Piometra
Piometra – uşaqlıq boşluğunda irinli eksudatın toplanması və ləngiməsi ilə müşayiət olunan irinli endometritdir. Piometra aydın nəzərəçarpan simptomatika: hərarətin qalxması, intoksikasiya, qarnın aşağı hissəsində tutmaşəkilli ağrı, xoşagəlməz iyli irinli ifrazatla təzahür edir. İrinli endometritin diaqnostikasının alqoritmi ginekoloji baxış, uşaqlıq boşluğunun zondlanması, USM, histeroskopiya, ifrazatın bakterioloji əkilməsindən ibarətdir. Müalicə prosesində servikal kanalın obstruksiyasının aradan qaldırılır, irin evakuasiya edilir, uşaqlıq boşluğunun sanasiyası aparılır, antibakterial preparatlar, infuzion terapiya, uterotoniklər təyin olunur.
- Piometranın yaranma səbəbləri
- Piometranın əlamətləri
- Piometranın diaqnostikası
- Piometranın müalicəsi
Piometra barədə ümumi məlumat
Piometra – irinli möhtəviyyatın uşaqlıqda lokal toplanmasıdır. Piometranın etiologiyasında uşaqlıq boşluğunda irin törədən bakteriyanın olması və servikal kanalın obstruksiyası nəticəsində irinli eksudatın evakuasiyasının pozulması əsas yer tutur. Ginekologiyada piometranın sinonimləri irinli endometrit və metroendometritdir. Patologiya əksər hallarda reproduktiv və menopauza dövründə olan qadınlarda aşkarlanır, bu da piometranın yaranma səbəbləri ilə sıx bağlıdır: I qrup xəstələrdə irinli endometrit doğuşdan və ya abortdan sonrakı mərhələnin fəsadı, II qrupda isə – parçalanma fazasında olan endometriumun xərçənginin ağırlaşması kimi inkişaf edir. Piometranın nəticələri reproduktiv plan (sonsuzluq) və hətta həyat üçün böyük təhlükə (septiki ağırlaşmalar) daşıyır.
Piometranın yaranma səbəbləri
Piometranın formalaşmasında 2 əsas amil iştirak edir: uşaqlıq boynu kanalının servikal və uşaqlıq möhtəviyyatının axınına mane olan obstruksiyası və ikincili infeksiyanın qoşulması. Bu zaman toplanmış sekret (selik, seroz eksudat, qan) irinə transformasiya edir. Servikal kanalın obstruksiyası uşaqlıq boşluğundan möhtəviyyatın evakuasiyasına mexaniki maneə törədən müxtəlif patologiyalar: uşaqlıq boynunun polipləri, uşaqlığın mioması (xüsusən daxili əsnəyə yaxın yerləşən), doğulan submukoz düyünlər, endometroid ocaqların böyüməsi səbəbindən baş verə bilər.
Uşaqlıq boynu kanalı yad cisim, yerini dəyişmiş uşaqlıqdaxili spiral, döl yumurtasının (abortdan sonra) və ya cift toxumasının qalıqlarını (doğuşdan sonra), qan laxtaları ilə tutula bilər. Bir sıra hallarda piometra parçalanma fazasında olan uşaqlıq boynu və cisminin xərçənginin əlaməti kimi təzahür edir. Şüa terapiyası və ya aqressiv cərrahi müdaxilələr (abortlar, diaqnostik qaşınma, histeroskopiya) nəticəsində yaranan çapıqlı stenoz servikal kanalın deformasiyasına və mənfəzinin daralmasına səbəb ola bilər. Ahıl yaşlarda piometra servikal kanalının atrofik stenozu fonunda inkişaf edir.
Bununla yanaşı, bəzən piometra stenoz və okklyuziya olmadan yaranır. Belə hallarda patologiyanın inkişaf mexanizmi funksional səbəblərlə: uşaqlıq boynunun spazmı (əsasən abortlardan sonra baş verir), uşaqlığın hipotoniya və ya atoniyası (ağırlaşmış doğuşlar fonunda əmələ gəlir) ilə bağlı ola bilər.
Piometranın ən çox rast gəlinən fon vəziyyətlərinə hematometra, loxiometra, abortdan və ya doğuşdan sonrakı endometrit aiddir. Uşaqlıq boşluğunda toplanan sekret qalxan (ginekoloji manipulyasiyalar zamanı) və ya enən yolla (adneksitlərdə) uşaqlığa daxil olan irin törədən mikroflora: streptokokklar, stafilokokklar, bağırsaq çöpləri tərəfindən asanlıqla infeksiyalaşır.
Piometranın əlamətləri
Piometranın klassik forması aydın nəzərə çarpan əlamətlərlə müşayiət olunur. Qarnın aşağı hissəsində intensiv tutmaşəkilli ağrılar, uşaqlıq yolundan axan xoşagəlməz iyli irinli ifrazat, irinli intoksikasiyanın əlamətləri (yüksək hərarət, əzginlik, titrətmə) yaranır. Qarnın palpasiyasında kiçik çanaq nahiyəsində ağrılı şişəbənzər törəmə müəyyə edilir. Abort və doğuşdan sonra ilk günlərdə ifrazatın azalması və ya kəsilməsi piometradan şübhələnməyə əsas verir. Lakin bu tip klinik şəkil yalnız 50% hallarda izlənilir.
Çox zaman, xüsusən ahıl yaşlarda piometra silinmiş gedişə malik olur. Belə hallarda subfebrilitet, uşaqlıq boşluğunun periodik boşalması ilə əlaqədar vaxtaşırı yaranan irinli ifrazat qeyd edilir. Bəzən piometra simptomsuz gedir, patologiya USM prosesində və ya autopsiyada aşkarlanır.
Piometra endometriumun xərçəngi fonunda inkişaf etdikdə xəstələr aşağı ətraflara irradiasiya edən, proqressivləşən çanaq ağrılarından, qan qarışıqlı irinli ifrazatdan şikayət edir. Bu əlamətlər şişin gecikmiş formasına və onun parçalanmasına dəlalət edir.
Piometranın diaqnostikası
İlkin konsultasiyada ginekoloq xəstənin şikayətləri və hazırki xəstəliyin anamnezi (patoloji əlamətlərin yaranma müddəti, onların keçirilmiş doğuşlar, abortlar, ginekoloji xəstəliklərlə əlaqəli olub-olmaması) ilə maraqlanır. Vaginal güzgülərin köməyilə aparılan müayinədə az miqdarda və ya gur irinli ifrazat izlənilir. Bimanual müayinə prosesində ölçüləri böyümüş, yumru formalı, xəmirəbənzər konsistensiyalı, ağrılı uşaqlıq aşkar edilir. Ahıl qadınlarda müşahidə olunan piometra üçün uşaqlıq yolunun selikli qişasının yaşla əlaqədar atrofik dəyişiklikləri, uşaqlıq boynunun divarının qısalması və ya hamarlanması, servikal kanalın xarici dəliyinin atreziyası xarakterikdir.
Uşaqlıq boşluğunun zondlanması və ya kateterizasiyası zamanı irin xaricə axır. Bu zaman piometranın diaqnozuna artıq heç bir şübhə qalmır. Törədicinin identifikasiyası və antibiotikoqramın müəyyən ediməsi üçün alınmış ifrazatın bakterioloji müayinəsi aparılır.
Kiçik çanaq orqanlarının USM piometra zamanı servikal kanalın obstruksiyasının səbəblərini: mioma, poliplər, endometrioz, döl və ya ciftin qalıqlarını aşkar etməyə imkan verir. Uşaqlıq boşluğunu daxildən müayinə etmək məqsədilə histeroskopiya tətbiq edilir. Endometriumun xərçəngi haqqında dəqiq məlumatlar əldə etmək üçün uşaqlıq boşluğu və uşaqlıq boynu kanalının diaqnostik qaşınması vəya endometriumun biopsiyası aparılır.
Piometranın müalicəsi
Diaqnoz təsdiq olunduqda xəstə mütləq hospitazlizasiya edilməlidir. İlk növbədə servikal kanalın obstruksiyası aradan qaldırılmalı, möhtəviyyat evakuasiya olunmalı və uşaqlıq boşluğunun sanasiyası aparılmalıdır. Piometr uşaqlıq boşluğunda cift toxuması və ya dölün hissəciklərinin ləngiməsi səbəbindən baş verdikdə küretaj edilir, boşluq antiseptik məhlullarla yuyulur. Servikal kanalın polipləri cərrahi yolla götürülür. Cavan qadınlarda piometranın mioma ilə birgə inkişafı zamanı konservativ miomektomiyaya üstünlük verilir, lakin uşaqlığın yayılmış irinli iltihabı və orqanqoruyucu müdaxilənin aparılmasının mümkün olmadığı hallarda radikal üsullardan: histerektomiya və ya uşaqlığın supravaginal amputasiyasından istifadə edilir. Endometriumun xərçəngi zamanı cərrahi müalicənin aparılması prosesin operabelliyinə əsasən müəyyən edilir.
İrinli ocaq və piometranın birbaşa səbəbləri aradan qaldırıldıqdan sonra geniş təsir spektrinə malik olan antibiotiklərin parenteral yeridilməsi, dezintaksikasion infuzion terapiya təyin olunur. Etiotrop terapiya ilə yanaşı vitaminlər, immunostimulyatorlar, spazmolitik və uterotonik vasitələr tətbiq edilir. Antibiotikoterapiya sona çatdıqdan sonra uşaqlıqdaxili sinexiyaların profilaktikası məqsədilə fizioterapevtik prosedurlar aparılır. Müalicəvi-bərpaedici kursun müddəti 1-3 ay təşkil edir.
Piometranın proqnoz və profilaktikası
Piometranın qeyri-adekvat və ya vaxtında aparılmayan müalicəsı zamanı həyat üçün təhlükəli sayılan ağırlaşmalar: pelvioperitonit, peritonit, sepsis yaranır. Keçirilmiş piometra gələcəkdə hamiləliyin daşınmamasına və ya uşaqlıq mənşəli sonsuzluğa səbəb ola bilər.
İrinli endometritin profilaktik tədbirlərinə hamiləliyin düzgün planlaşdırılması və abortların istisna edilməsi, uşaqlıqdaxili müdaxilələrdən əvvəl uşaqlıq yolunun sanasiyası və onların aparılmasından sonra antibiotiklərin preventiv qəbulu, abort və doğuşlardan sonra qadınların ciddi nəzarət altına alınması, cinsiyyət orqanlarının infeksion-iltihabi patologiyalarının (vulvovaginit, salpinqooforit, endometrit və s.) vaxtında müalicəsi aiddir. Endometriumun xərçənginin profilaktikası müntəzəm şəkildə ginekoloji müayinələrin və USM-diaqnostikanın aparılmasından ibarətdir.