Pelvioperitonit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2495

pelvioperitonit nədir?Pelvioperitonit – kiçik çanağın seroz örtüyünün (peritonun) lokal infeksion-iltihabi zədələnməsidir. Pelvioperitonitin inkişafı yüksək hərarət, titrətmə, intoksikasiya, ifadəli ağrılı abdominal sindrom, qarında köp və qarın divarı əzələlərinin gərginliyi ilə təzahür edir. Diaqnoz ginekoloji baxış, USM, laparoskopiya, bakterioloji müayinənin nəticələrinə əsasən qoyulur. Pelvioperitonitin müalicəsi massiv mikrobəleyhinə, infuzion terapiya, QUBŞ, immunokorreksiya, müalicəvi punksiyaların aparılmasından ibarətdir. İrinli pelvioperitonit zamanı kolpotomiya, laparoskopiyanın tətbiqi, kiçik çanaq boşluğunun drenajlanması göstəriş hesab olunur.

  • Pelvioperitonitlərin təsnifatı
  • Pelvioperitonitin yaranma səbəbləri
  • Pelvioperitonitin əlamətləri
  • Pelvioperitonitin diaqnostikası
  • Pelvioperitonitin müalicəsi
  • Pelvioperitonitin proqnoz və profilaktikası

Pelvioperitonit barədə ümumi məlumat

Pelvioperitonit kiçik çanaqda yerli iltihab reaksiyaları: mikrosirkulyasiyanın pozulması, damar keçiriciliyinin artması, fibrinogen, albumin, leykositlərin damarlardan kənara çıxması, seroz və ya irinli ekssudatın yaranması ilə xarakterizə olunur. Zədələnmiş ocaqda histamin, serotonin, üzvi turşuların toplanması, hidroksil və hidrogen ionlarının konsentrasiyasının artması baş verir. Peritonun endoteli distrofik dəyişikliklərə məruz qalır. Kəskin iltihab nəticəsində periton, bağırsaq ilgəkləri, piylik, sidik kisəsi, kiçik çanaq orqanları arasında bitişmələr formalaşır.

Pelvioperitonitin gedişi düz bağırsaq-uşaqlıq çuxurunda ekssudatın toplanması, duqlas-absesin formalaşması ilə müşayiət oluna bilər. Absesin sərbəst qarın boşluğuna açılması yayılmış peritonitin inkişafına gətirib çıxarır. Pelvioperitonit bağırsaq çöpü, stafilokokk, qonokokk, xlamidiya, mikoplazma, viruslar, anaeroblar tərəfindən törədilir. Əksər hallarda patologiyanın etioagentləri mikrob assosiasiyaları şəklində olur, bu zaman onun gedişi daha ağır şəkil alır.

Pelvioperitonitlərin təsnifatı

Kliniki ginekologiyada iltihabi xəstəliklər fonunda yaranan ikincili və infeksiyanın birbaşa kiçik çanaq boşluğuna düşməsi  nəticəsində inkişaf edən birincili pelvioperitonitlər ayırd edilir.

Prosesin yerli yayılmasına əsasən pelvioperitonitlər infeksiya mənbəyinin yaxınlığında məhdud sahəli hissəvi və kiçik çanağın parietal və visseral peritonunu əhatə edən diffuz formalara bölünür.

Kiçik çanaqda gedən dəyişikliklərin üstünlüyündən asılı olaraq, adgeziv (bitişmələrin inkişafı) və ekksudativ pelvioperitonitlər qeyd olunur.

İltihabi ekssudatın xarakterinə görə pelvioperitonitlər seroz-fibroz, hemorragik və ya irinli olur. Pelvioperitonit zamanı ekssudatın xarakteri törədicinin və ya onların assosiasiyalarının növündən asılıdır. Stafilokokk mənşəli pelvioperitonitlər seroz-irinli və ya irinli eksudatla müşayiət edilir; bağırsaq çöpü florası zamanı ekssudat nəcis iyli seroz-irinli xarakterli olur. Virus və xlamidiyaların səbəb olduğu pelvioperitonitlərdə iltihabi maye adətən seroz və ya seroz-irinli; qonoreya etiologiyalı formalarda isə irinli-hemorragik olur.

Pelvioperitonitin yaranma səbəbləri

Pelvioperitonitin səbəbləriƏksər hallarda pelvioperitonitin inkişafına kiçik çanaqda gedən infeksion-iltihabi proses səbəb olur. Bu zaman patologiya ikincili hesab olunur. Adətən pelvioperitonit kəskin adneksit, seroz və ya irinli salpingit, irinli tuboovarial törəmələr (piovar, piosalpinks), uşaqlıq arxası sahədə hematomanın irinləməsi, genital vərəm, qonoreya, metroendometrit, appendisit, siqmoidit, bağırsaq keçməməzliyinin ağırlaşması kimi təzahür edir.

Ginekoloji əməliyyatlar və manipulyasiyalar (UDS-in qoyulması, cərrahi abort, diaqnostik qaşınma) zamanı uşaqlıq divarının perforasiyası, metrosalpinqoqrafiya, uşaqlıq borularının hidro- və pertubasiyası, hamiləliyin pozulması məqsədilə uşaqlıq boşluğuna kimyəvi vasitələrin yeridilməsi, mamalıq müdaxilələri nəticəsində uşaqlıq yolunun tağının zədələnməsi ilə əlaqədar mikrob törədicilərinin kiçik çanaq boşluğuna daxil olması birincili pelvioperitonitin yaranmasına səbəb olur. Bir sıra hallarda pelvioperitonitin manifestasiyası ümumi rezistentliyin zəifləməsi, stresslər, aybaşı, soyudəymə fonunda baş verir.

Pelvioperitonitin əlamətləri

Pelvioperitonitin əlamətləriPelvioperitonitin inkişafı kəskin formada gedir: xəstəlik hərarətin kəskin qalxması (39-40°-yə qədər), qarnın aşağı hissəsində intensiv ağrıların yaranması, periodik titrətmələr, taxikardiya (ürək vurğularının sayı 1 dəqiqədə 100-ə qədər və daha artıq olur), ürəkbulanma, qarında köp, ağrılı sidik ifrazı ilə başlayır. Obyektiv olaraq intoksikasiya əlamətləri, zəifləmiş peristaltika, quru, bozumtul ərpli dil aşkar edilir. Peritonun müsbət qiciqlanma əlamətləri qarnın aşağı hissəsində daha ifadəli, yuxarı yarısında isə zəif olur.

Patologiyanın silinmiş gedişi xlamidiya mənşəli pelvioperitonitlərdə qeyd olunur. Belə hallarda sinptomatika tədricən artsa da bitişmələrin erkən formalaşması müşahidə edilir. Diaqnostika prosesində pelvioperitonit peritonit, parametrit, piosalpinks, appendisit, uşaqlıqdan kənar hamiləlik, yumurtalıq şişinin ayaqcığının burulması ilə differensiasiya edilir. Pelviopertitonitə şübhə yarandıqda xəstə təcili surətdə ginekoloji stasionarda hospitalizasiya olunur.

Pelvioperitonitin diaqnostikası

Xəstənin anamnezinə əsasən ginekoloq pelvioperitonitin olmasını ehtimal edir. Periferik qanın analizində yüksək EÇS, sola meylli leykositar formulalı leykositoz, toksiki anemiya aşkarlanır. Qanın C-reaktiv  zülala görə müayinəsi müsbət nəticə verir.

Qarnın palpasiyası zamanı qarın əzələlərinin gərginliyi, kiçik çanaqda iltihabi infiltratın yuxarı sərhəddi, müsbət peritoneal əlamətlər müəyyən edilir. Bimanual vaginal müayinə uşaqlıq və artımlar nahiyəsində kəskin ağrı ilə müşayiət olunur; ekssudatla əlaqədar uşaqlıq yolunun arxa tağının qabarması, uşaqlığın önə və yuxarıya yerdəyişməsi qeyd edilir. Transvaginal USM  iltihabın yayılmasını dəqiqləşdirməyə, kiçik çanaqda ekssudatı aşkar etməyə imkan verir. Qarın boşluğunda kəskin patologiyanı istisna etmək məqsədilə icmal rentgenoqrafiya tətbiq olunur.

Mikrob agentlərinin identifikasiyası üçün vaginal və uşaqlıq boynu kanalından götürülən yaxmanın bakterioloj müayinəsi, İFA-diaqnostika aparılır. Lakin vaginal mikroflora kiçik çanaqda inkişaf edən prosesləri əks etdirə bilmədiyindən pelvioperitonit zamanı diaqnostik laparoskopiya və ya eksudatın alınması üçün uşaqlıq yolunun arxa tağından keçməklə punksiyanın aparılması məqsədəuyğundur.

Pelvioperitonitin müalicəsi

Hospitalönü mərhələdə pelvioperitonitin diaqnozunun təsdiqinə qədər ağrıkəsici preparatların yeridilməsi qadağandır; vəziyyətin yüngülləşdirilməsi məqsədilə yalnız qarnın aşağı hisəsinə buz qoyulmasına icazə verilir. Pelvioperitonitin müalicəsi kompleksşəkilli olub, infeksion prosesin, ağrı simptomatikası və intoksikasiyanın aradan qaldırılmasına yönəldilmişdir. Göstərişlərə əsasən cərrahi müdaxilə aparılır.

Pelvioperitonitin kəskin dövründə yataq rejimi, çarpayının baş tərəfinin qaldırılması, qarın nahiyəsinə  soyuq kompressin qoyulması məsləhət görülür. Aşkar olunan mikrob florasına əsasən polusintetik penisillinlər (amoksisillin, oksasillin), sefalosporinlər (sefazolin, sefotaksim), flüorxinolonlar (siprofloksasin), makrolidlər, aminoqlükozidlər, tetrasiklinlər, imidazollar (metronidazol) və s. təyin edilir. Dezintoksikasion infuzion terapiya icra olunur, plazma və plazma əvəzediciləri, zülal hidrolizatları  yeridilir.

Pelvioperitonitin medikamentoz terapiyası antihistamin, ağrıkəsici və iltihabəleyhinə vasitələr, vitaminlərlə aparılır. Vaginal biosenozun bərpası üçün lakto- və bifidum preparatlardan istifadə olunur. Pelvioperitonit zamanı qanın ultrabənövşəyi şüalanması (QUBŞ) yaxşı nəticələr verir. Pelvioperitonitin kəskin əlamətlərinin sönməsindən sonra fizioterapiya: ultrasəs, elektrofarez, fonofarez, mikrodalğalı şüalanma, UYT, lazeroterapiya, MBT, massaj məsləhət görülür.

Pelvioperitonitli xəstələrə uşaqlıq yolunun arxa tağından keçməklə müalicəvi punksiyanın aparılması göstəriş sayılır, bu prosesdə ekssudat evakuasiya edilir, antibiotiklər, antiseptiklər yeridilir. İrinli ekssudatın aşkarlanması zamanı onun evakuasiyası məqsədilə arxa kolpotomiya və ya laparoskopiya üsulu ilə kiçik çanaq boşluğu drenajlanır, qarındaxili infuziyalar tətbiq edilir.

Uşaqlığın perforasiyası, şiş düyünlərinin nekrozu, piosalpinks, piovar, tuboovarial abses zamanı təcili laparotomiya icra olunur. Cərrahi müdaxilənin həcmi klinik vəziyyətdən asılıdır. Pelvioperitonitin ağırlaşmış gedişi adneksektomiya, uşaqlığın artımlarla birgə supravaginal amputasiyası, histerektomiya (uşaqlığın tam xaric olunması), panhisterektomiyanın (uşaqlığın uşaqlıq boynu və artımlarla birlikdə çıxarılması) aparılmasına göstəriş hesab olunur.

Pelvioperitonitin proqnoz və profilaktikası

Pelvioperitonitin düzgün və vaxtında aparılan müalicəsi zamanı xəstəlik tam sağalır. Ən yaxşı  uzunmüddətli nəticələr aktiv taktikanın – punksiya, laparoskopiya, drenajlanmanın tətbiqi ilə əldə edilir. Belə hallarda hamiləliyin baş tutma ehtimalı konservativ müalicə ilə müqayisədə daha yüksək olur. Pelvioperitonit sonsuzluq, hamiləliyin daşınmaması, uşaqlıqdan kənar hamiləliyin inkşafı, residivləşən iltihab, çanaq ağrıları sindromu ilə nəticələnə bilər.

Pelvioperitonitin inkişafına səbəb olan amilləri  istisna etmək üçün profilaktik olaraq ginekoloji müayinələrin aparılması, genital infeksiyaların erkən müalicəsi, kontrasepsiyanın baryer üsullarından istifadə, UDS-nin vaxtında çıxarılması, ginekoloji əməliyyatlardan sonra preventiv mikrobəleyhinə terapiyanın tətbiqi, abort, doğuş, uşaqlıqdaxili manipulyasiyalarla bağlı ağırlaşmaların qarşısının alınması məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: