Piovar
Piovar – yumurtalıq toxumasının absesləşməsi, geniş həcmli irinli əriməsidir. Klinik olaraq yüksək hərarət, qarında kəskin ağrı, irinli ifrazat, dizurik və dispeptik pozğunluqlarla təzahür edir. Piovar tuboovarial abses və pelvioperitonitlə ağırlaşa bilər. Diaqnoz vaginal müayinə, bakterioloji əkilmə, kiçik çanağın USM, diaqnostik laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə zədələnmiş tərəfdə adneksektomiya və ya uşaqlığın artımlarla birlikdə ekstirpasiyası icra edilir, sonra isə antibakterial və bərpaedici terapiya (fizioterapiya, palçıqla müalicə, müalicəvi vannalar təyin olunur.
- Piovarın yaranma səbəbləri
- Piovarın əlamətləri
- Piovarın diaqnostikası
- Piovarın müalicəsi
- Piovarın ağırlaşmaları
- Piovarın proqnoz və profilaktikası
Piovar barədə ümumi məlumat
Piovar patogenlərin intrakanalikulyar, limfogen və ya hematogen yolla ovarial toxumaya daxil olması nəticəsində inkişaf edir. Yumurtalığın qabıq maddəsinin kəskin iltihabı qan dövranının lokal pozulmalarına, ödem, ocaqlı və ya diffuz iltihabi ilfiltrasiyaya, bir müddətdən sonra yumurtalığın absesinin formalaşmasına gətirib çıxarır. İrinli boşluqların birləşməsi ovarial toxumanın əriməsinə və yumurtalığın irinlə dolu kisəyəbənzər törəməyə – piovara çevrilməsinə səbəb olur. Piovarın lokalizasiyası adətən birtərəfli olur.
Yumurtalıqlarda irinli proseslər aeroblar (enterokokk, stafilokokk, E.coli, streptokokklar, qonokokklar), anaeroblar (peptokokklar, bakteroidlər, peptostreptokokklar), qram-mənfi mikroorqanizmlər (protey, klebsiella) və onların assosiasiyaları tərəfindən törədilir. Piovar çanaq divarları, uşaqlıq, fallop boruları, piylik, sidik kisəsi və bağırsaq ilgəkləri ilə bitişə bilər. Nadir hallarda piovarın sərbəst qarın boşluğuna və boşluqlu qonşu orqanlara (düz bağırsaq, sidik kisəsi, uşaqlıq yolu) açılması, tuboovarial abseslərin yaranması, parametrit, pelvioperitonit, yayılmış peritonitin inkişafı mümkündür.
Piovarın yaranma səbəbləri
Piovarın patogenezində genital və ekstragenital ocaqlardan intrakanakulyar (qalxan) yolla infeksiyalaşma üstünlük təşkil edir; az hallarda infeksiya qan və limfa vasitəsilə yayıla bilər. Adətən piovar iltihabi proseslərin – servisit, endometrit, salpingit, salpinqooforit, ooforitin ağırlaşması kimi təzahür edir.
Həmçinin piovarın yaranmasına keçirilən ginekoloji əməliyyatlar: histerektomiya, yumurtalığın rezeksiyası, uşaqlıq boşluğunun qaşınması, hamiləliyin suni yolla pozulması (xüsusən, kriminal abortlar), Qeysəriyyə əməliyyatı, uşaqlıq borularının bağlanması, salpinqektomiya, EKM zamanı follikuların transvaginal punksiyası və s. səbəb ola bilər. Bundan əlavə, UDS-in olması piovar və piosalpinksin inkişaf riskini 4 dəfə artırır. Bir sıra hallarda piovar sarı cismin kistasının və ya follikulyar kistanın partlaması nəticəsində əmələ gəlir.
İmmun çatışmazlıqları, endokrinopatiyalar (hiper- və hipotireoz, şəkərli diabet), somatik xəstəliklər (anemiya, infeksiyalar), sosial və davranış amilləri (stress, alkoqolizm, narkomaniya, erkən və ya nizamsız cinsi əlaqələr), yumurtalıqlarda kistoz törəmələr piovarın inkişafı üçün premorbid fon rolunu oynayır.
Piovarın əlamətləri
Piovarın klinik əlamətləri ümumi iltihabi sindrom, lokal iltihabi dəyişikliklər və intoksikasiya ilə xarakterizə olunur. Piovar yüksək hərarət, hektik qızdırma, titrətmə, tərləmə, taxikardiya, halsızlıq, yuxu və iştah pozğunluğu ilə manifestasiya edir. Qarnın aşağı hissəsində fiziki yüklənmə, aybaşı, defekasiya, cinsi akt zamanı güclənən kəskin pulsasiyaedici ağrı qeyd olunur. Dizurik və dispeptik pozulmalar, cinsi yollardan axan irinli ifrazatlar müşahidə edilir.
Piovar və piosalpinks fonunda çox zaman vahid iltihabi konqlamerat – tuboovarial abses yaranır. Pelvioperitonitin inkişafı zamanı peritonun qiciqlanma əlamətləri izlənilir.
Piovarın diaqnostikası
Piovarın diaqnostikası kompleksşəkilli müayinələrlə: ginekoloji müayinə, USM, yaxmanın floraya görə bakterioloji əkilməsi, laparoskopiya ilə aparılır. Anamnestik məlumatlar – xəstədə daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri və ya ginekoloji müdaxilələrin aparılması barədə informasiya piovarın aşkar olunmasına kömək edir.
Qanın ümumi analizində dəyişikliklər leykositoz, EÇS-nin artması (80 mm/saat-a qədər və daha yüksək) ilə xarakterizə olunur. Vaginal yaxmanın bakterioloji müayinəsi infeksiyanın törədicisinin idensifikasiyasına və antibakterial terapiyanın başlanmasına imkan yaradır. Vaginal müayinə prosesində qonşu orqanlarla (piylik, bağırsaq ilgəkləri, sidik kisəsi) bitişməsi səbəbindən dəqiq olmayan sərhədlərə, sərt kapsulaya malik birtərəfli şişəbənzər ağrılı törəmə aşkarlanır.
Ginekoloji USM-də piovar qeyri-bərabər qalınlaşmış kapsulalı (6-10mm), qeyri-həmcins möhtəviyyatlı, exopozitiv yumru törəmə şəklində vizualizasiya olunur. Şübhəli hallarda uşaqlıq yolunun arxa tağının punksiyası, diaqnostik laparoskopiya icra edilir. Piovar kəskin appendisit, xolesistit, bağırsaq keçməməzliyi, peritonit, pielonefrit, kəskin salpinqooforitlə differensiasiya edilir.
Piovarın müalicəsi
Müalicə taktikası irinli ocağın radikal kəsilməsindən, infeksion prosesin aradan qaldırılmasından, hospital və posthospital reabilitasiyadan ibarətdir. Predoperasion dövrdə antibakterial, göbələkəleyhinə, antiprotozoy vasitələr təyin olunur; dezintoksikasion, immunostimuləedici terapiyalar (QUBŞ, venadaxili lazer şüalanması), hemosorbsiya, plazmafarez aparılır.
Cərrahi mərhələdə irinli-cərrahi ocaq kəsilir. İrinliyin qarın boşluğuna perforasiyası, onun boşluqlu orqanlara açılma ehtimalı yüksək və ya xəstənin ümumi vəziyyəti ağır olduqda palliativ müdaxilələr (kolpotomiya, absesin punksiyası) icra edilir. Cavan qadınlarda piovar zamanı aparılan radikal müdaxilələrə birdəfəli ooforektomiya və ya adneksektomiya iltihabi-dəyişilmiş yumurtalıqların və ya uşaqlıq artımlarının laparoskopik və ya laparotomik üsulla xaric edilməsi aiddir. Postmenopauza dövründə olan qadınlarda uşaqlığın supravaginal amputasiyası və ya panhisterektomiya optimal müalicə üsulu sayılır.
İkincili pelvioperitonit və peritonit zamanı irinli-nekrotik toxumalar kəsildikdən sonra qarın boşluğunun uzunmüddətli drenajlanması, peritoneal dializ həyata keçirilir. Reabilitasiya mərhələsində fizioterapevtik kurslar: UST, ultrafonofarez, mikrodalğalı terapiya, maqnitoterapiya, elektrofarez, lazeroterapiya, palçıqla müalicə, hidrogen-sulfidli vannalar təyin olunur.
Piovarın ağırlaşmaları
Piovarın perforasiyası və irinin qarın boşluğuna tökülməsi zamanı irinli peritonit inkişaf edir. İrinciyin boşluqlu orqanlara- düz və ya S-varı bağırsaq, sidik kisəsi, uşaqlıq yoluna açılması iltihaba (siqmoidit, sistit, kolpit), uzunmüddət açıq qalan fistulalara gətirib çıxarır. Rektit və siqmoiditin gedişi tenezmlər, selikli ifrazat, ishalla xarakterizə olunur. Sistit zamanı sidik ifrazı tezləşir, ağrılı olur. Vaginit cinsi yollardan axan irinli ifrazatla təzahür edir.
Piovarın müalicə və profilaktikası
Vaxtında və düzgün müalicə aparıldıqda proqnoz qənaətbəxş olur. Az invaziv əməliyyatların aparılmasına baxmayaraq, kiçik çanaqda çapıq və bitişmə proseslərinin inkişafı ilə əlaqədar gələcəkdə reproduktiv funksiyalar məhdudlaşa bilər.
Piovarın profilaktik tədbirlərinə genital infeksiyaların vaxtında müalicəsi, ginekoloji müdaxilələrdən sonra ağırlaşmaların qarşısının alınması, uşaqlıqdaxili kontrasepsiyanın rasional istifadəsi, vaxtaşırı ginekoloji müayinələrin aparılması aiddir.