Postkastrasion sindrom
Postkastrasion sindrom – reproduktiv yaşda olan qadınlarda total ovariektomiyadan sonra inkişaf edən vegetativ-damar, neyroendokrin və neyropsixi pozğunluqlardan ibarət simptomokompleksdir. Postkastrasion sindromun klinikası vegetativ əlamətlər (istilik hissi, taxikardiya, tərləmə, aritmiya, hipertonik kriz), mübadilə proseslərinin pozğunluqları (piylənmə, hiperqlikemiya, hiperlipidemiya), psixoemosional dəyişikliklər (ağlağanlıq, əsəbilik, aqressiv-depressiv vəziyyətlər, yuxu və diqqətin pozulması), urogenital simptomlarla təzahür edir. Postkastrasion sindromun kastrasiyası anamnestik məlumatlar, kompleks şəkilli ginekoloji müayinə, hormonların səviyyəsinin təyininə əsaslanır. Postkastrasion sindromun müalicəsində əvəzedici hormonal terapiya, fizioterapiya, balneoterapiyadan istifadə olunur.
- Postkastrasion sindromun yaranma səbəbləri və patogenezi
- Postkastrasion sindromun əlamətləri
- Postkastrasion sindromun diaqnostikası
- Postkastrasion sindromun müalicəsi
- Postkastrasion sindromun proqnoz və profilaktikası
Postkastrasion sindrom barədə ümumi məlumat
Postkastrasion sindrom hər 2 yumurtalığın və ya uşaqlığın yumurtalıqlarla birlikdə xaric edilməsi nəticəsində aybaşı funksiyasının dayanması ilə xarakterizə olunur. Postkastrasion sindromun sinonimləri postovariektomik sindrom və cərrahi (induksiya olunmuş) menopauzadır. Postkastrasion sindromun inkişaf tezliyi 70-80% təşkil edir; 5% hallarda postovariektomik sindrom əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən ağır formada gedir. Postkastrasion sindromun ağırlıq dərəcəsi əməliyyat anında xəstənin yaşından, premorbid fondan, böyrəküstü vəzilərin funksional fəaliyyətindən və digər amillərdən asılıdır.
Postkastrasion sindromun yaranma səbəbləri və patogenezi
Postkastrasion sindrom total və ya subtotal ovariektomiyadan (uşaqlığın xaric edilməsi və ya edilməməsi ilə) sonra inkişaf edir. Uşaqlıq çıxarılmadan aparılan total ovariektomiya reproduktiv funksiyanın realizə olunmadığı qadınlarda yumurtalıqların tuboovarial (piovar, piosalpinks) və xoşxassəli törəmələri zamanı göstəriş sayılır. Gələcəkdə bu qadınlarda EKM vasitəsilə hamiləliyin baş tutması mümkündür.
Reproduktiv yaşlı pasiyentlərdə postkastrasion sindromun ən geniş yayılmış səbəbi endometrioz və ya uşaqlığın fibroması üzrə icra olunan panhisterektomiyadır. Premenopauza dövründə histerektomiya ilə total ovariektomiya adətən onkoloji risk baxımından tətbiq edilir. Postkastrasion sindromun qeyri-cərrahi səbəblərinə qamma- və rentgen şüalanma nəticəsində follikulyar aparatın məhvi aiddir. Postkastrasion sindrom əsasən tireotoksiki zob, şəkərli diabetdən əziyyət çəkən qadınlarda inkişaf edir.
Patogenetik sindrom zamanı aparıcı patogenetik amil geniş diapazonlu patoloji əlamətlərə səbəb olan qəfil formalaşan hipoestrogeniyadır. Qabıqaltı strukturlarda kardiovaskulyar, respirator və temperatur reaksiyalarını tənzimləyən neyrotransmitterlərin sekresiyası pozulur, bu da klimakterik sindroma xas olan patoloji əlamətlərlə təzahür edir.
Hipoestrogeniya estrogen-reseptiv toxumalarda dəyişikliklər yaradır: sidik-cinsiyyət sistemində birləşdirici və əzələ liflərinin atrofiyası güclənir, orqanların vaskulyarizasiyası pisləşir, epitelqat nazilir. Cərrahi yolla yumurtalıqların fəaliyyəti kəsildikdən sonra əks əlaqə mexanizmi üzrə qonadotrophormonların səviyyəsi artır-periferik vəzilərin fəaliyyəti pozulur.
Böyrəküstü vəzilərin qabıqaltı qatında qlükokortikoidlərin sintezi güclənir, androgenlərin sekreziyası isə azalır, bu proseslər orqanizmin dezadaptasiyasını daha da dərinləşdirir. Postkastrasion sindrom zamanı qalxanabənzər vəzidə tiroksin (T4) və triyodtironinin (T3) hasili pozulur; paratireoid hormon və kalsitoninin sintezi zəifləyir, nəticədə kalsium mübadiləsində pozğunluqlar baş verir, osteoporoz inkişaf edir. Beləliklə, təbii menopauza dövründə yumurtalıqların funksiyasının tədricən (bir neçə il ərzində) sönməsindən fərqli olaraq, postkastrasion sindrom zamanı yumurtalıqların hormonal funksiyası bir anda dayanır, bu da uyğunlaşma mexanizmləri və orqanizmin yeni vəziyyətə bioloji adaptasiyasının dezorqanizasiyası ilə müşayiət olunur.
Postkastrasion sindromun əlamətləri
Postkastrasion sindromun ilk təzahürləri ovariektomiyadan 1-3 həftə sonra qeydə alınır və 2-3 ay ərzində tam formalaşmışır. Postkastrasion sindromun klinikasında vegeto-damar tənziminin pozulması əsas yer tutaraq, 73% hallarda müşahidə edilir. Vegeto-damar reaksiyaları istilik hissi, tərləmə, üzün qızarması, ürəkdöyünmə (taxikardiya, aritmiya), ürək nahiyəsində ağrı, baş ağrıları, hipertonik krizlərlə xarakterizə olunur. Klimaksda olduğu kimi postkastrasion sindromun ağırlıq dərəcəsi istilik hisslərinin tezliyi və intensivliyindən asılıdır.
Kastrasion sindromlu pasiyentlərin 15%-də endokrin və metabolik pozğunluqlara – hiperqlikemiya, hiperxolesterinemiya, ateroskleroza rast gəlinir. Bu fonda tədricən şəkərli diabet, piylənmə, ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, trombemboliya inkişaf edir. Metabolik pozğunluqlara həmçinin sidik-cinsiyyət orqanlarında gedən distrofik proseslər aiddir. Atrofik kolpit, vulvanın leykoplakiyası və kraurozu, selikli qişalarda çatlar, sistit, sistalgiya, süd vəzilərinin vəzi toxumasının piy və birləşdirici toxuma ilə əvəz olunması qeyd olunur.
Postkastrasion sindrom zamanı osteoporoz inkişaf edir və proqressivləşir – onurğa sütünunun döş və (və ya) bel şöbələrində, ciyin, mil-bilək, diz oynaqları, əzələlərdə lokal ağrılar baş verir, sınıqların say artır. Diş ətinin regenerasiyasının reperativ mexanizmlərinin zəifləməsi çox zaman paradontoza gətirib çıxarır.
12% qadınlar psixoemosional pozğunluqlardan –ağlağanlıq, əsəbilik, yuxu və diqqətin pozulması, depressiv vəziyyətlərdən əziyyət çəkir. Postkastrasion sindrom zamanı ilk 2 il ərzində neyrovegetativ əlamətlər üstünlük təşkil edir; sonralar isə endokrin-metabolik pozğunluqlar öz plana keçir; psixoemosional pozulmalar adətən uzunmüddət davam edir.
Postkastrasion sindromun klinikası posthisterektomik sindromun təzahürləri ilə oxşar olub, daha ifadəli xarakter daşıyır. Postkastrasion sindromun ağırlığı anamnezdə infeksion və ginekoloji xəstəliklərin, hepatobiliar sistemin patologiyalarının olmasından asılıdır.
Postkastrasion sindromun diaqnostikası
Postkastrasion sindromun diaqnozu ginekoloji anamnez (keçirilmiş ovariektomiya) və tipik əlamətlərə əsasən qoyulur. Ginekoloji baxış zamanı vulva və uşaqlıq yolunun atrofik dəyişiklikləri müəyyən edilir. Ginekoloji USM total ovariektomiyadan sonra kiçik çanaqda gedən proseslərin dinamik izlənilməsinə kömək edir.
Kastrasion sindrom zamanı qonadotropinlər (FSH, LH), hipofiz (AKTH) və qalxanabənzər vəzi hormonların (T4, T3, TTH), sümük toxumasının metabolizminin (paratireoid hormon, osteokalsin və s.), qanda qlükozanın səviyyəsinin təyini böyük diaqnostik əhəmiyyət kəsb edir. Osteoporozun ifadə dərəcəsini qiymətləndirmək üçün densitometriya icra olunur. Ürək-damar sistemində dəyişikliklər olduqda EKQ və ExoKQ göstəriş sayılır.
Əzəvedici hormonal terapiyaya başlamazdan əvvəl əks-göstərişləri aşkar etmək məqsədilə mammoqrafiya, kolposkopiyanın aparılması, onkositologiyaya görə yaxma müayinəsi, qaraciyər sınaqları, koaquloqramma, xolesterin və lipoproteinlərin səviyyəsi yoxlanılması tələb olunur. Postrasion sindromlu pasiyentlərin müayinəsinə ginekoloq-endokrinoloq, nevroloq, mammoloq, kardioloq, uroloq, endokrinoloq cəlb edilir.
Postkastrasion sindromun müalicəsi
Postkastrasion sindromun müalicəsində adaptasiya, kompensasiya proseslərinin və hormonal balansın tənziminin normallaşmasına yönəldilmiş qeyri-medikamentoz və medikamentoz üsullardan istifadə olunur.
Postkastrasion sindromun terapiyasına ümumi möhkəmləndirici prosedurlarla – MBT, UBŞ, boyun-üz və endonazal halvanizasiya, böyrəküstü nahiyəyə mikrodalğalı terapiya, ümumi və neyrosedativ massaj, ümumi müalicəvi (şam ağacının ekstraktı, dəniz suyu, natrium-xlorid, radon) vannalar, klimatoterapiya ilə başlanılır. Həmçinin vitaminoterapiya (В, PP С, А, Е), hepatoprotektorlar, dezaqreqantlar və antikoaqulyantların (asetilsalisil turşusu, pentoksifillin, dipiridamol) təyini məqsədəuyğundur. Psixoemosional pozğunluqları olan xəstələrə sedativ preparatlar (pişik otu, damotu və s.), trankvilizatorlar (fenazepam, diazepam və s.), antidepressantlar (natrium-tianeptan, moklobemid və s.) məsləhət görülür.
Postkastrasion sindromun əsas müalicə metodu hormonoterapiya hesab olunur. Preparatın seçimi müalicənin müddətinə, əks göstərişlərin olmasına əsasən aparılır. Əvəzedici hormonal terapiya müxtəlif üsullarla: həb və ya drajenin peroral qəbulu və ya parenteral yolla (transdermal, intravaginal, əzələdaxili) tətbiq oluna bilər.
Postkastrasion sindromun müalicəsində ƏHT-nin təyininin fərqli rejimlərindən istifadə edilir. Histerektomiyadan sonra estrogenlərlə monoterapiya (estradiol, estriol, plastır, gel) göstəriş sayılır. Uşaqlığı qorunan qadınlara kontrasepsiyanın siklik rejimində iki- və üçfazalı preparatlar (estradiol+levonorgestrel, estradiol+didrogesteron, estradiol+siproteron, estradiol+noretisteron və s.) təyin edilir. Əvəzedici hormonal terapiyanın tətbiqinə mütləq əks-göstərişlərə uşaqlıq və ya süd vəzilərinin xərçəngi, koaqulopatiyalar, qaraciyər xəstəlikləri, tromboflebit aiddir.
Postkastrasion sindromun proqnoz və profilaktikası
Ovariektomiyadan sonra vaxtında aparılan müalicə postkastrasion sindromun təzahürlərinin qarşısını almağa və ya onları əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Postkastrasion sindromun gedişinin ağırlığı qadının yaşı, premorbid fon, əməliyyatın həcmi, korreksiyaedici terapiyaya vaxtında başlanılmasından və pozğunluqların profilaktikasından asılıdır. Müasir reproduktiv texnologiyaların köməyilə ovarioektomiya keçirmiş qadınlarda hamiləlik mümkündür, bu məqsədlə donor yumurtahüceyrəsi və ya donor embrionundan istifadə olunur. Histerektomiyadan sonra qadınların ana olmaq istəyi surroqat analıq yolu ilə reallaşdırılır.
Total ovariektomiyanın icra edildiyi qadınlar ginekoloq, endokrinoloq, mammoloq, nevroloq, kardioloqun dispanser müşahidəsi altında olmalıdır. Postkastrasion sindromlu, xüsusən hormonal preparatlardan istifadə edən qadınlarda süd vəzilərinin vəziyyətinə (USM, mammoqrafiya) sistematik nəzarət edilməli, mütəmadi olaraq hemostaz sisteminin müayinəsi, qaraciyər sınaqları, densitometriya aparılmalıdır.