Metrotromboflebit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2235

metrotromboflebit nədir?Metrotromboflebit – uşaqlığın venoz damarlarının tromboz və iltihabı olub, doğuşdan və ya əməliyyatdan sonra yaranan endometritin ağırlaşması sayılır. Metrotromboflebit qızdırma, cinsi yollardan axan uzun müddətli və gur ifrazat, qarında sızıltılı ağrı, taxikardiya və halsızlıqla xarakterizə olunur. Diaqnoz ginekoloji baxış, hemostazın müayinəsi, USM-in nəticələrinə əsasən qoyulur. Metrotromboflebitin müalicəsi stasionar şəraitdə aparılır; aktiv mikrobəleyhinə terapiya, antikoaqulyant və antiaqreqantların təyini; septik ağırlaşmalar və ya güclü qanaxmalar zamanı uşaqlığın xaric olunması tələb olunur.

  • Metrotromboflebitin yaranma səbəbləri
  • Metrotromboflebitin əlamətləri
  • Metrotromboflebitin diaqnostikası
  • Metrotromboflebitin müalicəsi
  • Metrotromboflebitin ağırlaşmaları
  • Metrotromboflebitin proqnoz və profilaktikası

Metrotromboflebit barədə ümumi məlumat

Metrotromboflebit doğuşdan və ya əməliyyatdan sonra baş verən septik ağırlaşmalara aiddir. İnfeksion agentlərin uşaqlığın venoz şəbəkəsinə düşməsi zamanı damar divarları və ətraf toxumalar zədələnir, periflebit inkişaf edir. Uşaqlığın venalarının iltihabı trombların əmələ gəlməsi üçün əlverişli fon yaradır. Gələcəkdə tromboflebit zamanı yerli və generalizəolunmuş septik və tromboembolik ağırlaşmalar – trombların irinləməsi, soyulmuş metrit, infarkt-pnevmoniya, ağciyər arteriyasının tromboemboliyası, aşağı ətraf və çanaq venalarının tromboflebiti, sepsis baş verə bilər.

Metrotromboflebitin yaranma səbəbləri

Metrotromboflebitin yaranma səbəbləriMüasir ginekologiyanın apardığı tədqiqatların nəticələrinə əsasən metrotromboflebitin fon xəstəliyi demək olar ki, bütün hallarda yaxın keçmişdə keçirilən doğuş (xüsusən ağırlaşmalarla müşayiət olunan), mamalıq, ginekoloji və ya uroloji əməliyyatlardan sonra inkişaf edən metroendometrit hesab olunur. Adətən doğuşdan sonrakı metrotromboflebit gecikmiş toksikoz, diskoordinasiyalı doğuş fəaliyyəti, uzunmüddətli susuz dövr, doğuş zamanı güclü qanaxmaları olan qadınlarda inkişaf edir. Müxtəlif ginekoloji müdaxilələr (Qeysəriyyə əməliyyatı, uşaqlığın massajı, ciftin əllə ayrılması, uşaqlıq boynunun dərin cırılmalarının tikilməsi) doğuşdan sonrakı metrotromboflebitin risk amillərinə aiddir. Bununla yanaşı patologiya konservativ miomektomiya, hamiləliyin cərrahi yolla dayandırılması, endometrioz ocaqlarının kəsilməsi, uşaqlığın anomaliyaları zamanı rekonstruktiv müdaxilələrin ağırlaşması kimi inkişaf edə bilər.

Çox zaman metrotromboflebit anamnezdə aşağı ətrafların tromboflebiti və varikoz xəstəliyi olan pasiyentlərdə müşahidə olunur. Metrotromboflebit zamanı infeksiyanın törədiciləri qram-mənfi mikrob florası (bağırsaq çöpü, klebsiella, protey), qram-müsbət bakteriyalar (stafilokokk, enterokokk, streptokokk), spor əmələ gətirməyən anaerob mikroorqanizmlər (peptokokk, bakteroid, peptostreptokokk) və onların assosiasiyaları ola bilər.

Metrotromboflebitin patogenezinin əsas həlqəsi antitrombinin azalması, fibrinogenin artması, struktur və xronometrik hiperkoaqulyasiya ilə xarakterizə olunan hemostazın prokoaqulyant və trombositar komponentlərinin aktivasiyasından ibarətdir. Bundan əlavə metrotromboflebitin inkişafına hüceyrə və humoral immunitetin zəifləməsi (B- və T-limfositlərin miqdarının, eləcə də IgG-nin konsentrasiyasının azalması, onların funksiyasının pozulması) səbəb olur.

Metrotromboflebitin əlamətləri

Metrotromboflebitin əlamətləriDoğuşdan sonrakı metrotromboflebitin manifestasiyası doğuşdan 6-9 gün, bəzi hallarda isə qadının evə buraxılmasından sonra baş verir. Bədən hərarətinin bir qədər yüksəlməsi, ümumi hal və yuxunun pozulması, halsızlıq, qarında sızıltılı ağrılar müşahidə olunur, lakin bu vəziyyət loxiyaların miqdarına təsir etmir. Bədən hərarəti ilə uyğunlaşmayan ifadəli sinus taxikardiyası (ürək vurğularının sayı dəqiqədə 100-120 olur), labil (qeyri sabit), yumşaq nəbz xarakterikdir. Endometritin antimikrob müalicəsi fonunda metroflebitin klinikası silinmiş ola bilər, lakin hətta belə hallarda taxikardiya və uşaqlığın subinvolyusiyası, cinsi yollardan axan uzun müddət arası kəsilməyən qanlı ifrazat izlənilir.

Postoperasion metrotromboflebit zamanı çanaq dərinliyində və qarnın aşağı hissəsində ağrı, qızdırma, sidik kisəsi və bağırsağın fəaliyyətinin pozulması, bəzi hallarda isə peritonun qıcıqlanması əlamətləri qeyd olunur. Metrotromboflebitin proqressivləşməsi trombların irinləməsinə gətirib çıxarır, bu da xəstənin ümumi halının pisləşməsinə, yüksək (40°С-yə qədər), titrətmə, soyulmuş metrit və septikopiemiyanın inkişafı ilə müşayiət olunur. İnfeksiya hematogen yolla uşaqlıqdan çanaq və aşağı ətraf venalarına yayılaraq, proqressivləşən tromboflebitin inkişafına səbəb ola bilər.

Metrotromboflebitin diaqnostikası

Metrotromboflebitin diaqnostikasında əsas məqsəd venaların trombozu və iltihabına səbəb olan amillərin aşkar olunmasından və klinik təzahürlərin analizindən ibarətdir. Bumanual ginekoloji müayinə zamanı ölçüləri böyümüş, yumşaq konsistensiyalı, ağrılı uşaqlıq müəyyən olunur. Servikal kanalın əsnəyi doğuşun 2-ci həftəsində açıq qalır. Uşaqlığın müayinə prosesində orqanın səthinə nahamar quruluş verən qıvrılmış venoz damarlar palpasiya oluna bilər. Çanaq venalarının tromboflebiti zamanı parametral toxumada infiltratlar izlənilir. Metrotrombofelbitin klinik əlamətləri kiçik çanağın USM vasitəsilə təsdiqlənir.

Metrotromboflebit zamanı qanın ümumi analizi Hb səviyyəsinin azalması, mülayim leykositoz və EÇS-nin artması ilə xarakterizə olunur. Koaquloqramın müayinəsində laxtalanma müddətinin qısalması, fibrinolitik aktivliyin zəifləməsi, protrombin indeksi və fibrinogenin konsentrasiyasının yüksəlməsi, plazmanın rekalsifikasiya müddətinin azalması, trombotestin nəticələrinə əsasən hiperkoaqulyasiya əlamətləri aşkar olunur.

Metrotromboflebit zamanı daxili müayinələr trombların tamlığının pozulması və emboliyanın inkişafı, eləcə də septik infeksiyaların yayılma riskini nəzərə alaraq çox böyük ehtiyatla aparılır. Metrotromboflebit plasentar poliplər və endomiometritlə differensiasiya edilir.

Metrotromboflebitin müalicəsi

Metrotromboflebitin müalicəsi stasionar şəraitdə aparılır. Metrotromboflebit zamanı yataq rejimi, qarın nahiyəsinə soyuq kompress təyin edilir. Mikrobəleyhinə preparatlar (sulfanilamidlər, antibiotiklər), QSİƏP, dolayı (fenindion, asenokumarol) və birbaşa təsirli antikoaqulyantlar (heparin), antiaqreqant vasitələr (asetilsalisil turşusu, pentoksifillin, nikotin turşusu), reoloji təsirə malik preparatlar (dekstran) təyin olunur. Antikoaqulyantlarla müalicə zamanı protrombin indeksinə nəzarət edilməli, sidiyin ümumi analizi aparılmalıdır: protrombin indeksinin azalması və hematouriya preparatların kumulyasiyasına dəlalət edir.

Xroniki metrotromboflebitin müalicəsində fizioterapiyaya: ozokeritoterapiya, parafinlə müalicə, palçıqla müalicə, diatermiya, hidrogen sulfidli vannalara üstünlük verilir. Trombların irinləməsi və ya güclü qanaxmalarla ağırlaşmış metrotromboflebit zamanı uşaqlığın xaric olunması-histerektomiya və ya uşaqlığın supravaginal amputasiyası tələb oluna bilər.

Metrotromboflebitin ağırlaşmaları

İnfeksiyanın hematogen yolla yayılması zamanı tromboflebit çanaq və aşağı ətraf venalarına yayıla bilər. Metrotromboflebitin tromboembolik ağırlaşmalarına ağciyər arteriyasının tromboemboliyası, infarkt – pnevmoniya aiddir.

Metrotromboflebitin ağır gedişi zamanı trombların irinləməsi, uşaqlıq divarının nekrozu, soyulan metrit, güclü uşaqlıq qanaxmaları, sepsisin inkişafı mümkündür. Gecikmiş hallarda uşaqlığın hissəvi və ya tam qanqrenası, uşaqlıq divarlarının absesinə rast gəlmək olar.

Metrotromboflebitin proqnoz və profilaktikası

Yalnız antikoaqulyantlar, antiaqreqantlar və antibiotiklərin istifadəsi ilə vaxtında müalicənin aparılması ilə ağırlaşmaların qarşısını almaq olar. Metrotromboflebitin gecikdirilmiş müalicəsi, trombların irinləməsi və tromboembolik ağırlaşmalar zamanı proqnoz əhəmiyyətli dərəcədə pisləşir. Metrotromboflebitin profilaktikası doğuşun və doğuşdan sonrakı dövrün rasional aparılmasını, abortlar, ginekoloji və mamalıq müdaxilələri zamanı aseptika qaydalarına əməl olunmasını, endomiometritin vaxtında müalicə edilməsini tələb edir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: