Kolpit
Kolpit (vaginit) – uşaqlıq yolunun iltihabi prosesi olub, onun infeksiyalaşması, mübadilə və endokrin dəyişikliklər, travmalar nəticəsində yaranır. Xəstəlik gur ifrazat, qaşınma, uşaqlıq yolunda və qarnın aşağı hissəində ağrı ilə təzahür edir. İltihabi prosesin gecikmiş mərhələləri uşaqlıq yolunun divarlarının bitişməsi, infeksiyanın qalxan yolla yayılması, uşaqlıq və onun artımlarının iltihabi prosesləri, uşaqlıq boynunun eroziyası və ən sonda uşaqlıqdan kənar hamiləlik və ya sonsuzluğa gətirib çıxara bilər. Kolpitin əsas diaqnostikası kolposkopiya və bakterioloji müayinədən ibarətdir.
- Kolpitin yaranma səbəbləri
- Kolpitin əlamətləri
- Kolpitin diaqnostikası
- Kolpitin müalicəsi
- Kolpitin profilaktikası və proqnozu
Kolpit barədə ümumi məlumat
Kolpit (sinonimləri: qeyri-spesifik kolpit, vaginit) – infeksion-iltihabi xarakterli xəstəlik olub, şərti-patogen mikroflora (stafilokokk, streptokk, protey, bağırsaq çöpü, hemofil çöplər, eləcə də Candida cinsindən olan göbələklər və s.) tərəfindən uşaqlıq yolunun selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Patologiya kəskin, yarımkəskin və xroniki (residivlərlə) gedişə malik olur. Kolpit adətən reproduktiv yaşlı qadınlarda aşkarlanır, lakin ahıl xəstələrdə və hətta uşaqlıq dövründə də rast gəlinə bilər.
Kolpit zamanı iltihabi prosesin inkişafına həm ümumi, həm də yerli xarakterli amillər səbəb olur. İlkin ocağın lokalizasiyasından asılı olaraq, kolpitləri aşağıdakı formaları ayırd edilir:
- Biirncili kolpit – ilkin olaraq uşaqlıq yolunda yaranır.
- Ikincili kolpit – qalxan–infeksiyanın vulvadan uşaqlıq yoluna keçməsi və enən- iltihabi prosesin uşaqlıqdan yayılması.
Həmçinin seroz-irinli və diffuz vaginitlər (kolpitər) qeyd olunur. Seroz-irinli vaginitin klinik təzahürləri çox müxtəlifdir: uşaqlıq yolunun cüzi iltihablaşmasından tutmuş selikli qişanın gür irinli ifrazatla müşayiət olunan ifadəli ödemi və eroziyalaşmasına kimi.
Kolpitin səbəbləri
Normada uşaqlıq yolunun təbii mikroflorasında süd turşusu bakteriyaları üstünlük təşkil edir. Sekretin turş reaksiyası cinsiyyət orqanlarını kənar mikroorqanizmlərın daxil olması və çoxalmasından qoruyur. Mikrofloraya neqativ təsir edən, cinsiyyət orqanlarının yerli immunitetini və orqanizmin ümumi müqavimətini azaldan amillər şərti-patogen mikroorqanizmlərin artmasına və iltihabın inkişafına səbəb olur.
Qeyri-spesifik vaginitin yaranma riskini artıran amillər aşağıdakılardır:
- Orqanizmin immun reaksiyalarını zəiflədən daxili orqanların kəskin və xroniki xəstəlikləri (o cümlədən yumurtalıqlar, uşaqlıq və fallop borularında gedən iltihab proseslər);
- Cinsi yolla keçən infeksiyalar (trixomoniaz, xlamidioz, mikoplazmoz, ureaplazmoz);
- Endokrin sistemin funksional pozğunluqları (piylənmə, şəkərli diabet, yumurtalıqların hipofunksiyası);
- Dərman vasitələrinin qeyri-rasional istifadəsi, eləcə də antibiotiklərlə uzunmüddətli müalicə kursları;
- Gigiyenik və kontraseptiv vasitələrə (tampon, prezervativ, şam və s.) qarşı allergik reaksiyalar;
- Cinsiyyət orqanlarının selikli qişasının kimyəvi, mexaniki və ya termiki zədələnmələri (tibbi müdaxilələrin aparılması zamanı: miniabort, medabort, uşaqlıqdaxili spiralın qoyulması, şırınqalama və s.);
- Uşaqlıq yolunun anatomik dəyişiklikləri (tonusun zəifləməsi və divarlarının sallanması, cinsi yarığın genişlənməsi);
- Damar dəyişiklikləri zamanı və menopauza dövründə uşaqlıq yolunun selikli qişasında trofikanın pozulması, atrofik proseslərin yaranması;
- Şəxsi gigiyena qaydalarına əməl edilməməsi.
Uşaqlıq dövründə kolpitin yaranmasına səbəb olan amillərə infeksiyanın hematogen yolla uşaqlıq yoluna yayılması (angina, skarlatina zamanı), orqanizmin allergik reaksiyaları, eləcə də uşaqlıq youna yad cisimlərin düşməsi aiddir. Adətən iltihab kəskin xarakter daşıyır və orqanizmin digər infeksion xəstəlikləri ilə bağlı olur. Ahıl dövrdə hormonal fonun zəifləməsi cinsiyyət orqanlarının selikli qişasında dəyişikliklərin yaranmasına səbəb olur: selikli qişa nazilir, quruyur, mikrotravmalar və iltihab müşahidə olunur.
Kolpitin əlamətləri
Törədicinin növü, xəstəliyin ağırlıq dərəcəsi və kəskinliyindən asılı olaraq kolpitin əlamətləri müxtəlif olur. Kəskin qeyri-spesifik vaginit üçün aşağıdakı əlamətlər xarakterikdir:
- Xoşagəlməz iyli (bəzən üfunətli) gur ifrazat (selikli, selikli-irinli, bəzi hallarda qanlı) ;
- Patoloji ifrazatın təsiirndən yaranan qaşınma və göynəmə;
- Uşaqlıq yolu və xarici cinsiyyət orqanlarının ödem və hiperemiyası;
- Qarnın aşağı hissəsi və cinsiyyət orqanlarında ağrı hissiyyatı (təzyiq və dolma hissi);
- Ağrılı sidik ifrazı.
Xroniki gedişli vaginitlər zamanı adətən ağrı və əhval-ruhiyyəsinin pozulması müşahidə olunmur. Xəstələrdə leykorreya, göynəmə və qaşınma hissi, cinsiyyət orqanlarının xoralaşması izlənilir. Xroniki kolpitlərdə vaxtaşırı kəskinləşmələrin müşahidə olunduğu süst gediş qeyd olunur.
Kolpit vulvovaginit şəklində təzahür edə bilər, bu zaman hiperemiya və qıcıqlanma xarici cinsiyyət orqanlarına, budun daxili səthinə və sağrı nahiyəsinə yayılır. Patologiya əksər hallarda servisit, uretrit, uşaqlıq boynunun psevdoeroziyaları ilə müştərək şəkildə inkişaf edir.
Ağrı hissiyyatı qadının cinsi aktivliyini zəiflədir, libido hissi azalır. Eləcə də uşaqlıq yolunun divarlarının şişkinn və ağrılı olması vaginal güzgülərlə müayinənin aparılmasını mümkünsüz edir.
Oxşar əlamətlərin yaranması zamanı müayinə və dəqiq diaqnostika məqsədilə ginekoloqun konsultasiyası mütləqdir. Erkən mərhələlərdə vaginitin müalicəsi daha effektiv olub, ağırlaşmaların qarşısını almağa kömək edir. Ağır hallarda iltihabi proseslər daxili cinsiyyət orqanlarına yayılaraq, endometrit, uşaqlıq boynunun eroziyası, sonsuzluğa səbəb olur.
Kolpitin diaqnostikası
Kolpit uşaqlıq yolu və uşaqlıq boynunun vaginal güzgülərlə aparılan müayinəsi zamanı aşkarlana bilər. Kəskin gedişli vaginitlərdə uşaqlıq yolunun selikli qişasının büküşləri kövşək, hiperemiyalı, xeyli qalınlaşmış və ödemli olub, seroz və ya irinli ərplə örtülü olur. Ərpə toxunduqda və ya qaşıdıqda uşaqlıq yolunun divarları zədələnərək qanaya bilər. Ağır hallarda selikli qişanın epitel qatının eroziyalaşması müşahidə olunur. Kolpitin xroniki gedişi zamanı selikli qışanın qüsurları az ifadəli, ifrazatlar cüzi miqdarda olur.
Kolposkopiya selikli qişanın xarakterik dəyişikliklərini daha ətraflı müayinə etməyə və dəqiq diaqnozun qoyulmasına şərait yaradır. Həmçinin kolpitin diaqnostikasında uşaqlıq yolu, servikal kanal, uretradan götürülən yaxmanın mikroskopik müayinəsi mühüm rol oynayır. Qeyri-spesifik vaginit zamanı yaxmada çoxlu miqdarda leykosit (görmə sahəsində 30-60; norma halı<15), epitel hüceyrələri, laktobakteriyaların sayının azalması, kənar mikrofloranın yaranması (III və IV dərəcəli təmizlik) izlənilir.
Yaxmanın bakterioskopik müayinəsi və bakterioloji əkilməsi mikroorqanizmlərin indentifikasiyasının (qram mənsubiyyyəti, növü,morfoloji xüsusiyyətləri) aparılmasına imkan verir. Əksər hallarda kolpit zamanı müxtəlif bakteriyaların assosiasiyası müşahidə edilir. Kiçik çanaq orqanlarının USM yanaşı gedən ginekoloji patologiyaları aşkar etməyə kömək edir.
Kolpitin müalicəsi
Müasir ginekologiyada kolpitin müalicəsində ümumi və yerli üsullardan istifadə olunur. Müalicə sxemi kombinəolunmuş olub, kolpitin növü, xəstənin yaşı, yanaşı xəstəliklərdən və s. asılıdır.
Yerli müalicə xarici cinsiyyət orqanları və uşaqlıq yolunun sanasiyasından (adaçiçəyi, çobanyastığı dəmləmələri, xlorfillipt, kalium–permanqanat, sink –sulfat, rivanol məhlulları ilə yuyulmadan və şırınqalanmadan) ibarətdir. Çaytikanı yağı ilə tamponlar, iltihabəleyhinə vaginal şam və həblər təyin olunur. Ağır və ifadəli gedişli kolpitlərdə törədicinin həssaslığı nəzərə alınmaqla yerli antibiotiklərdən, fizioterapevtik prosedurlardan istifadə olunur.
Ümumi terapiya yanaşı gedən ginekoloji, metabolik, endokrin xəstəliklərin müalicəsinə, hormonal və immunoloji fonun normallaşmasına yönəldilmişdir. Müalicə prosesində cinsi əlaqədən imtina edilməli, eləcə də cinsi partnyor müayinə və ehtiyac olduqda müalicə olunmalıdır. Ciddi pəhriz (süd-qatıq və bitki tərkibli pəhriz) təyin olunur, selikli qişaya qıcıqlandırıcı təsir göstərən kəskin, duzlu, hisə verilmiş məhsulllar qida rasionundan çıxarılır, suyun qəbulu məhdudlaşdırılır (selikli qişanın ödemini azaltmaq məqsədilə).
Kolpitin müalicəsinin son mərhələsində uşaqlıq yolunun təbii florasını bərpa edən və onun müdafiə qabiliyyətini gücləndirən preparatlardan istifadə olunur. Kolpitin sağalmasını müəyyən etmək üçün reproduktiv yaşda olan qadınlarda aybaşının 4-5-ci günündə, qızlarda və menopauzada olan qadınlarda isə müalicə kursu bitdikdən sonra yaxma götürülür. Xəstəliyin residivlərinin profilaktikası məqsədilə 4-5 aydan sonra kurs müalicə təkrarlanmalıdır.
Kolpitin profilaktikası və proqnozu
Qeyri-spesifik vaginitin (kolpitin) profilaktikası cinsiyyət orqanlarının, cinsi həyatın gigiyenasına ciddi riayət edilməsi, genital və ekstragenital xəstəliklərin vaxtında müalicə olunması, provokasiyaedici amillərin istisna edilməsi, düzgün istirahət rejimindən ibarətdir. İfrazatın xarakterinin dəyişməsi və aybaşı siklinin pozulması zamanı təcili sürətdə ginekoloqa müraciət etmək lazımdır. Xroniki residivləşən vaginitlərdə cinsi infeksiyaların (xlamidiya, mikoplazma, trixomonad, qardnerella, sadə herpes virusu və s.) PZR-diaqnostikası aparılmalıdır.
Qızlarda vulvovaginitlərin qarşısını almaq üçün gigiyenik prosedurlar, ümumi möhkəmləndirici təbdirlər aparılmalı, xroniki infeksiya ocaqları müalicə edilməlidir. Adətən düzgün müalicə aparıldıqda kolpit xəstənin sağlamlığına ciddi təhlükə törətmir. Lakin xəstəliyə etinasız yanaşma, özbaşına müalicə və profilaktik tədbirlərə əməl olunmayan hallarında kolpit reproduktiv sağlamlığa mənfi təsir göstərərək, ağır fəsadlara gətirib çıxarda bilər.