Paraovarial kista
Paraovarial kista – yumurtalıq artımından formalaşan şişəbənzər boşluqlu törəmədir. Patologiya simptomsuz gedə və yaxud qarın və bel nahiyəsində vaxtaşırı təkrarlanan ağrılarla təzahür edə bilər; bəzən kista aybaşı siklinin pozulması və sonsuzluqla müşahidə olunur. Patologiyanın ağırlaşmalarına paraovarial kistanın irinləməsi, ayaqcığının burulması, kapsulun cırılması aiddir. Diaqnoz vaginal müayinə və USM nəticələrinə əsasən qoyulur. Müalicə yumurtalıq və uşaqlıq borusu saxlanılmaqla kistanın soyulub çıxarılmasından ibarətdir.
- Paraovarial kistanın xarakteristikası
- Paraovarial kistanın əlamətləri
- Paraovarial kistanın diaqnostikası
- Paraovarial kista müalicəsi
- Paraovarial kistanın ağırlaşmaları
- Paraovarial kistanın proqnozu
Paraovarial kista barədə ümumi məlumat
Paraovarial kista intraliqamentar, yumurtalıqla fallop borusu arasında, uşaqlığın enli bağının səhifələri ilə sərhədlənən sahədə yerləşir. Bir kameralı boşluqlu törəmə embriogenezin pozulması zamanı rudiment törəmə sayılan yumurtalıqətrafı artımdan (paraovarium) inkişaf edir. Adətən paraovarial kista cinsi yetkinlik (20-40 yaş arası), az hallarda isə pubertat dövrdə aşkar edilir. Paraovarial kistalar yumurtalıqların əlavə törəmələrinin 8-16%-ni təşkil edir.
Paraovarial kistanın xarakteristikası
Paraovarial kista uşaqlığın yan tərəfində və ya ondan yuxarıda yerləşən hamar divarlı, oval və ya girdə formalı, sıx-elastik konsistensiyalı törəmədir. Kistanın divarları nazik (1-2mm) və şəffafdır, daxili birqatlı yastı, kubşəkilli və silindrik epitellə örtülüdür. Paraovarial kista yüksək miqdarda zülal və az sayda musindən ibarət həmcins xarakterli, şəffaf sulu möhtəviyyata malikdir.
Kistanın yuxarı qütbü boyunca genişlənmiş uşaqlıq borusu, arxa-aşağı səthində isə yumurtalıq yerləşir. Boşluqlu törəmə müsariqənin, fallop borularının və kistanın divarının damarları vasitəsilə vaskulyarizasiya olunur. Paraovarial kistanın ayaqcığı enli bağın səhifəsindən, bəzən isə yumurtalığın xüsusi bağından yaranır.
Paraovarial kista az hərəkətlidir, zəif sürətlə böyüyür və uzun müddət çox kiçik ölçülərdə qala bilər. Kistanın boyüməsi möhtəviyyatın toplanması və onun divarlarının dartılması hesabına baş verir. Paraovarial kistaların orta ölçüləri 8-10 sm-dir; nadir hallarda yenidoğulmuşun başı böyüklüyündə kistalar qeyd olunur. Paraovarial kistalar heç vaxt maliqnizasiya etmir.
Yumurtalıq və uşaqlıq artımlarının iltihabları (ooforit, adneksit), endokrin xəstəliklər (o çümlədən, hipotireoz), erkən cinsi inkişaf, hamiləliyin dəfələrlə cərrahi yolla pozulması, CYKİ, nəzarətsiz hormonal kontrasepsiya, insolyasiya (solyaridə və ya günəş altında qaralma), lokal hipertermiya (qaynar ümumi vannalar) paraovarial kistanın böyüməsinə səbəb olur. Bu patologiyanın artım tendensiyası hamiləlik dövründə müşahidə edilir.
Paraovarial kistanın əlamətləri
Kiçik ölçülü paraovarial kistalar (0,5-2,5 sm diametrli) klinik simptomatikaya malik olmur. Əlamətlər adətən kistanın ölçüləri 5 sm-dən artıq təzahür edir. Kistanın böyüməsi zamanı yan tərəfdə və oma nahiyəsində aybaşı və ya ovulyasiya ilə əlaqədar olmayan, aktivlik və yüklənmə hallarında güclənən və spontan şəkildə aradan qalxan, periodik sızıltılı və ya dartıcı ağrılar izlənilir.
Sidik kisəsi və ya düz bağırsağın sıxılması dizurik pozğunluqlara, qəbizlik və ya ishala gətirib çıxarır; dispareuniya və qarnın böyüməsi müşahidə oluna bilər. Bəzən paraovarial kistalar fonunda aybaşı siklinin pozğunluqları və sonsuzluq inkişaf edir. Kistanın ağırlaşmış formalarında (ayaqcığın burulması, kapsulun cırılması) kəskin qarın simptomatikası yaranır.
Paraovarial kistanın diaqnostikası
Paraovarial kista əsasən planlı USM və ya ginekoloqun konsultasiyası zamanı, bəzi hallarda isə sonsuzluq səbəbindən aparılan diaqnostik laparoskopiya prosesində aşkar edilir. Bimanual ginekoloji müayinədə uşaqlığın yan tərəfində və ya ondan yuxarıda hamar sərhədlərə malik, elastik konsistensiyalı, məhdud hərəkətli, birtərəfli, ağrısız şişəbənzər törəmə palpasiya olunur.
Transvaginal USM zamanı həmcins anexogen, az hallarda kiçikdispers qarışıqlı möhtəviyyata malik girdə və ya oval formalı, nazik divarlı törəmə müəyyən edilir. Paraovarial kistanın exoskopik kriteriyası intakt yumurtalığın vizualizasiyası sayılır. Paraovarial kista uşaqlıqdan kənar hamiləlik, yumurtalığın kistası və həqiqi şişləri ilə differensiasiya olunur.
Paraovarial kistanın müalicəsi
Yumurtalığın funksional retension törəmələrindən (sarı cismin kistası, follikulyar kista) fərqli olaraq, paraovarial kistalar özbaşına geriyə inkişaf etmir. Kiçik ölçülü simptomsuz kistalar müşahidə altına götürülür. Lakin paraovarial kistaların reproduktiv yaşlı qadınlarda rast gəlinməsi, çox hallarda ağırlaşması və düzgün differensiasiya olunmaması ilə əlaqədar cərrahi taktikaya- kistanın enukleasiyasına üstünlük verilir. Eləcə də hamiləliyin planlaşdırılması və ya EKM-dən əvvəl paraovarial kistanın planlı çıxarılması tələb olunur.
Paraovarial kistanın xaric edilməsi bir qayda olaraq, cərrahi laparoskopiya, az hallarda laparotomiya üsulu ilə icra olunur. Kistanın ağırlaşmamış gedişi zamanı əməliyyat prosesində uşaqlığın enli bağının ön səhifəsi kəsilir və kista intraliqamentar sahədən soyulub çıxarılır. Paraovarial kistanın enukleasiyası yumurtalıq və uşaqlıq borusunun saxlanılması ilə aparılır. Kista xaric edildikdən sonra uşaqlıq borusu retraksion xüsusiyyətləri sayəsində yığılaraq, əvvəlki formasını alır. İstisna hallarda paraovarial kistanın hədəfli punksiyası ilə seroz möhtəviyyatın aspirasiyası və eyni zamanda boşluğun obliterasiyasına səbəb olan spirtin yeridilməsi mümkündür.
Paraovarial kistanın ağırlaşmaları
İntensiv fiziki yüklənmə, bədən vəziyyətinin dəyişilməsi, izahi insolyasiya və ya lokal hipertermiya zamanı paraovarial kista ayaqcığın burulması, möhtəviyyatın irinləməsi, kapsulun cırılması ilə ağırlaşa bilər.
Ayaqcığın burulması zamanı uşaqlıq bağının, sinir və damar kötüklərinin, bir sıra hallarda uşaqlıq borusunun sıxılması baş verir. Belə hallarda paraovarial kistanın nekrozu inkişaf edir, bu da ümumi vəziyyətin pisləşməsi; bütün qarın nahiyəsində analgetiklərin təsirindən aradan qalxmayan tutmaşəkilli ağrılar; qarnın ön divar əzələlərinin gərginləşməsi, köpün yaranması, taxikardiya, AT-nin azalması, dəri solğunluğu, yapışqan soyuq tərlə müşayiət olunur.
Paraovarial kistanın irinləməsinə patogen mikrofloranın limfogen və ya hematogen yolla yayılması səbəb olur. Bu ağırlaşma hərarətin 38-39 ºС-yə qədər yüksəlməsi, intoksikasiya, qarında kəskin xarakterli yayılmış ağrılar, qusma ilə təzahür edir. Paraovarial kistanın partlaması zamanı şokun ümumi təzahürləri, kəskin ağrılar, daxili qanaxmanın əlamətləri qeyd edilir. Paraovarial kistanın bütün ağırlaşmaları təcili surətdə operativ müdaxilənin aparılmasını tələb edir. Əməliyyatın həcmi (məsələn, ooforektomiya, adneksektomiya) klinik vəziyyətlərdən asılı olur.
Paraovarial kistanın proqnozu
Paraovarial kista fonunda mayalanmanın baş verməsi mümkündür, lakin uşaqlığın böyüməsi və onun kiçik çanaq hüdüdlarından kənara çıxması kistanın ayaqcığının burulması riskini artırır. Paraovarial kistalı hamilələrdə törəmə dinamik müşahidə altına alınır.
Paraovarial kistanın cərrahi müalicəsindən sonra residivlərə rast gəlinmir, bu da törəmənin başlanğıc götürdüyü rudimentar toxumanın tamamilə çıxarılması ilə izah olunur.
Aparılmış əməliyyatdan minimum 3-4 aybaşı sikli keçdikdən sonra hamiləliyin planlaşdırılması məsləhət görülür.