Metrit
Metrit – uşaqlığın əzələ qatının kəskin və ya xroniki gedişə malik iltihabı prosesidir. Metritin gedişi cinsi yollardan axan ifrazat (selikli, irinli, qanlı), qarnın aşağı hissəsində ağrı, uşaqlıq qanaxmaları, aybaşı siklinin pozulmaları, ümumi infeksion simptomatika ilə müşayiət olunur. Metritin etiologiyası və formalarının diaqnostikası zamanı bimanual müayinə, ginekoloji USM, qan və vaginal yaxmanın analizinin nəticələri nəzərə alınır. Kəskin fazada yataq rejimi, qarnın aşağı hissəsinə soyuq kompress, antibiotiklər, uterotoniklər, analgetiklər; xroniki formada isə fizioterapiya, hirudoterapiya, uşaqlıq boşluğunun yuyulması təyin olunur.
- Metritin təsnifatı
- Metritin yaranma səbəbləri
- Metritin əlamətləri
- Metritin diaqnostika və müalicəsi
Metrit barədə ümumi məlumat
Metrit (miometrit, mezometrit) – uşaqlığın iltihabı xəstəliyi olub, onun əzələ qişasının zədələnməsi ilə xarakterizə olunur. Metrit infeksion və ya aseptik mənşəli olur. İzoləolunmuş formada çox nadir hallarda rast gəlinir, çox zaman metroendometrit – uşaqlığın selikli qişası (endometrium) və əzələ toxumasının (miometriumun) iltihabi şəklində müşahidə olunur. Ağırlaşmış gediş zamanı perimetrit, pelvioperitonit, piometra, uşaqlığın abses və qanqrenasının inkişafı mümkündür. Bir sıra xəstələrdə metrit uşaqlıq mənşəli sonsuzluğa səbəb olur. Proqnozun ciddiliyi və potensial ağırlaşmaların yüksək inkişaf riskinə əsasən metritin profilaktika və effektiv müalicə üsullarının axtarışı ginekologiyanın vacib məsələlərindən sayılır.
Metritin təsnifatı
Metritin 3 klinik forması ayırd edilir: kəskin, yarımkəskin və xroniki. Metrit zamanı iltihabi proses klinik təzahürləri və proqnozu ilə fərqlənən bir neçə formada gedir: kataral, irinli-kataral, nekrotik və qanqrenoz.
İzoləolunmuş şəkildə kəskin puerperal (doğuşdan sonra yaranan) metrit qeyd olunur. Patoloqoanatomik dəyişikliklərə əsasən puerperal metritin fleqmanoz (əzələarası sahənin diffuz infiltarsiyası ilə), tromboflebitik (metrotromboflebit, uşaqlıq venalarının iltihabı və trombozu) və limfanqoitik (uşaqlığın limfa damarlarının iltihabı) növləri mövcuddur.
Metritin ağırlaşmamış gedişi zamanı iltihab əzələ qişasının hüdudları daxlində olur. Ağırlaşmış formalar iltihabın seroz və ya selikli qişaya yayılması və yaxud infeksiyanın uşaqlığın hüdudlarından kənara çıxması (septiki metrit) hallarında inkişaf edir.
Metritin yaranma səbəbləri
Əksər hallarda metritin etiologiyası bakterial flora ilə bağlı olur. Patologiyanın başlıca törədiciləri qeyri-spesifik mikrob patogenləri: streptokokk, stafilokokk, bağırsaq çöpü, protey, anaerob bakteriyalar hesab olunur. Bundan əlavə spesifik infeksiyaların etioagentləri: vərəm mikobakteriyaları, qonokokk, mikoplazma da xəstəliyin inkişafına səbəb olur. Kəskin metrit qızılca, difteriya, qarın yatalağı, vəba zamanı müşahidə oluna bilər. Çox zaman cinsi yollardan götürülən yaxmanın bakterioloji müayinəsində mikrob assosiasiyaları izlənilir.
Törədicilər adətən aybaşı, uşaqlıqdaxili kontraseptivin qoyulması, abort, müalicəvi-diaqnostik qaşınma zamanı qalxan yolla uşaqlıq boşluğuna yayılır. Əksər hallarda infeksion metritin inkişafı kolpit, servisit, endometritlə əlaqədar olur. İnfeksiyanın (məsələn, pielonefrit, angina və digər ekstragenital xəstəliklər zamanı) hematogen yolla uşaqlığa yayılması, eləcə də iltihabın qonşu orqanlara birbaşa (kontakt yolla) keçməsi (appendisit, uşaqlıq borularının vərəmi və s.) mümkündür.
Puerperal metrit adətən zəif doğuş fəaliyyəti, uzunmüddətli susuz dövr, qanaxmalar, uşaqlıq boşluğunda cift qalıqlarının ləngiməsi fonunda inkişaf edir. Aseptik metrit infeksion agentlərin iştirakı olmadan inkişaf edir; onun yaranmasına çox zaman uşaqlığın zədələnməsi və ya onun boşluğuna qıcıqlandırıcı təsirə malik kimyəvi maddələrin yeridilməsi səbəb olur.
Kəskin metrit uşaqlığın böyüməsi (divarlarının qalınlaşması, boşluğunun genişlənməsi) və konsistensiyasının yumşalması ilə müşayiət olunur. Kəsikdə miometrium çəhrayı-qırmızı rəngdə olub, ödemli və kövşəkdir, bundan əlavə genişlənmiş limfa və qan damarları qeyd olunur. Toxumanın mikroskopik müayinəsi zamanı leykositar infiltrasiya, endometrial vəzilərin distrofiyası izlənilir.
Metritin əlamətləri
Kəskin metritin klinik simptomokompleksi ümumi infeksion və yerli əlamətlərdən ibarətdir. Xəstəlik adətən uşaqlıqdaxili müdaxilələrdən 3-4 gün sonra kəskin şəkildə manifestasiya edir. İnfeksion-iltihabi proseslərin əlamətlərinə hərarətin yüksəlməsi, apatiya, əzginlik, iştahın itməsi, baş ağrıları aiddir.
Cinsi yollardan axan ifrazat, qanaxma, ağrı sindromu xəstəliyin xarakterik yerli simptomları sayılır. İfrazatın xarakteri kəskin metritin müxtəlif formalarını differensə etməyə kömək edir. Kataral metrit zamanı ifrazat gur, selikli və iysiz olur. Irinli-kataral iltihab qan qarışıqlı, spesifik iyə malik olmayan irinli-kataral ifrazatla müşayiət olunur. Nekrotik metrit üçün kiçik toxuma fraqmentlərindən ibarət xoşagəlməz iyli qəhvəyi ifrazat xarakterikdir. Xəstəliyin ən ağır forması sayılan qanqrenoz metrit zamanı qırmızı-qonur rəngli, hava qabarcıqlı, üfunətli iyli vaginal ifrazat müşahidə olunur.
Sakitlik halında qarnın aşağı hissəsində, oma proyeksiyası və çanaq dərinliyində ağrılar izlənilir. Palpasiya zamanı uşaqlığın ölçülərinin böyüməsi və kəskin ağrılı olması müəyyən edilir. Çox zaman kəskin metrit fonunda asiklik uşaqlıq qanaxmaları inkişaf edir. Xəstəlik ooforit və adneksitlə müşayiət oluna bilər.
Xroniki metrit zamanı iltihabın bütün əlamətləri mülayim dərəcədə ifadə olunur, vaginal ifrazatın miqdarı azalır, adətən seroz xarakter alır. Uşaqlıq ağrısız, sərt konsistensiyalı olur, ölçüləri bir qədər böyüyür. Periodik olaraq qasıqdan yuxarı və ya oma nahiyəsində dartıcı ağrılar qeyd olunur. Xəstəliyin bu formasında ön plana adətən aybaşı funksiyasının pozulmasını ifadə edən əlamətlər keçir: qeyri-müntəzəm aybaşı, menorragiya, hipomenoreya, anovulyator sikl, aybaşıarası qanaxmalar.
Puerperal (doğuşdan sonrakı) metrit doğuşun 3-7-ci günündə inkişaf edir. Xəstəlik titrətmə və yüksək hərarətlə (38,5-40°С), ümumi halın kəskin pisləşməsi ilə başlayır. Loxiyalar tünd-qırmızı rəngdə, qan qarışıqlı olur, ifrazatın miqdarı azalır. Bağırsağın atoniyası, nəcis və qazların ləngiməsi, sidik ifrazının ağrı ilə müşayiət olunması mümkündür. Vaginal müayinədə ölçüləri böyümüş, zəif yığılan, ağrılı uşaqlıq müəyyən olunur, uşaqlıq boynu hətta doğuşdan 9 gün sonra bir barmaq açıq olur. 2-2,5 həftədən sonra hərarət subfebrilitetə qədər azalır, loxiyaların həcmi əvvəl artır, sonra isə azalır, ifrazatlar seroz-irinli və ya irinli olur. Puerperal metritin 3-4 həftə davam edir.
Ağır gedişli, xəstənin nəinki reproduktiv sağlamlığı, hətta həyatı üçün təhlükə daşıyan metritin fəsadlarına uşaqlığın absesi, qanqrenası, pelvioperitonit, peritonit, sepsis aiddir.
Metritin diaqnostika və müalicəsi
Metritin diaqnostikasının alqoritmi anamnez və şikayətlərin qiymətləndirilməsi, ginekolojii baxış, kiçik çanaq orqanlarının USM, ümumklinik və mikrobioloji analizlərdən ibarətdir. Anamnezın toplanması zamanı ginekoloq yaxın keçmişdə aparılan uşaqlıqdaxili müdaxilələrə, doğuşa, uşaqlığın iltihabının cinsi və ekstragenital infeksiyalarla əlaqəsinə diqqət yetirir. Vaginal müayinənin nəticələri prosesin kəskinliyi və metritin formasından asılı olaraq müxtəlif olur. İltihabın ümumi əlamətlərinə uşaqlığın ölçülərinin artması və servikal kanaldan patoloji ifrazatın axması aiddir. Əzələ qatının qalınlığı və quruluşunun obyektiv qiymətləndirilməsi USM vasitəsilə mümkündür. Laborator testlərdən qan və sidiyin ümumi analizi, floraya görə yaxma, vaginal ifrazatın bakterioloji əkilməsi, PZR-diaqnostika mühüm əhəmiyyət kəsb edir.
Kəskin və xroniki metritin müalicəsi stasionar şəraitində aparılır. Yataq rejimi və qarnın aşağı hissəsinə soyuq kompress təyin olunur. Mikroorqanizmlərin həssaslığı nəzərə alınmaqla sintetik penisillin, sefalosporin və digər preparatlarla aktiv sistemli antibiotikoterapiya aparılır; dezintoksikasion tədbirlər görülür, adekvat ağrısızlaşdırma tətbiq olunur. Uşaqlığın yığılma qabiliyyətinin stimulyasiyası üçün uterotoniklərdən istifadə olunur. Həkim nəzarəti altında uşaqlıq boşluğunun antiseptik məhlullarla yuyulması yerinə yetirilir.
Uşaqlıq boşluğunda döl yumurtası və ya cift qalıqlarının aşkarlanması zamanı onlar vakuum-aspirasiya və ya uşaqlıq boşluğunun selikli qişasının qaşınması yolu ilə xaric edilir. Metritin ən ağır formalarında septiki ağırlaşmalar və profuz qanaxmanın profilaktikası məqsədilə uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya icra olunur.
Xroniki metritin müalicəsində fizioterapiyaya (ultrasəs, elektrofarez, diatermiya, ozokeritoterapiya, palçıqla müalicəyə) üstünlük verilir. Aybaşı funksiyasının normallaşması üçün hormonoterapiya tətbiq olunur.
Kəskin və xroniki metritlərin profilaktikası uşaqlıqdaxili müdaxilələr zamanı patogen mikrobların uşaqlıq boşluğuna yayılmasının qarşısının alınması, cinsi yolla keçən infeksiyalardan müdafiə, doğuşun rasional aparılması, infeksion ocaqların vaxtında sanasiyasından ibarətdir.
Metrit keçirmiş xəstələrin reproduktiv funksiyasının proqnozu kifayət qədər ciddidir. Endometriumun atrofiyası, anovulyasiya, fallop borularında bitişmə prosesləri fonunda ikincili sonsuzluğun inkişafı mümkündür.