Oliqomenoreya

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 4279

oliqomenoreya nədir?Oliqomenoreya hipomenstrual sindromunun (aybaşının zəifləməsinin) bir forması olub, aybaşı qanaxmasının 3 gündən az davam etməsi ilə xarakterizə edilir. Oliqomenoreya hipomenstrual sindromun digər formaları – hipomenoreya (aybaşının azalması), opsomenoreya və spaniomenoreya (nadir aybaşı) ilə müştərək şəkildə inkişaf edə, həmçinin aybaşı qanaxmasının kəsilməsinə (amenoreyaya) gətirib çıxara bilir. Oliqomenoreyanın ən çox rast gəlinən variantlarına qısa (bir neçə saatdan 1-2 günə qədər) və nadir (aybaşıarası intervalın 40 gün – 6 ay olması) aybaşı aiddir.

  • Oliqomenoreyanın yaranma səbəbləri
  • Oliqomenoreyanın əlamətləri
  • Oliqomenoreyanın diaqnostika və müalicəsi

Oliqomenoreya barədə ümumi məlumat

Yaranma vaxtı və etioloji amillərdən asılı olaraq, oliqomenoreya birincili və ikincili (qazanılmış) formalara ayrılır. Birincili oliqomenoreyanın yaranması aybaşı siklinin başlanması – menarxe (ilk aybaşı) vaxtına təsadüf edir. İkincili oliqomenoreya isə normal davametmə müddətli aybaşıdan bir qədər sonra inkişaf edir. Oliqomenoreya gənc qadınların 2-3%-də rast gəlinir.

Oliqomenoreyanın yaranma səbəbləri

Oliqomenoreyanın yaranma səbəbləriBirincili oliqomenoreyaya qadın cinsiyyət sisteminin hələ embrional dövrdə yaranan anadangəlmə anomaliyaları (məsələn, uşaqlığın infantilizmi) səbəb olur. İkincili oliqomenoreya keçirilmiş kəskin və xroniki infeksiyalar, iltihabi xəstəliklər, reproduktiv orqanların travma və neoplaziyaları, üzülmə, anoreksiya, stress, kəskin iqlim dəyişikliyi, ətraf mühitin neqativ təsirindən hipotalamo-hipofizar strukturlar, yumurtalıqlar və uşaqlığın funksional dəyişiklikləri nəticəsində inkişaf edir. Aybaşı siklini tənzimləyən cinsi hormonların çatışmazlığı uşaqlığın daxili qatının-endometriumun çoxalma və ayrılması proseslərinin pozulmasına gətirib çıxarır, bu da oliqomenoreya ilə təzahür edə bilər.

Bundan əlavə oliqomenoreya böyrəküstü, qalxanabənzər və mədəaltı vəzilərdə endokrin pozğunluqlarla bağlı ola bilər. Oliqomenoreya çox zaman polikistoz yumurtalıqlar sindromu, endometrioz, endometrit, uşaqlığın hipoplaziyası fonunda gedir, eləcə də uşaqlıq üzərində aparılan əməliyyatlar, endometriumun qaşınması, abort və miniabortlardan sonra baş verir. Az hallarda ürək-damar xəstəlikləri və qanyaranma sisteminin patologiyaları da oliqomenoreyaya gətirib çıxarır. Fizioloji oliqomenoreya aybaşı funksiyasının tədricən azalması ilə səciyyələnən premenopauza dövründə müşahidə edilir.

Oliqomenoreyanın əlamətləri

Oliqomenoreyanın əlamətləriOliqomenoreya zamanı aybaşı qanaxmasının azalması çox hallarda yağ mübadiləsinin pozğunluqları-artıq çəki və akne xəstəliyinin inkişafı ilə müşayiət olunur, qadınların 25%-də hirsutizm – kişi tipi üzrə tüklənmənin yaranması izlənilir. İzafi tüklənmə üz, ətraflar, qarın və sinə nahiyəsində qeyd olunur. Oliqomenoreyadan əziyyət çəkən qadınların bədən quruluşu çox zaman kişiyəbənzər formada (inkişaf etmiş əzələ kütləsi və skeletin bəzi xüsusiyyətləri) olur.

Eləcə də oliqomenoreya zamanı cinsi həvəsin azalması müşahidə edilir. Bundan əlavə, qadınlar hamiləliyin baş tutması ilə bağlı problemlər yaşayır və əksər hallarda məhz bu səbəb onları həkimə müraciət etməyə məcbur edir. Oliqomenoreyalı qadınların yalnız 20%-də ovulyasiya sərbəst şəkildə başlayır. Oliqomenoreya ilə sonradan yaranan endometriumun hiperplaziyası və uşaqlığın karsinoması arasında əlaqənin olması qeyd edilir.

Oliqomenoreyanın diaqnostika və müalicəsi

Oliqomenoreya zamanı diaqnostik tədbirlər və aparılan müalicə onu yaradan səbəblərin aşkarlanması və aradan qaldırılmasına yönəldilir. Oliqomenoreyanın diaqnozu anamnez, şikayətlər, ümumi və ginekoloji müayinələrin nəticələri, xəstənin psixoemosional vəziyyətinin qiymətləndirilməsi, eləcə də əlavə obyektiv üsullara əsasən qoyulur. Oliqomenoreyanın əsas diaqnostik üsulları aşağıdakılardır:

  • Qanda cinsi hormonların (lüteinləşdirici, follikul stimuləedici, prolaktin, progesteron və estradiolun) səviyyəsinin təyini;
  • Bazal temperaturun qrafikinin qurulması;
  • Uşaqlıq və yumurtalıqların patologiyalarını müəyyən etmək məqsədilə transvaginal USM;
  • Salpinqohisteroskopiya.

Lüteinləşdirici hormonun (LH) miqdarının 10 BV/l-ə qədər və daha artıq olması, ultrasəs müayinədə aşkarlanan qalınlaşmış stromalı, ölçüləri böyüyən yumurtalıqlar, onların periferik hissəsində «boyunbağı» şəklində yerləşən ovulyasiyaya uğramayan follikullar oliqomenoreyanın xarakterik diaqnostik göstəriciləri hesab edilir.

Müasir ginekologiyada oliqomenoreyanın müxtəlif müalicə üsulları tətbiq olunur. Müalicə taktikası diaqnostik nəticələrə əsasən təyin olunur. Oliqomenoraynın müalicəsi ilə adətən ginekoloq-endokrinoloq məşğul olur. Müalicə prosesində qidalanmanın normallaşdırılması, vitaminlərin qəbulu, immunostimulyasiya, fizioterapiya, refleksoterapiyadan ibarət ümumi möhkəmləndirici terapiya mühüm rol oynayır. Kiçik çanaqda qandövranını aktivləşdirmək məqsədilə xüsusi ginekoloji massaj və gimnastik hərəkətlər təyin edilir.

Oliqomenoreyanın medikamentoz müalicəsi ovulyasiya prosesini stimulə edən və aybaşı siklini normallaşdıran estrogen tərkibli hormonal preparatların (klomifen) qəbulundan ibarətdir. Oliqomenoreya zamanı endometriumun hiperplaziyası və karsinomanın yaranma ehtimalı olduğundan müntəzəm aybaşı qanaxmalarının baş verməsi üçün hormonal kontraseptivlərin qəbulu mütləqdir. Müalicəvi təsirdən əlavə bu prepartalar həm də kontraseptiv təsir göstərir. Oliqomenoreyaya səbəb olan bir sıra vəziyyətlər cərrahi müdaxilənin apaprılmasını tələb edir. Polikistoz yumurtalıqlar sindromu zamanı ovulyator sikli bərpa edən yumurtalıqların nöqtəvi diatermokoaqulyasiyası (laparoskopik üsulla yüksəktezlikli cərəyanla yumurtalıq toxumasının yandırılması) effektiv üsul sayılır.

İl ərzində müşahidə olunan aybaşı qanaxmalarının müddətinin normallaşması və aybaşıarası intervalın 40 gündən az olması  oliqomenoreyanın tam sağalmasına dəlalət edir. Bu müddət ərzində aybaşı təqviminin aparılması və xsətənin hər 3 aydan bir ginekoloq müayinədən keçməsi məsləhət görülür. Oliqomenoreyanın sonrakı profilaktikası qidalanma, fiziki aktivlik, emosional reaksiyaların normalizasiyasından, həkim tərəfindən təyin edilmiş etibarlı kontrasepsiya üsullarının tətbiqindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: