Postmenopauzal osteoporoz

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 2268

postmenopauzal osteoporoz nədir?Postmenopauzal osteoporoz — hipoestrogeniya fonunda yaranan sistemli metabolik dəyişikliklər nəticəsində sümük toxumasının patoloji destruksiyasıdır. 50% hallarda gizlin gedir və sınıqlar baş verdikdən sonra aşkarlanır. Oma, bel, kürəkarası nahiyə, çanaq, bazu və baldır sümüklərində ağrı, onurğa sütununun əyilməsi, boyun kiçiklməsi ilə təzahür edə bilir. Diaqnostika densitometriyaya, kalsium, fosfor, sümük rezorbsiyasının markerləri, kalsitonin, parathormonun səviyyəsinin təyininə əsaslanır. Müalicə məqsədilə hormonal vasitələr, osteorezorbsiyanın inhibitorları, osteosintezin stimulyatorları, D vitamini və kalsium preparatlarından istifadə olunur.

  • Postmenopauzal osteoporozun yaranma səbəbləri
  • Patogenez
  • Postmenopauzal osteoporozun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Postmenopauzal osteoporozun müalicəsi
  • Proqnoz və profilaktika

Postmenopauzal osteoporoz barədə ümumi məlumat

Birincili postmenopauzal osteoporoz osteoporetik xəstəliyin ən geniş yayılmış formasıdır. Sümük-əzələ sisteminin bu metabolik xəstəliyinin strukturunda postmenopauzal osteoporozun payı 85%-dən çoxdur. ÜST-ün məlumatlarına əsasən sümüklərin mineral sərtliyinin azalması və onların mikroarxitektonikasının pozulması 50 yaşdan yuxarı qadınların 30-33%-də rast gəlinir. Patologiyanın sosial əhəmiyyəti patologiyanın yaşlı qadınların əlilliyinə və ölümünə təsirinə əsasən müəyyən edilir.

Postmenopauzal osteoporozun yaranma səbəbləri

Postmenopauzal osteoporozun səbəbləriPostmenopauza dövründə sümük kütləsinin azalması və sümüklərin mikroarxitektonikasının pozulması qadın orqanizmində gedən involyutiv proseslər və yaşla əlaqədar həyat tərzinin dəyişilməsi ilə bağlıdır. Yaşlı qadınlarda osteoporoza səbəb olan amillər aşağıdakılardır:

  • Estrogenlərin səviyyəsinin azalması. Qadın cinsi hormonları sümüklərin əsas komponenti sayılan, onun sərtliyini, sümük toxumasının yenilənməsini və bərpasını təmin edən kalsiumun mübadiləsində iştirak edir. Hipoestrogeniya yumurtalıqların fəaliyyətinin zəifləməsi və ya sönməsi, estrogenlərin sekresiyasının medikamentoz yolla azaldılması, şiş, endometrioz, uşaqlıqdan kənar hamiləliyi olan qadınlarda orqanın cərrahi yolla xaric edilməsi zamanı inkişaf edir.
  • Qeyri-rasional qidalanma. Qida rasionunda süd məhsulları, balıq, paxlalı bitkilər, göyərti, meyvə, tərəvəzlərin azlığı, asan həzm olunan karbohidratlar, yağlar, kofe və tünd çayın isə üstünlük təşkil etməsi zamanı kalsium çatışmazlığı baş verir. Belə rasion kalsiumun və mineralın mənimsənilməsinə səbəb olan vasitələrin aşağı səviyyəsi, onun bağırsaqda sorulmasının inhibitorlarının yüksək konsentrasiyası ilə fərqlənir.
  • Hipodinamiya. Yaş artdıqca qadının hərəkətliliyi azalır. Təbii insolyasiya müddətinin azalması, artıq çəki, sərbəst yerimə qabiliyyətini məhdudlaşdıran xəstəliklər və patoloji vəziyyətlər – xroniki somatik patologiyaların müalicəsi zamanı uzunmüddətli yataq rejimi vəziyyəti daha da dərinləşdirir.

Postmenopauzal dövrdə osteoporozun risk amillərinə yaş (65-dən yuxarı), avropoid irqinə mənsub olma, erkən klimaks, çəki azlığı, anamnezdə dishormonal pozğunluqların olması, siqaret və spirtli içkilərin sui-istifadəsi aiddir. Genetik amil istisna olunmur – əksər hallarda xəstəlik yaxın qohumları osteoporozdan və tez-tez təkrarlanan sınıqlardan əziyyət çəkən qadınlarda aşkarlanır. Kalsium mübadiləsinə təsir edən qlükokortikoid preparatlarının 2 aydan çox qəbulu sümük sisteminin zədələnmə ehtimalını artırır.

Postmenopauzal osteoporozun patogenezi

Postmenopauzal osteoporoz zamanı sümük toxumasının yenilənməsinin əsas mexanizmi olan osteosintezlə osteorezorbsiya arasındakı balans pozulur. Estrogen çatışmazlığı fonunda parathormonun funksional antaqonisti sayılan kalsitoninin (qalxanabənzər vəzi hormonu) sekresiyası azalır, sümük toxumasının qalxanabənzər ətraf vəzi hormonunun rezorbtiv təsirinə qarşı həssaslığı yüksəlir. Parathormonun əsas təsiri kalsiumun bağırsaq divarından sorulmasının güclənməsi, ilkin sidikdən rearbsorbsiya və osteorezorbsiya hesabına qanda bu mineralın konsentrasiyasının artmasından ibarətdir. Eyni zamanda sümük toxumasını dağıdan osteoklastlar, insulinəbənzər böyümə amilləri 1 və 2, osteoprotogerin, transformasiyaedici β-amil, koloniya stimuləedici amil və sümük rezorbsiyasını sürətləndirən digər amillər aktivləşir.

Osteoporozun patogenezinin digər amillərinə bağırsağın epitel qatının subatrofiyası ilə əlaqədar mineralın sorulmasının pozulması və D vitamininin çatışmazlığı aiddir. Postmenopauza dövründə hərəki aktivliyin zəifləməsi  sümük-əzələ aparatının dinamik yüklənməsini azaldır, bu da öz növbəsində onun yenilənmə proseslərini ləngidir. Endokrin, autoimmun, iltihabi patologiyalar və yaşlı qadınların əziyyət çəkdiyi digər xəstəliklərin müalicə sxeminə daxil olan qlükokortikoidlərin qəbulu zamanı  bağırsaqda kalsiumun zəif sorulması və onun sidiklə ekskresiyasının güclənməsi fonunda vəziyyət daha da ciddiləşir.

Postmenopauzal osteoporozun əlamətləri

Postmenopauzal osteoporozun əlamətləriQadınların təxminən 50%-də xəstəlik gizli gedir və yalnız cüzi travma nəticəsində baş verən sınıqlardan sonra aşkarlanır. Qalan hallarda simptomatika tədricən proqressivləşir. Sümük kütləsinin itirilməsi xəstələrdə bel-oma nahiyəsində yaranan ağrılarla təzahür edir. Ağrılar yerimə, ağır yük qaldırma zamanı güclənir. Bir qədər keçdikdən sonra kürəkarası sahədə ağırlıq hissi, çanaq həlqəsi, uzun borulu baldır sümüklərində ağrı müşahidə edilir. Ağrı və diskomfortdan azad olmaq üçün əlavə istirahət – uzanmaq tələb olunur.

Ağrı hisslərinin intensivliyi artaraq hətta sakitlik vəziyyətində də xəstəni narahat edir. Adətən qamətin pozulması və onurğa sütununun əyilməsi kifozla müşayiət edilir. Çox zaman qadınlar zəiflikdən, fiziki yüklənmələr zamanı tez yorulmalarından şikayət edir. Patologiyanın ən ağır formalarına aşağı döş və yuxarı bel fəqərələrinin hündürlüyünün azalması ilə müşahidə olunan kompression sınıqları, topuq, bazu, bud sümüyünün boynunun spontan və ya yüngül yüklənmələr zamanı baş verən sınıqları aiddir. Xarakterik əlamət il ərzində boyun bir neçə santimetr kiçiklməsidir.

Postmenopauzal osteoporozun ağırlaşmaları

Postmenopauzal sindromun ən ağır fəsadları onurga sütununun əyilməsi, ətrafların tez-tez təkrarlanan sınıqları nəticəsində formalaşan, sümüklərdə daimi ağrı hissiyyatı müşayiət edilən  əlillik hesab olunur. Xəstənin yerimə, özünə qulluq etmə, sadə məişət hərəkətlərini yerinə yetirməsi çətinləşir. Həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi emosional pozğunluqlara – naratatlılıq, ağlağanlıq, depressiyalara meylliliyə səbəb olur. Osteoporozlu qadınların bir qismində uzunmüddətli yuxusuzluq qeyd olunur.

Postmenopauzal osteoporozun diaqnostikası

Postmenopauza dövründə olan qadınlarda onurğa sütununun kompression dəyişiklikləri  və ya ətrafların tipik sınıqları aşkar olunduqda ilk növbədə osteoporozu inkar etmək lazımdır. Diaqnostika məqsədilə sümük toxumasının arxitektonikasını və onun kalsiumla zənginliyini qiymətləndirməyə, eləcə də sümüklərin zədələnməsinin biokimyəvi markerini təyin etməyə imkan verən üsullardan istifadə olunur. Əsas informativ metodlar aşağıdakılardır:

  • Densitometriya. Müasir iki enerjili rentgen osteodensitometrlər sümük toxumasının sərtliyinin azalma dərəcəsini yüksək dəqiqliklə müəyyən edir. Onların köməyilə «marker» sümüklərin (bazu, bud-çanaq oynağı, bel fəqərələrinin) və bütün orqanizmin mineralizasiyasını qiymətləndirmək mümkündür. Bu üsuldan postmenopauzal sindromun erkən mərhələlərində istifadə olunur. Klassik iki enerjili müayinənin əvəzinə sümüklərin sərtliyinin ultrasəs skrininqi (exodensitometriya), KT-densitometriya tətbiq edilə bilər.
  • Qanın biokimyəvi analizi. Laborator analizlərin köməyilə kalsium, fosfor və sümük toxumasının yenilənməsinin pozulmasından xəbər verən bəzi spesifik markerlərin miqdarı müəyyən edilir. Sümük rezorbsiyasının sürətlənməsi zamanı qanda qələvi forfataza, osteokalsininin, sidikdə dezoksipiridonolinin səviyyəsi artır. Kreatininin ekskresiyası hallarında sümük toxumasında rezorbtiv proseslərin güclənməsi nəticəsində konsentrasiyası yüksələn kalsiumun sidikdə miqdarının təyini kifayət qədər spesifik üsul hesab olunur.
  • Hormonal analizlər. Postmenopauzal sindrom hormonal disbalansla bağlı olduğundan tireokalsitoninin (TKT) və paratirinin səviyyəsinin yoxlanılması xüsusi əhəmiyyət kəsb edir. Sümüklərin rezorbsiyasının involyutiv pozulması zamanı qanda kalsitoninin konsentrasiyası azalır, paratireoid hormonun miqdarı isə normal qalır və ya azalır. Cinsi hormonların müayinəsi təbii hipoestrogeniyanı sübut edir.

Senil və ikincili osteoporoz, bədxassəli sümük şişləri və sümüklərdə metastazlar, mielom xəstəliyi, fibroz displaziya, Pecet xəstəliyi, adi travmatik sınıqlar, skolioz, onurğanın osteoxondropatiyaları, periferik neyropatiya ilə differensiasiya edilir. Ehtiyac olduqda xəstə ortoped, travmatoloq, endokrinoloq, nefroloq, onkoloq, nevropatoloq, revmatoloq, hematoloq konsultasiyasına yönəldilir.

Postmenopauzal osteoporozun müalicəsi

Terapiyanın əsas məqsədi sümüklərin mineralizasiya və arxitoktonikasının yaxşılaşdırılması hesabına sınıqların profilaktikası və eyni zamanda xəstənin həyat keyfiyyətinin yüksəlməsindən ibarətdir. Bu məqsədlə xəstəliyin patogenezinin müxtəlif həlqələrinə yönəldilmiş kompleks şəkilli antiosteoporetik terapiyadan istifadə olunur. Osteoporozun standart müalicə sxeminə aşağıdakı qrup preparatlar daxildir:

  • Sümük rezorbsiyasının inhibitorları. Estrogenlər, onların progestin və ya androgenlərlə kombinasiyası sümüklərin vaxtından əvvəl dağılmasının qarşısını alır. Postmenopauzanın ilk illərində klimakterik təzahürlərin saxlanılması zamanı təyin edilir. Əks-göstərişlər olduqda və ya xəstə cinsi hormonların qəbulundan imtina etdikdə onlar fitoestrogenlər, estrogen aktivliyinin və estrogenə həssas reseptorların selektiv modulyatorları əvəz olunur. ƏHT-dən əlavə kalsitonin, biofosfonatlar, stronsium tərkibli preparatlar rezorbsiyanın ləngiməsinə təsir edir.
  • Osteosintezin stimulyatorları. Paratireoid hormon, anabolik steroidlər, androgenlər, somatotropin, flüoridlərin təyini osteogenezin güclənməsinə səbəb olur. Bu dərman vasitələrinin istifadəsi zamanı sümük toxumasının yenilənməsi osteoblastların aktivləşməsi, anabolik proseslərin güclənməsi, hidroksilləşmənin stimulyasiyası hesabına baş verir. Nəzərə almaq lazımdır ki, bir sıra əks-göstərişlər və ağırlaşmaların olması ilə əlaqədar postmenopauzal pozğunluqlar zamanı bu preparatlar məhdud şəkildə tətbiq olunur.
  • Geniş təsirli vasitələr. Kalsium preparatlarının D vitamini ilə kombinasiyada qəbulu sümük toxumasının mineralizasiya və arxitektonikası yaxşılaşdırır, bu da həmin vasitələrin baza kateqoriyasına aid edilməsinə əsas verir. Həmçinin ossein-hidroksiapatit kompleks və flavon birləşmələri də osteogenez və sümüyün dağılma proseslərinə çoxyönlü təsir göstərir. Onlar ağırlaşmaların minimal riski zamanı osteoblast osteopoezi stimulə edərək, rezorbsiya və demineralizasiyaya cavabdeh olan osteoklastların funksiyasını tormozlayır.

Postmenopauza dövründə olan qadınların müalicəsi həyat tərzi və pəhrizin korreksiyası ilə aparılmalıdır. Yaşlı xəstələrə mülayim yüklənmələr məsləhət görülür. Ağır yüklərin qaldırılması, kəskin hərəkətlər istisna olunmalıdır. Qida rasionuna kalsiumla zəngin məhsullar – süd, kəsmik, bərk pendir, paxlalı bitkilər, balıq, digər dəniz məhsulları əlavə edilməli, kofe və spirtli içkilərin qəbulu məhdudlaşdırılmalıdır.

Postmenopauzal osteoporozun proqnoz və profilaktikası

Postmenopauzal osteoporoz proqressivləşən xəstəlik olsa da, müntəzəm dəstəkləyici terapiya və sağlam həyat tərzi sınıqların yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Postmenopauza dövründə olan qadınlara profilaktik məqsədlə D vitamini və kalsium preparatları,  dozalanmış insolyasiya, pəhrizin korreksiyası, yaş norması nəzərə alınmaqla fiziki aktivlik, siqaretdən imtina, kofein tərkibli məhsulların (qəhvə, çay, şokolad, kola, enerji içkilər) məhdudlaşdırılması məsləhət görülür. Osteoporozun əlamətləri aşkarlandıqda sınıqların qarşısını almaq üçün korsetlər və bud sümüyünün protektorları tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: