Piosalpinks

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2383

piosalpinks nədir?Piosalpinks – uşaqlıq borusunun ampulyar və uşaqlıq hissəsinin obliterasiyası nəticəsində onun mənfəzində irinli eksudatın qapalı formada toplanmasıdır. Piosalpinks qarnın aşağı hissəsində ağrılar, bədən hərarətinin yüksəlməsi, çox zaman kəskin qarın simptomatikası ilə xarakterizə olunur. Diaqnoz vaginal müayinə, USM, US-histerosalpinqoskopiya, uşaqlıq yolunun arxa tağının punksiyası, diaqnostik laparoskopiyanın əsasında qoyulur. Müalicə cərrahi yolla aparılır: fallop borusunun açılması və sanasiyası və ya tubektomiya. Piosalpinks zamanı intensiv antibakterial və dezintoksikasion terapiya, sonra isə fiziomüalicə tətbiq olunur.

  • Piosalpinksin yaranma səbəbləri
  • Piosalpinksin əlamətləri
  • Piosalpinksin diaqnostikası
  • Piosalpinksın müalicəsi
  • Piosalpinksin proqnoz və profilaktikası

Piosalpinks barədə ümumi məlumat

Piosalpinks əksər hallarda kəskin salpingitin (salpinqooforitin) ağırlaşması kimi təzahür edir. İltihabi dəyişikliklər fallop borusunun uşaqlıq və fimbrial hissələrinin obliterasiyasına, onun mənfəzində irinli möhtəviyyatla dolu kisəyəbənzər qapalı boşluğun yaranmasına gətirib çıxarır. Piosalpinks zamanı uşaqlıq borusunun divarları dartılır, qalınlaşır, selikli qişa tədricən atrofiyaya uğrayır və qranulyasiya toxuması ilə əvəz olunur. Uşaqlıq borusunun ampulyar hissəsi qonşu orqanlara – piylik, yumurtalıq, bağırsaq ilgəkləri, uşaqlığın cismi ilə bitişərək, onlarla vahid iltihabi konqlamerat əmələ gətirir.

Piosalpinksin irinli sekreti ilk mərhələlərdə maye şəkilli və virulent mikroorqanizmlərdən ibarət olur, tədricən möhtəviyyat qatılaşır, aseptik xarakter alır. Prosesə yumurtalıq qoşulduqda abses formalaşır, ovarial toxumanın irinli əriməsi zamanı isə piovar inkişaf edir. Piovar piosalpinkslə vahid boşluqda birləşərək, tuboovarial abses əmələ gətirə bilər.

İrinin kapsula proteolitik təsiri piosalpinksin perforasiyası ilə müşayiət olunur. Piosalpinksin divarlarının dağılması zamanı irin düz bağırsağa, sidik kisəsinə, uşaqlıq yoluna axaraq, gec sağalan boru-bağırsaq, boru-sidik kisəsi və ya boru-uşaqlıq yolu fistulalarının yaranmasına səbəb ola bilər; bəzən irinlik sərbəst qarın və kiçik çanaq boşluğuna açılır, bu da diffuz peritonit və ya pelvioperitonitlə nəticələnir.

Piosalpinksin yaranma səbəbləri

Piosalpinksin səbəbləriPiosalpinksin yaranması infeksion agentlərin uşaqlıq borusuna daxil olması və orada septiki iltihabın inkişafı ilə izah olunur. Piosalpinks zamanı əksər hallarda streptokokk, bağırsaq çöpü, stafilokokk, xlamidiya, mikoplazma, vərəm mikobakteriyaları, protey, klebsiella, enterokokklar və ya onların assosiasiyaları aşkarlanır.

Törədicilər uşaqlıq artımlarına qalxan yolla – uşaqlıq yolu, servikal kanal, uşaqlıq cismindən; bəzən isə qan və limfa vasitəsilə yayılır (vərəm zamanı). İnfeksiyalaşma adətən cərrahi abortlar, diaqnostik qaşımalar, özbaşına düşüklər, doğuşlardan sonra inkişaf edir; bir sıra hallarda piosalpinksin yaranmasına qonokokk və ya septiki etiologiyalı salpingit və ya adneksit səbəb olur. UDS istifadəsi, aybaşı, orqanizmin reaktivliyinin azalması piosalpinksə gətirib çıxarır.

Septiki infeksiya zamanı piosalpinks əksər hallarda birtərəfli, qonokokk mənşəli proseslərdə isə ikitərəfli olur. Gedişinə görə piosalpinks kəskin və ya xroniki xarakter daşıyır.

Piosalpinksin əlamətləri

Piosalpinksin əlamətləriPiosalpinksin klinikası qarnın aşağı hissəsində, xüsusən zədələnmiş hissədə pulsasiyaedici ağrılarla xarakterizə olunur. Ağrı çox zaman bel, oma, aşağı ətraflara, qasıq nahiyəsinə irradiasiya edir. Xəstələrdə  subfebrilitet dövrləri ilə əvəz olunan yüksək hərarət, titrətmə, intoksikasiya əlamətləri, ümumi vəziyyətin pozulması, əzginlik, halsızlıq, tərləmə, taxikardiya qeyd olunur.

Ürəkbulanma, dispeptik və dizurik pozulmalar, qəbizlik müşahidə edilə bilər. Bəzən piosalpinks aybaşı funksiyasının pozulması, cinsi yollardan axan seroz-irinli və ya irinli ifrazatla müşayiət  olunur. Piosalpinksin xroniki formalarında ağrı müvəqqəti küt xarakterli olub, soyuqdəymə, cinsi akt, fiziki yüklənmə, aybaşıdan sonra güclənir.

Septiki floranın, xüsusilə E.coli və stafilokokkun assosiasiyasının səbəb olduğu piosalpinks daha ağır gedişlə səciyyələnir. Qonokokk, mikoplazma, xlamidiya mənşəli piopsalpinkslər az ifadəli və uzunmüddətli gedişlə seçilir. Pelvioperitonit və ya yayılmış peritonitlər zamanı kəskin qarın əlamətləri: tutmaşəkilli ağrılar, əzələ müdafiəsi simptomu, qusma, dilin quruluğu və ərplə örtülməsi izlənilir.

Piosalpinksin diaqnostikası

Anamnestik əlamətlər, ginekoloji, laborator və instrumental müayinələr piosalpinksi kəskin appendisitdən, xolesistitdən, pielonefritdən, yumurtalığın ağırlaşmış kistomasından differensiasiya etməyə kömək edir. Bimanual müayinədə zədələnmiş uşaqlıq artımı nahiyəsində dəqiq sərhədlərə malik olmayan ağrılı şişəbənzər törəmə aşkar olunur. İkitərəfli piosalpinks zamanı ölçüləri böyümüş uşaqlıq boruları bütün kiçik çanaq boşluğunu əhatə edə bilər; bu zaman uşaqlıq müəyyən olunmur və ya çox çətinliklə seçilir. Palpasiyada flüktuasiya ocaqları hiss olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün uşaqlığın arxa tağından punksiya aparılır.

Transvaginal və ya transabdominal ultrasəs müayinədə uşaqlığın arxasında qeyri-həmcins exogenliyə malik xırda dispers hissəciklərdən ibarət genişlənmiş fallop borusu müşahidə edilir. Periferik qanın müayinəsi iltihabın şəklini əks etdirir: sola meylli formulalı leykositoz, EÇS-nin artması, CRZ testinin müsbət olması. İnfeksiya törədicilərinin təyin olunması üçün yaxmanın mikrofloraya görə bakterioloji əkilməsi aparılır.

Əlavə müayinələr sırasına ən informativ üsul hesab olunan diaqnostik laparoskopiya daxildir. Bu metodla prosesin xarakteri, onun lokalizasiyası, qarın boşluğunda ekssudat və bitişmələrin olması müəyyən edilir.  Bununla yanaşı laparoskopiya müalicəvi məqsədlə tətbiq oluna bilər: irinli möhtəviyyatın aspirasiyası, antibiotiklərin yerli yeridilməsi. Piosalpinksin boşluqlu orqanlara perforasiyası zamanı uroloq, proktoloqun konsultasiyası, sistoskopiya, sidik kisəsinin USM, rektoromanoskopiya tələb oluna bilər.

Piosalpinksin müalicəsi

Piosalpinksin diaqnozu təqdiqləndikdə xəstə ginekoloji stasionarda hospitalizasiya olunmalıdır. Müalicə cərrahi müdaxilə ilə antibakterial, dezintaksikasion, immunostimuləedici terapiyanın kombinasiyasından ibarətdir.

Cərrahi taktika xəstənin yaşı və piosalpinksin xarakterinə əsasən təyin edilir. Cavan qadınlarda fallopiya borusunun saxlanılmasına ehtiyac olduqda salpinqostomiyaya – piosalpinksin hədəfli punksiyası, möhtəviyyatın aspirasiyası və irinciyin boşluğunun antiseptik, antibiotik, fermentlərlə sanasiyasına üstünlük verilir. Punksiya 3-5 prosedurdan ibarət olub, US-nəzarət altında uşaqlıq yolunun arxa tağından keçməklə günaşırı icra edilir.

Uşaqlıq borusunun fimbrial hissəsinin kəsilməsi (tubotomiya) laparoskopiya prosesində tətbiq oluna bilər. Bütün bunlardan əlavə, laparoskopiya bitişmələrin lizisi, irinli törəmənin açılması, qarın boşluğunun sanasiyası və ya drenajlanması, dərman məhlullarının qarındaxili infuziyasının yerinə yetirməyə imkan verir.

Salpinqostomiya effekt vermədikdə, eləcə də uşaqlıq borusunun saxlanılması  mümkün olmadıqda bir və ya ikitərəfli tubektomiya; tuboovarial irinli şişlər zamanı adneksektomiya (uşaqlıq artımlarının xaric edilməsi) aparılır. Piosalpinksin ağırlaşmış hallarında uşaqlığın çıxarılması – uşaqlığın supravaginal amputasiyası və ya panhisterektomiya tələb oluna bilər.

Postoperasion dövrdə çapıq və bitişmələrin profilaktikası məqsədilə autohemoterapiya, UBŞ, elektrofarez, ultrasəs, lazeroterapiya, maqnitolazeroterapiya, parafin, ozokerit və ya palçıq applikasiyaları göstəriş hesab olunur. Ginekoloji, seqmentar, nöqtəvi, vibrasion masaj, balneoterapiya təyin oluna bilər.

Piosalpinksin proqnoz və profilaktikası

Piosalpinks zamanı proqnoz aybaşı siklinin pozulması, sonsuzluğun inkişafı, uşaqlıqdan kənar hamiləlik riskinin artması ilə ağırlaşa bilər. Hamiləlik planlaşdıran qadınlarda təkrar laparoskopik müalicə (mənfəzin bərpası-reokklüziyası) və uşaqlıq borularının keçiriciliyinin və funskional vəziyyətinin qiymətləndirilməsi (histerosalpinqoqrafiya, USHSS) tələb olunur.

Piosalpinksin profilaktikası salpingitlərin vaxtında müalicəsindən, cinsi yolla keçən infeksiyalar (qonoreya, xlamidioz, mikoplazmoz), abortlar, əməliyyat və doğuşdan sonra yaranan ağırlaşmaların qarşısının  alınmasından ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: