Qadınlarda hiperandrogeniya
Qadınlarda hiperandrogeniya – endokrinopatiyalara aid olub, qadın orqanizmində kişi cinsi hormonlarının sekresiyasının artması və ya onların yüksək aktivliyi ilə xarakterizə olunur. Simptomatikada oxşar, lakin patogenezdə fərqli olan müxtəlif sindromlar maddələr mübadiləsi, aybaşı və reproduktiv funksiyaların pozğunluqları, androgen dermopatiya (seboreya, akne, hirsutizm, alopesiya) ilə təzahür edir. Qadınlarda hiperandrogeniyanın diaqnozu müayinə, hormonal skrininq, yumurtalıqların USM, böyrəküstü vəzi və hipofizin KT əsasında qoyulur. Müalicə KOK və ya kortikosteroidlərin köməyilə aparılır, şişlər cərrahi yolla xaric edilir.
- Qadınlarda hiperandrogeniyanın yaranma səbəbləri
- Qadınlarda hiperandrogeniyanın əlamətləri
- Qadınlarda hiperandrogeniyanın diaqnostikası
- Qadınlarda hiperandrogeniyanın müalicəsi
Qadınlarda hiperandrogeniya barədə ümumi məlumat
Qadınlarda hiperandrogeniya anlayışı endokrin sistemi tərəfindən androgenlərin sintezinin artması və ya hədəf -toxumaların onlara qarşı yüksək həssaslığı səbəbindən yaranan patogenetik mexanizmi müxtəlif olan sindromları özündə birləşdirir. Ginekoloji patologiyaların strukturunda hiperandrogeniyanın əhəmiyyəti onun reproduktiv yaşda olan qadınlar arasında geniş yayılması ilə (yeniyetmə qızlarda 4–7,5%, yaşı 25-dən yuxarı olan qadınlarda 10-20%) izah olunur .
Qadın orqanizmində androgenlər – steroid qrupundan olan kişi cinsi hormonları (testosteron, ASD, DHEA-S, DHT) hipofizar hormonların (AKTH və LH) nəzarəti altında əsasən yumurtalıqlar və böyrəküstü vəzinin qabıq maddəsi, daha az hissəsi isə dərialtı piy qatı tərəfindən sintez olunur. Androgenlər qlükokortikosteroidlərin, qadın cinsi hormonları-estrogenlərin sələfi hesab olunur və libidonu formalaşdırır. Pubertat dövrdə böyümə prosesi, borulu sümüklərin inkişafı, diafizar-epifizar qığırdaq zonalarının bağlanması, qadın tipinə xas tüklənmənin yaranmasında böyük rol oynayır Lakin qadın orqanizmində androgenlərin səviyyəsinin çox olması ümumi və reproduktiv sağlamlığa zərər gətirən patoloji proseslərin yaranmasına gətiirb çıxarır.
Qadınlarda hiperandrogeniya nəinki kosmetik qüsurların (seboreya, akne, alopesiya, virilizasiyanın) yaranmasına, həmçinin metabolik proseslər (yağ və karbohidrat mübadiləsi), aybaşı və reproduktiv funksiyaların (follikulogenezin anomaliyası, yumurtalıqların polikistoz degenerasiyası, progesteron çatışmazlığı, oliqomenoreya, anovulyasiya, hamiləliyin pozulması, sonsuzluğun) pozulmasına səbəb olur. Dismetabolizmlə müşayiət olunan davamlı hiperandrogeniya endometriumun hiperplaziyası, uşaqlıq boynu xərçəngi, 2-ci tip şəkərli diabet, ürək-damar patologiyalarının yaranma riskini artırır.
Qadınlarda hiperandrogeniyanın səbəbləri
Hiperandrogeniya yumurtalıq (ovarial), böyrəküstü (adrenal) və qarışıq mənşəli olur. Qadınlarda hiperandrogeniya birincili və ikincili (hipofizar tənzimin pozulması), irsi və qazanılmış olur. Bundan əlavə hiperandrogeniya mütləq (qanda androgenlərin səviyyəsinin artması) və daha çox hallarda nisbi (androgenlərin miqdarı normal olur, lakin onların aktiv formalara metabolizmi və ya onlara həssas hədəf orqanları –yumurtalıq, dəri, piy və tər vəziləri, tük follikulları tərəfindən utilizasiyası güclənir) olur.
Qadınlarda androgenlərin yüksək sintezi ilə gedən hiperandrogeniya əksər hallarda polikistoz yumurtalıqlar sindromu (birincili – Şteyn-Levental sindromu, ikincili- hipotalamik sindromun neyroendokrin forması, hiperprolaktinemiya, hipotireoz fonunda), eləcə də adrenogenital sindrom (AGS, böyrəküstü vəzinin anadangəlmə hiperplaziyası) zamanı aşkarlanır. Adrenogenital sindromda androgenlərin sintezinin güclənməsi 21-hidroksilaza fermentinin çatışmazlığı və AKTH-nun yüksək səviyyəsi ilə əlaqədardır. Prolaktinin miqdarının çox olması da (qalaktoreya-amenoreya sindromu) androgenlərin sintezini gücləndirə bilir. Hiperandrogeniyanın səbəblərinə yumurtalıqların (lüteoma, tekoma) və böyrəküstü vəzilərin virilizasiya edən şişləri (androsteroma), yumurtalıqların stromal tekomatozunu aid etmək olar.
Qadınlarda hiperandrogeniyaların transport formaları cinsi steroidləri birləşdirən, testosteronun sərbəst fraksiyalarının aktivliyini blokada edən qlobulinin (CHBQ) çatışmazlığı fonunda (İtsenko-Kuşinq sindromu, hipotireoz, dislipoproteidemiya) inkişaf edir. Hədəf-hüceyrələrə patoloji insulin rezistentlik zamanı kompensator hiperinsulizm ovarial-adrenal kompleksin androgen hasil edən hüceyrələrinin aktivasiyasının yüksəlməsinə səbəb olur.
Akneli qadınların 70–85%-də hiperandrogeniya qanda androgenlərin normal göstəriciləri və dərinin hormonal reseptorlarının sıxlığının artması nəticəsində piy vəzilərinin bu hormonlara yüksək həssaslığı ilə müşayiət olunur. Piy vəzilərində proliferasiya və lipogenezin əsas tənzimləyicisi –dehidrotestosteron (DHT) hipersekresiyanı və piy vəzilərinin çıxarıcı axacaqlarının tutulması, komedonların əmələ gəlməsi, akne xəstəliyinin yaranmasına gətirib çıxaran dəri piyinin fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsini stimulə edir.
40-80% hallarda hirsutizm androgenlərin hipersekresiyası, digər hallarda isə testosteronun daha aktiv forma sayılan DHT-na keçməsi ilə bağlıdır. DHT qadın bədəninin androgenə həssas hissələrində qalın tüklərin həddindən artıq inkişafına və ya saçların tökülməsinə səbəb olur. Bundan əlavə hiperandrogeniyanın androgen aktivlikli dərman preparatlarının qəbulu ilə əlaqəli yatrogen formalarına da rast gəlmək olur.
Qadınlarda hiperandrogeniyanın əlamətləri
Qadınlarda hiperandrogeniyanın klinikası pozğunluqların ifadəliyindən asılıdır. Onkogen mənşəli olmayan hiperandrogeniyalar (məsələn, polikistoz yumurtalıqlar sindromu) zamanı klinik əlamətlər illər ərzində çox zəif inkişaf edir. İlkin əlamətlər pubertat dövrdə aşkarlanır, klinik olaraq yağlı seboreya, vulqar sızanaqlar, aybaşı siklinin pozğunluqları (qeyri-müntəzəmliyi, gecikməsi, oliqomenoreya, ağır hallarda amenoreya), üz, ayaq və əllərin həddindən artıq tüklənməsi ilə təzahür edir. Sonradan yumurtalıqların strukturunun kistoz transformasiyası, anovulyasiya, progesteron çatışmazlığı, nisbi hiperestrogenemiya, endometriumun hiperplaziyası, fertillik qabiliyyətinin azalması və sonsuzluq inkişaf edir. Postmenopauza dövründə əvvəl gicgah (bitemporal alopesiya), sonra isə təpə nahiyəsində saçların tökülməsi (parietal alopesiya) qeyd olunur. Qadınların çox hissəsində ifadəli androgen dermopatiya nevrotik və depressiv hallara gətirib çıxarır.
AGS zamanı hiperandrogeniya cinsiyyət orqanlarının virilizasiyası (qadın psevdohermafroditizmi), maskulinizasiya, gec menarxe, süd vəzilərinin inkişafda qalması, səsin kobudlaşması, hirsutizm, akne ilə xarakterizə olunur. Hipofizin funksiyasının pozulması nəticəsində yaranan ağır hiperandrogeniya yüksək dərəcəli virilizasiya, android tipli güclü piylənmə ilə müşayiət olunur. Androgenlərin yüksək aktivliyi metablolik sindromun (hiperlipoproteinemiya, insulin rezistentlik, 2-ci tip şəkərli diabetin), arterial hipertenziya, ürəyin işemik xəstəliyi, aterosklerozun inkişafına səbəb olur. Böyrəküstü vəzi və yumurtalıqların androgen hasil edən şişləri zamanı əlamətlər sürətlə inkişaf edir və tez bir zamanda proqressivləşir.
Qadınlarda hiperandrogeniyanın diaqnostikası
Patologiyanın diaqnostikası məqsədilə anamnez toplanılır, fiziki müayinə zamanı cinsi inkişaf, aybaşı pozğunluqları və tüklənmənin xüsusiyyətləri, dermopatiyanın əlamətləri qiymətləndirilir; qan zərdabında ümumi və sərbəst testosteron, DHT, DHEA-C, CHBQ təyin olunur. Hiperandrogeniya aşkar olunduqda onun mənşəyi (böyrəküstü və ya yumurtalıq) dəqiqləşdirilməlidir.
Adrenal hiperandrogeniyanın markeri DHEA-C-nin yüksək səviyyəsi, yumurtalıq mənşəli formanın isə testosteron və ASD-nin miqdarının artması hesab olunur. Qadınlarda DHEA-C və ya ümumi testosteronun yüksək səviyyəsi (DHEA-C >800 mkq/dl və ya ümumi testosteron >200 nq/dl) androgen hasil edən şişdən şübhələnməyə əsas verir, bu səbəbdən böyrəküstü vəzinin KT və MRT, kiçik çanaq orqanlarının USM, törəmənin vizualizasiyası ilə bağlı çətinliklər olduqda böyrəküstü vəzi və yumurtalıq vemalarının selektiv kateterizasiyası icra edilir. Eləcə də ultrasəs diaqnostika yumurtalıqların polikistoz deformasiyasını aşkar etməyə imkan verir.
Ovarial hiperandrogeniya zamanı qadının hormonal fonunun göstəriciləri: qanda prolaktin, LH, FSH, estradiol; adrenal formada qanda 17-hidroksiprogesteron; sidikdə isə 17-ketosteroidlər və kortizol müəyyən edilir. AKTH, deksametazon və XQ sınaqları, hipofizin KT aparılır. Karbohidrat və yağ mübadiləsinin müayinəsi (qlükoza, insulin, HbA1C, ümüm xolesterin və onun fraksiyaları, qlükoza-tolerant testi) mütləqdir. Hiperandrogeniyalı qadınlara endokrinoloq, dermatoloq, həkim-genetikin müayinəsi vacib hesab olunur.
Qadınlarda hiperandrogeniyanın müalicəsi
Hiperandrogeniyanın müalicəsi uzunmüddətli olub, individual xarakter daşıyır. Qadınlarda hiperandrogen vəziyyətlərin korreksiyasının əsas vasitəsi antiandrogen təsirli estrogen-gestagen tərkibli oral kontraseptivlərdir. Onlar qonadotropinlərin sintezini və ovulyasiya prosesini tormozlayır, ovarial hormonların, o cümlədən testosteronun sekresiyasını azaldır, CHBQ-in səviyyəsini artırır, androgen reseptorları blokada edir. AGS zamanı hiperandrogeniyanın müalicəsində kortikosteroidlərdən istifadə olunur, onlar həmçinin bu tip qadınların hamiləliyə hazırlıq mərhələsi və hestasiya dövründə də təyin olunur. Yüksək hiperandrogeniya hallarında antiandrogen preparatlarla müalicə kursu 1 il və daha çox davam etdirilir.
Androgen-asılı dermatopatiyalarda kliniki effekt androgen reseptorların periferik blokadası ilə əldə edilir. Eyni zamanda subklinik hipotireoz, hiperprolaktinemiya və digər pozğunluqların patogenetik müalicəsi aparılır. Hiper insulizm və piylənmədən əziyyət çəkən qadınların müalicəsində insulin sensitayzerlər (metformin), çəkinin azaldılmasına yönəldilmiş tədbirlərdən (hipokalorili dieta, fiziki yüklənmələr) istifadə edilir. Aparılan müalicə fonunda laborator və kliniki göstəricilərin dinamikasına nəzarət edilir.
Yumurtalıq və böyrəküstü vəzinin androgen hasil edən hormonları adətən xoşxassəli olur, lakin onların aşkar olunması zamanı mütləq cərrahi əməliyyat aparılmalıdır. Residiv riski azdır. Hiperandrogeniya zamanı gələcəkdə hamiləliyin uğurla planlaşdırılması üçün dispanser müşahidə aparılmalıdır.