Miomatoz düyünün nekrozu
Miomatoz düyünün nekrozu – uşaqlığın miomasının ağırlaşması olub, şişin vaskulyarizasiya və qidalanmasının pozulması ilə əlaqədar düyünlü törəmənin toxumalarında geri dönməyən dəyişikliklərin yaranması ilə xarakterizə edilir. Miomatoz düyünün nekrozu kəskin qarın simptomatikası: ağrı, ürəkbulanma, qusma, hipertermiya, qarnın ön divarının gərginliyi, dizuriya və qazların ləngiməsi ilə müşayiət olunur. Uşaqlığın miomasının ağırlaşması ümumi baxış və vaginal müayinə, kiçik çanağın USM, laparoskopiya vasitəsilə aşkar olunur. Miomatoz düyünün nekrozunun müalicəsi təcili surətdə cərrahi yolla – konservativ miomektomiya, uşaqlığın amputasiyası, histerektomiya, panhisterektomiya ilə icra olunur.
- Miomatoz düyünün nekrozunun formaları
- Miomatoz düyünün nekrozunun əlamətləri
- Miomatoz düyünün nekrozunun diaqnostikası
- Miomatoz düyünün nekrozunun müalicəsi
- Miomatoz düyünün nekrozunun proqnoz və profilaktikası
Miomatoz düyünün nekrozu barədə ümumi məlumat
Miomatoz düyünün nekrozu miomanın ayaqcığının burulması və ya onun vaskulyarizasiyasının pozulması nəticəsində şiş toxumasının məhvi ilə səciyyələnir. Nekrotik dəyişikliklər müxtəlif lokalizasiyalı – submukoz, subseroz, intramural düyünlərdə baş verə bilər. Miomatoz düyünün nekrozu uşaqlığın miomalarının 7%-də qeyd olunur. Kistoz degenerasiya və ya nekroz əlamətləri planlı şəkildə xaric edilmiş miomatoz düyünlərin 60%-də aşkarlanır. Nekrozlaşmış toxumalarda ödem, qansızma, degenerasiya, aseptik iltihab inkişaf edir. Miomatoz düyünün nekrozu proqressivləşərək, peritonitlə nəticələnə bilər.
Miomatoz düyünün nekrozunun səbəbləri
Miomatoz düyündə qan dövranının pozulmasının birbaşa səbəblərinə şişin ayaqcığının əyılməsi və ya burulması, intramural düyünlərdə çoxsaylı trombların yaranması, venoz durğunluq, işemiya aiddir. Uşaqlığın mioması böyüyərək, onu qidalandıran damarların deformasiyasına və ya tamamilə sıxılmasına səbəb ola bilər. Doğuşdan və ya uşaqlıq əzələlərinin yığılma qabiliyyətini artıran preparatların qəbulundan sonra miometriumun yığılması ilə əlaqədar intramural lokalizasiyalı düyünlər nekroz və işemiyaya daha çox uğrayır. Subseroz miomalar adətən nazik ayaqcığa malik olur. Onun hərəkətli olması əksər hallarda düyünün burulmasına gətirib çıxarır.
Hamiləlik dövründə damar tonusunun artması fonunda miometriumun qanla təhcizatının azalması və venoz axımın pozulması zamanı miomatoz düyünlər nekrozlaşa bilər. Həmçinin nəzərə almaq lazımdır ki, hamilə qadınlarda uşaqlığın ölçüləri artdıqca miomatoz düyünlər də böyüyür. Bu səbəbdən miomalı xəstələrdə düyünün nekrozunun inkişaf riski ilə əlaqədar hamiləliyin aparılması xüsusi diqqət tələb edir. Bununla yanaşı fiziki yüklənmələr (tullanma, qəfil yerdəyişmələr, ağır yük qaldırma), doğuşdan sonrakı dövrdə, abortlardan sonra patologiyanın yaranma ehtimalı yüksəlir.
Miomatoz düyünün nekrozunun formaları
Morfoloji əlamətlərə əsasən miomatoz düyünlərin yaş, quru və qırmızı nekrozu ayırd edilir. Yaş nekroz toxumaların yumşalması və yaş ölümü ilə xarakterizə olunur, bu zaman toxumalarda kistoz boşluqlar yaranır. Miomatoz düyünün quru nekrozu üçün şişin nekrozlaşmış sahələrinin büzüşməsi, ölmüş toxuma qalıqlarından ibarət mağaraşəkilli boşluqların əmələ gəlməsi xarakterikdir.
Qırmızı nekroza adətən hamilələr və yenicə ana olan qadınlarda intramural lokalizasiyalı miomatoz düyünlər uğrayır. Patologiya zamanı miomatoz düyün qırmızı-qəhvəyi rəngdə olub, yumşaq konsistensiyaya və genişlənmiş, tromblaşmış venalara malik olur.
Miomatoz düyünün aseptik nekrozu fonunda mikrob törədicilərinin (stafilokokk, bağırsaq çöpləri, streptokokkların) limfogen və ya hematogen yolla yayılması nəticəsində infeksion iltihabi proses inkişaf edir. Nekrozlaşmış düyünlərin infeksiyalaşması peritonitə və ya infeksiyanın generalizə olunmuş formaları–sepsislə nəticələnə bilər.
Miomatoz düyünün nekrozunun əlamətləri
Miomatoz düyünün nekrozunun klinik təzahürləri baş verən dəyişikliklərin dərəcəsindən asılı olur. Düyünün ayaqcığının burulması zamanı əlamətlər qəfil yaranır; kəskin qarın simptomatikası – tutmaşəkilli ağrılar, ürəkbulanma, qusma, titrətmə, hərarətin yüksəlməsi, ağızda quruluq, bağırsağın disfunksiyası (qəbizlik, meteorizm) inkişaf edir.
Miomatoz düyünün vaskulyarizasiyası pozulduqda əlamətlər zəif ifadə olunur və tədricən güclənir. Belə hallarda bel və qarnın aşağı hissəsində vaxtaşırı artan və azalan dartıcı ağrılar qeyd olunur. Ağrı sindromu zamanı subfebrilitet, taxikardiya, titrətmə, ürəkbulanma, sidik ifrazının və defekasiyanın pozulması izlənilir.
Miomatoz düyünün nekrozunun diaqnostikası
Miomatoz düyünün nekrozunun diaqnostikası zamanı anamnezdə uşaqlığın miomasının olması, xəstənin şikayətləri, klinik əlamətlər nəzərə alınır. Fizikal müayinə zamanı dəri örtüklərinin solğunluğu, dilin ağımtıl ərplə örtülməsi, qarında köp, qarnın aşağı hissəsində ağrı hissiyyatı və müsbət peritoneal əlamətlər aşkar olunur.
Ginekoloji müayinədə nekrozlaşmış düyün nahiyəsində kəskin ağrılı, ölçüləri böyümüş uşaqlıq müəyyən edilir. Miomatoz düyünün nekrozu zamanı kiçik çanağın USM bir sıra akustik əlamətlərlə: törəmənin sıxlığının azalması və qeyri-həmcins olması, düyündə kistoz boşluqların yaranması ilə xarakterizə olunur. Doppleroqrafiyanın köməyilə düyünlü törəmənin daxilində və miometriumun qonşu sahələrində qan dövranının pozulması əlamətləri izlənilir.
Diaqnostik laparoskopiya kiçik çanaq orqanları vizual olaraq nəzərdən keçirməyə imkan verir və zərurət olduqda müalicəvi xarakter daşıyır. Müayinə zamanı nekroz əlamətləri- ödem, qansızma, düyünün göyümtül-tünd qırmızı rəng alması ilə müşayiət olunan böyümüş miomatoz uşaqlıq müəyyən edilir. Miomatoz düyünün nekrozu yumurtalığın kistomasının ayaqcığının burulması, uşaqlıqdan kənar hamiləlik, yumurtalığın apopleksiyası, kəskin appendisit, piosalpinks, piovarla differensiasiya edilir.
Miomatoz düyünün nekrozunun müalicəsi
Miomatoz düyünün nekrozuna şübhə yarandıqda xəstə təcili hospitalizasiya olunmalı və cərrahi müdaxilə aparılmalıdır. Miomatoz düyünün ayaqcığının burulması nəticəsində yaranan nekroz zamanı əməliyytaın həcmi qadının yaşından, nekrotik dəyişikliklərin dərəcəsindən və peritonitin olmasından asılıdır. Reproduktiv yaşda olan qadınlar və hamilələrdə peritonit əlamətləri izlənilmədikdə konservativ miomektomiya tətbiq olunur. Pre- və postmenopauza dövründə radikal əməliyyatlar – uşaqlığın supravaginal amputasiyası, histerektomiya və ya panhisterektomiya icra edilir.
Miomatoz düyünün işemiyası zamanı cərrahi müalicə 24-48 saat gecikdirilə bilər; bu vaxt ərzində intoksikasiyanın azaldılması, su-elektrolit balansının normallaşmasına yönəldilmiş infuzion terapiya aparılır. Belə vəziyyətlərdə əməliyyatın həcmi yuxarıda qeyd olunan kriteriyalar üzrə təyin olunur.
Miomatoz düyünün nekrozunun proqnoz və profilaktikası
Uşaqlığın mioması fonunda kəskin qarın simptomatikasının yaranması zamanı xəstə təcili surətdə ginekoloji və ya cərrahi stasionara yerləşdirilməlidir. Vaxtında aparılan diaqnostika və müalicə zamanı proqnoz qənaətbəxş hesab olunur. Reproduktiv imkanların saxlanılması cərrahi vəziyyətdən asılıdır. Miomatoz düyünün nekrozunun proqressivləşərək, yayılmış peritonit və sepsisə səbəb olması может qeyri-qənaətbəxş sonluqla nəticələnə bilər.
Miomatoz düyünün nekrozunun inkişafının profilaktik tədbirlərinə uşaqlığın miomasının vaxtında diaqnostika və rasional konservativ müalicəsi və ya onun cərrahi yolla planlı şəkildə çıxarılması aiddir. Ginekoloji müayinə və kiçik çanaq orqanlarının USM-dən ibarət illik profilaktik dispanserizasiya uşaqlığın miomasının ağırlaşmalarının qarşısını almağa imkan verir. Miomalı qadınlar hamiləliyin planlaşdırılması zamanı ehtimal olunan bütün riskləri nəzərə almalıdır.