Progesteron çatışmazlığı
Progesteron çatışmazlığı – aybaşı siklinin ikinci fazasında sarı cisim tərəfindən progesteron hormununun kifayət qədər ifraz edilməməsi ilə xarakterizə olunan endokrin pozğunluqdur. Pozğunluq qeyri-müntzəzəm və ağrılı aybaşılar, implantasiyanın pozulması ilə əlaqədar sonsuzluq və ya hamiləliyin patoloji gedişi ilə təzahür edir. Diaqnostik məqsədlə qan zərdabında əsas cinsi hormonalın səviyyəsi təyin olunur, uşaqlıq və onun artımlarının USM, endometriumun biopsiyası və histologiyası həyata keçirilir. Müalicə progesteron preparatları ilə əvəzedici terapiyadan ibarətdir, medikamentlərin qəbul qaydası individual qaydada tərtib olunur.
- Progesteron çatışmazlığının səbəbləri
- Patogenez
- Progesteron çatışmazlığının əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Progesteron çatışmazlığının müalicəsi
- Proqnoz və profilaktika
Progesteron çatışmazlığı barədə ümumi məlumat
Progesteron çatışmazlığı həm də sarı cismin və ya lütein fazanın çatışmazlığı adlanır. Bu da onunla əlaqədardır ki, aybaşı siklinin ikinci (lütein) fazasında sarı cisim progesteron sintez edir – onun funksiyası zəiflədikdə endokrin pozğunluq yaranır. Progesteron çatışmazlığı çox zaman hormonal disbalansın digər formaları ilə səhv salındığından onun yayılması barədə dəqiq məlumat yoxdur. Diaqnoz ovulyator aybaşı sikli fonunda hormonun aşağı səviyyəsi zamanı qoyulur. Bu vəziyyət özü də endokrin pozğunluqlara səbəb ola, həmçinin anovulyator siklə gətirib çıxara bilər, belə hallar əsas patologiyanın diaqnostikasını daha da ağırlaşdırır. Pozğunluq əsasən 18-25 yaşlı qadınlarda inkişaf edir.
Progesteron çatışmazlığının səbəbləri
Endokrin sindromun etologiyası tam müəyyən edilməmişdir, onun yaranmasında müxtəlif təbiətli pozğunluqların iştirakı ehtimal olunur:
- Genetik amillər, məsələn, X-xromosomlarının aberrasiyası və yumurtalıq, hipofiz, ferment sistemlərinin fəaliyyətini pozan bəzi mutasiyalar. Bu dəyişikliklər endokrin pozğunluğun anadan qızlarına irsi ötürülməsinə səbəb ola bilər.
- Yumurtalıqların zədələnməsi. Patologiya yumurtalıqların polikistozu, travmaları və ya şişləri ilə əlaqədar inkişaf edə bilər.
- Hipofizin fəaliyyətinin pozulması. Vəzinin travma və şişləri çoxsaylı endokrin, o cümlədən cinsi hormonlara da təsir edən pozğunluqlarla nəticələnir.
- Digər orqan və sistemlərin xəstəlikləri. Progesteron çatışmazlığının inkişafı qaraciyər, böyrək xəstəlikləri (xroniki böyrək çatışmazlığı, pielonefrit), şəkərli diabet, tireotoksikoz və digər pozğunluqlar fonunda qeydə alınır.
- Qadının həyat tərzi. Zərərli vərdişlər (siqaret, spirtli içkilərdən istifadə), piylənmə, izafi fiziki yüklənmələr, pəhriz progesteron çatışmazlığına təkan verə bilər.
Sindromun inkişafında eyni zamanda bir neçə amillər rol oynayır. Bəzi qadınlarda kombinəolunmuş oral kontraseptivlərin uzunmüddətli qəbulu və ya kəsilməsindən sonra lütein fazada progesteron səviyyəsinin dayanıqlı azalması müşahidə edilir. Progesteron çatışmazlığının hipotireozun müalicəsi, boy hormonlarının və digər hormonal preparatların qəbulu fonunda yaranması halları qeyd olunur.
Progesteron çatışmazlığının patogenezi
Progesteron çatışmazlığı zamanı ovulyasiyadan sonra sarı cisim az miqdarda progesteron hasil edir, bu da endokrin pozulmalara səbəb olur. Normada progesteron endometriumu sekretor fazaya keçirərək, embrionun implantasiyasına şərait yaradır. Hamiləlik baş verdikdə o, uşaqlığın yığılma aktivliyini azaldır, dölə qarşı immun reaksiyaları aradan qaldırır. Progestoron səviyyəsinin azlığı endometriumun strukturunu pozaraq, implantasiyanı çətinləşdirir. Əgər hamiləlik baş tutarsa, o zaman uşaqlığın tonusu və immun sistemin aktivliyinin kifayət qədər azaldılmaması hamiləliyin pozulma təhlükəsini yaradır. Progesteron çatışmazlığı sonralar əks-əlaqə prinsipi üzrə FSH, estrogenin azalmasına və növbəti ovulyasiya üçün follikulun formalaşmasının ləngiməsinə səbəb olur. Nəticədə estrogen-progesteron çatışmazlığı inkişaf edir, anovulyator aybaşı sikli yaranır.
Progesteron çatışmazlığın molekulyar patogenezinin bir neçə nəzəriyyələri mövcuddur. Ümumqəbulolunmuş hipotez sindromun səbəbini endokrin əks-əlaqənin dəyişməsi, follikul stimuləedici (FSH) və lüteinləşdirici (LH) hormonlar arasındakı nisbətin pozulması ilə izah edir. Bu, genetik qüsurla əlaqədar siqnal zəncirlərinin anomaliyası və ya reseptorların həssaslığının pozulması nəticəsində baş verə bilər. Belə pozulmalara həmçinin digər hormonların (cinsi, tireoid, hipofiz hormonları) anomal səviyyəsi gətirib çıxarır. Digər nəzəriyyələr endometrium reseptorlarında qüsurun olmasını və ya uşaqlıq və yumurtalıqlarda böyük miqdarda sərbəst radikallarla müşahidə olunan oksidativ stressin yaranmasını irəli sürür.
Progesteron çatışmazlığının əlamətləri
İlkin mərhələlər silinmiş gedişə malik olur, hormonal pozulmalar proqressivləşdikcə əlamətlər də tədricən güclənir. Progesteron çatışmazlığının ilk təzahürü aybaşı siklinin pozulmasıdır-onun davametmə müddəti artır və ya azalır, aybaşılar ağrılı olur, ifrazatın miqdarı dəyişir. Bu klinik şəkil uzunmüddət (aylarla və illərlə) saxlanıla bilər. Sindromun növbəti əlaməti mayalanmanın olmaması və ya tez-tez təkrarlanan özbaşına düşüklər səbəbindən yaranan sonsuzluqdur. Dölün saxlanıldığı hallarda hamiləlik ağırlaşmalarla – dölün hipoksiyası, dölyanı mayenin az və ya çox olması, vaxtından əvvəl doğuşlarla müşayiət edilir.
Progesteron çatışmazlığına gur aybaşı nəticəsində dəmirdefisitli anemiya, cinsi həvəsin azalması, digər endokrin pozğunluqların əlamətləri ilə müştərək şəkildə rast gəlinə bilər. Kontrasepsiya üsulu kimi bazal hərarətin ölçülməsindən istifadə edən qadınlar aybaşı siklinin ikinçi fazasında onun cuzi artmasını aşkar edir. Ovulyator (birinci) və lütein (ikinci) fazalar arasında temperatur fərqinin 0,4-0,5 dərəcədən az olması progesteron çatışmazlığına dəlalət edir. Eləcə də suyun orqanizmdə ləngiməsi ilə əlaqədar ödemlər, dərinin erkən qocalması, əsəbilik yarana bilər.
Progesteron çatışmazlığının ağırlaşmaları
Progesteron çatışmazlığının ən çox rast gəlinən ağırlaşmalarına sonsuzluq və düşüklər aiddir. Progesteron, follikul stimuləedici hormon və estrogenin ifrazı arasındakı əks-əlaqənin zəifləməsi endokrin pozğunluqlara səbəb olur. Nəticədə yumurtalıqların kistası və anovulyator aybaşı sikli inkişaf edir. Endometriumun trofikasının anomaliyaları və servikal kanalın sekretinin xarakterinin dəyişməsi uşaqlığın selikli qişasının patogen mikroflora ilə infeksiyalaşması (endometrit) riskini artırır. Hormonal disbalans süd vəzilərinin patologiyalarına gətirib çıxarır. Bu vəziyyətin fonunda mastopatiya yaranır, progesteron çatışmazlığı ilə gedən hamiləliklərdə çox zaman qalaktoreya qeydə alınır. Endokrin pozğunluq müalicə olunmadıqda onun uzunmüddətli gedişi süd vəzilərinin xoş və bədxassəli şişlərinin inkişafı ilə nəticələnə bilər.
Progesteron çatışmazlığının diaqnostikası
Pregesteron çatışmazlığın diaqnozunun təsdiqi üçün kompleks və hərtərəfli müayinə tələb olunur. Lakin bu prosesə çox vaxt sərf oluna bilər, bu da bir sıra diaqnostik prosedurların yalnız aybaşı siklinin müəyyən fazalarında informativ olması ilə izah olunur.
- Ginekoloji konsultasiya və baxış. Həkim aybaşı siklinin fazalarını və reproduktiv sistemin ümumi vəziyyətini qiymətləndirir. Sorğu zamanı bir neçə sonuncu aybaşının vaxtı və davametmə müddəti, onların ağrılı olması, ifraz olunan qanın miqdarının dəyişməsi təyin olunur. Bu məlumatlar əsasında növbəti müayinələrin aparılma tarixi müəyyən edilir.
- Cinsi hormonların səviyyəsinin analizi. Müayinə skrininq rejimində – dəyişikliklərin dinamikasını izləmək üçün bir neçə ay ərzində siklin müxtəlif günlərində aparılır. Progesteron, estrogen, follikul stimuləedici və lüteinləşdirici hormonların səviyyəsi yoxlanılır.
- Kiçik çanaq orqanlarının USM. Diaqnostika prosesində yumurtalıqlar, endometrium, uşaqlığın quruluşu, onların qadının yaşına və siklin gününə uyğun gəlməsi, dominant follikulların olması və ya olmaması aşkar edilir. Reproduktiv sistemin funksional aktivliyini qiymətləndirmək məqsədilə USM hormonal analizlər kimi dəfələrlə müxtəlif fazalarda tətbiq olunur.
- Endometriumun mikroküretlər və ya aspirasiya ilə biopsiyası. Müxtəlif fazalarda endometriumun histoloji quruluşunun təyinindən sonsuzluq və tez-tez təkrarlanan düşüklərin diaqnostikasında əlavə üsul qismində istifadə edilir. Bir sıra hallarda toxumaların qadın cinsi hormonlarına reaksiyasını müəyyən etmək üçün biokimyəvi testlər aparılır.
Bəzən əlavə olaraq, qalxanabənzər vəzi hormonlarının, böyrək və qaraciyərin aktivliyinin, əsas fermrnt sistemlərinin analizi təyin olunur. Həmçinin qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin diaqnostikasını aparmaq məsləhət görülür. Hamilə qadınlarda dölün vəziyyəti, onun inkişafının hestasiya müddətinə uyğun gəlməsi, bətndaxili patologiyaların olması müəyyən edilir.
Progesteron çatışmazlığının müalicəsi
Progesteron çatışmazlığı zamanı əvəzedici terapiyadan-progesteron preparatlarından istifadə olunur. Onlar həb, kapsul, vaginal şam şəklində tətbiq edilə bilər. Stasionar şəraitdə yağlı məhlullar əzələ daxilinə yeridilir. Müalicə kursu fərdi xüsusiyyətlər nəzərə alınmaqla mama-ginekoloq və ya endokrinoloq tərəfindən tərtib olunur. Bu kriteriyalara hamiləliyin olması, aybaşı siklinin müddəti, müxtəlif fazalarda endogen progesteronun səviyyəsi aiddir. Müalicə müddəti onun məqsədindən (məsələn, uğurlu hamiləlik), sindromun səbəbləri, pasiyentin yaşı və digər amillərdən asılıdır.
Patoloji vəziyyətin terapiyasında ümumi hormonal fonun normaya salınması, digır orqan və sistemlərin patologiyalarının aradan qaldırılması köməkçi rol oynayır. Zərərli vərdişlər, üzücü pəhriz, ağır fiziki yüklənmələr istisna edilməlidir. Emosional stressin nəticələrini azaltmaq üçün sedativ preparatlar, bəzən antidepressantlar təyin oluna bilər. Progesteron çatışmazlığının ağırlaşmalarının – dəmir defisitli anemiya, endometrit, mastopatiyaların müalicəsi müvafiq mütəxəssislər tərəfindən aparılır. Ayrı-ayrı hallarda (yumurtalıqların polikistozu) cərrahi müdaxilə icra olunur.
Progesteron çatışmazlığının proqnoz və profilaktikası
Həyat üçün proqnoz adətən qənaətbəxşdir. Endokrin sindrom çox nadir hallarda həyat üçün təhlükəli sayılan vəziyyətlərə gətirib çıxara bilər. Qadının hamilə qalması və hestasiyanın uğurla başa çatması progesteron çatışmazlığının səbəblərindən, onun davam etmə müddətindən, müalicə planına riayət olunmasından asılıdır. Progesteron preparatlarının dozalarının düzgün seçilməsi zamanı terapiyanın başlanmasından 2-3 ay keçdikdən sonra mayalanma mümkündür, hamiləlik prosesində hormonal fonun dəyişiklikləri nəzərə alınmaqla müalicə davam etdirilir.
Endokrin pozğunluğun profilaktikası məqsədilə təqvimdə hər aybaşının başlanğıcı və onu sonu qeydə edilməklə siklin müddətinin monitorinqi aparılmalı, cinsiyyət orqanları, endokrin sistem, böyrəklərin iltihabi xəstəlikləri vaxtında müalicə olunmalıdır. Menstrual siklin müddətinin pozulması və aybaşı ifrazatının xarakterinin dəyişilməsi zamanı mütləq həkimə müraciət etmək lazımdır.