplazma, ureaplazma, xlamidiya, trixomonada, qonokokklar tərəfindən törədilən spesifik formalı sistitlərə az rast gəlinir.
Klimakterik sistitin patogenezi
Xəstəliyin inkişaf mexanizmi infeksion agentlərin selikli qişaya daxil olma və çoxalmasının qarşısını alan təbii müdafiə amillərinin zəifləməsinə əsaslanır. Klimakterik sistitin patogenezinin əsas həlqəsini selikli qişanın nazilməsi, detruzorun disfunksiyası səbəbindən sidik axınının pozulması, fassial-əzələ strukturlarının zəifləməsi nəticəsində uşaqlıq yolu və sidik kanalından infeksiyanın qalxan yolla sürətlə yayılması təşkil edir. Normada mikroorqanizmləri sidik kisəsindən epitelin deskvamasiyası ilə xaric edilir. Epitel qatın atrofiyası zamanı bu proses zəifləyir. Sidik ifrazının funksional pozğunluqları ilə əlaqədar orqanın boşluğunda ləngiyən bakteriyalar patogenlik amilləri hesabına epitel hüceyrələrə daha tez adgeziya olunur.
Urotelin mukopolisaxarid qatının antiadgeziv təsirinin involyutiv zəifləməsi prosesi daha da dərinləşdirir. Mikroorqanizmlərin aktiv şəkildə çoxalması, onların endo-və ekzotoksinləri yerli kataral reaksiyaya: iltihab mediatorlarının intensiv sekresiyası, toxumaların ödemi, mikrosirkulyasiyanın pozulmasına səbəb olur. Selikli və selikaltı qatın nazilməsi iltihabi prosesin daha dərin qatlara – interstisial toxumaya yayılmasına, əzələ qişasının çoxsaylı reseptorlarının stimulyasiyasına, ifadəli ağrı sindromunun yaranmasına, sklerotik proseslərin inkişafına gətirib çıxarır. İltihab tez bir zamanda xroniki xarakter alır.
Klimakterik sistitin əlamətləri
Xəstəliyin klinik şəkli bakterial iltihabın tipik təzahürlərinə bənzəyir. Klimakterik sistitin əlamətlərinə sidik ifrazının tezləşməsi (gün ərzində 30 dəfəyə qədər), imperativ çağırışlar, sidik ifrazı aktının sonunda kəskin ağrı, sidik kisəsinin tam boşalmaması hissi, qarnın aşağı hissəsində daimi sızıltılı ağrılar aiddir. Patologiya proqressivləşdikcə sidik bulanıqlaşır, qan qarışıqlı olur. Klimaks dövründə xəstəlik xroniki residivləşən gedişlə xarakterizə edilir. Cinsi akt, stress, kəskin qida və spirtli içkinin qəbulundan sonra əlamətlər kəskinləşir. Sistit zamanı qadının ümumi vəziyyəti demək olar ki, pozulmur – kəskin dövrdə subfebril hərarət, baş ağrıları, zəiflik, əmək qabiliyyətinin azalması mümkündür.
Klimakterik sistitin ağırlaşmaları
Xəstəliyin uzunmüddətli gedişi orqan divarının geri dönməyən çapıq dəyişikliklərinə, büzüşmüş sidik kisəsinin formalaşmasına səbəb olan interstisial iltihabın yaranma riskini yüksəldir. Klimaks dövründə sistit çox zaman pielonefritlə ağırlaşır, onun yaranmasına patogen mikroorqanizmlərin böyrəklərin kasa-ləyən sisteminə qalxan yolla yayılması səbəb olur. Nadir hallarda sidik kisəsinin nekrotik dəyişiklikləri ilə səciyyələnən qanqrenoz forma müşahidə olunur. İnvolyusion sistit detruzorun hiperfunksiyası və sidik saxlamazlıqla müşayiət olunan urogenital postklimakterik pozğunluğun provokasiyaedici inkişaf amillərindən biridir.
Klimakterik sistitin diaqnostikası
Klimaks zamanı xarakterik klinik əlamətləri olan kəskin sistitin diaqnozunun qoyulması heç bir çətinlik törətmir, lakin menopauza dövründə əksər qadınlarda xəstəliyin minimal simptomatikalı xroniki gedişə malik olması diaqnostika prosesini çətinləşdirir. Sidik kisəsinin iltihabi prosesinə şübhə yarandıqda aşağıdakı instrumental və laborator üsullardan istifadə olunur:
- Sidiyin ümumi analizi. Sistit zamanı sidikdə leykosituriya, piuriya, epitel hüceyrələr və selik aşkarlanır, zülalın konsentrasiyası yüksəlir (>1q/l). Gecikmiş mərhələlərdə kəskin xoşagəlməz iy yaranır. Əlavə olaraq, Neçiporenko üsulu ilə analiz aparılır, sidiyin 1ml-də hüceyrə elementlərinin miqdarı qiymətləndirilir.
- Sidik kisəsinin USM. Ultrasəs müayinə orqanın həcminin azalmasını, divarların qalınlığının dəyişməsini (klimaks dövründə onlar cinsi hormonların çatışmazlığı ilə bağlı nazilir) aşkar etməyə imkan verir. Xarakterik əlamət – kiçik ölçülü hipoexogen əlavələrin olmasıdır. Sonoqrafiya zamanı həmçinin fibroz və skleroz əlamətləri, sidik kisəsinin sərhədlərinin deformasiyası izlənilə bilər.
- Sistoskopiya. Sidik kanalından endoskop yeritməklə selikli qişanın, sidik axarlarının dəlikləri, Lyeto üçbucağının vəziyyəti qiymətləndirilir. Sidik kisəsi və ya uretranın zədələnməməsi üçün müayinə yalnız remissiya fazasında aparılır. Sistoskopiya dizurik əlamətlərin digər səbəblərini (neoplaziyalar, divertikullar) istisna etməyə kömək edir.
Sistit zamanı qanın klinik analizində bakterial iltihabın əlamətləri: cavan hüceyrələrin sayının artması ilə neytrofil leykositoz, EÇS-nin yüksəlməsi müəyyən edilir. Patogen mikroorqanizmlərin təyini və onların antibiotiklərə həssaslığının dəqiqləşdirilməsi üçün sidiyin bakterioloji əkilməsi icra olunmalıdır. Eləcə də sistit zamanı uşaqlıq yolundan yaxma götürülərək, cinsi yolla ötürülən infeksiyaların olmasını təyin edən müayinələr aparılır. Aşağı sidik yollarının urodinamikasını qiymətləndirmək məqsədilə urofloumetriaydan istifadə edilir. Mürəkkəb vəziyyətlərdə endoskopik biopsiya və materialın histoloji analizi məsləhət görülür.
Klimakterik sistit sistalgiya, ureterit, uretrit, parauretral kistalar, interstisial sistit, sidik-ifrazat sisteminin bədxasssəli törəmələrı, vərəmi, böyrək daşı xəstəliyi, ginekoloji patologiyalar – uşaqlıq boynu xərçəngi, adneksit, parametritlə differensiasiya olunur. Uroloq və ginekoloqdan əlavə müayinə prosesinə nefroloq, onkoloq, ftiziatr, infeksionist cəlb edilir.
Klimakterik sistitin müalicəsi
Sidik kisəsinin involyutiv iltihabı zamanı terapiya hormonal fonun korreksiyasına və infeksion prosesin törədicisinin eliminasiyasına yönəldilir. Müalicə sxemi 2 mərhələdən ibarətdir: birinci mərhələdə iltihab əlamətləri üstünlük təşkil etdikdə xəstəliyin əsas təzahürlərini aradan qaldırmaq üçün kombinəolunmuş terapiya məsləhət görülür, ikinci fazada isə uzunmüddətli ƏHT aparılır. Klimakterik sistitin terapiyasının I mərhələsində aşağıdakı qrup preparatlar təyin edilir:
- Qadın cinsi hormonları. Kəskin dövrdə intravaginal vasitələrin sistemli estrogenlərlə kombinasiyası yüksək nəticələr göstərir. Normal vaginal flora, uşaqlıq yolu, uretra, sidik kisəsinin proliferasiyası, seliyin sekresiyası, urogenital orqanların toxumalarının elastikliyi bərpa olunur.
- Antibakterial preparatlar. Antibiotik seçimində törədicinin həssaslığı nəzərə alınmalıdır. Adətən involyusion sistitin müalicəsində flüorxinolon, fosfomisin, pipemidin, nalidiksik turşularının törəmələri, 14-üzvlü makrolidlər, nitrofuranlar, sefalosporinlər, digər uroantiseptiklərdən istifadə olunur.
- Qeyri-steroid iltihabəleyhinə vasitələr. Sistitin aktiv fazasında QSİƏP iltihab mediatorlarının sekresiyasını inhibə edərək, infeksion-iltihabi reaksiyanı azaldır. Reseptorların həssaslıq həddinin artması və medikamentozların nosiseptiv mərkəzlərə təsiri hesabına ağrı sindromunu zəiflətmək mümkün olur.
- Mikrosirkulyasiyanı yaxşılaşdıran preparatlar. Purin törəmələri və digər periferik vazodilatatorların tətbiqi toxuma perfuziyasını yaxşılaşdırmaqla zədələnmiş selikli qişanın bərpasına səbəb olur. Normal oksigenasiya fonunda fibroz-sklerotik proseslərin inkişaf riski azalır.
- Detruzor reseptorlarının stimulyatorları və blokatorları. Sistitin urovezikal əzələlərin disfunksiyası ilə birgə rast gəlindiyi hallarda pozğunluğun tipi nəzərə alınmaqla M-xolinolitiklər, α1-adrenomimetiklər, M- və N-xolinomimetiklər təyin olunur. Detruzorun hiperaktivliyinin korreksiyası üçün nootroplar, serotoninin geriyə tutulmasının selektiv inhibitorlar tətbiq edilir.
Dəstəkləyici terapiya qismində ömürlük ƏHT məsləhət görülür, preparatların növü, dozalanma qaydası, yeridilmə üsulu daima korreksiya olunmalıdır. Yerli vasitələrdən daimi istifadə etmək mümkündür. İltihab əlamətləri aradan qaldırıldıqdan sonra uşaqlığı saxlanılan və sistemli terapiyaya davam etməyi planlaşdıran qadınlarda hiperestrogen təsirlərin qarşısını almaq üçün estrogenlərlə müalicə dayandırılır, monofazalı estrogen-gestagen preparatlarının fasiləsiz qəbulu məsləhət görülür. 5-6% hallarda xəstəlik dayanıqlı residivləşən forma alır, orqan tədricən büzüşür, belə vəziyyətlərdə cərrahi müdaxilənin (auqmentasion sistoplastika, sidik kisəsinin bağırsaq plastikası) aparılması tələb olunur.
Klimakterik sistitin proqnoz və profilaktikası
Erkən diaqnostika və kompleks terapiyanın təyini əksər xəstələrdə sağalma ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, hormonal preparatlardan istifadə etmədən antibiotiklərin tətbiqi adətən müvəqqəti effekt verir. Klimakterik sistitin proqnozu qənaətbəxşdir. Klimaks zamanı profilaktikanın vacib həlqəsini sidik-ifrazat yollarının selikli qişasının atrofik dəyişikliklərinin qarşısını almaq üçün menopauza dövründə bütün qadınlara əvəzedici hormonal terapiyanın təyini təşkil edir. Həmçinin sidik kisəsinin vaxtında boşaldılmasına nəzarət, soyuqlamadan qorunmaq, şəxsi gigiyena qaydalarına riayət, qida rasionundan kəskin qidaları istisna etmək tövsiyə olunur.