Posthisterektomik sindrom

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2099

posthisterektomik sindrom nədir?Posthisterektomik sindrom – bir və ya hər 2 yumurtalıq saxlanılmaqla uşaqlığın xaric edilməsindən (histerektomiyadan) sonra yaranan psixonevroloji və metabolik pozğunluqlardan ibarət simptomokompleksdir. Posthisterektomik sindrom neyrovegetativ və psixo-emosional pozulmalarla: taxikardiya, tərləmə, istilik hissi, hipertenziya, depressiya, zəiflik, labillik, narahatlılıqla təzahür edir. Posthisterektomiyanın diaqnostikası ginekoloji anamnez, USM və hormonal analizlərin nəticələrinə əsaslanır. Müalicə məqsədilə ƏHT, fizioterapiya, sedativ preparatlar, antidepressantlardan istifadə olunur.

  • Posthisterektomik sindromun təsnifatı
  • Posthisterektomik sindromun səbəbləri
  • Posthisterektomik sindromun əlamətləri
  • Posthisterektomik sindromun diaqnostikası
  • Posthisterektomik sindromun müalicəsi
  • Posthisterektomik sindromun profilaktikası

Posthisterektomik sindrom barədə ümumi məlumat

Posthisterektomiya probleminin aktuallığı uşaqlığın müxtəlif patologiyalarında total və subtotal histerektomiyanın geniş tətbiqi ilə izah olunur. Uşaqlığın ekstirpasiyası və ya supravaginal amputasiyasından sonra adekvat müalicə aparılmadıqda fizioloji menopauzanın ehtimal olunan müddətdən 4-5 il əvvəl başlanması ilə müşayiət olunan posthisterektomik sindromun dayanıqlı forması inkişaf edə bilər.

Posthisterektomik sindromun inkişafı yumurtalıqların siklik funksiyasının kəskin azalması, hipoestrogeniyanın yaranması və onun MSS-ə neqativ təsiri ilə əlaqədardır. Posthisterektomik sindromun tezliyi pasiyentin yaşından, histerektomiyanın həcmindən, yumurtalıqların qan təhcizatının xarakterindən və yanaşı gedən patologiyalardan asılıdır. Reproduktiv yaş dövründə olan qadınlarda posthisterektomik sindromun formalaşması sağlamlığa, əmək qabiliyyətinə və həyat tərzinə mənfi təsir göstərir.

Posthisterektomik sindromun təsnifatı

Yaranma müddətinə əsasən erkən (postoperasion dövrün ilk günlərində inkişaf edən) və gec (histerektomiyadan sonra 1 il ərzində baş verən) posthisterektomik sindrom ayırd edilir. Klinik əlamətlər ifadəliliyinə görə yüngül, orta və ağır dərəcələrə bölünür.

Davametmə müddətindən asılı olaraq, dayanıqlı və tranzitor formalar qeydə alınır. Reproduktiv yaşlarda rast gəlinən tranzitor forma zamanı histerektomiyadan sonra 1aydan tutmuş 1 ilə kimi vaxt ərzində yumurtalıqların funksiyası bərpa olunur. Dayanıqlı formanın əlamətləri əməliyyatdan 1 il keçdikdən sonra yaranaraq, yumurtalıqların funksiyasının sönməsinə və erkən menopauza riskinə dəlalət edir.

Posthisterektomik sindromun yaranma səbəbləri

Posthisterektomik sindromun səbəbləriPosthisterektomik sindromun formalaşmasına səbəb olan patogenetik amil hipoestrogeniyadır. Histerektomiyadan sonra yumurtalıqların qan cərəyanından uşaqlıq arteriyalarının şaxələrinin ayrılması, innervasiyasının pozulması uşaqlıq artımlarının qan təhcizatının zəifləməsinə, onlarda kəskin işemiya, venoz və limfatik durğunluğun yaranmasına, funksional və struktur dəyişikliklərinə gətirib çıxarır. Yumurtalıqların ovulyator və sekretor funksiyası zəifləyir, anovulyator sikl üstünlük təşkil edir, estradiolun səviyyəsi azalır; miometrium və endometriumun xaric edilməsindən sonra əks əlaqə prinsipi pozulur.

Uşaqlığın supravaginal amputasiyası ilə müqayisədə ekstirpasiyadan sonra, eləcə də hər 2 yumurtalıq saxlanıldığı hallara nisbətən birtərəfli ovariektomiya zamanı posthisterektomik sindroma daha çox rast gəlinir. Ağır posthisterektomik sindrom adətən əməliyyat siklin lütein fazasında aparıldıqda, həmçinin tireotoksikoz və şəkərli diabet fonunda müşahidə olunur.

Posthisterektomik sindromun əlamətləri

Posthisterektomik sindromun əlamətləriPosthisterektomik sindromun klinikasının əsasını neyrovegetativ və psixoemosional pozğunluqlar təşkil edir. Psixoemosional dəyişikliklər astenik sindrom və depressiya şəklində gedə bilər, bu zaman pasiyentlər zəiflik, əzginlik, diqqət və yaddaş pozğunluğu, ağlağanlıq, həyəcan hissi, tez yorulma halları, tənhalıq qorxusundan şikayət edir.

Neyrovegetativ dəyişikliklər sakit vəziyyətdə ürəkdöyünmənin sürətlənməsi (taxikardiya), aşağı və yüksək hərarətə həssaslığın artması, vestibulopatiya, dərinin keyiməsi və qarışqa yeriməsi hissi, istilik gəlmə halları, güclü tərləmə, ödem, arterial hipertenziya, yuxusuzluqla təzahür edir. Ürək-damar patologiyaları, piylənmə, osteoporozun yaranma tezliyi yüksəlir. Dayanıqlı posthisterektomik sindrom zamanı urogenital pozğunluqlar – stress mənşəli sidik saxlamazlıq, kolpit, uşaqlıq yolunun quruluğu, dispareuniya və s. yarana bilər.

Posthisterektomik sindromun diaqnostikası

Posthisterektomik sindromun diaqnostikası histerektomiyadan sonra reabilitasiya dövründə psixoemosional və neyrovegetativ pozulmaların, yumurtalıqların struktur və funksional dəyişikliklərinin, onların qan cərəyanının, hipotalamo-hipofizar sistemin pozğunluqlarının  qiymətləndirilməsindən ibarətdir.

Posthisterektomik sindromun klinik təzahürlərinin ağırlıq dərəcəsini müəyyən etmək üçün Kuppermanın menopauzal indeksindən istifadə edilir. Yumurtalıqların funksional aktivliyi, hipotalamo-hipofizar tənzimin və posthisterektomik sindromun proqnozunun qiymətləndirilməsi məqsədilə  dinamikada estradiol, FSH və LH səviyyələri təyin olunur.

Uşaqlıq artımlarının USM və  damarların doppleroqrafiyası yumurtalıqların  struktur dəyişikliklərini və intraovarial qan cərəyanını müəyyən edir. Yumurtalıqların kistoz transformasiyası (persistəedən kistalar), intraovarial qan təhcizatında qan cərəyanının sürətinin azalması, venoz durğunluğun artması qeydə alınır. Dayanıqlı posthisterektomik sindrom yumurtalıqların həcminin kiçilməsi, follikulyar aparatın zəifləməsi, stromanın exogenliyinin yüksəlməsi, perfuziyanın azalması və intraovarial qan cərəyanın postmenopauza göstəricilərinə yaxınlaşan damar dəyişiklikləri ilə müşayiət olunur. Tranzitor posthisterektomik sindrom zamanı tədricən yumurtalıqların həcmi və strukturu bərpa olur.

Posthisterektomik sindromlu pasiyentlərin müayinəsi və aparılması ginekoloq-endokrinoloq, mammoloq, kardioloq və nevroloqun birgə əməkdaşlığını tələb edir.

Posthisterektomik sindromun müalicəsi

Posthisterektomik sindromun terapiyasının xarakteri onun ağırlıq dərəcəsi və davametmə müddətindən asılıdır. İfadəli psixo-emosional simptomatika ilə gedən yüngül və orta-ağır posthisterektomik sindromun reabilitasiya mərhələsində sedativ preparatlar, trankvilizatorlar və antidepressantlar, homeopatik vasitələr, refleksoterapiya təyin olunur. Kiçik çanaq orqanları və boyunluq sahəsində mikrosirkulyasiyanın normallaşdırılması üçün fizioterapiya: elektrofarez, boyun-üz nahiyəsinin halvanizasiyası, sedativ metodika üzrə transkranial elektrostimulyasiya tətbiq edilir.

Ağır və ya dayanıqlı posthisterektomik sindromun müalicə sxeminə əvəzedici hormonal terapiya (ƏHT) əlavə olunur. ƏHT psixoemosional və vegeto-damar dəyişiklikləri qısa müddət ərzində aradan qaldırır, yumurtalıqların hipotalamo-hipofizar tənzimini normaya salır, metabolik pozğunluqların inkişafının qarşısını alır. Erkən posthisterektomik sindrom zamanı kombinəolunmuş estrogen-androgen preparatların parenteral yeridilməsi göstəriş hesab olunur, bununla yanaşı estrogen tərkibli plastırların istifadəsi də mümkündür. Postoperasion dövrün gec mərhələlərində estrogenlərlə monoterapiya və ya müxtəlif kombinəolunmuş preparatlarla müalicə tətbiq edilir.

Uzunmüddətli ƏHT zamanı koaquloqramma vasitəsilə qanın laxtalanma sisteminə nəzarət edilməli, eləcə də dezaqreqantlar və venoprotektorlar təyin etməklə tromblaşmanın profilaktikası aparılmalıdır. Əvəzedici hormonal terapiyadan əvvəl və müalicə prosesində palpator baxış, USM və mammoqrafiyanın köməyilə süd vəzilərinin vəziyyəti qiymətləndirilir.

Tranzitor posthisterektomik sindrom zamanı ƏHT-nin müddəti 3-6 ay təşkil edir; müalicə başa çatdıqdan sonra yumurtalqıların funksional aktivliyi bərpa olur. Dayanıqlı posthisterektomik sindromdan əziyyət çəkən pasiyentlərdə ƏHT-nin təbii menopauzanın başlanmasının ehtimal olunan tarixinə qədər (1-5il) davam etdirilməsi məsləhət görülür.

Köməkçi reproduktiv texnologiyalar histerektomiya keçirmiş qadınların ana olmaq istəyini reallaşdırır. Yumurtalıqları saxlanıldıqda follikulların punksiyası yolu ilə yumurtahüceyrələrin götürülməsi, yumurtahüceyrələrin in vitro mayalandırılması (zərurət olduqda donor spermasından istifadə etməklə), embrionun kultivasiyası, surroqat analıq üsulu ilə dölün daşınması mümkündür.

Posthisterektomik sindromun profilaktikası

Posthisterektomik sindromun qarşısının alınması üçün uşaqlığın total ekstirpasiyasına olan göstərişlər rasional şəkildə qiymətləndirilməlidir. Cərrahi müdaxilənin həcmi imkan daxilində uşaqlığın supravaginal amputasiyası ilə məhdudlaşdırılmalıdır. Əməliyyatın siklin follikulyar fazasında icra olunması məqsədəuyğundur.

Uşaqlıq xaric edildikdən sonra posthisterektomik sindromun ağır formalarının profilaktikası məqsədilə reabilitasion terapiyaya erkən başlamaq tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: