Opsomenoreya

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 2548

opsomenoreya nədir?Opsomenoreya – aybaşı siklinin uzanaraq, 35 gündən çox davam etməsi ilə xarakterizə olunur. Siklik xarakter daşıyır, aybaşılar 3 aydan çox keçmədən təkrarlanır. Aybaşı həm hipooliqomenoreya, həm də hipermenoreya formasında gedə bilər. Opsomenoreyalı qadınlarda hamiləliyin baş tutma ehtimalı az olur. Diaqnoz standart ginekoloji baxış, kiçik çanaq orqanlarının USM, qanın hormonal müayinəsi, kolpositologiyanın nəticələrinə əsasən qoyulur. Göstərişlərə əsasən diaqnostik qaşınma aparıla bilər. Opsomenoreyanın müalicə taktikası aybaşı siklinin pozulma səbəbləri nəzərə alınmaqla müəyyən edilir; aparıcı rol hormonoterapiyaya məxsusdur.

  • Opsomenoreyanın yaranma səbəbləri
  • Opsomenoreyanın əlamətləri
  • Opsomenoreyanın diaqnostikası
  • Opsomenoreyanın müalicəsi

Opsomenoreya barədə ümumi məlumat

Opsomenoreya (bradimenoreya) – aybaşıarası intervalın 36 gündən 3 aya qədər artması ilə xarakterizə olunur. Normada bu interval 21-35 gün davam edir. Oliqomenoreya, hipomenoreya, spaniomenoreya ilə yanaşı hipomenstrual sindromun formalarına aid edilir. Opsomenoreya birincili (anadangəlmə) və ya ikincili (qazanılmış) xarakter daşıyır. Birincili forma aybaşı funksiyasının başlanmasından qeyd olunur. İkinicili forma isə normal aybaşı ritmindən sonra izlənilir. Aybaşı siklinin digər pozğunluqları kimi opsomenoreya da reproduktiv funksiyaya neqativ təsir göstərir, bu da ilk növbədə siklin fazalarının pozulması, ovulyasiyanın natamamlığı və ya olmaması ilə əlaqədardır.

Opsomenoreyanın yaranma səbəbləri

Opsomenoreyanın səbəbləriBirincili opsomenoreya cinsiyyət orqanlarının inkişaf qüsurları, cinci inkişafın ləngiməsi, ümumi və genital infantilizm, pubertat dövrdə asteniya nəticəsində formalaşır. Adətən belə hallarda menarxe gec başlayır, sonralar isə aybaşı ritmi seyrəkləşir. İkincili opsomenoreyanın inkişafına aybaşı funksiyaya mənfi təsir göstərən müxtəlif qazanılmış patoloji vəziyyətlər səbəb olur. Bunlara alimentar distrofiya, psixoemonosional travma, ağır fiziki iş, güclü intoksikasiya aiddir. Aybaşı ritminin opsomenoreya tipli pozulması cərrahi əməliyyatlar – abort, diaqnostik qaşıma, yumurtalığın rezeksiyası, ooforektomiya, adneksektomiya ilə bağlı ola bilər.

Bəzən opsomenoreya endokrin dəyişikliklər (əksər hallarda – yumurtalıqların polikistozu, hipotireoz, Şihan sindromu), autoimmun, parazitar xəstəliklər, baş beynin şişləri, ləng gedişli infeksion proseslər, o cümlədən  sidik-cinsiyyət sisteminin iltihablaşması fonunda inkişaf edir. Patoloji opsomenoreyadan əlavə cinsi yetişkənlik dövründə aybaşı funksiyasının formalaşması, premenopauzada isə yumurtalıqların fəaliyyətinin tədricən sönməsi ilə əlaqədar aybaşının fizioloji seyrəkləşməsinə də rast gəlinir.

Opsomenoreyanın əlamətləri

Opsomenoreyanın əlamətləriOpsomenoreya klinik olaraq nadir aybaşı şəklində təzahür edir. Aybaşıarası interval 35 gündən 3 aya qədər davam edir. Adətən aybaşı qanaxmaları zəif intensivlikli (yaxılan və ya damcı şəklində), davametmə müddəti isə qısadır. Aybaşı siklin fazalarının pozulması natamam aybaşıya və ya anovulyasiyaya səbəb olur, bununla əlaqədar opsomenoreyalı pasiyentlərin əksəriyyəti sonsuzluqdan əziyyət çəkir. Bəzən opsomenoreya ikincili amenoreya ilə əvəz olunur. Nadir aybaşı ilə yanaşı əsas xəstəliyin əlamətləri müşahidə edilir.

Opsomenoreya 2 tip gedişə malikdir: uzun müddətli ikifazalı və ya monofazalı aybaşı sikli. İkifazalı sikl zamanı aybaşının ləngiməsi follikulun yetişmə prosesinin uzanması ilə bağlıdır. Siklin birinci fazasında follikul ya ümumiyyətlə inkişaf etmir, ya da inkişaf mərhələlərinin birində atreziyaya uğrayır. Belə hallarda estrogenlərin sekresiyası aşağı, bazal hərarət birfazalı olur, kolpositologiyada epitel qatın zəif proliferasiyası qeyd edilir. Bir müddətdən sonra inkişafdan qalmış follikul yetişir, lakin ovulyasiya aybaşı siklinin 20-30-cu gününə təsadüf edir. Sarı cisim fazasının müddəti qısalır və ya heç dəyişmir. Cinsi formonların səviyyəsi normal aybaşı siklində olduğu kimidir, ikinci fazada bazal hərarət 37°С-dən yüksək olur, vaginal yaxmanın sitologiyası endometriumun sekretor dəyişikliklərini əks etdirir.

Monofazalı sikl fonunda opsomenoreyaya az hallarda (22-24%), əsasən cinsiyyət orqanlarının hipoplaziyası olan qadınlarda rast gəlinir. Bu zaman endometriumun vəziyyəti dinamikasız müşahidə olunaraq, proliferativ fazanın əvvəlinə uyğun gəlir. Monofazalı aybaşı siklinə həmçinin follikulun persistensiyası səbəb ola bilər. Belə hallarda sarı cisim fazası baş vermir, persistə edən folllikul endometriumun hiperplaziyası üçün şərait yaradır. Follikulun geriyə inkişafı estrogenlərin səviyyəsinin kəskin azalması və endometriumun funksional qatının ayrılması ilə müşayiət olunur, bu da klinik olaraq menorragiya ilə təzahür edir.

Opsomenoreyanın diaqnostikası

Opsomenoreyanın səbəblərinin aşkarlanması geniş miqyaslı diaqnostik tədbirlərin aparılmasını tələb edir. Ginekoloqun ilkin qəbulunda şikayətlər, aybaşı siklinin xarakteri, ginekoloji və ümumi somatik anamnez dəqiqləşdirilir. Ginekoloji baxış reproduktiv orqanların inkişaf anomaliyalarını təyin etməyə, kolpositoloji müayinə («hormonal güzgü») üçün yaxmanın götürülməsinə imkan verir. Kiçik çanaq orqanlarının USM vasitəsilə opsomenoreyaya səbəb olan anatomik kənaraçıxmalar, iltihabi proseslər müəyyənləşdirilir.

İnfeksion statusun müayinəsi məqsədilə ginekoloji yaxmaların analizi: mikroskopiya, PZR, floraya görə bakterioloji əkilmə aparılır. Hormonal pozğunluqları aşkar etmək üçün FSH, LH, prolaktin, estradiol, progesteron hormonunun səviyyəsi yoxlanılır. Bəzi hallarda böyrəküstü və qalxanabənzər vəzi hormonlarının müayinəsi tələb olunur. Opsomenoreyanı törətməsi ehtimal olunan ekstragenital patologiyalara şübhə yarandıqda pasiyent endokrinoloq, neyrocərrahın konsultasiyasına yönəldilir.

Opsomenoreyanın müalicəsi

Müalicəvi tədbirlərin istiqaməti və həcmi əsas patologiya, xəstənin yaşı və qadının reproduktiv planına əsasən təyin edilir. Anadangəlmə anatomik qüsurlar, cinsi infantilizmin ağır formaları korreksiyaya çətin tabe olur. Belə hallarda opsomenoreyanın müalicə taktikası genetik və endokrinoloqla birgə tərtib edilir. Patologiyanın bəzi növləri (baş beynin şişləri, polikistoz yumurtalıqlar sindromu) cərrahi yolla müalicə olunur.

Aybaşı siklinin tənzimində aparıcı rol hormonoterapiyaya məxsusdur, bu üsul aybaşı ritmini bərpa etməyə imkan verir. Hormonal terapiya hamiləliyə səbəb olmadıqda, ovulyasiyanın stimulyasiyası tətbiq edilir. Opsomenoreyanın reproduktiv orqanların iltihabı ilə bağlı olduğu hallarda antibiotikoterapiya, vitaminoterapiya, immunostimulyasiya aparılır. Təbii amillərlə müalicə (balneoterapiya, palçıqla müalicə), yaxalıq nahiyəsinin elektroforezi, ginekoloji massaj, iynəbatırmadan istifadə olunur. Opsomenoreyalı pasiyentlərə fiziki yüklənmələr və psixoemosional gərginliklərdən uzaq durmaq tövsiyə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: