Qadınlarda ureaplazmoz
Qadınlarda ureaplazmoz — ureaplazmanın patoloji aktivliyi nəticəsində sidik-cinsiyyət orqanlarının infeksion-iltihabi xəstəliyidir. 70-80% hallarda xəstəlik simptomsuz daşıyıcılıq formasında gedir. Qeyri-spesifik dizurik əlamətlər, şəffaf vaginal ifrazatların miqdarının artması, qarnın aşağı hissəsində dartıcı ağrılar və reproduktiv funksiyanın pozulması ilə təzahür edir. Diaqnozun qoyulmasında bakterial əkilmə, PZR, İFA, BİF-dən istifadə olunur. Etiotrop müalicə antibakterial preparatların – makrolid, tetrasiklin və flüorxinolonların tətbiqi ilə aparılır.
- Qadınlarda ureaplazmozun yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Qadınlarda ureaplazmozun əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Qadınlarda ureaplazmozun müalicəsi
Qadınlarda ureaplazmoz barədə ümumi məlumat
Ureoplazma ilk dəfə 1954-cü ildə qeyri-qonokokk mənşəli uretriti olan qadınlarda qeydə alınmışdır. Xəstəliyin törədicisi yalnız müəyyən amillərin təsirindən patoloji aktivləşən şərti-patogen mikroorqanizmdir. Bakteriyanın daşıyıcılarının 40-50%-ni seksual aktiv sağlam qadınlar təşkil edir. Mikroorqanizm hər 3-cü yenidoğulan qız uşaqlarında və cinsi həyat yaşamayan 5-22% məktəblilərdə təyin olunur. Müxtəlif tədqiqatların nəticələrinə əsasən sonsuzluq və urogenital sistemin xroniki xəstəliklərindən əziyyət çəkən pasiyentlərin bir hissəsində mikroorqanizm qismində yalnız ureoplazma aşkarlanır, lakin buna baxmayaraq ureoplazmoz Xəstəliklərin Beynəlxalq Təsnifatına müstəqil xəstəlik kimi daxil edilməmişdir.
Qadınlarda ureaplazmozun səbəbləri
Xəstəliyin törədicisi sidik-cinsiyyət orqanlarının silindrik epitelinə tropluğa malik, hüceyrə membranı olmayan hüceyrədaxili bakteriya – ureplazmadır. Ureaplazmanın 6 növündən yalnız 2-də — Ureaplasma urealyticum və Ureaplasma parvum patoloji aktivlik qeydə alınır. Yoluxma qorunmamış cinsi əlaqə və ya doğuş zamanı baş verir. Ureoplazmozun konkakt-məişət yolu ilə ötürülməsi barədə əsaslı dəlillər mövcud deyil.
Əksər hallarda ureaplazma daşıyıcılığı simptomsuz gedir. İltihabi prosesin inkişafına aşağıdakı amillər səbəb olur:
- Dishormonal vəziyyətlər. Törədici hamiləlik dövründə, yumurtalıqların endokrin funksiyasının pozulması zamanı aktivləşə bilər.
- İmmunitetin zəifləməsi. Urogenital traktın iltihabı əsasən immuniteti zəiflədən xəstəliklər və immunosupressiv preparatların qəbulu (onkopatologiyanın müalicəsi zamanı) fonunda müşahidə edilir.
- Vaginal disbakterioz. Qeyri-rasional antibakterial terapiya və hormonal disbalans zamanı uşaqlıq yolunun normal mikroflorasının pozulması şərti-patogen mikroorqanizmlərin, o cümlədən ureaplazmanın aktivləşməsinə səbəb olur.
- İnvaziv müdaxilələr. Bir sıra hallarda abort, instrumental müalicəvi-diaqnostik prosedurlar (histeroskopiya, uretro- və sistoskopiya, uşaqlıq boynunun eroziyasının cərrahi müalicə üsulları və s.) ureaplazmozun inkişafına təkan verir.
- Cinsi partnyorların tez-tez dəyişdirilməsi. Bakteriya təsadüfi cinsi partnyorla qorunmamış intim yaxınlıq zamanı ötürülən CYKİ digər törədiciləri ilə assosiasiyada aktivləşir.
Qadınlarda ureaplazmozun patogenezi
Qadınlarda ureaplazmozun patogenezi mikroorqanizmin adgeziv-invaziv və ferment əmələgətirmə xüsusiyyətlərinə əsaslanır. Bakteriya sidik-cinsiyyət orqanlarının silindrik epitel hüceyrələrinin qişasına birləşərək, sitoplazmaya daxil olur, orada çoxalır. Mikroorqanizm immunoqlobulin A-nı parçalayan xüsusi ferment sintez edir, bununla da infeksiyaya qarşı immun cavabı zəiflədir. Simptomsuz gedişlərdə yerli iltihabi və destruktiv dəyişikliklər zəif ifadə olunur. Provokasiyaedici amillərin təsirindən törədicinin patogen aktivliyinin güclənməsi iltihabın inkişafına – damar reaksiyaları, toxuma keçiriciliyinin artmasına, epitel hüceyrələrinin dağılmasına gətirib çıxarır.
Qadınlarda ureaplazmozun təsnifatı
Ureoplazmozun təsnifatının əsas kriteriyalarına gediş xüsusiyyətləri və patoloji əlaqəmətlərin ağırlıq dərəcəsi aiddir. Ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən xəstəliyin aşağıdakı formaları irəli sürülmüşdür:
- Ureaplazma daşıyıcılığı. Müayinə zamanı bu mikroorqanizmin aşkarlandığı əksər qadınlarda iltihabi prosesin heç bir əlaməti olmur.
- Kəskin ureaplazmoz. Nadir hallarda müşahidə edilir, sidik-cinsiyyət orqanlarının zədələnməsinin ifadəli əlamətləri və ümumi intoksikasiya ilə müşayiət olunur.
- Xroniki ureaplazmoz. Kəskin iltihab əlamətləri qeydə alınmır və ya provokasiyaedici amillərin təsirindən vaxtaşırı təzahür edir. Reproduktiv funksiyanın pozulması və urogenital sistemin xroniki iltihabı mümkündür.
Qadınlarda ureaplazmozun əlamətləri
70-80% hallarda orqanizmin ureaplazma ilə infeksiyalaşmasından xəbər verən hər hansı bir klinik əlamət izlənilmir. Xəstəlik spesifik simptomatikaya malik deyil. Patologiya kəskinləşmə dövründə sidik-cinsiyyət sisteminin iltihabi prosesləri üçün xarakterik olan əlamətlərlə özünü büruzə verir. Qadınlarda sidik ifrazı zamanı diskomfort, göynəmə, kəskin ağrı yarana bilər. Şəffaf uşaqlıq yolu ifrazatlarının həcmi bir qədər artır. Qalxan infeksiya daxili reproduktiv orqanları zədələyərək, qarnın aşağı hissəsində sızıltılı və ya dartıcı ağrılara səbəb olur. Kəskin gediş zamanı, eləcə də kəskinləşmə dövrlərində hərarət sübfebri rəqəmlərə qədər yüksəlir, halsızlıq, yorğunluq, əmək qabiliyyətinin azalması müşahidə edilir. Müalicəyə rezistent uretrit, vaginit, endoservisit, adneksit, mayalanmanın baş tutmaması, spontan düşüklər və ya hamiləliyin patoloji gedişi xroniki ureaplazmoza dəlalət edir.
Qadınlarda ureaplazmozun ağırlaşmaları
Qadınlarda ureaplazmozun uzun sürən formaları uşaqlıq və onun artımlarında xroniki iltihabi proseslərlə ağırlaşır, belə hallar sonsuzluq, düşük və vaxtından əvvəl doğuşlarla nəticələnir. Cinsi partnyorun infeksiyalaşması ilə vəziyyət daha da ağırlaşır, xəstəlik fonunda kişi sonsuzluğu inkişaf edə bilər. Bəzən endometriumda iltihab, damar və autoimmun proseslər birincili plasentar və ikincili fetoplasentar çatışmazlığa səbəb olmaqla dölün normal inkişafını pozur, anomaliya və perinatal xəstəliklərin yaranma riskini artırır. Hestasiya dövrünün mikroorqanizmlərin aktivləşməsi üçün provokasiyaedici amil hesab edilməsi, infeksion xəstəliklərin müalicəsinin isə dölə neqativ təsir edən preparatların təyinindən ibarət olması ilə əlaqədar hamiləliyin planlaşdırılması zamanı törədicinin vaxtında aşkarlanması mütləqdir.
Qadınlarda ureaplazmozun diaqnostikası
Vaginal baxış, bimanual müayinənin nəticələri və xəstəliyin klinik şəkli qeyri-spesifik olub, iltihabi prosesin olmasından xəbər verir. Bu səbəbdən qadınlarda ureaplazmozun diaqnostikasında törədicini müəyyən etməyə imkan verən xüsusi müayinə üsullarından istifadə edilir:
- Ureaplazmaya görə bakterioloji əkilmə. Biomaterialın (ifrazat, yaxma) qidalı mühitdə əkilməsi zamanı ureaplazma koloniyaları aşkar edilir, sonra isə onların antibakterial preparatlara həssaslığı təyin edilir.
- PZR. Polimeraz zəncirvari reaksiyaların köməyilə pasiyentin biomaterialında 1 gün ərzində törədicinin genetik materialını müəyyən etmək mümkündür.
- Seroloji müayinə. İmmunoflüoressent analiz (İFA) və birbaşa flüoressensiya (BİF) bakteriyalar qarşı anticisimləri və onların titrini təyin etməyə imkan verir.
Differensial diaqnostika zamanı gigər törədicilərlə – xlamidiya, troxomonada, qonokokk, mikoplazma və s. ilə infeksiyalaşmaları istisna etmək lazımdır. Ginekoloqla yanaşı pasiyentin konsultasiyasına uroloq cəlb olunur.
Qadınlarda ureaplazmozun müalicəsi
Ureaplazmoz infeksiya zamanı terapiya iltihabın azalmasına, immunitetin və vaginal mirofloranın bərpasına yönəldilir. Ureaplazmozun klinik əlamətlərinin qeydə alındığı pasiyentlərə aşağıdakılar məsləhət görülür:
- Etiotrop antibiotikoterapiya. Preparat törədicinin həssaslığı nəzərə alınmaqla seçilir. Adətən tetrasiklin, makrolid, flüorxinolonlarla 1-2 həftəlik müalicə kursu təyin edilir.
- Uşaqlıq yolunun sanasiyası. Antibakterial və göbələkəleyhinə təsirli şamların yeridilməsi antibiotikoterapiyanı tamamlayır.
- İmmunoterapiya. İmmuniteti bərpa etmək üçün immunomoduləedici və immunostimuləedici preparatlardan istifadə olunur.
- Uşaqlıq yolunun mikrobiosenozunun normaya salınması. Probiotiklərin daxilə və yerli tətbiqi vaginal mikrofloranın bərpasına kömək etməklə ureaplazmanın patoloji aktivliyini dayandırır.
- Ferment preparatları. Enzimlər iltihabəleyhinə təsir göstərir, toxumaların regenerasiya proseslərini sürətləndirir.
- Vitaminoterapiya. Ümummöhkəmləndirici məqsədlə ureaplazmozun kompleks müalicəsində qadınlara multivitamin və vitamin-mineral kompleksləri məsləhət görülür.
Qeys etmək lazımdır ki, ureaplazma əlaeyhinə etiotrop müalicəyə olan göstərişlər məhduddur. Bir qayda olaraq, antibiotiklər ureaplazmadan başqa CYKİ-nin digər törədicilərinin aşkarlanmadığı hallarda müalicəyə rezistent xroniki iltihabi proseslər və reproduktiv funksiyanın pozulması zamanı tətbiq olunur. Eləcə də hamiləlik planlaşdıran ureaplazma daşıyıcılarına antibakterial kurs məsləhət görülür.
Qadınlarda ureaplazmozun proqnoz və profilaktikası
Qadınlarda ureaplazmanın proqnozu qənaətbəxşdir. Etiotrop müallicə bakteriyadan tamamilə azad olmağa imkan verir, lakin passiv immunitetin olmaması və törədicinin geniş yayılması ilə əlaqədar təkrar yoluxma mümkündür. Ureaplazma şərti-patogen mikroorqanizm olduğundan iltihabın profilaktikasında rasional yuxu və istirahət rejimi, immunitetin möhkəmləndirilməsi, cinsiyyət sisteminin invaziv müayinə üsulları və müalicəsinin əsaslı təyini, baryer kontrasepsiyanın istifadəsi böyük rol oynayır. Hestasiya dövründə törədicinin patoloji aktivasiyasının qarşısını almaq üçün hamiləlik planlaşdıran ureaplazma daşıyıcılarına profilaktik antibiotikoterapiya məsləhət görülür.