Natamam abort
Natamam abort — hestasiyanın 22-ci həftəsinə qədər özbaşına və ya süni yolla aparılan abortlar zamanı döl və ya onun qişalarının uşaqlıq boşluğunda ləngiməsidir. Qarnın aşağı hissəsində dartıcı və ya tutmaşəkilli ağrı, qanlı vaginal ifrazatla (axıntıda döl yumurtasının hissəcikləri izlənilə bilər) təzahür edir. Diaqnozun qoyulması üçün ginekoloji müayinə, uşaqlığın USM aparılır, zərurət olduqda laborator analizlər və histeroskopiya təyin olunur. Abort materialının qalıqları vakuum-aspirasiya və ya küretaj üsulu ilə xaric edilir, sonrakı mərhələdə uterotoniklər, antibiotiklər, infuzion terapiya tətbiq edilir.
- Natamam abortun səbəbləri
- Patogenez
- Natamam abortun əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Natamam abortun müalicəsi
- Proqnoz və profilaktika
Natamam abort barədə ümumi məlumat
Mamalıq və ginekologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən hamiləliyin özbaşına və ya süni yolla (instrumental, dərman vasitələri) pozulması hallarının 1-5% natamam abortla nəticələnir. Bu mərhələdə döl həyat qabiliyyətini itirdiyindən onu qorumaq mümkün deyil. Həkimin əsas məqsədi ağırlaşmaların qarşısını almaq və qadının reproduktiv sağlamlığı üçün təhlükəli hesab olunan halları aradan qaldırmaq məqsədilə pozğunluqların tez bir zamanda korreksiya olunmasından ibarətdir. Natamam özbaşına düşüklər əsasən 35 yaşdan yuxarı genital və ekstragenital patologiyaları olan qadınlarda aşkarlanır. Klinik simptomatikanın gec inkişaf etməsi ilə xarakterizə olunan natamam induksiyaolunmuş abortlar istənilən yaş dövründə hamiləliyin farmakoloji üsulla pozulması zamanı qeyd olunur.
Natamam abortun səbəbləri
Erkən mərhələlərdə hamiləliyin istər özbaşına, istərsə də süni yolla pozulması natamam abortla sonlana bilər. Adətən döl yumurtasının qalıqlarının tam xaric olmasına uşaqlığın anatomik dəyişiklikləri, uşaqlıq boynunun kifayət qədər açılmaması, döl hissəciklərinin və ya onun qişalarının uşaqlıq divarı ilə əlaqəsinin olması mane olur. Natamam abortun birbaşa səbəblərinə aşağıdakılar aiddir:
- Medikamentoz abort. Əksər hallarda hamiləliyin natamam pozulması hestasiyanın erkən məthələlərində dərman preparatlarının qəbulu zamanı müşahidə olunur. Üsulun az invazivliyinə baxmayaraq, bəzi qadınlarda miometriumun yığılma qabiliyyətinin pozulması və servikal kanalın kifayət qədər açılmaması izlənilir.
- Cərrahi abortun düzgün yerinə yetirilməməsi. Əməliyyatın təcrübəsiz mama-ginekoloq tərəfindən aparılması zamanı və ya cərrahi müdaxilədən əvvəl və yaxud sonra USM-nəzarətin olmadığı hallarda döl yumurtasının bir hissəsi uşaqlığın divarına yapışmış vəziyyətdə qalır. Kriminal əməliyyatlar zamanı abortiv materialın uşaqlıq boşluğunda ləngiməsi riski artır.
- Dishormonal vəziyyətlər. Uşaqlıq boynunun açılma dərəcəsi, miometriumun yığılmalarının gücü və ritmikliyi hormonlar tərəfindən tənzimlənir. Estrogen, prostaqlandinlər, oksitosin, progesteron və digər mediatorların disbalansı zamanı əzələ qatının yığılma aktivliyi döl yumurtasının ana orqanizmindən tam şəkildə qovulmasına kifayət etmir.
- Uşaqlığın quruluş anomaliyaları. Nadir hallarda natamam abortlara uşaqlığın anatomik dəyişiklikləri – ikibuynuzlu və ya yəhərəbənzər uşaqlıq, uşaqlıq boğazı nahiyəsində submukoz mioma səbəb olur. Orqanın hipoplaziyası zamanı miometriumun yığılma aktivliyinin zəifliyi müşahidə olunur.
Natamam abortların yaranması üzrə risk qrupuna qadın cinsi hormonlarının sekresiyasının pozulmasından (yumurtalıqların polikistozu, ovarial toxumanın tükənməsi və ya rezeksiyası), ekstragenital somatik və endokrin patologiyalardan (şəkərli diabet, hipotireoz, böyrəküstü vəzinin xəstəlikləri) və piylənmədən əziyyət çəkən qadınlar aiddir. Eləcə də, xroniki spesifik və qeyri-spesifik endometrit, abort və diaqnostik qaşımalardan sonra natamam abortun yaranma ehtimalı yüksəlir.
Natamam abortun patogenezi
Etioloji amillərin müxtəlifliyinə baxmayaraq, natamam abortun yaranma mexanizmi və onun klinik şəklinin formalaşması bütün qadınlarda eyni olur. Texniki səhvlər və ya embrionun implantasiya sahəsindən aşağıda miometriumun yığılma aktivliyinin zəifliyi nəticəsində döl yumurtasının hissəvi ayrılması, o cümlədən mexaniki maneələr (miomatoz düyün, servikal kanalın bağlı olması və s.) səbəbindən onun hissələrinin uşaqlıqda ləngiməsi orqanın divarlarının adekvat yığılmasını mümkünsüz edir. Nəticədə zədələnmiş damarlardan qanaxma davam edir, xarakterik ağrı yaranır və infeksion prosesin yaranması üçün qidalı substrat formalaşır.
Natamam abortun əlamətləri
Pozğunluğun klinik şəkli özbaşına (spontan) düşüklərin simptomatikasının davamı olaraq və ya cərrahi abortdan sonra tədricən – bir neçə saat ərzində inkişaf edir. Hestasiyanın medikamentoz yolla pozulması zamanı patoloji əlamətlər dərman preparatlarının qəbulundan bir neçə gün, hətta 1 həftə sonra da yarana bilər. Natamam abort qarnın aşağı hissəsində bel və oma nahiyəsinə irradiasiya edən tutmaşəkilli ağrılar, gur uşaqlıq qanaxmaları ilə təzahür edir. Bəzən ifrazatda abortiv materialın hissəciklərinə rast gəlinir. Az hallarda ağrı dartıcı xarakterə malik olur. Vaginal ifrazatın kəskin irin iyli olması, bədən hərarətinin 37,5-38,0°С və daha yüksək olması infeksiyanın qoşulmasına dəlalət edir. Patologiyanın ağırlaşması zamanı xəstələr zəiflik, başgicəllənmə, bayılma hallarından şikayət edirlər.
Natamam abortun ağırlaşmaları
Vaxtında aşkar olunmayan natamam abort profuz uşaqlıq qanaxmaları, hematometra, abortiv materialın infeksiyalaşması ilə ağırlaşır. Əvvəlcə iltihab lokal xarakter daşıyır və kəskin endometritin klinik şəkli ilə təzahür edir. Sonradan proses generalizə olunaraq, uşaqlıq artımlarının (kəskin salpingit və ya adneksit), çanaq peritonunun (pelvioperitonit) iltihablaşmasına, sepsisə gətirib çıxarır. Natamam abortun uzaq ağırlaşmalarına kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəlikləri, istmiko-servikal çatışmazlıq, adəti düşüklər, sonsuzluq aiddir. Uşaqlıq divarında xorion hissəciklərinin qalması gələcəkdə gur və uzunmüddətli aybaşı qanaxmaları ilə müşayiət olunan plasentar poliplərin formalaşmasına səbəb olur.
Natamam abortun diaqnostikası
Natamam aborta şübhə yarandıqda uşaqlıqda abortiv materialın olmasını müəyyən edən, hamiləliyin pozulmasını təsdiqləyən, etioloji amilləri aşkara çıxaran müayinələr təyin olunur. Ağırlaşmaların vaxtında diaqnostikası məqsədilə hərarət, ürək yığılmalarının tezliyi və arterial təzyiqin monitorinqi aparılır. Aşağıdakı üsullar daha informativ sayılır:
- Ginekoloji müayinə. Vaginal güzgülərlə aparılan müayinədə uşaqlıq yolunda qan laxtaları, bəzən isə abortiv material aşkarlanır. Uşaqlıq boynu hamardır, servikal kanaldan qan ifraz olunur. Bimanual palpasiya zamanı ölçüləri böyümüş, ağrılı, yumşaq konsistensiyalı uşaqlıq əllənir. Daxili əsnək bir qədər açıqdır və ya tamamilə bağlıdır.
- Uşaqlığın USM. Orqanın ölçüləri ehtimal olunan hamiləlik müddəti üçün nəzərdə tutulmuş norma göstəricilərindən azdır. Uşaqlıq boşluğunda deformasiyalaşmış döl yumurtası və ya müxtəlif ölçü, forma və exogenliyə malik amorf törəmələr izlənilir. Döldə həyat qabiliyyəti əlamətlər izlənilmir. USM prosesində anatomik anomaliyalar aşkar oluna bilər.
Adətən tipik klinik şəkillə USM-əlamətləri diaqnozun qoyulmasına kifayət edir. Şübhəli hallarda hestasiyanın pozulmasını təsdiq edən laborator üsullar (kariopiknotik indeksin təyini ilə aparılan kolpositologiya, xorionik qonadotropin, estradiol, progesteronun səviyyəsinin müəyyən edilməsi) təyin edilir. İnfeksion və hemorragik ağırlaşmaların istisna olunması üçün qanın ümumi analizi, hemostaz göstəricilərindən istifadə edilir.
Tam abort, uşaqlıqdan kənar hamiləlik, baş tutmayan düşüklə differensiasiya edilir. Zərurət olduqda xəstənin müayinəsinə anestezioloq-reanimatoloq, infeksionist, hematoloq cəlb olunur.
Natamam abortun müalicəsi
Başlıca məqsəd uşaqlıq boşluğundan ölmüş dölün və onun hissələrinin xaric edilməsindən, qanaxmanın dayandırılmasından və ehtimal olunan infeksion ağırlaşmaların qarşısının alınmasından ibarətdir. Uterotoniklərin köməyilə abortiv materialın qovulması cəhdi çox nadir hallarda müsbət nəticələr verir, əksinə bu proses tutmaşəkilli ağrıların güclənməsinə səbəb olur. Natamam abortların standart müalicə sxeminə aşağıdakı mərhələlər daxildir:
- Uşaqlıq boşluğunun təmizlənməsi. Döl yumurtasının qalıqlarının xaric edilməsi üçün abortsanq tətbiq olunur, sonra isə hestasiya müddəti nəzərə alınmaqla vakuum-aspirasiya (hamiləliyin 12-ci həftəsinə qədər) və ya uşaqlıq divarlarının klassik küretajı (12-ci həftədən sonra) icra edilir. Uşaqlıq boşluğu tam təmizlənməlidir. Müdaxilənin keyfiyyətinə nəzarət etmək üçün histeroskopiyadan istifadə etmək olar.
- Uşaqlıq qanaxmasının dayandırılması. Natamam abort koaqulopatik və hemodinamik pozğunluqlarla müşayiət olunduqda laborator analizlərin nəticələrindən asılı olaraq, Ringer və ya fizioloji məhlulda durulaşdırılmış oksitosin preparatı damcı ilə venadaxilinə yeridilir. Əhəmiyyətli dərəcədə qan itirmə zamanı hemostatiklər, qan və ya onun komponentlərinin transfuziyası məsləhət görülür.
- Antibakterial terapiya. Geniş təsir spektrli antibiotiklərin tətbiqi infeksion prosesin klinik və laborator əlamətləri zamanı mütləq göstəriş hesab olunur. Natamam abortların gec aşkar olunduqda profilaktik məqsədlə antimikrob təsirli preparatlar təyin edilir. Antibiotikoterapiya kursu 7-10 gün davam edir, bu zaman yanaşı olaraq, eubiotiklər və göbələkəleyhinə vasitələr qəbul edilməlidir.
Postoperasion dövrdə göstərişlərə əsasən qeyri-steroid iltihabəleyhinə vasitələr, dəmir preparatlarından istifadə olunur. Natamam abort mənfi Rh-amili olan qadınlarda aşkar olunduqda anti- Rh0(D)-immunoqlobulin təyin edilir. Qaşınmadan sonra 2 həftə ərzində cinsi əlaqə, şırınqalama, tampon və şamların intravaginal yeridilməsi qəti qadağandır. Xəstənin ümumi vəziyyəti normal olduqda, kontrol baxış 14 gündən sonra həyata keçirilir. Hərarətin yüksəlməsi və ümumi vəziyyətin pisləşməsi xəstənin daha dəqiq müayinə olunmasına, massiv antibiotikoterapiyanın təyininə və bəzi hallarda uşaqlıq boşluğunun təkrar qaşınmasına əsas verir. Uşağın itirilməsi ilə əlaqədar qadında nevrotik və subdepressiv pozğunluqlar müşahidə olunduqda yumşaq sedativ vasitələr, yüngül antidepressantlar, psixoterapiya məsləhət görülür.
Natamam abortun proqnoz və profilaktikası
Natamam abort əlamətlərinin vaxtında aşkarlanması və adekvat müalicənin aparılması pozğunluğun əlamətlərinin qısa zaman ərzində aradan qaldırılmasına, o cümlədən 80-85% xəstələrdə reproduktiv funksiyanın qorunmasına səbəb olur.
Profilaktik məqsədlə dishormonal vəziyyətləri və ya uşaqlığın anatomik dəyişiklikləri olan qadınlara hamiləliyin planlaşdırılması, qadın məsləhətxanalarında erkən qeydiyyata düşmək və müntəzəm olaraq mama-ginekoloq müayinəsindən keçmək məsləhət görülür. Düşük təhlükəsi yarandıqda müalicəvi-qoruyucu rejim və müvafiq medikamentoz terapiya təyin edilir. Döl yumurtasının ayrılması müşahidə olunduqda, xüsusən hestasiyanın medikamentoz yolla pozulması zamanı USM və ya histeroskopiya vasitəsilə onun uşaqlıq boşluğundan tam evakuasiyasına nəzarət etmək lazımdır.