Qadınlarda sidik saxlamazlıq

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 3622

qadınlarda sidik saxlamazlığın müalicəsiQadınlarda sidik saxlamazlıq – sidik ifrazının pozulması olub, sidik kisəsinin boşalmasının iradi tənziminin mümkünsüzlüyü ilə səciyyələnir. Patologiyanın formalarından asılı olaraq, gərginlik və sakitlik halında sidiyin damcılaması, qəfil yaranan və məcburedici xarakterli sidiyə getmə çağırışları, qeyri-iradi sidik qaçırma izlənilir. Bu zaman ifraz olunan sidiyin həcmi müxtəlif olur. Diaqnostika məqsədilə gineoloji baxış, sidik-cinsiyyət sisteminin USM, urodinamik müayinələr, funksional testlər, uretrosistoskopiya aparılır. Müalicə əsasən konservativ yolla- xüsusi gimnasik hərəkətlər, farmakoterapiya, elektrostimulyasiya ilə icra olunur. Konservativ müalicə effekt vermədikdə slinq və digər əməliyyatlar tətbiq edilir.

  • Qadınlarda sidik saxlamazlığın təsnifatı
  • Qadınlarda sidik saxlamazlığın yaranma səbəbləri
  • Qadınlarda sidik saxlamazlığın əlamətləri
  • Qadınlarda sidik saxlamazlığın diaqnostikası
  • Qadınlarda sidik saxlamazlığın müalicə və profilaktikası

Qadınlarda sidik saxlamazlıq barədə ümumi məlumat

Qadınlarda sidik saxlamazlıq miksiyanın müxtəlif tənzim mexanizmərinin pozulması ilə əlaqədar sidik kanalından sidiyin qeyri-iradi ifraz olunmasıdır. Statistik məlumatlara əsasən reproduktiv yaşda olan hər 5-ci, perimenopauza və erkən menopauza dövründə hər 3-cü, ahıl insanlar arasında  isə hər 2-ci qadın bu pozğunluqdan əziyyət çəkir. Sidik saxlamazlıq problemi doğuş keçirən, xüsusən anamnezində təbii doğuş olan qadınlarda daha aktualdır. Patologiya nəinki gigiyenik, həm də tibbi-sosoial aspektlərə malikdir, bu da onun qadının həyat keyfiyyətinə neqativ təsiri, eləcə də fiziki aktivliyin məcburi azaldırlması, nevroz, depressiya, seksual disfunksiyaya səbəb olması ilə izah olunur. Sidik saxlamazlığın tibbi tərəfləri ilə ginekoloq, uroloq, psixoterapevtlər məşğul olur.

Qadınlarda sidik saxlamazlığın təsnifatı

Sidiyin ifraz olunma yerindən asılı olaraq, transuretral (həqiqi) və ekstrauretral (psevdo) formalar ayırd edilir. Həqiqi sidik saxlamazlıq zamanı sidik intakt uretradan, psevdo formada isə anomal lokalizasiyalı və ya zədələnmiş sidik yollarından (ektopik yerləşmiş sidik axarları, ekstrofik sidik kisəsi, sidik fistulalarından və s.) ifraz olunur. Bu məqalədə yalnız həqiqi sidik saxlamazlıqdan danışılacaq.

Qadınlarda transuretral sidik saxlamazlığın aşağıdakı növləri qeyd olunur:

  • Stress mənşəli – uretral sfinkterin çatışmazlığı və ya çanaq dibi əzələlərinin zəifliyi ilə əlaqədar qeyri-iradi sidik ifrazı
  • imperativ (urgent sidik saxlamazlıq, hiperaktiv sidik kisəsi) – sidik kisəsinin yüksək reaktivliyi nəticəsundə yaranan dözülməz və idarə olunmayan sidiyə getmə çağırışları;
  • qarışıq – stress mənşəli və imperativ sidik saxlamazlığın əlamətlərini özündə birləşdirir. Məcburedici xarakterli sidik çağırışları fiziki gərginlik zamanı qəfil yaranır, nəticədə sidik qeyri-iradi ifraz olunur;
  • reflektor sidik saxlamazlıq (neyrogen sidik kisəsi) – sidik kisəsinin innervasiyasının pozulması ilə bağlı qeyri-iradi sidik saxlamazlıq;
  • yatrogen– bəzi dərman vasitələrinin qəbulu nəticəsində yaranır;
  • digər (situasion) formalar– enurez, sidik kisəsinin dolması ilə əlaqədar (paradoksal işuriya), cinsi akt zamanı sidik ifrazı və s.

Əksər hallarda sidik saxlamazlığın ilk 3 forması qeyd olunur, qalan formalar isə 5-10% təşkil edir.

Qadınlarda sidik saxlamazlığın səbəbləri

Qadınlarda sidik saxlamazlığın səbəbləriQadınlarda stress mənşəli sidik saxlamazlığın yaranma mexanizmi uretral və ya sidik kisəsi sfinkterinin çatışmazlığı və ya çanaq dibinin quruluşunun zəifliyi ilə bağlıdır. Sidik ifrazının tənzimində sfinkter aparatının vəziyyəti böyük rol oynayır. Arxitektonikanın (əzələ və birləşdirici toxuma komponentlərinin nisbətinin) pozulması zamanı sfinkterlərin yığılma və dartılma qabiliyyəti pozulur, nəticədə onlar sidik ifrazını tənzim etməyə qadir olmur.

Normada sidiyin kontinensiyası uretral təzyiqin müsbət qradiyenti (yəni, siidk kanalında təzyiq sidik kisəsi ilə müqayisədə yüksək olur) tərəfindən təmin olunur. Bu qradiyent mənfi olduqda qeyri-iradi sidik ifrazı müşahidə edilir. İradi sidik ifrazının mühüm şərti kiçik çanaq orqanlarının bir-biri ilə münasibətdə stabil anatomik vəziyyətinin olmasıdır. Miofassial və bağ aparatının zəifləməsi zamanı çanaq dibinin dayaq-fiksəedici funksiyası pozulur, bu da sidik kisəsi və sidik kanalının sallanması ilə müşayiət oluna bilər.

Stress mənşəli sidik saxlamazlığa piylənmə, qəbizlik, kəskin arıqlama, ağır fiziki əmək, şüa terapiyası təkan verə bilər. Məlumdur ki, sidik saxlamazlıqdan əsasən doğuş keçirən qadınlar əziyyət çəkir, bu zaman doğuşun sayı deyil, onun gedişi daha çox əhəmiyyət kəsb edir. İri dölün doğulması, dar çanaq, epiziotomiya, çanaq dibi əzələlərinin çırılması, mamalıq maşalarının qoyulması – bu və ya digər amillər inkontinensiyanın inkişafına gətirib çıxarır.

Qeyri-iradi sidik ifrazına adətən menopauza dövründə rast gəlinir, bu da yaşla əlaqədar estrogenlərin və digər cinsi steroidlərin çatışmazlığı və bu fonda sidik-cinsiyyət sisteminin atrofik dəyişikliklərinin yaranması ilə əlaqədardır. Bununla yanaşı kiçik çanaq orqanlarında aparılan əməliyyatlar (ooforektomiya, adneksektomiya, histerektomiya, panhisterektomiya, endouretral müdaxilələr), uşaqlığın enməsi və sallanması, xroniki sistit və uretritlər də sidik saxlamazlığa gətirib çıxara bilər. Qarındaxili təzyiqin artmasına səbəb olan bütün gərginliklər: öskürək, asqırma, sürətli yerimə, qaçış, kəskin hərəkətlər, ağır yük qaldırma və digər fiziki yüklənmələr pozğunluğun inkişafına birbaşa təsir edir.

İmperativ sidik saxlamazlığın patogenezi detruzorda sinir-əzələ ötürücülüyünün pozulması və onun sidik kisəsinin hiperaktivliyinə səbəb olması ilə əlaqədardır. Elə hallarda sidiyin hətta cüzi miqdarda toplanması güclü, dözülməz xarakterli sidiyə getmə çağırışlarının yaranmasına səbəb olur. Urgent çağırışların təkanverici amilləri stress mənşəli formada olduğu kimidir, provokasiyaedici amillərə isə müxtəlif xarici qıcıqlandırıcılar (yüksək səs, parlaq işıq, krandan axan su və s.) aiddir.

Reflektor sidik saxlamazlıq baş və onurğa beynin zədələnmələri (travmalar, şişlər, ensefalit, insult, dağınıq skleroz, Altsheymer xəstəliyi, Parkinson xəstəliyi və s.) nəticəsində yarana bilər. Yatrogen sidik saxlamazlıq bəzi dərman vasitələrinin yan təsiri kimi (sidik qovucular, sedativ vasitələr, adrenoblokatorlar, antidepressantlar, kolsixin və s.) təzahür edir və bu preparatların qəbulu kəsildikdən sonra keçib gedir.

Qadınlarda sidik saxlamazlığın əlamətləri

Qadınlarda sidik saxlamazlığın əlamətləriStress mənşəli sidik saxlamazlıq zamanı fiziki gərginliklə bağlı sidiyə getmə çağırışları olmadan qeyri-iradi sidik ifrazı müşahidə olunur. Patologiya proqressivləşdikcə ifraz olunan sidiyin miqdarı artır (bir neçə damcıdan tutmuş sidik kisəsinin bütün həcminə qədər), fiziki yüklənməyə tolerantlıq isə azalır. Qadınlarda stress mənşəli sidik saxlamazlığın 3 dərəcəsi ayırd edilir: yüngül dərəcədə sidik saxlamazlıq fiziki gərginlik, öskürmə, asqırma zamanı; orta dərəcədə qəfil ayağa qalxdıqda, qaçış zamanı; ağır dərəcədə isə yerimə və ya sakitlik halında yaranır. Bəzən uroginekologiyada istifadə olunan gigiyenik bezlərin sayına əsaslanan təsnifatdan istifadə edilir: I dərəcə – gün ərzində 1; II dərəcə – 2–4; III dərəcədə 4 ədəddən çox bez işlədilir.

Urgent sidik saxlamazlıq hiperaktiv sidik kisəsi üçün xarakterik sayılan əlamətlərlə: pollakiuriya (sidik ifrazının gün ərzində 8 dəfədən çox olması), nokturiya, imperativ çağırışlarla müşayiət oluna bilir. Sidik saxlamazlıq zamanı sidik kisəsinin sallanması müşahidə olunduqda qarnın aşağı hissəsində diskomfort və ağrı, sidik kisəsinin tam boşalmaması hissi, uşaqlıq yolunda yad cismin olması hissiyyatı, dispareuniya izlənilə bilər.

Qeyri-iradi sidik ifrazı zamanı qadın gigiyenik problemlərlə yanaşı, ciddi psixoloji narahatlıq yaşayır. Qadın əvvəlki həyat tərzindən, ictimai yerlərdə olmaqdan və intim yaxınlıqdan imtina etməyə məcbur olur. Fiziki aktivlik məhdudlaşır. Bundan əlavə, daimi sidik qaçırma qasıq nahiyəsində dermatitin, sidik-cinsiyyət sisteminin residivləşən infeksiyalarının (vulvovaginit, sistit və s.), eləcə də sinir-psixi pozğunluqların-nevroz və depressiyaların yaranmasına səbəb olur. Lakin qadınlar sidik saxlamazlıq problem ilə həkimə çox nadir hallarda müraciət edirlər, bu da onların pozğunluğun yaşla əlaqədar qaçılmaz əlamət olması barədə yanlış təsəvvürləri, utanc hissi keçirmələri ilə bağlıdır.

Qadınlarda sidik saxlamazlığın diaqnostikası

Sidik saxlamazlıq problemi ilə üzləşən qadın mütləq ginekoloq və uroloqa müraciət etməlidir. Bu zaman inkontinensiyanın səbəb və formaları ilə yanaşı, onun korreksiyasının optimal yolları təyin edilir. Anamnez toplanması zamanı həkim sidik saxlamazlığın yaranma müddətini, onun gərginlik və ya digər provokasiyaedici amillərlə əlaqəsini, imperativ çağırışlar və digər dizurik əlamətlərin (ağrı, yandırma hissi) olmasını dəqiqləşdirir. Söhbət əsnasında risk amilləri: travmatik doğuşlar, cərrahi müdaxilələr, nevroloji patologiya, peşə fəaliyyətinin xüsusiyyətləri və s. müəyyən edilir.

Sidik saxlamazlıq zamanı mütləq ginekoloji baxış aparılır; müayinə prosesi cinsiyyət orqanlarının prolapsı, uretro-, sisto- və rektosele, sidik-cinsiyyət fistulalarını aşkar etməyə, aralıq nahiyənin dərisinin vəziyyətini qiymətləndirməyə, qeyri-iradi sidik ifrazına səbəb olan funksional sınaqların (güc vermə, öskürək sınağı) aparılmasına imkan verir. Növbəti qəbula qədər (3-5 gün ərzində) xəstəyə xüsusi gündəliyin tutulması məsləhət görülür, orada miksiyaların tezliyi, hər dəfə ifraz olunan sidiyin həcmi, sidik qaçırma hallarının, gündəlik bezlərin sayı, gün ərzində qəbul edilən mayenin miqdarı qeyd olunmalıdır.

Kiçik çanaq orqanlarının anatomo-topoqrafik xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədilə ginekoloji USM, sidik kisəsinin USM aparılır. Laborator üsullardan sidiyin ümumi analizi, sidiyin floraya görə əkilməsi, yaxmanın icmal mikroskopiyası xüsusi əhəmiyyət kəsb edir.  Urodinamik müayinə üsullarına urofloumetriya, dolma və boşalmanın sistometriyası, uretradaxili təzyiqin profilometriyası aiddir, bu diaqnostik metodlar sfinkterlərin vəziyyətini qiymətləndirməyə, stress mənşəli və urgent sidik qaçırmanı differensiasiya etməyə kömək edir.

Ehtiyac olduqda funksional müayinə sidik çıxarıcı yolların anatomik quruluşunun instrumental qiymətləndirilməsinə imkan verən üsullarla: uretrosistoqrafiya, uretroskopiya və sistoskopiya ilə tamamlanır. Müayinənin sonunda sisik saxlamazlığın forma, dərəcə və yaranma səbəblərini əks etdirən rəy verilir.

Qadınlarda sidik saxlamazlığın müalicə və profilaktikası

İnkontinensiyaya səbəb olan kobud üzvi patologiya aşkar edilmədikdə müalicə konservativ üsulla aparılır. Xəstəyə çəkini normallaşdırmaq (piylənmə zamanı), ağır fiziki əməkdən və xroniki öskürəklə bağlı siqaretdən imtina etmək, kofeinsiz pəhriz məsləhət görülür. Qadınlarda sidik qaçırmanın erkən mərhələlərində çanaq dibi əzələlərinin möhkəmləndirilməsinə yönəldilmiş idman hərəkətləri (Kegel gimnastikası), aralıq əzələlərinin elektrostimulyasiyası, BƏƏ-terapiya tətbiq olunur. Yanaşı gedən sinir-psixi pozğunluqlar zamanı psixoterapevtin köməyi tələb oluna bilər.

Stress mənşəli inkontinensiya zamanı antidepressantlar (duloksetin, imipramin), yerli təsirli estrogenlər (vaginal şam və ya krem formasında) və ya sistemli əvəzedici hormonal terapiya təyin olunur. Qadınlarda imperativ sidik saxlamazlığın müalicəsi üçün M-xolinolitiklər (tolterodin, oksibutinin, solifenasin), α-adrenoblokatorlar (alfuzozin, tamsulozin, doksazozin), imipramin, əvəzedici hormonoterapiyadan istifadə edilir. Bəzi hallarda sidik kisəsi daxilinə A tipli botulotoksin inyeksiyaları, xəstənin piy toxumasının, fillerlərin periuretral yeridilməsi tətbiq olunur.

Qadınlarda stress mənşəli sidik saxlamazlığın cərrahi müalicəsi 200-dən çox üsullar və onların modifikasiyaları ilə icra olunur. Hazırda stress-inkontinensiyanın cərrahi korreksiyasının ən geniş yayılmış üsulu slinq əməliyyatları (ТОТ, TVT, TVT-О, TVT-S) hesab olunur. Aparılma texnikasının fərqli olmasından asılı olmayaraq,  onlar vahid ümumi prinsipə – inert sintetik materialdan  hazırlanmış «ilgəyin» köməyilə sidik kanalının fiksasiyası və onun hipermobilliyinin azaldılmasına əsaslanır.  Lakin slinq əməliyyatlarının yüksək effektivliyinə baxmayaraq, 10-20% qadınlarda stress mənşəli sidik saxlamazlığın residivləri inkişaf edir. Klinik göstərişlərə əsasən digər cərrahi müdaxilələr: uretrosistopeksiya, sidik kisəsinin repozisiyası ilə aparılan ön kolporafiya, sidik kisəsinin süni sfinktorunun implantasiyası və s. icra oluna bilər.

Qadınlarda sidik saxlamazlığın profilaktik tədbirlərinə zərərli vərdiş və asıllıqlardən imtina, çəki və defekasiyaya nəzarət, çanaq dibi və qarın əzələlərinin möhkəmləndirilməsi, doğuş prosesinin xüsusi diqqətlə aparılması, ureogenital və nevroloji xəstəliklərin adekvat müalicəsi aiddir.

Sidik qaçırma kimi intim problemlə qarşılaşan qadınlar çəkinmədən tez bir zamanda həkimə müraciət etməklə, xəstəliyin konservativ yolla müalicəsinə nail ola bilərlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: