Qadınlarda xroniki çanaq ağrısı sindromu
Qadınlarda xroniki çanaq ağrısı sindromu — qarnın aşağı hissəsində 6 aydan çox davam edən daimi ağrılarla müşahidə olunan patoloji vəziyyətdir. Bu zaman ağrı hissiyyatı üzvi dəyişikliklərin dərəcəsinə uyğun gəlmir, depressiv və davranış pozğunluqları müşahidə edilir. Diaqnostik məqsədlə fizikal üsullar, çanaq orqanlarının USM, rentgenoqrafiya, endoskopik və laborator müayinələr, laparoskopiyadan istifadə olunur. Müalicə sxemi əsas xəstəliyin terapiyası, mərkəzi və periferik sinir sisteminin ağrı hissinə cavabdehlik daşıyan şöbələrinin fəaliyyətini normallaşdıran preparatların təyindən ibarətdir.
- Qadınlarda xroniki çanaq ağrısı sindromunun yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Qadınlarda xroniki çanaq ağrısı sindromunun əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Qadınlarda xroniki çanaq ağrısı sindromunun müalicəsi
- Proqnoz və profilaktika
Qadınlarda xroniki çanaq ağrısı sindromu barədə ümumi məlumat
Ağrı sindromu qadınlarda aşkarlanan bir çox xəstəliklərin xarakterik əlaməti sayılır. Ginekologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən həkimə müraciət edən pasiyentlərin 60%-də çanaq ağrıları qeydə alınır. Diaqnostik histeroskopiyaların təxminən 14%-i və laparoskopiyaların isə 40% -i məhz qarnın aşağı hissəsində ağrılardan şikayət edən qadınlara təyin olunur. Buna baxmayaraq, xroniki çanaq ağrısı sindromunun (XÇAS) diaqnozu bütün hallarda deyil, yalnız müəyyən diaqnostik kriteriyalar əsasında təsdiqlənir. Xəstəliyə adətən ipoxondriyaya, həyəcana, coşqun emosional reaksiyalara meylli reproduktiv və klimakterik yaş dövründə olan qadınlarda rast gəlinir. Ginekoloqların fikrincə 18-50 yaş arası pasiyentlərin 15%-i bu pozğunluqdan əziyyət çəkir.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun səbəbləri
Çanaq nahiyəsində ağrı hissiyyatı adətən çanaq orqanlarının mövcud patologiyaları, ilk növbədə reproduktiv sistemin xəstəlikləri fonunda baş verir. Qadınlarda xroniki çanaq ağrısının ginekoloji və qeyri-ginekoloji səbəbləri mövcuddur. 75-77% pasiyentlərdə xəstəliyin morfoloji əsasını qadın cinsiyyət sferasının aşağıdakı patologiyaları təşkil edir:
- İltihabi patologiyalar. Xroniki endometrit, salpingit, adneksit, ooforitlər periodik və ya daimi ağrı sindromu ilə müşayiət olunur.
- Bitişmə prosesləri. Çanaqda ağrı pelvioperitonitin və uşaqlıq borularının sinexiyalarının xarakterik əlamətlərindən biridir.
- Həcmli neoplaziyalar. Ağrı hissiyyatı saktosalpinks, yumurtalığın kistası, submukoz mioma, yumurtalıq və ya uşaqlıq cismi xərçəngi, digər xoş və bədxassəli törəmələr zamanı meydana çıxır.
- Genital və ekstragenital endometrioz. Toxumaların aseptik iltihabı endometrioid törəmələrin siklik ayrılması nəticəsində ağrı törədir.
- Çanaq venalarının varikozu. Çanaq damarlarının patoloji genişlənməsi və onun fonunda venoz durğunluq çanaq boşluğunda yerləşən sinir uclarına stimuləedici təsir göstərir.
- Allen-Masters sindromu. Xarakterik çanaq ağrıları doğuş zamanı uşaqlıq bağlarının cırılmasının qeyd olunduğu qadınlarda baş verir.
21-22% hallarda xroniki ağrılar üzvi qeyri-ginekoloji əsasa malik olur. Bu sıradan olan səbəblər aşağıdakılardır:
- Uroloji patologiya. Ağrı böyrək daşı xəstəliyi, böyrəklərin sallanması, onların distopiyası və inkişaf anomaliyaları, xroniki sistit zamanı müşahidə edilir.
- Periferik sinir sisteminin patologiyası. Çanaqdaxili sinir kələflərinin iltihabi və digər zədələnmələri xroniki ağrılarla səciyyələnir.
- MBT xəstəlikləri. Qıcıqlanmış bağırsaq sindromu, xroniki kolit və proktit, appendikulyar-genital sindrom, bitişmə prosesi zamanı ağrı hissiyyatı qeyd olunur.
- Retroperitoneal neoplaziyalar. Çanaqda ağrılar böyrəklərin şiş xəstəlikləri, qanqlionevroma və peritonarxası sahədə lokalizasiya olunan digər həcmli proseslərlə əlaqədar yaranır.
- Sümük-oynaq aparatının xəstəlikləri. Bel-oma osteoxondrozu, qasıq simfizinin zədələnməsi, çanaq sümüklərində şiş və metastazlar, sümük vərəmi ağrı sindromu ilə müşayiət olunur.
1,1-1,4% pasiyentlərdə xroniki ağrı sindromu qeyri-üzvi mənşəli olur: ağrılar psixi və ya digər pozğunluqlar — abdominal epilepsiya, depressiv vəziyyətlər, psixogeniya, hiperventilyasiya sindromu, spazmofiliya zamanı hiss edilir. 2%-dən az klinik hallarda qadınlarda xroniki çanaq ağrılarının konkret səbəbi naməlum qalır.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun patogenezi
Xroniki ağrıların başlanğıc həlqəsini simpatik sinir sisteminin düyünləri və periferik sinir uclarında baş verən hemodinamik, metabolik, distrofik və funksional dəyişikliklər təşkil edir. Bu pozulmalar patoloji afferent impulsların intensivliyi və tezliyinin güclənməsi ilə müşayiət olunur. Yerli pozğunluqlara onurğa beyni strukturlarının oyanıqlığının artması və MSS-də patoloji dəyişikliklər qoşulur, bu zaman çanaq orqanlarından hətta adi impulslar ağrı kimi qəbul edilir. İnnervasiyanın pozulması fonunda çanaqda hiepremiya və durğunluq artır, çanaq dibi əzələlərinin tonusu yüksəlir, nəticədə «qüsurlu dövran» mexanizmi işə düşərək, periferik və mərkəzi sinir sistemində gedən dəyişiklikləri daha da ağırlaşdırır. Sindromun inkişafının gec mərhələlərində prosesə yuxarı hissələrdə yerləşən qanqliya və kələflər cəlb olunur.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun təsnifatı
Pozğunluq tədricən inkişaf edir və mərhələli xarakter daşıyır. Qadınlarda xroniki çanaq ağrılarının 3 mərhələsi ayırd edilir:
- I mərhələ (orqan). Ağrı sindromu qarnın aşağı hissəsində lokalizasiya olunur. Ağrının intensivliyi onun yaranmasına səbəb olan xəstəliyin ifadəliliyinə müvafiqdir və ya bir qədər üstündür. Psixoemosional dəyişikliklər minimaldır.
- II mərhələ (orqanüstü). Çanaq nahiyəsində ağrı hissiyyatı qarnın yuxarı hissəsində əks olunan ağrılarla tamamlanır. Patoloji proses paravertebral və paraaortal sinir törəmələrinə yayılır. Bu mərhələdə çox zaman diaqnostik səhvə yol verilir.
- III mərhələ (polisistem). Prosesə sinir sisteminin müxtəlif sahələri qoşulur. Aybaşı, sekretor və cinsi funksiyalar, həzm prosesi, maddələr mübadiləsi pozulur. Ağrı yüksək intensivliyi ilə seçilir, ifadəli psixoemosional pozğunluqlarla müşayiət olunur.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun əlamətləri
Pasiyentləri qarnın aşağı hissəsi, uşaqlıq yolu, oma, büzdüm, qasıq, aralıq nahiyəsində 6 aydan çox davam edən küt, sızıltılı və ya ifadəli ağrılar natahat edir. Ağrı hissiyyatı dəqiq lokalizasiyayа malik olmur, çox zaman «miqrasiya edir». Onların bir və ya hər iki bud-çanaq oynağına, sağrı, bud nahiyəsinə, böyük və kiçik cinsiyyət orqanlarına irradiasiyası mümkündür. Sidik ifrazı, defekasiya, hipotermiya, statik və dinamik fiziki yüklənmələr zamanı, stress vəziyyətlərindən sonra ağrı sindromunun ifadəliyi güclənir. Həmçinin intensiv ağrı vaginal müayinə prosesində qeyd olunur. XÇAS üçün alqodismenoreya, ovulyator sindrom, dispareuniya xarakterikdir.
Çanaqda xroniki ağrıları olan qadınlarda yuxu pozulur, əmək qabiliyyəti azalır, əhval-ruhiyyə tədricən korlanaraq, depressiya səviyyəsinə enir. Pasiyentlərin bir hissəsində ipoxondriya və kanserofobiya əlamətləri müşahidə edilir: onlar onkoloji və ya digər sağalmaz xəstəliyə tutulduqlarını deyərək, müxtəlif ixtisaslı həkimlərə müraciət edir, çoxsaylı müayinələrdən keçirlər. Həyəcanlı-depressiv pozğunluqların artması ağrının subyektiv qəbulunun pozulması ilə müşayiət edilir, belə hallarda ağrı dözülməz və yorucu olur.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun ağırlaşmaları
XŞAS poliorqan mərhələsinə keçdikdə hormonal dəyişikliklər, aybaşı və cinsi funksiyaların pozulması, müxtəlif orqan və sistemlərin funksional çatışmazlığı izlənilir. Lakin xroniki çanaq ağrılarının əsas ağırlaşması davranış pozğunluqlarının əlamətləri ilə müşahidə olunan sosial dezadaptasiyadır. Pasiyent özünə qapanır, ağlağan, əsəbi olur, fiziki aktivlik məhdudlaşır. Davranışın pozulması ailə və cinsi problemlərə, əmək dezadaptasiyasına gətirib çıxara bilər. Depressiyanın inkişafı zamanı suisudal fikirlər və cəhdlər mümkündür.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun diaqnostikası
95% hallarda xroniki ağrılar digər pozğunluqlar fonunda baş verdiyindən diaqnostik mərhələnin əsas məqsədi ağrı sindromunun səbəblərinin aşkarlanması və əsas xəstəliyin ifadəliliyinin obyektiv qiymətləndirilməsindən ibarətdir. Diaqnozun qoyulmasında aşağıdakı üsullardan istifadə olunur:
- Ginekoloji kresloda baxış. Bimanual baxış zamanı uşaqlıq və artımların cüzi dəyişiklikləri fonunda ağrı hissiyyatı qeydə alınır. Bəzi pasiyentlərdə vaginal güzgülərlə aparılan müayinə prosesində uşaqlıq və uşaqlıq yolunun selikli qişalarının sianozu müşahidə edilir.
- Çanaq orqanlarının USM. İnkişaf anomaliyaları, iltihab, həcmli proseslər, sidik-ifrazat və cinsiyyət sistemi orqanlarının boşluqlarında mayenin toplanmasını aşkar etmək məqsədilə tətbiq edilir.
- Rentgenoloji müayinələr. Rentgenoqrafiyanın köməyilə daxili orqanlar və dayaq-hərəkət sisteminin xəstəliklərini təsdiq və ya aşkar etmək mümkündür.
- Laborator diaqnostika. Vaginal yaxmanın müayinəsi, onun floraya görə əkilməsi, antibiotikoqramma, PZR, İFA, İFR qeyri-spesifik və spesifik iltihabi proseslər zamanı törədicini təyin etməyə imkan verir.
- Endoskopik üsullar. Histersokopiya, sistoskopiya, ureteroskopiya, rektoromanoskopiya, kolonoskopiya və digər üsulların köməyilə orqanların selikli qişasının vəziyyətini vizual qiymətləndirilir, həcmli törəmələri müəyyən edilir.
- Laparoskopiya. Bu üsuldan bitişmələr, endometrioz ocaqları, hidrosalpinks, piosalpinks, subseroz miomalar, yumurtalıq kistaları və digər neoplaziyalar, varikoz, Allen-Masters sindromu aşkar etmək məqsədilə istifadə olunur.
Mürəkkəb diaqnostik hallarda müayinə planına MRT, kompüter tomoqrafiya, absorbsion densitometriya və digər üsullar əlavə edilir. Pasiyentin müayinəsinə uroloq, cərrah, nevropatoloq, psixiatr, qastroenteroloq, ortoped-travmatoloq, ftiziatr, onkoloq cəlb olunur.
Beynəlxalq tibbi assosiasiyaların bu patologiyanın öyrənilməsi ilə məşğul olan mütəxəssislərinin fikrincə qadınlarda xroniki çanaq ağrısı sindromunun diaqnozu yalnız bir neçə kriteriyaların müştərəkliyi zamanı təsdiqlənə bilər. Bu tip ağrılar 6 aydan çox davam edir. Pasiyentin subyektiv hissiyyatları toxuma və orqanların zədələnməsinin xarakteri və ifadələliyinə müvafiq olmur. Əsas xəstəlik müalicəyə çətin tabe olur. Depressiya əlamətləri, davranış pozğunluqları müşahidə edilir, fiziki aktivliyin məhdudlaşması artır.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun müalicəsi
Xroniki çanaq ağrısı sindromu zamanı etiotrop və patogenetik yanaşmadan ibarət kompleks terapiya məsləhət görülür. Ağrı hissiyyatını törədən xəstəliyin müalicəsi üçün göstərişlərə əsasən pasiyentə antibakterial, virusəleyhinə, göbələkəleyhinə, hormonal və digər dərman vasitələri təyin olunur, zəruri cərrahi müdaxilələr yerinə yetirilir. Yanaşı olaraq patoloji ağrı impulslarının azalmasına və ya tamamilə aradan qaldırılmasına yönəldilmiş terapiya aparılır. Patogenetik terapiya bir sıra məqsədlər daşıyır:
- Lokal biokimyəvi proseslərin normallaşması. Bu məsələnin həllində əvəzedici hormonoterapiya, antioksidantlar, vitaminlər, enzimlər, qetri-steroid iltihabəleyhinə vasitələr və toxumalarda qan cərəyanını artıran preparatlar effektivdir. Medikamentoz terapiyanın fizioterapevtik üsullarla (dəyişən maqnit sahəsinin təsiri və s.) kombinasiyası müsbət nəticələr verir.
- Patoloji impulsların blokadası. Baş beyinə patoloji ağrı impulsların daxil olmasının qarşısını almaq üçün müxtəlif növ çanaqdaxili blokadalar, sinir liflərinin alkoqolizasiyası, iynərefleksoterapiya təyin edilir. Kiçik neyrocərrahi müdaxilələr – presakral nevrotomiya, uşaqlığın paraservikal denervasiyası icra oluna bilər.
- MSS-ə təsir. Nosisepsiya sisteminin mərkəzi həlqəsinə təsir və yanaşı gedən nevroloji pozğunluqların korreksiyası məqsədilə sedativ preparatlar, vegetiv sinir sistemini tənzimləyən vasitələr, suggestiv və rasional psixoterapiyadan istifadə olunur. Bu cür yanaşma baş beynin müvafiq nahiyələrində aktivləşmə və tormozlanma proseslərinin balansını bərpa etməyə kömək edir.
Xəstəliyin müalicəsində həkimlə pasiyent arasındakı münasibətin xarakteri böyük rol oynayır. Qadının mütəxəssisə etibar edərək, öz vəziyyətinin səbəb və mexanimlərini hərtərəfli izah etməsi ağri hissiyyatının düzgün qiymətləndirilməsi və onun intensivliyinin hətta minimal medikamentoz terapiya zamanı nəzərə çarpan dərəcədə azalması ilə nəticələnir.
Qadınlarda xroniki çanaq ağrısı sindromunun proqnoz və profilaktikası
XÇAS uzunmüddətli və terapiyaya rezistent gedişi ilə seçilir. Onun proqnozu əsas xəstəliyin xüsusiyyətlərindən asıldır. Adekvat kompleks müalicə ağrı hissiyyatının xeyli azalmasına və pasiyentin həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir. Ağrının xronikləşməsinin qarşısını almaq üçün bu sindroma gətirib çıxaran pozğunluqların vaxtında müalicə edilməsi məsləhət görülür. Profilaktik məqsədlərlə yuxu və istirahət rejimini normallaşdırmaq, zehni və fiziki yüklənmələri azaltmaq, fiziki bədən tərbiyəsi ilə məşğul olmaq, rasional qidalanma prinsiplərinə əməl etmək tövsiyyə olunur.