Predmenstrual sindrom
Predmenstrual sindrom – aybaşı siklinin ikinci yarısında (aybaşıdan 3-12 gün əvvəl) müşahidə olunan siklik təkrarlanan simptomokompleksdir. İndividual gedişə malikdir. Baş ağrıları, əsəbilik və ya depressiya, ağlağanlıq, ürəkbulanma, qusma, dəri qaşınması, qarın və ürək nahiyəsində ağrılar, ürəkdöyünmə ilə təzahür edə bilər. Əksər hallarda ödem, dəri səpgiləri, meteorizm, süd vəzilərinin ağrılı kobudlaşması müşahidə olunur. Ağır hallarda nevroz inkişaf edir.
- Predmenstrual sindromun səbəbləri
- Predmenstrual sindromun əlamətləri
- Predmenstrual sindromun diaqnostikası
- Predmenstrual sindromun müalicəsi
Predmenstrual sindrom barədə ümumi məlumat
Predmenstrual sindrom və ya PMS aybaşı siklində (əsasən ikinci fazada) yaranan vegeto-damar, neyropsixi və metabolik-endokrin pozğunluqlarla xarakterizə olunur. Ədəbiyyatda bu vəziyyətin «predmenstrual xəstəlik», «predmenstrual gərginlik sindromu», «siklik xəstəlik» kimi sinonimlərinə rast gəlinir. 30 yaşdan sonra hər 2-ci qadın predmenstrual sindromun əlamətlərini özündə hiss edir, yaşı 30-dan az olan qadınlarda PMS bir qədər az (30% hallarda) qeydə alınır. Bundan əlavə predmenstrual sindrom adətən emosional baxımdan qeyri-stabil, arıq, astenik bədən quruluşuna malik, intellektual fəaliyyətlə məşğul olan qadınlarda müşahidə edilir.
Predmenstrual sindromun səbəbləri
Bu günə qədər predmenstrual sindromun inkişafının əsasında hansı amillər və səbəblərin dayandığı dəqiq müəyyənləşdirilməmişdir. Hesab olunur ki, PMS-in yaranmasına və ağır gedişinə əvvəllər keçirilmiş stresslər, neyroinfeksiyalar, hamiləliyin cərrahi yolla dayandırılması (abortlar), travma və əməliyyatlar səbəb olur.
Bəzi mütəxəssislərin fikrincə predmenstrual sindrom qadın orqanizmində aybaşı sikli ərzində baş verən hormonal dəyişikliklərin nəticəsində inkişaf edir. Bu müşahidələr predmenstrual sindromun mənşəyi barədə hormonal nəzəriyyəsinin əsasını təşkil edir.
Nəzərəiyyələrdən birinə əsasən predmenstrual sindrom aybaşı siklinin ikinci yarısında progesteron və estrogenlərin nisbətinin dəyişməsi ilə əlaqədar yaranır. Estrogenlərin sekresiyasının artması toxumalarda mayenin ləngiməsinə, ödemlərə, süd vəzilərinin kobudlaşmasına, ürək-damar dəyişikliklərinə gətirib çıxarır. Estrogenlərin baş beyin strukturlarına təsirindən neyro-emosional dəyişikliklər – depressiya və ya aqressiya, əsəbilik, ağlağanlıq və s. meydana çıxır. Başqa bir hormonal nəzəriyyəyə görə predmenstrual sindromun inkişafı su və natriumun ləngiməsinə, süd vəzilərində dəyişikliklərə səbəb olan prolaktin hormonunun hipersekresiyası ilə bağlıdır.
Həmçinin predmenstrual sindromun yaranmasında prostaqlandinlərin –toxumalarda sintez olunan və bir çox fizioloji proseslərin tənzimində iştirak edən hormonabənzər maddələrin müəyyən rol oynadığı sübut olunmuşdur. Prostaqlandinlərin artıqlığı miqrenəbənzər baş ağrıları, həzm pozğunluqları, vegeto-damar reaksiyaları ilə nəticələnir.
Digər çoxsaylı nəzəriyyələrin baniləri predmenstrual sindromun yaranma səbəbləri kimi su-duz mübadiləsinin pozulmalarını (su intoksikasiyası nəzəriyyəsi), vitamin (A, B6 vitaminləri) və mikroelementlərin (kalsium, maqnezium, sink) çatışmazlığını, genetik amil və hipotalamik pozğunluqları irəli sürürlər. Bir sıra tədqiqatçılar hesab edir ki, hər bir klinik hal üçün individual xarakterli səbəblərin kompleks təsirindən baş verir. Bununla əlaqədar predmenstrual sindromun diaqnostikası müəyyən çətinliklər törədir.
Predmenstrual sindromun əlamətləri
Predmenstrual sindromu müşayiət edən əsas əlamətlərə görə pozğunluğun bir neçə formaları aylrd edilir: neyropsixi, sefalgik, ödemli, krizli, atipik. Bu formalara çox zaman izoləolunmuş şəkildə inkişaf etmir, bu səbəbdən PMS-in müalicəsi adətən simptomatik xarakterli olur.
Predmenstrual sindromun neyropsixi forması üçün sinir və emosional sferada baş verən dəyişikliklər: yuxusuzluq, zəiflik, əhval-ruhiyyənin dəyişikliyi, əsəbilik, aqressiya, yorğunluq, səbəbsiz kədər, depressiya (suisidal fikirlərə qədər), əsassız qorxu hissi, seksual pozğunluqlar, eşitmə və iybilmənin pozulması, başgicəllənmə xarakterikdir. Neyropsixi pozğunluqlar fonunda həmçinin iştahın pozulması, meteorizm, süd vəzilərinin ağrılı olması və kobudlaşması qeyd edilir.
Sefalgik formanın klinik şəklində vegetativ-damar və nevroloji əlamətlər: miqrenəbənzər baş ağrıları, ishal, ürək nahiyəsində ağrı, iy və səslərə qarşı yüksək həssaslıq, əsəbilik, yuxusuzluq üstünlük təşkil edir. Əsas xarakterik əlaməti gicgah nahiyəsində pulsasiya edən, göz qapaqlarının ödemi, ürəkbulanma və qusma ilə müşayiət olunan baş ağrılarıdır. Predmenstrual sindromun sefalgik forması əsasən ağırlaşmış anamnezli, kəllə-beyin travmaları, neyroinfeksiyalar, ağır stresslər keçirmiş qadınlarda inkişaf edir. Onlar adətən ürək-damar patologiyaları, hipertenziya, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.
Predmenstrual sindromun ödemli formasında aparıcı əlamətlərə mayenin toxuma daxilində ləngiməsi və onunla əlaqədar üz və ətraflarda yaranan ödemlər, çəkinin artması, yanğı hissi, sidik ifrazının azalması aiddir. Bundan əlavə süd vəzilərinin kobudlaşması, dəri qaşınması, həzm pozğunluqları (meteorizm, qəbizlik, ishal), baş və oynaq ağrıları qeydə alınır.
Predmenstrual sindromun krizli forması arterial təzyiqin artması, EKQ-də kənaraçıxmalarla müşayiət olunmayan ürək ağrıları, taxikardiya, panik fobiya tutmaları ilə xarakterizə olunan simpato-adrenal krizlərlə təzahür edir. Bir qayda olaraq, krizin sonunda gür sidik ifrazı müşahidə olunur. Əksər hallarda tutmalara stress və yorğunluq səbəb olur. Predmenstrual sindromun krizli forması müalicə olunmayan sefalgik, neyropsixi və ya ödemli formalardan inkişaf edə bilər. Adətən 40 yaşdan sonra baş verir. Krizli formanın fon xəstəliklərinə ürək, damar, böyrək, həzm sistemi orqanlarının patologiyaları daxildir.
Atipik formanın siklik təzahürlərinə bədən hərarətinin yüksəlməsi (siklin ikinci fazasında 37,5 °С-yə qədər), hipersomniya (yuxululuq), oftalmoplegik miqren (gözlərin hərəkətinin pozulması müştərək yaranan baş ağrıları), allergik reaksiyalar (xoralı stomatit və xoralı gingivit, astmoid sindrom, inadlı qusma, iridosiklit, Kvinke ödemi və s.) aiddir.
Simptomların sayından asılı olaraq, predmenstrual sindromun yüngül və ağır formaları qeyd olunur. Yüngül forma aybaşının başlanmasından 2-10 gün əvvəl yaranan 3-4 xarakterik və ya 1-2 ifadəli əlamətlə təzahür edir. Predmenstrual sindromun ağır forması zamanı simptomların sayı 5-12-yə qədər artır, onlara aybaşıdan 3-14 gün əvvəl rast gəlinir. Əlamətlərin hamısı və ya bəziləri kəskin ifadə olunur.
Predmenstrual formanın gedişinin ağır formasında simptomların sayı və ifadəliliyindən asılı olmayaraq, əmək qabiliyyəti həmişə pozulur. Əmək qabiliyyətinin azalması adətən neyropsixi forma zamanı qeydə alınır.
Predmenstrual sindromun inkişafı 3 mərhələyə bölünür:
- Kompensasiya mərhələsi – əlamətlər aybaşı siklinin ikini fazasında yaranır, menstruasiyanın başlanması ilə keçib gedir; predmenstrual sindromun gedişi illərlə proqressivləşmir.
- Subkompensasiya mərhələsi – əlamətlərin sayı artır, ağırlıqları dərinləşir, PMS-in təzahürləri bütün menstruasiyanı müşayiət edir; yaş artdıqca predmenstrual sindromun gedişi ağırlaşır.
- Dekompensasiya mərhələsi – predmenstrual sindromun əlamətlərinin erkən başlanması və gec kəsilməsi, cüzi «işıqlı» intervallar, PMS-in ağır gedişi.
Predmenstrual sindromun diaqnostikası
Predmenstrual sindromun əsas diaqnostik kriteriyalarına aybaşıdan əvvəl yaranan şikayətlərin periodik xarakteri, dövriliyi və onların aybaşıdan sonra itməsi aiddir.
«Predmenstrual sindrom» diaqnozu aşağıdakı əlamətlərə əsasən təsdiqlənə bilər:
- Aqressiya halı və ya depressiya
- Emosional labillik: əhvalın pozulması, ağlağanlıq, əsəbilik, dalaşqanlıq
- Kefsizlik, kədər hissi və ümidsizlik
- Həyəcan və fobiya
- Emosional tonusun və ətrafda baş verənlərə qarşı marağın azalması
- Tez yorulma və halsızlıq
- Diqqətin pozulması, yaddaşın zəifləməsi
- İştahın pozulması, bulimiya əlamətləri, çəkinin artması
- Yuxusuzluq və ya yuxululuq
- Süd vəzilərinin gərgin və ağrılı olması, ödemlər
- Baş, əzələ və ya oynaq ağrıları
- Xroniki ekstragenital patologiyaların gedişinin pisləşməsi.
Yuxarıda qeyd olunan əlamətlərdən beşinin, ilk 4 simptomdan ən azı birinin olamsı predmenstrual sindroma dəlalət edir. Diaqnostikanın əsas həlqəsi pasiyentin 2-3 aybaşı sikli ərzində öz müşahidələrini -əhval-ruhiyyəsindəki bütün dəyişiklikləri qeyd etməsi üçün gündəliyin aparılmasından ibarətdir.
Qanda hormonların (estradiol, progesteron, prolaktin) müayinəsi aybaşı sindromunun formasını təyin etməyə imkan verir. Ödemli forma aybaşı siklinin ikinci yarısında progesteron səviyyəsinin azalması ilə müşayiət olunur. Predmenstrual sindromun sefalgik, neyropsixi və krizli formaları qanda prolaktinin konsentrasiyasının yüksəlməsi ilə xarakterizə edilir. Predmenstrual sindromun forması və aparıcı şikayıtlərdən asılı olaraq, əlavə müayinələr təyin oluna bilər.
Serebral əlamətlərin (ağrı, bayılma, başgicəllənmə) ifadəliliyi zamanı baş beynin ocaqlı zədələnmələrini inkar etmək üçün MRT və KT icra edilir. Predmenstrual sindromun neyropsixi, ödemli, sefalgik və krizli formaları üçün EEQ-nin nəticələri göstərici hesab olunur. Ödemli formanın diaqnostikasında gündəlik diurezin ölçülməsi, içilən mayenin miqdarının hesablanması, böyrəklərin ekskretor funksiyasının müayinəsi üçün sınaqların (məsələn, Zimnitski sınağı, Reberq sınağı) aparılması böyük rol oynayır. Süd vəzilərinin ağrılı kobudlaşması zamanı üzvi patologiyanın inkar etmək məqsədilə süd vəzilərinin USM və ya mammoqrafiya tətbiq olunur.
Predmenstrual sindromun bu və ya digər formalarından əziyyət çəkən qadınların müayinəsi müxtəlif ixtisaslı həkimlərin: nevroloq, terapevt, kardioloq, endokrinoloq, psixiatr və s. iştirakı ilə həyata keçirilir. Təyin olunan simptomatik müalicə bir qayda olaraq, aybaşı siklinin II yarısında ümumi halın yaxşılaşmasına gətirib çıxarır.
Predmenstrual sindromun müalicəsi
Predmenstrual sindromun müalicəsində medikamentoz və qeyri-medikamentoz üsullardan istifadə olunur. Qeyri-medikamentoz terapiya psixoterapevtik müalicə, əmək və istirahət rejiminə riayət, MBT, fizioterapiya ilə icra edilir. Balanslaşdırılmış qidalanma, rasionun bitki və heyvan mənşəli zülallar, qida lifləri, vitaminlərlə zənginləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Aybaşı siklinin II yarısında karbohidrat, heyvan mənşəli yağlar, şəkər, duz, kofein, şokolad, spirtli içkilərin qəbulu məhdudlaşdırılmalıdır.
Medikamentoz terapiya predmenstrual sindromun əlamətləri nəzərə alınmaqla təyin olunur. PMS-in bütün formaları neyropsixi təzahürlər müşayiət olunduğundan demək olar ki, bütün pasiyentlərdə əlamətlərin yaranmasının ehtimal olunan tarixindən bir neçə gün əvvəl sedativ (sakitləşdirici) preparatların qəbulu göstəriş hesab olunur. Predmenstrual sindromun simptomatik müalicəsi ağrıkəsici, sidikqovucu, allergiya əleyhinə preparatların qəbulundan ibarətdir.
Predmenstrual sindromun medikamentoz müalicəsində progesteronun analoqları ilə spesifik hormonal terapiya aparıcı yer tutur. Yadda saxlamaq lazımdır ki, predmenstrual sindromun müalicəsi uzunmüddətli, bəzən bütün reproduktiv dövr ərzində davam edən, qadından daxili intizam və həkimin bütün təyinatlarını davamlı yerinə yetirməsini tələb edən prosesdir.