Plasentar polip

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 3683

plasentar polip nədir?Plasentar polip – ağırlaşmış doğuş, hamiləliyin süni yolla pozulması və ya düşükdən sonra uşaqlıq boşluğunda cift toxumasının qalıqlarından formalaşan polipoz törəmədir. Patologiya doğuşdan və ya abortdan sonra yaranan gecikmiş qanaxmalarla təzahür edir. Qanaxmalar bəzən intensiv olub, anemiyaların inkişafına və ikincili infeksiyanın qoşulmasına səbəb olur. Plasentar polipin diaqnostikasında mamalıq-ginekoloji anamnez, bimanual müayinə, USM, histeroskopiya, sıyrıntının histoloji analizi ilə müşayiət olunan diaqnostik qaşınmadan istifadə edilir. Müalicə cərrahi yolla (kornsanq, lazer, histerorezektoskopiya və s. vasitəsilə) aparılır.

  • Plasentar polipin yaranma səbəbləri
  • Plasentar polipin əlamətləri
  • Plasentar polipin diaqnostikası və müalicəsi

Plasentar polip barədə ümumi məlumat

Plasentar polip – uşaqlıq boşluğunda qalan cift qalıqlarından əmələ gələn patoloji törəmədir. Enli əsas və ya nazik ayaqcığa malik ola bilər. Xarici müəlliflərin məlumatlarına əsasən plasentar poliplərə doğuşların təxminən 0.36%-də rast gəlinir. Plasentar polipi hamiləlik dövründə yaranan, müalicəsinə eytiyac olmayan, ana və döl üçün təhlükə daşımayan uşaqlığın desidual polipindən (endoserviksin selikli qişasının xoşxassəli böyüməsi, hormonal transformasiyası-desidualizasiyası) fərqləndirmək lazımdır. Plasentar poliplərın özbaşına sağalmaması, ifadəli qanaxmalarla müşayiət olunması, ağır fəsadlara – anemiya, endometrit, sepsis, sonsuzluğa səbəb olmasını nəzərə alaraq, ginekologiyada onlar patoloji törəmələr kimi qiymətləndirilir.

Plasentar polipin yaranma səbəbləri

Plasentar polipin səbəbləriPlasentar poliplər başa çatan və ya pozulmuş hamiləliklərdən sonra formalaşır. Bu zaman hamiləliyin sonluğu müxtəlif ola bilər: doğuşlar (təbii və ya Qeysəriyyə əməliyyatı), düşük, tibbi abort, inkişafdan qalmış hamiləlik – döl yumurtasının instrumental üsulla xaric edilməsi. Lakin bütün hallarda polipin inkişafına uşaqlıq boşluğunda ləngiyən fibrinoid qat və ya trombotik kütlələrə bürünmüş plasentar xovlar və ya cift toxumasının qalıqları səbəb olur. Uşaqlıq boşluğunda cift toxumasının ləngiməsi doğuşdan sonrakı dövrün qeyri-rasional aparılması, Qeysəriyyə əməliyyatından sonra ciftin tam çıxarılmaması, tibbi abort və ya düşük zamanı uşaqlıq boşluğunun natamam küretajı ilə əlaqədardır.

Uşaqlıq boşluğunda qalan və onun divarına möhkəm birləşən cift toxumasının qalıqları qısa müddət ərzində qan laxtaları və fibrinlə örtülür, birləşdirici toxuma ilə əvəz olunur. Xarici görünüşcə plasentar polip yastı (sürünən) və ya göbələyəbənzər törəmə şəklində olur. Patomorfoloji cəhətdən plasentar poliplər saxlanılmış xovlar (tibbi abortlardan sonra formalaşır), destruktiv xovlar (doğuşdan sonra uşaqlığın involyasiyası fonunda yaranır), eləcə də ciftin uşaqlıqla damar əlaqəsi olan izoləolunmuş paycıqlarından ibarət formalara ayırd edilir.

Plasentar polipin əlamətləri

Plasentar polipin əlamətləriPlasentar polip hamiləliyin başa çatmasından bir neçə həftə keçdikdən sonra tam formalaşır. Məhz bu səbəbdən xəstəliyin klinik manifestasiyası doğuş, abort, düşükdən sonra 3-5-ci həftəyə təsadüf edir. Aparıcı əlamət olan qanaxma keçirilmiş vəziyyətlərlə əlaqədar qadınlar tərəfindən çox vaxt normal hal kimi qəbul edilir. Plasentar polipin səbəb olduğu qanlı ifrazatlar doğuşdan sonrakı qanaxmalardan fərqli olaraq, kifayət qədər gec yaranır, abortdan sonrakı qanitirmə ilə müqayisədə isə daha uzun müddət davam edir. Əvvəlcə qanlı ifrazatların miqdarı az olur, lakin sonralar qanaxma intensivləşərək, qadını ginekoloqa müraciət etməyə məcbur edir.

Plasentar polip gur və uzunmüddətli qanaxmaya səbəb olduqda, zəiflik, başgicəllənmə, yorğunluq, dəri örtüklərinin solğunluğu müşahidə edilir. Qanitirmə ağır anemiya, ikincili infeksiyanın qoşulması, endometrit, sepsislə nəticələnə bilər. Vaxtında müalicə olunmayan plasentar polip uzaq dövrlərdə sonsuzluğa gətirib çıxara bilər.

Plasentar polipin diaqnostikası və müalicəsi

Doğuşdan və ya tibbi abortdan 3-4 həftə sonra qanlı ifrazatın güclənməsi və ya təkrarlanması plasentar polipdən şübhələnməyə əsas verir. Ginekoloji müayinədə uşaqlıq əsnəyinin aralanması, bəzən isə  uşaqlıq boynu kanalının xarici dəliyindən görünən polipin qütbü izlənilir. Uşaqlıq boşluğunda əlavə törəmənın olması, onun lokalizasiyası və quruluşu barədə daha ətraflı məlumatlar almaq üçün kiçik çanaq orqanlarının USM-dən istifadə edilir.

Plasentar polipin diaqnostikasında histeroskopiya daha informativ üsul hesab olunur, optik sistemin köməyilə uşaqlıq boşluğunu daxildən müayinə etmək mümkün olur. Adətən histeroskopiyanın diaqnostik imkanlarından cərrahi müdaxilələrdə -histerorezektoskopiyada və diaqnostik qaşınma prosesində istifadə edilir. Endometriumun sıyrıntısının histoloji müayinəsi plasentar polip diaqnozunu təsdiqləyir.

Polipin aşağı hissəsi uşaqlıq boynu kanalında vizualizasiya olunduqda, mama-ginekoloq onu kornsanq vasitəsilə xaric edir. Plasentar polipin cərrahi lazerlə likvidasiyası mümkündür. Bütün hallarda prosedurlar fraksion küretajla tamamlanır. Anemiyanın korreksiyası məqsədilə dəmir preparatları təyin olunur, göstərişlərə əsasən qan komponentləri (plazma, eritrositar kütlə) köcürülür.

Postoperasion dövrdə bədən hərarəti və ümumi vəziyyət nəzarət altına alınmalıdır. Bir ay müddətində termoprosedurlar (o cümlədən vannalar) və fiziki yüklənmələr, soyuqlama halları, cinsi həyat istisna edilməlidi.

Plasentar polipin profilaktikası doğuşdan sonra mama-tibb bacısı tərəfindən ciftin dəqiq müayinəsi, ehtiyac olduqda zahılarda uşaqlıq səthinin əllə yoxlanılması, doğuşdan və hamiləliyin pozulmasından sonra  ifrazatın xarakterinin izlənilməsi, kontrol ginekoloji və ultrasəs müayinələrin aparılmasından ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: